“Mustafa” məşqi

“Mustafa” məşqi
20 dekabr 2012
# 08:45

Son vaxtlar yazmayanda-fərqi yoxdu nə-dayana bilmirəm. Mən də sözlərlə məşq eləyirəm. Səhər, günorta, axşam. Bəlkə də ləzzət aldığım yeganə məşğuliyyətdi bu. Yazı məşqi...

***

...Yolum Yevlaxa idi. Məni bezdirən və darıxdıran anlamsız şəhərə - sürgünlüyümə. Qabaq oturacaqda yerimi rahatlayıb Qan Turalının “Mustafa” romanını oxumağa girişdim. Rahat oxunurdu, maneəsiz- filansız, demək olar ki, öyrəşdiyimiz romançılıqdan əsər-əlamət yox idi. Hər şey təzə, yerində, özü boyda, öz qatında...

“....Orda yaşamaq mümkün deyildi, yaşamaq haqda düşünmək olardı.

Orda sevməyə yox, sevmək haqda düşünməyə icazə verilirdi.

Orda dünyanı izah etməyə icazə vardı, dəyişdirməyə yox.

Orda oxumaq olardı, yazmaq qadağan idi...”

Oxuya-oxuya fikirləşirdim ki, elə bil bu romanı uzun zaman şeirdən aralı düşmüş şair yazıb. Çünki romanın elə yerləri var idi ki, şeir kimi oxunurdu. Kitabın arxasında müəllif haqda yazılmış, tanıtmaya baxanda hər şey məlum oldu. Yanılmamışdım. O da nəsrə şeirdən gəlibmiş. Beləcə, şairin söz-söz, cümlə-cümlə, kəlmə-kəlmə nasirə çevrildiyinin şahidi olurdum. Təzə bir “Çevrilmə”nin....

Gərək, Qan Turalı kimi məqamı əldən buraxmayasan, gələn kimi yaxalayıb, özününkü eləyəsən, onun yiyəsi olasan, verilən zaman anına sahib çıxasan, öz yerinə oturdasan – yazasan. Sözləri yerinə düzə-düzə səninki olanı özünə qaytarasan, itirdiyini söz şəklində tapasan, heç olmasa, tikanları canından çıxarıb atasan, mənasızlığa bir damcı da olsa anlam verəsən. Mənasızlığı hiss eləyirsənsə deməli, hələ burdasan, bitməmisən, nəsə eləmək olar. Çünki burdan qıraqda mənasızlıq da yoxdu. Yoxsa o tərəfdədi, ötədə, o biri üzdə, bir dəfə də olduğun və heç vaxt yadına sala bilmədiyin yerdə...

Bir daha anlaşıldı ki, bəlkə də milyonuncu kərə, şairi, yazıçını çərçivəyə salıb məhdudlaşdırmaq olmaz. Yazılar haldan, vəziyyətdən, ovqatdan doğulur. Kim nə qədər bacarırsa, nə boydadısa, kimdə nə qədər varsa yazısında özünü o qədər də ifadə eləyir. Adam yaranışdan hansısa bir tərəfə daha çox meylli olur. Elə şeylər var ki, sonradan qazanılmır, adamla bir yerdə doğulur. Ancaq yazıda özünü, yerini, mərtəbəni tapanacan, təsdiqləyənəcən, eksperimentlər eləmək, özünü sınamaq, bu, ayrı məsələdi. Məncə, kimə necə verilibsə, o cür də yazmalıdı. Onsuz da hər kəs əvvəl-axır, gec-tez gəldiyi yerə qayıdır.

Qan Turalını hansısa “... izm” lərə bağlamaq, oxuduğu kitablardan necə təsirləndiyini yazmaq, romanı ortalığa qoyub təhlil eləmək fikrindən uzağam. Uzağam yox, bu sadəcə, mənim işim deyil. Bildiyim odu ki, təzə nasir gəlir. Öz mütaliəsiylə, bilgisiylə, hadisələrə yanaşmasıyla, başqalarından fərqlənən nasir. Bir az filosof ədalı, bir az solçu, bir az sufi, bir az da nurçu... Belə görünür ki, Qan Turalının yazı məşqi hələ uzun sürəcək. Məşq elədikcə, gücü çoxaldıqca, saxlancı şişdikcə, bəlkə də bu gün yazdığını sabah bəyənməyəcək. İsa Muğanna kimi. Bu onun sözlərindən, baxışlarından, gəldiyi qənaətlərdən də hiss olunur...

...Qapıya çatanda hava qaralmışdı. Roman da sona yetmişdi. Məğlubiyyətdən bəhs edən romanı oxuyub qayıtmışdım, beş-on il qabağa, məğlub günlərimə. Maşından düşmək istəmirdim, təzədən Bakıya qayıtmaq keçirdi içimdən...

Və sonda...

Səhəri, şair ola bilməyən adamın yenicə çap olunmuş “Polis qorxusuyla öpüşmək” kitabını da oxudum. Sevginin ən böyük məlhəm olduğuna mən də inandım. Bu haqda sonra... Çünki “insan bir ətir alacaqsa üç-dörd şüşədən artığını yoxlaya bilmir. Burnu tutulur qoxudan...”

# 2634 dəfə oxunub

Müəllifin son yazıları

# # #