Nadir Yalçın
Bu yaxınlarda “Yad” adlı hekayəm Kulis-də yayımlanıb. Bir sıra dostlar Feysbuk hesabında paylaşıb fikirlərini bildirdi. Paylaşımlardan birindəki rəylərdə Qurban Yaquboğlunun aqressiya dolu fikirlərinə rast gəldim.
Sözün düzü, Qurban bəyi tanımırdım, bədii nümunələri də rastıma çıxmayıb. Hətta orta-yaşlı nəslin yazdıqlarını müzakirə edəndə ismi heç bir söhbətdə çəkilməyib.
Rəyi oxuyanda onun məndən xeyli yaşlı olduğunu yəqin elədim. Adətən, o yaş kateqoriyasına daxil olan bəzi yazarlar gənclərin mətnlərinə qarşı qəzəbli çıxışlar edirlər, həvəsləndirmək əvəzinə, ruhdan salmağa çalışırlar.
Heyf!
Düzü, Qurban bəyin reaksiyası məni xeyli düşündürdü və kədərləndirdi. Əlindən zəncir çeynədiyimiz, mənfi reaksiyaları ilə hamımızı usandıran bəzi ahılları hələ bundan sonra da xeyli bizimlə olacağına görə kədərləndim.
Allah ömürlərini uzun eləsin, amma...
Qurban Yaquboğlu barədə zövqü ilə hesablaşdığım qələm adamlarından soruşdum, müsbət rəy verdilər, düşündüm ki, onun romanını oxumaq gərəkdir, xəbərim yoxdursa, günah məndədir.
Qurban bəyin hekayəmlə bağlı verdiyi rəyə elə feysbukda cavab verməyi düşünürdüm. Fikirləşdim ki, düşüncələrimi genişləndirərək, Kulis-də təqdim edim. Bu müzakirənin gənclər üçün də, lap özüm üçün də əhəmiyyətli olacağını düşünürəm və bu yazı diskussiyaya açıqdır.
Ola bilər, mən yanılıram, yaş, təcrübə məsələləri var…
Qurban Yaquboğlu rəyini yazıb və bir neçə saat keçəndən sonra silib.
Sual yaranır: bu əminsizlik nədən qaynaqlandı?
Əgər siləcəkdisə, paylaşmağa nə lüzum vardı?
Bir rəyin üzərində qərarlaşa bilməyən hörmətli Qurban bəy hansı ağırtaxtalı məsləhəti ilə bizdə əzm yarada bilər?
Yazdığım hekayənin bədii çəkisi barədə bir söz deyə bilmərəm, amma Qurban Yaquboğlunun kiçik bir rəyinə olan münasibətindən fərqli olaraq, mənim yazıma qarşı əminliyim var, mətnimə güvənirəm. Bu eqoist cümləmi yaşımdan doğan çılğınlığa bağışlayın. Məndə əminlik olmasa, necə yaza bilərəm, oxucu kütləsinə öz mətnimi hansı şəstlə təqdim edə bilərəm?
Qurban Yaquboğlu isə sözügedən hekayəmi qeyri-peşəkar, çiy abzaslar toplusu adlandırıb. Bir yaradıcı insanın, ədəbiyyat adamının özündən qat-qat kiçik, ədəbiyyatda qanadları yeni cücərən gəncə dediyi sözlərə nəzər yetirin.
İndi mən Qurban bəyin ədəbi ruhuna necə şübhə ilə yanaşmayım?
Təbii ki, tənqid eləmək mütləqdir, amma bu, diktə xarakteri daşıyırsa, çox iyrənc görünür.
Hər şeyin bir tərzi var: oha var dağa qaldırar, oha var dağdan endirər!
“Oha” demişkən, görəsən, Qurban Yaquboğlu mənim yaşımda olanda harda idi?
Hansısa mətni ortaya çıxara bilmişdimi?
Bəlkə, ona da dövrünün ahıl və əsəbi ədibləri belə yanaşıb, Qurban bəy də həmin travma ilə mənim hekayəmi belə aqressiya ilə qarşılayır?
Qurban Yaquboğlunun tənqid arqumentlərindən biri odur ki, hekayə 50-60-cı illərin ab-havasındadır. Hekayədəki hadisə kənddə baş verdiyindən üslubda xəlqilik var. Əgər ədəbiyyat həyatın bədii inikasıdırsa, Qurban bəyin yanaşması çox absurddur.
Ədəbiyyat həyatın özüdür, əgər bu gün də həmin hadisə baş verirsə və həmin hadisə yazıçı qələminə uyuşursa, niyə də yazmayaq?
O demək deyil ki, 50-60-cı illərin bütün həyati problemləri, hadisələri öz aktuallığını itirib.
Bəli, elə mövzular var ki, daşlaşıb, onlara qayıtmaq mümkünsüzdür. Amma “Yad” hekayəsində baş verən hadisə günümüzdə də aktualdır və diqqət psixoloji anlara, simvollara yönəlib.
Çağdaş ədəbiyyatda 50-60-cı illərin şedevr hekayələrinin haqqını verən həmin ab-havada neçə hekayə yarandı ki, biz də usanıb həmin mövzulardan əl götürək?!
Qurban bəy qeyd edir ki, hekayə reallığa uymur.
Deyir, kişi bir il çıxmamış evlənmir. Belə şey yoxdur.
Əziz oxucu, bədii əsərdə kəpənək kişnəyə də bilər, baxır təqdimetməyə, təhkiyəyə. Amma kişinin arvadının ili çıxmamış başqa arvad alması kəpənəyin kişnəməsi kimi qeyri-adi hadisə deyil.
Dəfələrlə kənd yerində, lap elə şəhərdə şahidi olmuşuq ki, arvadın qırxı çıxan kimi pıçıltı ilə evlənmək söhbətini ortaya atırlar.
Dəfələrlə olub ki, il çıxmamış kişi evlənib.
Hekayədəki obraz da həmin kişilərdəndir.
Belə ucuz yanaşma, dəxilsiz detalın üzərindən reallıqla tərs-mütənasibliyi göstərmək müşahidənin zəngin olmadığından xəbər verir.
Digər tərəfdən, qeyd edir ki, boğaz inəyi sağmaq olmaz. Mənə maraqlıdır, Şamaxı kimi maldarlığın inkişaf elədiyi yerdə dünyaya göz açan ədibimiz niyə belə xırda məqamlardan məlumatsızdır?
İnək doğandan sonra altı ay süd verir və süd verdiyinin üçüncü ayında təzədən boğaz ola bilir, eyni zamanda sağılır.
Nənəmiz, babamız, ağsaqqallar, kənd camaatı bunu təsdiqləyir. Qurban bəy bu məqamdan çıxış edərək, hekayəmi reallıqdan kənar adlandırır. Bədii yük o inəyin üzərində deyil. Kaş Qurban bəy bədii yükün harda olduğunu duya biləydi, peşəkarcasına yanaşıb tənqid olunmalı məqamlardan danışaydı.
Çox kədərlidir.
Qurban bəyi növbəti naşı yanaşmasının günahını frazeloji birləşmələr lüğətini tərtib edənlərdə görürəm. Yaxşı araşdırsaydılar, “dəli-cinli olmaq” birləşməsini də ora əlavə edərdilər.
Qurban bəy və digər məlumatı olmayan şəxslər üçün kiçik izah:
“Dəli-cinli olmaq” sözün məcazi mənasında işlədilir. Məsələn kimsə şirin-şirin yatır, gecənin bir aləmi silkələyib oyadırlar. Sonra heç cür yuxuya gedə bilmir. Həmin an deyir:
“Lap dəli-cinli oldum e!”
Yaxud, hinin ağzı bağlıdır və kimsə gəlib hinə möhkəm təpik vurur. Hindəki toyuqlar o yan-bu yana qaçmağa başlayır, qaqqıldaşır, bir-birinin belinə çıxır. O yandan kimsə təpik vuran adama deyir:
“Toyuqları niyə dəli-cinli elədin?”
“Yad” hekayəsində bir hissə var:
“Sadıxın bəylik taxtının cırıltısına zirzəmidəki siçovullar dəli-cinli oldu”.
Hörmətli Qurban bəy deyir ki, bu nə deməkdir?
Siçovul dəli-cinli olur?
Uzun sözün qısası, bu hissəyə lağ edib. Mənim fikrimcə, həmin anın təsvirlərinin içində elə ən maraqlı cümlə budur.
6 aydır bu taxtda heç kim yatmır, 6 aydan sonra kişi təzə arvad alır və bu fasilədən sonra çarpayının cırıltısı siçovulları da dəli eləyir.
Qurban bəy yazır ki, 100 yaşlı kişinin bəylik taxtı olur?
Məncə, Qurban Yaquboğlu bu hekayəni oxuyanda çox yorğun imiş. Çünki açıq-aydın ortadadır ki, oğlanları yeniyetmə olan kişinin kənd yerində 40-45, uzağı 50-55 yaşı olur. Həmin taxt isə onun bəylik taxtıdır. El içində belə deyirlər.
Əlqərəz, səthi yanaşma ədəbiyyatda yolverilməzdir.
Mənim digər bir yazım barədə Fəxri Uğurlu da öz tənqidlərini bildirib. Həmin tənqiddən sonra mənim Fəxri bəyə heyranlığım birə-beş artıb.
Eynilə Seyran Səxavət, Şərif Ağayar, Seyfəddin Hüseynli və başqaları...
Amma Qurban Yaquboğlu...
Nə deyim, Allah canını sağ eləsin.
Amma bir az insaflı, ədalətli davransın, böyüklüyü unutmasın.