Almaniyalı türk yazar Kulisdə yayımlanan romandan yazdı  

Almaniyalı türk yazar Kulisdə yayımlanan romandan yazdı  
19 mart 2021
# 10:05

Kulis.az Almaniyada yaşayan türk əsilli yazar-esseist Orhan Arasın “Savaş ədəbiyyatı” yazısından saytımızda hər cümə günü yayımlanan “Cəbrayıl əfsanəsi” romanı haqda olan hissəni təqdim edir.

Qarabağ müharibəsi mövzusunda diqqətimi çəkən ikinci yazıçı Azad Qaradərəli oldu. Kulis.az saytında ilk bölümü yayımlanan "Cəbrayıl əfsanəsi" romanı dil baxımından axıcı, estetik baxımından diqqətçəkici idi: "Nə olacaq əcaba? Guya bilmirlər. Şimşək sönəcək, ardınca qorxunc göy gurultusu eşidiləcək... İlk baxışda adi bir təbiət hadisəsi. Burada nə var ki? Göydə alov parladı, sonra gurultu... Yəni bir ocaq işartısı kimi, qaynaqçı aparatından qopan qığılcımlar kimi..."

Roman yazıçının bütün diqqətini savaşa və savaşın gətirdiyi dedi-qodulara, əfsanələrə, xəbərlərə yönəldərək başlayır. Müəllifin qulağı səsdədir. Ən kiçik xəbər və ya mövzu diqqətini çəkməkdə, adətən o səsin ardınca qaçmaqdadır. Küçədəki uşaqlar, qəzetlərdə əks olunan xəbərlər, danışılanlar onu müharibəyə sövq etməkdə və axtardığı mövzunu tapmamaqdadır. Sonra 19 yaşındakı qəhrəman bir əsgərin müharibədəki mücadiləsi, vəfatı xəbəri bir əfsanə kimi qulaqlara axır. Hadisəni əfsanələrdən qurtarmaq üçün yazıçı bu dəfə gerçəyin ardınca düşür: "Ta ki nənəsi ilə danışanacan... Onun həqiqətən əfsanə deyil, real insan olduğuna əmin olanacan. Bundan sonra baxdım ki, bir hekayəylə bu məsələdən yaxamı qurtara bilməyəcəyəm".

Yazıçı romanın girişini o qədər sadə və axıcı bir şəkildə yazır ki, sanki özüylə birlikdə oxucu da xəbəri olmadan romanın içinə dalır. O andan etibarən artıq yazıçı Qaradərəli bir müəllif olaraq kənara çəkilir: onu gah "Nanə"nin, gah "Cəbrayıl"ın, gah "ana"nın, gah da "bacı"nın yanında görmək olur. Amma o, sadəcə söyləyəndir. Həm də müəllif yazarkən süni bir tərz seçmir. Bir Azərbaycan nənəsi necə sözə başlarsa, elə başlayır mətni: "Yazmağına yazırlar e... Şeir yazan, məqalə yazan... Bilirəm, hamı ürəyini soyudur, bizə təskinlik üçün yazırlar. Mən bu işləri o qədər də yaxşı anlamıram. Hansı yaxşıdı, hansı pisdi... Bilmirəm ki?.."

Xalqın dilini və ifadə tərzini ustaca qələmə alan yazıçı deyimlərdən, atalar sözlərindən, əfsanələrdən, xalqımızın yuxusuna girən ağsaqqal müdriklərdən yararlanır: "Gecələr ağ saqqallı, ağ geyimli, qoltuğunda kitab bir insan girir yuxuma. Mənə nələrsə deyir, deyir, deyir. Mənsə onun dediklərini anlamıram. Əcəba, dilinimi bilmirəm? Xeyr. Bizim dilimizdə danışır. Bəlkə, çox astadan danışır? Yenə xeyr: səsini aydınca eşidirəm. Bəs?.."

Təəssüf ki, Azad Qaradərəlinin çox az əsərini oxumuşam. Mənə göndərdiyi, Türkiyədə nəşr olunan "Neft tarlaları" adlı romanından və böyük yazıçımız Sabir Əhmədli haqqında yazdığı kiçik bir kitabından xəbərdaram. Axıcı üslubu o zaman da diqqətimi cəlb etmişdi. Yazdığı bu son romanda isə ölkəmizdəki insanların ruh halını, düşüncəsini, müharibə və ölüm qarşısındakı duyğularını sənət diliylə yazıya köçürüb. Ümid edirəm ki, Azad Qaradərəli kimi yazıçılar müharibənin ədəbi yönünü gələcəyə ötürərkən universitetlərimiz də boş dayanmaz, gənc tədqiqatçılar sonuncu müharibə dövründə ortaya çıxan sənət baxımından əhəmiyyətli materialları toplamağa başlayar və onu bir külliyyat halına gətirməyə nail olar.

"525-ci qəzet"

# 3484 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər