Anar nəticəsinə həsr etdiyi kitabı təqdim etdi - Fotolar

Anar nəticəsinə həsr etdiyi kitabı təqdim etdi - Fotolar
7 iyul 2021
# 18:01

İyulun 7-də Bakı Kitab Mərkəzində, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Muradın nağılları” kitabının təqdimat mərasimi keçirilib

Təqdimat çərçivəsində Xalq rəssamı Arif Hüseynovun kitab üçün çəkdiyi rəsm əsərlərindən ibarət sərgi də nümayiş olunub.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, “Muradın nağılları” məktəbəqədər yaşda uşaqlar üçün dəyərli uşaq ədəbiyyatı nümunəsidir. Yazıçı bu maraqlı kitabı nəticəsi Muradın ilk ad gününə həsr edib. Burada Anarın yeni yazılmış mətnləri ilə yanaşı, uzun illər öncə qələmə aldığı hekayələri və uşaqlar üçün yazdığı “Yuxum qaçıb” adlı radiopyesi də yer alıb. “Nəfis tərtibatı ilə seçilən kitabın sehrli bir aurası var. Xalq rəssamı Arif Hüseynovun kitab üçün çəkdiyi illüstrasiyalar elə ilk baxışdaca uşaqları ovsunlamağa, nağıl dünyasına aparmağa qadirdir”, - deyə G.Anarqızı deyib.

Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti kitabın məzmunundan söz açıb. Bildirib ki, müasir dövrdə hərfləri tanımayan uşaqlarına nağıllar oxuyan, nitqlərinin düzgün inkişafına, dünyagörüşlərinin formalaşmasına bədii nümunələr vasitəsilə təsir göstərməyə çalışan valideynlər azlıq təşkil edir. Məktəbəqədər yaşlara oxumaq üçün mətnlər seçərkən valideynlər məzmunla yanaşı, səslənməyə, dilin leksik, qrammatik vasitələrinə də diqqət yetirsələr yaxşı olar. Anarın “Əlifba” nağılı bu baxımdan azyaşlı uşaqlara oxunula bilən kifayət qədər uğurlu mətndir.

Bildirib ki, öyrədicilik baxımdan kitabdakı daha bir maraqlı mətn "Sözü tap, yerinə qoy" hekayəsidir. Burada məqsəd uşağı əyləndirərək öyrətməkdir. Məsələ hekayənin qəhrəmanı Muradın anasına "Mənə çay bişir" deməsi ilə başlayır. Anası nəvazişlə ona başa salır ki, çayı bişirməzlər, dəmləyərlər, xörəyi isə bişirərlər. Beləcə, anası Murada Azərbaycan mətbəxinə aid bəzi yeməklərin, ərzaqların əvvəlcə adlarını, sonra isə xüsusiyyətlərini öyrədir.

Xalq rəssamı Arif Hüseynov sərginin təşkil edilməsində məqsədini açıqlayıb. Bildirib ki, çox zaman kitabda nəşr olunan rəsmlər orijinaldan fərqli olur. O, uşaqları rəsmlərin əslinə baxmağa dəvət edib və tövsiyə edib ki, onlar bu kitabı mütləq oxusunlar.

Rəssam, həmçinin qeyd edib ki, bu onun uşaqlar üçün yaratdığı ilk illüstrasiyalarıdır.

Xalq yazıçısı Anar tədbirə toplaşanlara və Arif Hüseynova təşəkkürünü bildirib və qeyd edib ki, Murad olmasaydı kitabı ərsəyə gətirə bilməzdi.

Təqdimatda Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən “Çiçəyim” uşaq teatrının gənc aktyorları maraqlı proqramla çıxış ediblər. Onların ifasında kitabdan parçalar səhnələşdirilib.

azertag.az

# 3997 dəfə oxunub

Oxşar xəbərlər

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

19:00 20 oktyabr 2026
Milli Kitabxanada Zəngilan Şəhəri Gününə  həsr olunmuş sərgi açıldı

Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açıldı

18:30 20 oktyabr 2026
Leyla Əliyeva   Milli Türkmən Xalçası Muzeyini ziyarət etdi

Leyla Əliyeva Milli Türkmən Xalçası Muzeyini ziyarət etdi

18:27 20 oktyabr 2026
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

18:24 20 oktyabr 2026
Türkiyədə  uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırıldı

Türkiyədə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırıldı

18:00 20 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

17:30 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər