Bu roman yazılmalı deyildi – Seymur özündən yazır...

Bu roman yazılmalı deyildi – Seymur özündən yazır...
12 iyun 2021
# 15:40

Kulis.az Seymur Baycanın “18,6 sm haqqında” adlı yazısını təqdim edir.

Soruşanda ki, kimin başı gəşəngdir, tısbağa öz başını çıxartdı.

Atalar məsəli

Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda dəfələrlə cəhdlər etsəm də, dəfələrlə ətrafında düşünsəm də, bu suala heç cür cavab tapa bilmirəm: necə oldu 18,6 sm romanını yaza bildim?
Desəm ki, romanı hər şeyi dərk edərək, planlı şəkildə, qazandığım təcrübəyə söykənərək yazmışam, bu, tərtəmiz yalan olar. Desəm ki, 18,6 sm sırf dəliliyin, ipə-sapa yatmamağın nəticəsində yazılıb, bu da düzgün cavab sayılmaz. İstəyirəm deyəm 18,6 sm taleyim, alın yazımdır, amma alın yazısına da inanmıram.

Son vaxtlar insan təbiəti haqqında çox düşünürəm. Baş verən hadisələr də istər-istəməz adamı insan təbiəti haqqında düşünməyə vadar edir. Şəraitdən asılı olaraq arta və azala bilər, lakin fikrimcə bəzi şeylər var ki, o axıra qədər bu və ya digər formada insanla qalır, insanla qəbirə qədər gedir. Necə deyərlər, südlə girən, sümüklə çıxar.

Heç vaxt ağır-ağır suallara cavab axtarmamışam. Bünövrəm belə qoyulub. İllər əvvəl Eynşteynin bir yazısını oxudum. Yazıda Eynşteyn təxminən belə deyirdi ki, mən cavabsız suallara cavab axtarmağı vaxt və enerji itkisi hesab edirəm. Eynşteynin o yazısını oxuduqdan sonra ağır suallardan qaçmaq, o dünya varmı, bizi öləndən sonra nə gözləyir kimi ağır suallara cavab axtarmamaq istiqamətində doğru mövqedə olduğuma daha da əmin oldum, bu mənada qənaətim daha da möhkəmləndi. Baxmayın, hara fırlatsan da uzaqdan-uzağa Eynşetyn kimi bir divdən ciddi dəstək almışdım.

İçimdə ağır suallara cavab axtardığım anlar olur. Yazılarda, söhbətlərdə ağır suallara cavab axtarmağım yadıma gəlmir. Ama nə olsun, adam ağır suallardan nə qədər qaçsa da, bəzən heç adi suallara da cavab tapa bilmir. Məsələn, roman yazırsan və nə qədər düşünsən də “bu romanı necə yazmışam?” sualına cavab tapa bilmirsən. İndi nə deməkdir bu? Buna nə ad qoyaq? Heç bir cavabım yoxdur.

Sadəcə onu deyə bilərəm ki, o vaxtlar çalışdığım gündəlik qəzet qəfildən, bir günün içində bağlandı, xeyli boş vaxtım qaldı, bilmədim nə edəm, bekarçılıqdan oturub roman yazdım. Pis çıxmasın (lap çıxsın), dəyəsən Volter də “Kandid”i bekarçılıqdan yazmışdı.

Gündəlik qəzetdə işlədiyim vaxtlarda rayonlardan xeyli reportajlar yazmışdım, xeyli səfərlərdə olmuşdum, çoxlu tədbirlərdə, konfranslarda iştirak etmişdim. Əlimin altında babat xammal vardı. Onların hamısından bacardığım qədər romanı yazarkən istifadə elədim. Ona görə də çox hərəkətli, canlı, obrazlarla, hadisələrlə bol bir roman ərsəyə gəldi. 18,6 sm romanında bir qram pafos, zərrə qədər də əzələ nümayişi yoxdur. 18,6 sm romanında təkcə öz əhvalatımı yazmamışam, həm də bütöv bir regionun bədiiləşdirilmiş tarixini yazmışam.

Hər bir müəllifin özünün sevimli mətni olur. Hər bir müəllif bir mətni o biri mətnlərindən daha çox istəyir. 18,6 sm yazdıqlarım arasında ən sevdiyim mətndir. Üçüncü dəfə nəşr olunmazdan əvvəl romanı bütöv halda bir daha oxumalı oldum. Bəzi hissələr məni o qədər kədərləndirirdi ki, kompüteri bağlamağa, tələsik geyinib evdən çıxmağa və şəhərin küçələrində saatlarla piyada gəzməyə məcbur olurdum.

Ənənənin zəfliyini nəzərə alsaq, məntiqlə Azərbaycanda 18,6 kimi roman yazılmalı deyildi. Amma necə oldusa yazıldı. Yəqin belə hallar olur və çətin də olsa belə halları təbii qəbul etməliyik. Gəlib çıxdıq yenə də alın yazısının, taleyin üstünə, amma məsələ ondadır ki, alın yazısına, taleyə inanmıram.

18,6 sm romanını necə yazdım sualına hal-hazırda cavab verə bilməsəm də, bütün hallarda elə bir romanı yazdığıma görə özümü bir müəllif kimi olmazın dərəcədə xoşbəxt hiss edirəm. Buna tam haqqım çatır. Onu da qeyd edim ki, yarımvəhşi həyat tərzi keçirən, zövqsüz, bədii təfəkkürü yerlə sürünən, yalnız ibtidai istəklərini, təlabatlarını nə yolla olursa-olsun reallaşdırmaq, həyata keçirmək haqqında düşünən bir qövmün, Kufə əhlinin dilində 18,6 sm kimi yüksək səviyyəli bir romanın yazılması böyük ədalətsizlikdir…

azlogos.eu

# 2588 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #