Fahişəliyin tarixi: Qədim Roma fahişələri

Fahişəliyin tarixi: Qədim Roma fahişələri
20 aprel 2011
# 10:59
Kulis.azın təqdim etdiyi bu yazı “Qərb Tarixində Fahişələr” (müəllif Nicki Roberts) kitabının "Roma Sirki - İmperatorluqda Seks Ticarəti" fəsili əsasında hazırlanıb.


Romalı qadınların azadlığı


Romada yüksək təbəqəyə aid nigahlı qadınlar yunan qadınlardan fərqli olaraq, ev dustağı deyildilər və ictimai həyatdan da sürgün edilməmişdilər.

Tez-tez çıxıb gəzər, teatrlara gedər, məbədləri, məhkəmələri ziyarət edərdilər. Onlara evlərində xüsusi müəllimlərdən təhsil almaq üçün də icazə verilirdi. Romalı qadınların Yunan qadınlardan daha azad olduqları faktdır.

Protest üçün fahişəlik

Bu azadlığı onlara bəxş edən isə Romanın patriarxal quruluşu idi. Yunanıstanda tacir sinifi aristokratlar zümrəsini iqtidardan devirməyi bacarmışdı. Romanın hakim sinfinə isə kimsə meydan oxuya bilməzdi. Aristokrat zümrəsi də bu hökmranlıqlarına əmin olduqlarından, şəhərdə hamının riayət etməli olduğu qaydaları tətbiq etməyə başladılar.

İlk imperator Avqust yuxarı təbəqədən olan qadınların evlənib uşaq doğmasını məcbur edən qərar verdi. Bu qərara etiraz əlaməti olaraq könüllü olaraq fahişəliyə üz tutan yüksək zümrəli qadınlar oldu.

Bu ərəfədə aşağı siniflər də patriarxal ailə quruluşlarına etiraz edərək dədə-babalarının cinsi adətlərini davam etdirməyə qərar verdilər.

Kölə fahişələr

Romanın yürütdüyü imperialist siyasət nəticəsində şəhərə çoxlu fahişə axın etdi. Torpaqları əllərindən alınan kəndlilərin də qazanclı bir iş üçün şəhərə gəlmələri də bu axında mühüm rol oynamışdı.

Hətta bu "azad" insanların bəzilərinin vəziyyəti kölələrdən də pis idi. Çünki kölələrə heç olmasa acından ölməmək üçün yemək verilirdi. İşsizlik çox geniş yayılmışdı və bu səbəbdən də insanların çoxu fahişəliyə üz tuturu.

Mülkiyyət toxunulmazdır

Ancaq yenə də, qədim Romadakı fahişələrin əksəriyyəti kölələr idi. Romanı böyük bir imperatorluq halına gətirən də bu köləlik sisteminin mövcudluğu və möhkəmliyi idi.

“Mülkiyyətin toxunulmazlığı” anlayışını ilk dəfə romalı hüquqçular ortaya atdılar və daha sonra bu anlayış kölələrə də tətbiq edildi. Bununla da kölələri qanuni baxımdan da əşyaya ya da mala çevirdilər.

Qullar üzərində hökmranlıq

Kölə sahibinin haqları qədimdəki ailə başçısını xatırladırdı. Sahib istədiyini edə bilərdi və ona bu səahiyyət qanunla verilmişdi. Kölələrin qadınlardan daha çox əzilməsinin səbəbi Roma imperiyasının mahiyyətcə quldar dövləti olması idi.

İmperatorluq ərzində kiçik bir aristokrat zümrəsi iqtidarda qaldı. Özlərini tanrı hesab edən bu güclərini əsasən kölələrdən ibarət olan aşağı sinif üstündə mərhəmətsizcə sınaqdan keçirirdilər. Romanın zalımlığı da aristokratların bütün kaprizlərini kölələr üzərində istədikləri kimi tətbiq edə bilməsində idi.

Qəddarlığın miqyası

…Tiberinin xələfi Kaliqula bütün bacılarıyla insest əlaqəyə girmiş və bir ayin əsnasında onlardan birinin bağırsaqlarını deşməsi ilə məşhurlaşmışdı. Arvadı Kaesonianı dostlarına çılpaq nümayiş etdirərək zövq alırdı və fahişə Mnester ilə hamıya məlum olan əlaqəyə girib imperatorluq sarayında fahişəxana da yaratmışdı…

Fahişəlik yaxşıdır bundan

Sahiblərinin cinsi harınlıqlarına sinə gərənlər kölə və xidmətçilər sinifi idi. Bu bəxtsiz qadın və gənc oğlanlar üçün təcavüz və cinsi istismar gündəlik həyatın ayrılmaz hissəsi idi. Bəlkə də yeganə xilas yolu qaçıb, adsız fahişələr olaraq küçələrdə və ya fahişəxanalarda işləmək idi. Bu zaman heç olmasa cinsi xidmətlərinin qarşılığında pul ala bilərdilər.

Kübarlar fahişə olmasın

Aristokratların evlənməyə və çoxalmağa həvəssiz olmalarını aradan qaldırmaq məqsədi ilə Avqust, evlilik yaşında olan subay insanlara qarşı cəza tətbiqinə başladı. Sonra bu siyasətini üçdən çox uşaq doğan evli qadınlara verdiyi silsilə mükafatlarla gücləndirdi. Ancaq aristokrat qadınların məcburi evliliyə boyun əyməkdənsə, özlərini fahişə elan etmələri Avqustun planlarını alt-üst etdi. Lakin Avqustdan sonra taxta çıxan Tiberi hakim sinifdən olan qadınların fahişə olmalarını qadağan edərək son nöqtəni qoydu.

Fahişəxanaya gedənlərə eşq olsun!

Romalı kişilərin fahişəliyə münasibətləri ilə yunanlıların münasibəti demək olar ki, oxşar idi. Fahişəliyin, cavanları zinadan uzaqlaşdıraraq ailələrini qoruduğuna inanardılar.

Katon yazırdı: "Şəhvət güc gələndə fahişəxanalara gedənlərə eşq olsun". Bundan başqa tarixdə daha bir mənbə fahişəliyi sağlam evliliyin həm yoldaşı, həm də peyvəndi olaraq görür. Platus belə deyir: "Evli bir qadına, bir dula, bir bakirəyə, bir gəncə ya da azad doğulmuş bir uşağa toxunmayın… Qalanı sizin olsun."

Rəsmiləşən fahişəlik

Romalılar, yunanlılar kimi rəsmi fahişəxanalar açıb işlətmirdilər. Ancaq fahişələri rəsmi olaraq qeydə alan ilk sistemi onlar qurdular. Bu da fahişələrin iki hissəyə ayrılmasına səbəb oldu: qeydiyyatdan keçən “meretrike”lər və qeydiyyatı olmayan “prostibula”lər. Əslində qanuna görə bütün fahişələrin “aedile” kimi tanınan rəsmi şəxsin yanında qeydiyyatdan keçmələri lazım idi.

Yuxarı təbəqəni təmsil edən fahişələr qanuni olaraq qeydə alınmırdılar. "Əlavə iş" olaraq cinsi xidmət göstərənlərin çoxu, o cümlədən aktyorlar, rəqqaslar və musiqiçilər də qeydə alınmırdılar.

“Aedile”lərin qeydiyyata qarşı çıxan fahişələrin zorlayırdılar. Fahişəxanalarda "nizam-intizamı" təmin etmək və qanuni iş qrafikinə uyğun gəlib-gəlmədiklərinə də nəzarət etmək kimi də onların vəzifə borcu idi

Bundan əlavə, buralarda çalışan qadınların qanunların tələbinə uyğun olaraq geyinmələri və lazımı ödənişi almalarına nəzarət etmək də onların öhdəsində idi. Bu, fahişələrə faydalı olan yeganə qanun idi.

Qalan bütün qanunlar məhdudlaşdırmalar və zərurətlərdən ibarət idi. Buna görə fahişələrin çoxu qanunları hazırlayan senatorları ələ salıb, öz başlarının çarəsini axtarmağa məcbur idilər.

Fahişələr arasında diskriminasiya

Qanunlar, aşağı sinifdən olan fahişələrin "hörmətli" qadınlardan fərqlənmələrini təmin edirdi. Amma yenə də əksəriyyət geyim-geçim məsələsində qadağaları rədd edib qanunlarla açıq-aşkar kəllə-kəlləyə gəlirdilər. Qanunlara görə fahişələr qadın “stola”sı (Stola, Romalı qadınların kişilərin geydiyi “toga”nı xatırladan ənənəvi geyimi. Roma İmperatorluğunda kişilərin geyimi olan “toga”nı geymək heç də yaxşı hal deyildi. Bunu geyən qadınlar fahişəliklə ittiham olunurdular) əvəzinə kişi “toga”sı geyməli idilər.

O zaman da makiyajlı idilər

Bundan başqa bənövşəyi geyimlər, ayaqqabılar, bijuteriyalar və romalı evdar qadınların saçlarını yığmaq üçün istifadə etdikləri filələr onlara qadağan idi. Bunun əvəzinə sandal ayaqqabı və çiçəkli paltar geymələri vacib idi.

Əksər fahişələr geyim məsələsində gözə çarpmağa çalışır, bunun üçün saçlarını sarı və ya qırmızı rəngləyərək, makiyaj edərək, şəffaf ipək ya da tüldən paltarlar geyinirdilər. Beləliklə də, həm evli qadınlardan seçilir, həm də istəklərinə uyğun olaraq gözəçarpan olurdular.

Fahişə aktrisalar

Teatrların özlərini və qabiliyyətlərini xalqa nümayiş etdirmək üçün ən doğru məkan olduğunu bilən əksər fahişələr aktrisalıq edirdilər. Bu, həm də aşağı sinifdən olan fahişənin hörmətli bir xanıma çevrilməsinə imkan yaradırdı.

Fahişələr ümumiyyətlə professional aktrisalar idilər. Bunun əksi də danılmazdır. Roma teatrı cinsəlliyi bütün çılpaqlığı ilə ortaya qoyan kəndli bayramlarından qaynaqlanırdı. Bu səbəblə də teatr ədəbsizlikdən heç uzaqlaşmırdı.

Komediyada ən yaxşı obrazlar fahişələrlə qadın dəllalları idi. Biseksuallıqla, insest də sevilən mövzular arasında idi. Ən çox bəyənilən ənənələrdən biri də qadın komediyaçıların tamaşanın sonunda az qala çılpaq soyunmaları idi. Bir başqa maraq doğuran məqam da mifologiyan gələn erotik səhnələrin həm pantomim, həm də rəqslə oynanması idi.

Niyə fahişə olmuşdular ki?

Yuxarı təbəqədən olan fahişələr ümumiyyətlə təhsilli və yaxşı yetişmiş qadınlar idilər. Əksər tarixçilər bu qadınların niyə fahişə olmalarını açıqlamaqda çətinlik çəkirlər. Sanqer qadınların "şəhvət və acgözlüyünü" səbəb kimi göstərirsə, Henriques pul hərisliyini ortaya qoyur.

Ancaq yuxarı təbəqədən olan bir qadının "nəzakətli" fahişə olması üçün ən əsas səbəb təbii ki, iqtisadi baxımdan azad olmaq və heç bir kişidən asılı olmamaq idi. Belə qadınlar müstəqil yaşayar, müxtəlif varlı müştərilərin dəvətlərini qəbul edərdilər. Hərdən gizlində vergitoplayan ərləri də olardı.

Qədim Yunanıstanda olduğu kimi Romada da fahişələr özlərini qorumaq üçün mükəmməl qurulmuş həmrəyliyə arxalanırdılar. “Nəzakətli" yunan fahişələr kimi, onlar da bənzərsiz və müxtəlif mədəniyyətlər yaratmışdılar. Onlar “hörmətli” romalı qadınların məzlumluğunu qəbul etmir, heç bir kişiyə aid olmamağı üstün tuturdular. Romalı "nəzakətli" fahişələr təhsilləriylə, zəkalarıyla, gözəllikləriylə və müstəqillikləriylə qürur duyurdular.

Hərbi fahişələr

Roma İmperatorluğu üçün həyati əhəmiyyət daşıyan və tarix kitablarında barələrində heç bəhs edilməyən başqa bir qrup fahişə sinfi də vardı. Bunlar hərbi düşərgələrdə istismar olunan fahişələr idilər.

Onlar uzun sürən səfərlərdə və uzaq sərhəd bolgələrində əsgərlərə "istirahət və əyləncə" təşkil edən məhbus qadınlar idi. Roma uzun illər boyunca iqtisadiyyatını hərbi genişlənmə ilə təmin etmişdi və əsgərlər hara gedərsə getsin, qarnizonun yanında silsilə fahişəxanalar qurulardı.

Bu fahişəxanaların quruluşu çox sadə idi. Romadakı ucuz evlərdə olduğu kimi, burada da hər qadın üçün cəmi bir otaq var idi. Buralarda yaşayan qadınların yeganə ümidi isə bir zabit tərəfindən satın alınmaq idi. Ancaq “hərbi düşərgələrdə istismar olunan fahişələr”nın böyük əksəriyyəti üçün həyat - heç bir xilası olmadan, maksimum alçaldılma, xəstəlik və əldən düşməkdən ibarət idi.

Və xristianlıq gəldi

Tarixçilər hamılıqla qədim Romanın dağılmasının səbəbi kimi nəzarətsiz cinsi əlaqələri göstərirlər. Digər tərəfdən korrupsiya hər zaman quldarlıq quruluşlarının təməl prinsipinə çevrilib.

Qədim Romada cinsəllik və fahişəlik həyatın qəbul edilmiş həqiqətlərindən biri idi. Bunlar açıqca nümayiş olunur, istismar edilir, müzakirə olunurdu. Roma dövləti də bu ticarətdən pul qazanmaqdan utanmırdı. İmperator Kaliqula, fahişələrə vergi qoyduqdan sonra bu işdən böyük qazanc əldə etmişdi. Hər səviyyədə fahişəlik Roma iqtisadiyyatında özünəməxsus yer etmiş, nə bədənini satanlar, nə də onlara şərait yaradanlar damğalanırdılar (Bu mövzu bir az mübahisəli olsa da, həqiqət kimi görünür). Fahişəlik, "müqəddəs" imperatordan ən aşağıdakı köləyə qədər uzanan ictimai fəaliyyətlərdən biri idi. Hələ sistemdə "günah" anlayışı yaranmamışdı. Ancaq Xristianlıq hakimiyyəti ələ keçirdikdən sonra, iqtidardakı şəxslər fahişəliyin "ayıb", fahişələrin özlərinin isə pis və cəmiyyət üçün yoldan çıxardıcı bir təhdid olduğunu sözdə qəbul etməyə başlayacaqdılar.


Hazırladı: Vüqar Qurdqanlı
# 4402 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #