Anamı belə unutduran o an - Vüsal Bağırlı yazır

Anamı belə unutduran o an - Vüsal Bağırlı yazır
18 mart 2021
# 13:49

Kulis.az Vüsal Bağırlının "Ana səsi" hekayəsini təqdim edir.

Otağın kimsəsiz, qaranlıq küncünə qoyulmuş köhnə dəbli məxməri kresloya yayxanaraq kanalları ard-arda dəyişir, baxmaq üçün uyğun film axtarırdım. Pult üzərində yayğın gəzişmələr edərkən hansısa xəbərlər buraxılışında göstərilən videoçarx diqqətimi cəlb etdi.

Qəzaya, iki geniş yolun kəsişməsində, işıqfora, yol nişanlarına məhəl qoymadan yüksək sürətlə hərəkət edən tünd rəngli “Hyundai”inin, perpendikulyar istiqamətdən gələn, açıq rəngli “BMW”yə zərblə dəyməsi səbəb olmuşdu. Dəmir gövdələrin kobud müdaxiləsindən, kəskin toqquşmasından sonra iki avtomobildən açıq rəngli olanı yolun kənarına çıxmıs, çökəkliyə düşüb əyilmiş, günahkar minik vasitəsi isə əzilmiş halda yolun ortasında dayanmışdı.

Maşınların içərisindən qorxuqarışıq həyəcanla düşənlər özlərini, sağ-solunu, qol-qıçlarını yoxlayır, salamat olub-olmamalarını ayırd etməyə çalışırdılar. Lakin, onların arasında bir qadının qətiyyən öz hayında olmaması, təlaşla var-gəl etməsi, elə bil itirdiyi hansısa qiymətli əşyanı təcili tapmaq istəmə israrı adama qəribə təsir bağışlayırdı. Birdən o, olduqca vacib bir şeyi qəflətən xatırlayıbmış kimi diksindi, hövlank avtomobilin digər tərəfinə keçdi və arxa qapıdan adyala bükülmüş nəyi isə qucağına götürüb qarşıdakı yolun kənarına adladı. Burada, o, qucağında tutduğu ən qiymətli varlığı, salamat qalmış körpəsini bağrına basır, onu duz kimi yalayır, sevinc göz yaşları tökürdü.

Bu inanılmaz idi. Çünki, idırımsürəti ilə baş verən, sürətlə cərəyan edən təhükəli hadisələr fonunda, ölümlə göz-gözə gəldiyi dəhşətli qəza anında ana özünü deyil, canından artıq sevdiyi övladını düşünmüşdü.

Pultun düyməsinə yüngülcə toxunmaqla televizoru söndürdüm və otağı zülmətə qərq etdim. Eyvanla otağı ayıran geniş pəncərəyə yaxınlaşıb, şəhərin gecə mənzərəsinə tamaşa etməyə başladım. Gözlərimi yumdum. Seyr etdiyim yol-qəza hadisəsi məni düşüncələrə dalmağa vadar etmişdi. Veriliş diksindirmiş, xatirələri oyatmışdı.

Təxminən yeddi yaxud, səkkiz yaşım olardı. Atamın körüm-köhnə “nolonbir”ində irili-xırdalı, saysız-hesabsız maşınların intensiv izdihamında, geniş şəhər magistralı ilə şütüyürdük. İlin hansı fəsli, yazmı, yaxud payız olduğu dəqiq yadımda deyildi, amma çiskinli bir gün olduğu kəsin idi. Maşında üçümüz idik. Sükan arxasında atam, yan oturacaqda mən, arxada isə anam.

Yadımdadır ki, hiper ehtiyatlı, olduqca diqqətli, qanunpərəst atam maşını bərk sürmürdü. Səyahət boyu mən həm valideynlərimin söhbətinə qulaq asır, eyni zamanda, həm də asta yağmur altında yuyunan şəhər mənzərəsinin tədrici dəyişikliyini aşırı maraqla seyr edirdim. Ağaclar, binalar islanır, nəm asfalt qaralırdı.

Birdən, qəfləti təkan, silkələnmə hiss etdim. Avtomobilin sürəti kəskin və qeyri-təbii şəkildə dəyişdi. Vəlvələdənmi, zəlzələdənmi, yainki köhnə təkərdənmi, yaxud da, islanmış yolun sürüşməsindənmi avtomobil idarəetməni itirdi.

Anamın “vay, ay aman” qışqırığı fonunda atamın hadisələrin gözlənilməz axarına uyuşmayan sakit səsi eşidildi: “heç nə edə bilmirəm, əyləc işləmir deyəsən, saxlaya bilmirəm”. Əvvəlcə, prospekt boyunca eyni istiqamətdə və əks yolla şütüyən maşınlarla toqquşmamaq üçün səkiyə çıxdıq, sonra oradakı piyadaları basıb əzməmək naminə “savanna” ağaclığın içinə girdik.

Qəzayla göz-gözə gəldiyimdə, instinktiv olaraq ölüm qorxusu bütün bədənimi cuğladı. Çevrilib anama baxdım. Arxada onun ağzı açılıb yumulur, həyəcanla mənə nə isə deməyə çalışırdı.

Lakin, anidən lal-kar olmuşdum, döyüş meydanında kontuziya almış adamlar kimi, heç nə eşitmirdim, səs, qışqırıq heç-cür gəlib mənə çatmırdı. Yalnız özümü, yenə də özümü düşünür, hansı yolla, necə olur-olsun sağ qala bilməyin yollarını arayırdım.

Maşınımız kələ-kötür, xiyabana bənzər yerdə ətalətli ləngərlə ziqzaqvari buruldu, hansısa çökəyə girib atılıb-düşdü və zərblə ağaca dəyərək dayandı.

Möcüzə baş vermişdi. Biz dəhşətli qəzadan sağ salamat qurtulmuşduq. Maşının ön hissəsi tamam əzilmiş, yararsız hala düşmüşsə də, xoşbəxtlikdən burnumuz belə qanamamışdı. Həyəcan və qorxu hissləri keçdikdən, tədricən özümə gəldikdən sonra, anamın qəza anlarında həyəcanla mənə baxıb qışqıraraq demək istədiyi həmin sözləri beynimdə bərpa etməyə başladım:

- Vüsal qapını aç, özünü at, yerə tullan, sən sağ qalmalısan!

# 3922 dəfə oxunub

Oxşar xəbərlər

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər