2021-ci il "Nizami Gəncəvi İli" elan olundu

2021-ci il "Nizami Gəncəvi İli" elan olundu
5 yanvar 2021
# 12:21

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Kulis.az xəbər verir ki, dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.

Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

# 3315 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər