“İlk görüşdə sevişirsə-fahişə, sevişmirsə - Tükəzban”

“İlk görüşdə sevişirsə-fahişə, sevişmirsə - Tükəzban”
19 sentyabr 2012
# 05:00
Dünən tanınmış köşə yazarı Ayşe Armanın türk kişilərindən qadınlar haqqında aldığı müsahibələri təqdim etmişdik. Kişilər iddia etmişdilər ki, türk qadınları fərd olmağı bacarmırlar, 30 yaşdan sonra ancaq evlənməyi düşünürlər, uşaq doğandan sonra özlərinə baxmırlar, kökəlirlər və s. Rus qadınları isə fərqlidirlər.

Bu dəfə isə tanınmış türk qadınlarının həmin kişilərə cavabını, oxucu məktublarını dərc edirik. Hesab edirik ki, bir millət, iki dövlət olduğumuzdan qadın-münasibətləri barədə türklərin söylədikləri bizim oxucular üçün də maraqlı olar. Oxşar cəhətlərin olduğunu mətnlə tanışlıqdan sonra görəcəksiniz.

“Qadının natamam olduğu cəmiyyətdə kişi də natamamdır”

Neslihan Acu – televiziya aparıcısı, yazıçı

- Deyirlər ki, 30 yaşına çatmış qadınlar “evdə qalmaq” qorxusu ilə yaşayırlar. Bu iddialara nə cavab verərdin?


- Elədir, doğrudan da. Çünki 30 yaşına çatıb evlənməyən qadınlara qartımış kimi baxırlar. Uğursuz, yazıq kimi davranırlar. Heç bir kişi onu almayıb demək qüsurludur. 30 yaş kənardan modern görünən, amma içdən çürük cəmiyyətimizdə böyük yaş sayılır. Qadının doğmaq yaşı da limitlidir. Ona görə 30 yaşlı qadınlar haqlı olaraq panikaya düşürlər. Tanış olduğu hər kişiyə “Nə edim ki, bunu evlənməyə razı salım?” gözü ilə baxırlar.

- Bəs qadınlar evlənmək üçün nələr edirlər?


- Çox şey. “Özüm olsam, çıxıb gedər” şablonu var beyinlərində. Ona görə, min yola əl atırlar. “Kişilər bunları sevir, evlənməli qadın belə olmalıdır” tipli kitablar, yazılar oxuyurlar, kişi nə edirsə, onu təkrarlayırlar. Məsələn, kişi futbol fanatıdırsa, o da futbol fanatı olur. Kişidə sevmədiyi, hirsləndiyi şeyləri deməməklə yanaşı, onları içlərinə atırlar. Ən dəhşətlisi də hamiləlik yalanıdır. Kişilərin ən zəif nöqtəsi oradır.

- Yəni hilyəgərlik edirlər...

- Təbii ki. Kişinin necə adam olmağı veclərinə də deyil. Yaxşı işi, yaxşı görünüşü olsun, bəsdi. Mən o qadınları qınamıram. Cəmiyyət və kişilər qadına qarşı o qədər ikiüzlü davranır ki, qadın hiylə işlətməyə məcbur qalır. Əks halda “uğur” qazana bilməz. Məsələn, sevgilisi ilə sevişmirsə “Tükəzban” hesab olunur, sevişirsə pozğun. Qadının fərd olmamağından şikayət edirlər, amma şəxsiyyətli, inadkar, uğur qazanmış, ağıllı qadın görən kimi dabanlarına tüpürüb qaçırlar.

- Evlənmək niyə bu qədər vacibdir, səncə?

- Qadın üçün vacibdir. Əks təqdirdə qadını adam yerinə qoymurlar. Tək qalır. Dəyərini itirir. Bir də qəribə paradoks var cəmiyyətdə: düşünürlər ki, qadının azad olmağı üçün evlənməyə ehtiyacı var. Yəni bu qədər axmaq cəmiyyət olmuşuq. Evli qadınların uğurları daha çox gözə girir. Ən vacib şeylərdən biri də uşaqdır. Evlilikdən kənar uşaqlara hələ də “bic” damğası vurulur. Uşaq da depressiya yaşayır, qadın da.

- Kişinin xoşuna gəlmək ehtiyacı nədən yaranır? Bu qədər vacibdir?

- Çünki cəmiyyətimiz maskulindir. Kişinin gözünə girmək, kişilərin xoşladığı qadın olmaq vacibdir. Əks halda qadına yaşamaq haqqı verilmir bu ölkədə. Təhsil və ailə qurumunun natamamlığına görə qadın fərd ola bilmir. Fərdləşməyən qadın bir kişinin arvadı kimi mövcudluğunu davam etdirə bilir ancaq.

- İstisnalar yoxdur?

- Var, əlbəttə. Amma bu, nəyi dəyişir ki? Qadının kişi kimi həyatdan zövq alıb, azad yaşamağı qorxunc hal kimi qiymətləndirilir. Üstəlik yaşca özlərindən kiçik kişilərlə evlənmək də pis hesab olunur.

- Kişilərin dünənki müsahibələrini oxuyanda nəyə hirsləndin ən çox?

- Rus qadınlarını yerə-göyə sığdırmırlar. Düzdür, rus qadınları elə onların dediyi qədər gözəl, ağıllıdırlar. Biz türk qadınları onların yanında zəif görünürük. Amma niyə belədir, qoyun, kişilər cavab versin. Rus qadınlarına kişilərlə bərabər imkanlar yaradılır. Cinsi diskriminasiya yoxdur. İntim həyatlarını da kişilər kimi sərbəst yaşayırlar. Bizim də cəmiyyəti belə edin, görün türk qadını da rus kimi olur, ya yox?! Elə bilirsiniz, belə ikiüzlü cəmiyyətdə qadın olmaq asandır?

- Müsahibə verən kişilər daha çox harada səhv etmişdilər?

- Ağıllı və intellektual görünmələrinə baxmayaraq mövzunu dərk edə bilmirlər. Məsələ ondadır ki, qadının natamam olduğu cəmiyyətdə, kişi də natamamdır. Nöqtə! Amma bunlar öz natamamlıqlarını görmürlər. Münasibət qurduqları qadınla bir az maraqlansalar, zəhmət çəksələr, görərlər hər şey necə olur. “A bu mənə ər gözü ilə baxır, tükəzbandır ki!” deyib nə vaxta qədər qaçacaqlar?

- Səncə o kişilərin problemi nədir? Niyə evlənməkdən bu qədər qorxurlar?

- Qadınlar evlənənədək o qədər ayılara dayı deyirlər, hiylə qurmaqdan o qədər bezirlər ki, evlənən kimi ərlərindən bunun heyfini çıxırlar. İntiqam alırlar sanki. Ona görə kişilər də evlənməkdən qaçır.

- Bəs sonra?

- Qadın evləndiyi gündən daha güclü olur. Boşansa da, “evli qadın” olur. Bu, əsasdır. Yəni ən azı bir kişi ilə evlənibsə, ağıllı qadındır. Evləndikdən sonra özünə baxmır, kişiyə necə baxacaq? Hansı tərəf daha güclüdürsə, o birini təhqir edir. Sevgi, dostluq, birlik olmur.

- Qadınların ən böyük intiqamı ərləri ilə yatmamaqdır?

- Bəli. Çünki kişilərin kişilikdən başa düşdükləri tək şey seksdir. Əgər “divara mismar vura” bilmirsə, qadınların lağ obyektinə çevrilir. Normaldır sizcə bu? Deyil, əlbəttə. Qadınla kişinin bir-birinə düşmən olduğu ölkədən kimə nə fayda gələr?

“Qızları yatağa salmaq üçün hər cür hiyləni edirlər, sonra bizə hiyləgər deyirlər”

Nuran Ulduz – Akademik

- 30 yaşlı qadınlar “evlilik isterikası” keçirir?

- Nə 30? Artıq 25 yaşına qədər ərə getməyibsənsə, evdə qalmış hesab olunursan. Kişilərin azadlıqları artdıqca, qadınlarınkı məhdudlaşır.

- Evlənmək üçün nələr edir qadınlar?

- Kimisi ana kimi olur. Sevgilisinin tərini silir, belinə dəsmal qoyur. Uşaq səsi ilə danışan qadınları demirəm hələ. Qarşısındakı adamı bomja oxşadanlar da, “çox yaraşıqlısan, möhtəşəmsən” deyənlər də var. Kişilərin axı sığaldan-tumardan xoşları gəlir.

- Evlənmək niyə bu qədər vacibdir?

- Çünki qadınlar tək qocalmaqdan qorxurlar. Xüsusən də karyeristlər. İşsiz qadınlarsa evliliyə maddi təminat kimi baxırlar.

- Bir kişinin xoşuna gəlmək ehtiyacı nədən yaranır?

- Bu, bəyənilmək ehtiyacından daha çox “Bax, yan-tökül, mən getdim, sən qaldın” demə fürsətidir. Ailə, cəmiyyət, bioloji təzyiqləri də toplasaq qadının evlilik ehtiyacını başa düşmək olar.

- Kişilərin müsahibələrini oxuyanda ən çox nəyə əsəbiləşdiniz?

- Hamısına əsəbiləşdim! Elə böyük-böyük danışırdılar ki! Qadından o qədər şey istəyirlər ki. Gör sən heç onlara layiq adamsanmı ?! Nə özlərindən bunu soruşurlar, nə də ətrafdakı qadınlar bunu onlardan xəbər alır. Bu sualı verməyən, özünə əmin olmayan qadınlara meyl edirlər həmişə. Axı onların istədikləri qadınlardan – ağıllı, bacarıqlı, intellektuallardan bu ölkədə o qədər var ki. Onlara yaxınlaşmağa cəsarət etmirlər. Çox ikiüzlüdürlər. Buna əsəbiləşirəm. Qadını yatağa salmaqdan ötrü hər cür hiyləni işlədən onlar, hiyləgərlikdə günahlandırılan biz! Evlidirsə, “qız tutmaq” üçün “arvadım məni anlamır” yalanından, “həmişə sənin kimi birini arzulamışdım” yalanına qədər hamısını işlədirlər. Saysız-hesabsız mesajlar, gül, hədiyyə almalarını demirəm hələ. “Sən qarşıma çıxana qədər elə bədbəxt idim ki” də ən şedevr yalandır.

- Yaxşı bəs o müsahibədə kişilər nədə haqlı idilər?

- Qadınların bəzi əşyalarını oğlanın evində qoymaları düzdür. Qadın geri qayıtmaq üçün bəhanəsini və “bura artıq mənimdir” mesajını verir bununla.

- Axrıncı sual: Niyə evlənməmisiniz?

- Çünki evlənməyə layiq adam tapa bilməmişəm. Səhər duranda “Yaxşı ki bu adamla oyanıram” deyə biləcəyim biri yoxdur. “Evlənməyə layiq olan” dediyim adam da daha rahat əldə olunan qadınların arxasınca getdi. Sevdiyim insanla məni sevən insana eyni bədəndə rast gəlməmişəm...

Oxucu məktubları


“Sevişə bilmirlər”

Dünən kişilər türk qadınlarının çoxu belədir-elədir dedilər, gəlin mən də onları sizə təqdim edim: Yaxşı insan olsalar belə, çox pis sevgilidirlər. Türk kişiləri sevişə bilmir. Cümləni düzəldirəm: türk kişiləri çox pis sevişirlər. Özlərinə əmin olmadıqlarından yataqda da pisdirlər, qadınları xoşbəxt edə bilmirlər. Ən pisi də odur ki, birlikdə olduğu qadınları xoşbəxt etdiklərini sanırlar. Çünki yazıq türk qadını kişinin özünəinamını qırmamaq üçün heç nə demir. Yalandan orqazm olmuş kimi göstərir özünü. (Burcu)

Mən də italyan kişilərini bəyənirəm

Bizdən rus qadınlarının rahatlığını istəyirlər. Niyə bu qədər ədalətsizdirlər? Bizi elə böyütməyiblər axı. Mən də türk kişisindən italyan kişilərinin bədənini, romantikliyini, zövqünü istəsəm necə olar? Hamısı 60 yaşında 20 yaşlı qız axtaracaq evlənməyə. O da “buynuzlayıb” pulunu alacaq. (Neslihan D.)

Biz türk kişilərini avropalılarla müqayisə edirik?

Hansı avropalı qadın sizin alt paltarınızı yuyub atdığınız corabları yığar? Uşaqların bütün məsuliyyətini yarı bölərlər, yaxud heç uşaq istəməzlər. Sizin ata-ananız gələcək deyə tort, aş, dolma bişirməzlər. Ona görə türk qadınları tez qocalır, tez kökəlir və qorxusundan “hardasan? niyə gec gəldin?” davası edir. Biz sizi necə avropalı kişilərlə müqayisə etmiriksə, siz də bizi müqayisə edə bilməzsiniz. Heç boşalma müddətinizi avropalı kişilərininki ilə müqayisə edirsiniz? Əgər müqayisə etsək, deyə bilərəm ki, heç bir avropalı qadın sizi razı salmaq üçün yalandan orqazm təqlidi etməz. Türk qadınları bunu edir deyəmi bu qədər burnunuz qalxıb? (Sinəm A.)

Hiyləgər onlardır!

Sevişənə qədər “hipnoz” edirlər, sonra bizə hiyləgər deyirlər? 10 saat dikdaban ayaqqabıda yorğunluqdan işləməyən ayaqlarımızı masaj edir, həftə sonları yeməyə dəvət edir, kinoya aparır, hətta seriala da baxır, planlardan danışır, yemək bişirir, ta ki sevişənə qədər. Cavab verin görüm budur səmimiyyətiniz? Hiyləgər sizsiniz! (Sıla K.)

20 yaşında azad olsaydılar, indi üzük dalınca qaçmazdılar

Ətrafımda 30 yaşlı “evlilik isterikası” yaşayan qadınlar çoxdur. Məncə, onlar iyirmi yaşlarında rahat əylənə, evə istədikləri vaxtda gəlib-istədikləri vaxtda gedə bilsəydilər, azad seks həyatları olsaydı, indi bir üzük üçün kişi dalınca qaçmazdılar. Cəmiyyətin belə olmağında kişilər də günahkardır. (E.O)

Sevişmək istəyirsən “yanıq” deyir, istəmirsən “kotlet”

Sevişmək istəyirsən biri ilə, deyir bu “yanıq”dı, sevişmirsən də deyir “ bu yataqda “kotlet”di, gərək özün çevirəsən”. Hesabı ödəmək istəyirsən, xətrinə dəyir, ödəmirsən “Məni bankomat yerinə qoyur” deyir. Türk kişisi özünə inanmır və nə istədiyini bilmir. (Yasəmən K.)

Rəna Nevzat
# 4167 dəfə oxunub

Oxşar xəbərlər

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

16:50 17 aprel 2024
"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

16:30 17 aprel 2024
# # #