“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır... 

“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır... 
26 noyabr 2020
# 15:34

Bu gün axşam “Qarabağ” komandası Türkiyənin “Sivasspor” komandası ilə oynayacaq.

Həmişə sevə-sevə izlədiyim “Qarabağ”ın budəfəki oyununu da maraqla gözləyirəm.

Həm də bir az başqa ovqatda...

Biz Qarabağ qələbəsini döyüş meydanından əvvəl yaşıl meydanlarda, “Qarabağ” futbol komandası ilə qazanmağa başlamışdıq.

1951-ci ildə yaradılan bu komandanın ilk adı “Məhsul” olub. 1987-ci ilə kimi 3 fərqli adla fəaliyyət göstərən komanda Ağdam şəhərinin işğalına qədər oyunlarını Ağdamın “İmarət” stadionunda keçirirdi.

Ağdam şəhərinin işğalından sonra “Qarabağ” oyunlarını Ağdamın Quzanlı qəsəbəsində, daha sonra Bakıda keçirməyə başladı.

Yəni, müharibə insanlar kimi bir futbol komandasını da məcburi köçkün etdi. Bu komanda futbol tariximizdə insan taleyi yaşayan, insan faciəsi yaşayan ilk komanda oldu.

Bu məcburi köçkün komanda hər şeyə rəğmən qətiyyən əyilmək və sınmaq niyyətində olmadığını göstərdi.

2000-ci illərin əvvəllərində güclənməyə başlayan komanda insanların daha böyük sevgisini qazandı. “Qarabağ” Avropa turnirlərində güclü rəqiblərlə qarşılaşıb onlara qalib gəlir, bütün dünyanı Qarabağ və Azərbaycan sözlərini yanaşı eşitməyə məcbur edirdi.

Nəzərə alsaq ki, futbol dünyanın ən populyar, ən böyük kütləyə sahib və ən sevilən idman növüdür, “Qarabağ” komandasının uğurları bu illər ərzində bizim üçün ən gözəl təbliğat növü idi.

“Qarabağ” ilə qarşılaşacaq Avropa komandalarının ölkəsində bizim komanda haqqında məlumat veriləndə, həmçinin Ağdam şəhəri haqqında, bu şəhərin işğalda olması barədə də məlumatlar yer alırdı. Beləcə, Avropanın böyük futbol kütləsi Qarabağ problemindən, ən əsası həqiqətlərdən agah olurdu.

Bu illər ərzində ən çox azarkeşin toplaşdığı oyunlar da elə “Qarabağ” komandasının oyunları olurdu. On minlərlə insan “Qarabağ”ın oyunlarını izləməyə gəlirdi. Hətta futboldan başı çıxmayanlar da çox böyük həvəslə stadiona gəlirdi. Çünki Qarabağ qələbəsinə həsrət qalmış insanlar “Qarabağ”ın qələbələri ilə özünə təskinlik verirdi. İnsanlar bu oyunlara ürəkdən “Qarabağ!” bağıra bilmək üçün gəlirdilər.

Yadıma düşür, oyun zamanı hamı bacardığı qədər yüksək səslə ən çox bu şüarı təkrarlayırdı:

“Qarabağ bizimdir, bizim olacaq!”

Bizim şüarlarımızda Qarabağ adı dırnaq içində yazılmırdı.

Oyunlardan səsimiz batmış çıxırdıq. Qarabağ və qələbə sözlərini bir arada görmək bizi o qədər xoşbəxt edirdi ki, coşğumuz azalmaq bilmirdi. Hamı biri-birini qucaqlayırdı. Oyundan çıxıb avtobuslarda, metrolarda, maşınlarda şüarlarımızı səsləndirməyə davam edirdik.

Futbola gəlməyən adamlar bizdən hesabı soruşub sevinirdilər.

Hamımız sevinirdik.

Biz futbol topunu mərmi kimi görürdük. Bu mərmini düşmənimizə əsgərlərimizin əlləri ilə yox, futbolçularımızın ayaqları ilə atırdıq. Tora daxil olan hər qolu düşmənin ürəyinə dəymiş güllə kimi görürdük.

Hər oyundan sonra xarici saytlara girib “Qarabağ” komandasının qələbəsi haqqında xəbərləri oxuyurduq, eyni videoları dəfələrlə izləyirdik.

Hətta İnternet məkanında elə bir vəziyyət yaranmışdı ki, Google-da Qarabağ yazanda ancaq “Qarabağ” komandasının və futbolçularımızın şəkilləri çıxırdı.

İndi isə Google-da Qarabağ yazanda Şuşanın, Ağdamın, Kəlbəcərin, ayağı toplu yox, əli silahlı igidlərimizin şəkilləri çıxır.

Təşəkkürlər, “Qarabağ”!

Bu qələbəmizdə sizin də mənəvi rolunuz var.

Bizi qələbəyə ilk sən öyrətdin.

Sən bizim yaşıl meydandakı ordumuzsan!

# 3614 dəfə oxunub

Oxşar xəbərlər

SSRİ bayrağı qaldıran sədr:  "Türkiyə bayrağına niyə bir söz demirsiniz..."

SSRİ bayrağı qaldıran sədr: "Türkiyə bayrağına niyə bir söz demirsiniz..."

18:38 13 may 2025
Stalinin kölgəsində çəkilmiş şəkil:  Cavid ailəsinin itirilmiş xoşbəxtliyi

Stalinin kölgəsində çəkilmiş şəkil: Cavid ailəsinin itirilmiş xoşbəxtliyi

18:20 13 may 2025
"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

18:10 13 may 2025
Tehran Kitab Sərgisində "Dədə Qorqud"  qadağası

Tehran Kitab Sərgisində "Dədə Qorqud" qadağası

18:00 13 may 2025
"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

17:00 13 may 2025
"Türk dünyasının böyük söz ustadı" adlı tədbir keçirilib

"Türk dünyasının böyük söz ustadı" adlı tədbir keçirilib

16:10 13 may 2025
#
#
# # #