Cümşüd Nuriyev: “Səddamin yerinə əmisi oğlu asıldı” - MÜSAHİBƏ

Cümşüd Nuriyev: “Səddamin yerinə əmisi oğlu asıldı” - MÜSAHİBƏ
13 may 2011
# 14:37
1979-cu ildə Həsən əl-Bəkri zərbə ilə hakimiyyətdən devirib, dünyanı adından söz etdirməyə müəssər olan, günahsız qanlar axıdaraq öz qanından “Quran” yazdıran, İraqı diktatura üsul-idarəsi ilə yönətmiş Səddam Hüseyni capcanlı görməyə müvəffəq olan politoloq, o zamanlar Milli Məclisin komisiyya sədri, Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini olmuş Cümşüd Nuriyevlə “Səddamlı xatirələr” barəsində söhbətimiz bəzi səbəblərdən vədələşdiyimiz gündən bir-iki gün sonra baş tutdu. Səddama aid xatirələri deyəsən qəsdən mayın 5-də diktofona danışdı. Axı 1992-ci ilin elə bu günündə Milli Məclisdə C.Nuriyev Səddamla görüşdə aldığı önəmli informasiyanı tribunadan səsləndirmişdi... Bu məsələyə isə sonra toxunacam.

“1992-ci ildə, Azərbaycan üçün keşməkeşli bir dövr kimi tarixə düşən situasiyada C.Nuriyevi Səddamın yanına aparan yol necə açıldı” sualı ilə başlayıram söhbətə. Düşünmədən, hafizəsinə əziyyət vermədən səlis cavab verir:

1991-ci ildə İraq Küveyti işğal edəndən sonra Səddama qarşı ABŞ və B.Britaniya qoşunları “Səhrada tufan” əməliyyatı keçirdi. Mən İraqın bu məsələdə haqlı mövqe tutduğu barədə fikirlər söyləmiş və eyni zamanda S.Hüseynin əhli-beyt, yəni peyğəmbərin nəslindən olduğunu araşdırıb məqalə kimi çap etmişdim. Bu məqalə “Azərbaycan” qəzetində çıxmışdı. Həmin qəzeti İraq səfirliyi Bağdada göndərmişdi. Bundan sonra da Səddam şəxsi dəvət göndərdi. 1992-ci ilin aprelin 21-də Türkiyədən İordaniyaya uçdum.

Həmin ərəfədə bizdə baş nazir Rəhim Hüseynov idi. Mənə məktub da verildi ki, Səddama verim o da Azərbaycanın müstəqilliyi tanınsın. Aprelin 28-də Səddamın ad günü idi. Azərbaycanı tanıtmaq üçün oraya yeganə mən gedirdim. Verilən məktubu apardım. O zaman SSRİ-nin İraqdakı səfiri Məlikov soyadlı bir azərbaycanlı idi, dünyasını dəyişib artıq. İraqda səfirliyin köməyini çox hiss etdim.

Məni Əbdüllətif Bəndəroğlu qarşıladı, sonra tərcüməçi verdilər. Aprel ayının 27-də əvvəlcə bizi Səddamın oğlu Uday qəbul etdi. O zaman o İraq Olimpiya Komitəsinin prezidenti idi. Mənimlə birgə o zaman İraqın hazırki prezidenti Cəlal Tələbani, şimali İraqın kürd lideri Məsud Barzani, V.Jirinovski və bir də Y.Primakov idi. Biz bir nümayəndə heyəti olaraq Udayın günorta yeməyindən sonra axşam Səddamın qəbulunda olduq”. Bakıdan Səddamın görüşünə əliboş getməyən müsahibim özü ilə apardığı balaca xalçanı şəxsən diktatora təqdim edib, Azərbaycanın salamlarını və ona verilən məktubu çatdırıb. Səddam isə dərhal göstəriş verərək ölkəmizin müstəqilliyini tanıyıb. Həm də Cümşüd müəllimin ürəyiaçıqlığının qarşılığını gecikmədən verib: ”O da öz növbəsində şəkli olan qızıl saat verdi mənə. Yoldaşıma da eyni qızıl saatdan hədiyyə etdi. Sonra qızıl suyu ilə işlənmiş şəxsi vizitkasını verdi. O da qalır məndə”.

Səddamın verdiyi vizitka əməlli-başlı dadına çatıb

“Vizitkanı ona görə verdi ki, mən nə zamansa İraq ərazisinə girsəm birbaşa prezidentin qonağı hesab olunuram. Məsələn, o zamanlar Nəcəfdə Həzrəti Əlinin evinə ziyarətə buraxmırdılar, oraya getdim, Kufəyə getdim. Hara deyirdim, ora aparırdılar. Kərkükə gedib türkmənlərlə görüşdüm”. Görüş üçün İraqın Moskvadakı səfiri Hüseyni C.Nuriyevə tərcüməçi kimi təyin ediblər. Müstəqilliyimizlə birgə qaldırılan Qarabağ məsələsi də Səddamla görüşdə qırmızı xətt kimi keçib.

Yuxarıda qeyd edib toxunmadığım önəmli hadisə isə belə olub: “Görüşdən çıxdıqdan sonra orada danışıqlar ərəbcə gedirdi, tərcüməçi Hüseyn məndən soruşdu ki, “sizdə Şuşa var” dedim var, dedim nə məsələdir, “dedi Laçın da var?” dedim o da var. Söhbətdə deyildi ki, mayın 9-u Şuşa ermənilərə veriləcək. Mən də dedim axı bu mümkün deyil. Ondan bir həftə sonra da Laçını verəcəklər dedi. Xəbər aldım ki, bu söhbəti kimlər edir? Tam da olmasa qismən Tələbani, Bərzanidən qaynaqlandığını bildirdi. Primakov da mənim yanımda ərəbcə danışırdı. Jirinovski də ərəb dilində heç pis danışmırdı. Bir sözlə, hamısı ərəbcə danışırdılar. Mən də vaxtından əvvəl səfərimi başa vurub gəldiyim reyslə Bakıya qayıtdım və may ayının 5-də bu məsələni Milli Məclisdə gündəmə çıxardım”.

- O zamanlar Səddamın ABŞ-ın, konkret olaraq MKİ-nin layihəsi olduğu xüsusi qabardılırdı. Qurduğu “sosialist İraqında” Səddam nə dərəcədə imperialist güclərin iş ortağına bənzəyirdi?

- Səddamı o vaxt birmənalı olaraq ABŞ idarə edirdi. Rusiyanı demək olar ki, eşitmirdi. Harun əl-Rəşid otelində bizi qəbul edən zaman ABŞ-ın Küveytdəki qoşunlarının rəhbəri, Bəhreyndəki 5-ci donanmanın komandanı da şəxsən iştirak edirdilər. Səddam onlarla çox yaxın münasibətdə idi. Rəsmi danışıq yox idi aralarında. Hamısı səmimi danışıqlar idi. Səddam da ingiliscə çox gözəl danışırdı. Hətta Jirinovski də orada dedi ki, bu axmaqdır, bilmir ki, onlar kimlərdir?
Harun əl-Rəşid otelindən söz düşmüşkən, otelin girişində döşəməyə ata Buşun şəkli döşənmişdi və “Bush is criminal” yazılmışdı - yəni Buş canidir. Rəsmi elə yerləşdirmişdilər ki, içəri girən də, çıxan da onu tapdalamaq məcburiyyətində idi. Baş hissəsi böyüdülmüş şəkildə yerə işlənmişdi.

- 1991-ci ildən rəsmi işğal dövrünə qədər belə bir söhbətlər dolaşırdı ki, bəs Səddam yerin altında bunkerlər yaradıb, şəhərlər tikdirib. Heç ölən də özü deyil. Haradasa elə tikdirdiyi yeraltı şəhərdə yaşayır. Səfər zamanı belə bir faktı müşahidə etmişdinizmi?

- Ölən Səddam deyildi. O tutulan zaman göstərilən kadrlarda dişləri töküldüyü görünürdü. Mən onunla görüş əsnasında baxmışdım onun çox möhkəm dişləri var idi.

Onun yerin altında, səhra tərəfdə şəhəri var idi. Mirzorov çəkmişdi oranı. Təxminən yarım saat yol getmişik səhranın altında. Birin gedib qurtardıqdan sonra biri bağlanırdı, digəri açılırdı. Olimpiya Komitəsindən liftlə düşürdün aşağı, təxminən bir 20 mərtəbə, haradasa 30-40 metr yerin altına. Sonra orada balaca elektromobillər, xüsusi generatorlar var idi. Kəsəsi yerin altında böyük bir şəhər yaradılmışdı. Təhlükəsizlik sistemini almanlar qurmuşdular. Katamkombalar biri bağlanmayanadək digəri açılmırdı. Hərəsi də təxminən 40 metrlik katakombalar idi. Yerin altına məsafə ən azı 2-3 kilometr idi. Hər cür şəraiti olan otelindən tutmuş restoranına qədər var idi burada. Bu günə qədər də mən inanmıram ki, Səddam ölüb. Çünki yerin altında hər cür silah-sursat var idi. Amerika özü qurmuşdu İraq üçün sistemi, onlar bələd idilər bu sistemə. ABŞ-ın təhlükəsizlik sistemindən də necə qorunmaq lazım olduğunu da çox gözəl bilirdilər. İraqın da bu günə qədər çökməməsinin səbəbi də məhz o katakombalardır. Səddamın adamları orada fəaliyyətdədirlər. Səddamın özünün şəxsən 12 minlik ordusu var idi. Yerin altında anqar var idi. O vaxt mən Səddamın ad günündə bəzi hərbi texnikanın şəkillərini çəkmişdim. Onlarda olan vertolyotlar, təyyarələr, qırıcılar ABŞ-la savaşda heç biri ortada yox idi. Səhranın altındakı şəhərciyə giriş-çıxış da bilinmir haradandır. Asılan Səddamın oxşarı idi. Çünki bütün görüşlərdə Səddamın arxasında üç nəfər otururdu. Onlar Səddama çox oxşayırdılar. Onlardan biri doğma əmisi oğlu idi. Asılan da zənnimcə o idi. Çünki o daha çox oxşayırdı Səddama.

- Sizinlə görüş ona Azərbaycan haqqında nə xatırlatdı, kimləri yadına saldı?

- Bircə onu bilirdi ki, neft ölkəsidir. Primakov Azərbaycan haqqında 1-2 kəlmə söz saldı. Ondan sonra Heydər Əliyevi soruşdu. Səddam H.Əliyevi tanıyırdı. SSRİ Ali Sovetinin 1-ci müavini olanda Səddamla görüşləri olub. Yaxın Şərq ölkələrinin H. Əliyev kurasiya edirmiş. Primakova dedi ki, Azərbaycandan yeganə tanıdığım H.Əliyevdir. Azərbaycan haqqında dolğun məlumatı yox idi.

C.Nuriyev 20-yə yaxın ölkədən qonaqların iştirak etdiyi dəvətdə görüş əsnasında İordaniya kralı Hüseyndən tutmuş kral Faysala qədər körfəz ölkələrinin rəhbərlərinin pərvanə tək Səddamın başına fırlandıqlarını bildirdi. Halbuki 2003-cü ildə ABŞ-a Səddamı vurmaq üçün ölkələrini platsdarm kimi böyük istəklə təqdim edənlər də məhz həmən ölkələr və onların rəhbərləri oldu. Sən demə, bu ilin fevralında devrilən Misir diktatoru H.Mübarəklə Səddam həm də dosdoğmaca qohum imişlər. Bu maraqlı faktı da unutmadan qeyd edən C.Nuriyev Səddamsız İraqın gələcəyini parlaq görmədiyinin də altını cızdı...

Fərid MİRZƏYEV
# 2720 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #