Kulius.Az professor İlham Rəhimlinin Xalq artisti Rasim Balayev haqqında yazdığı məqaləni təqdim edir.
“Səmimiyyətin qəm nuru” silsiləsindən III yazı (I yazı, II yazı)
Səsin hüsnü, lətafəti
Və yaxud sözlə qəlblərə açılan pəncərə
Yaxşı bir söz degilən, ta şəkər ərzan olsun,
Yaxşı əl tut ki, sitəm, dərdü qəm asan olsun!
Nizami Gəncəvi
Əgər gözü qəlbin aynası kimi qəbul ediriksə, səsi də insanın ruhunun musiqi ahəngi adlandırmaq olar.
Psixoloqlar müəyyən xarakterik xüsusiyyətləri insanın özünü görmədən onun səsi, səsin ritmi, koloriti, ahəngi ilə müəyyənləşdirirlər.
Aktyor üçün səs və bu səsi obrazlı danışığa çevirmək hünəri istedadın əsas şərtlərindən sayılır. Hər təzə rolda bu səs təzə çalarda səslənməyə qadir deyilsə, onda aktyorun yaradıcılıq enerjisinin xeyli hissəsi mütləq puça çıxacaq. Xarakterin təqdimində müəyyən boşluq yaranacaq.
Rasim Balayevin səsi ümumi şəkildə lirik-dramatik tenor qurumundadır. Lakin bu səsin canında və qanında, ruhunda və ritmində, musiqisində və ahəngində çoxlu, əlvan və təzadlı çalarlar var. Həmin çalarların toplusu aktyorun səs obrazıdır.
Bu səs xəfifdir və bu xəfiflikdə fırtınalı dramatizm hüsnü də var.
Bu səs bariton səs kimi gur deyil, lakin haray zəngi kimi cingiltilidir.
Bu səs lirik səsdir və bu lirizmə mötəşəm kişi qəmi də hopub.
Bu səs dramatik ahəngdə ən müxtəlif psixoloji ovqatı təcəssüm etdirməyə qadirdir.
Bu səs yöndaşlarının duyğularına həssaslıqla təsir etdiyi kimi, onların da psixoloji dönüşlərini “görür”, duyur, eşidilənə reaksiya verir.
Bu səs poetik vüsətdə səslənə-səslənə mötəşəm faciə notlarında də sərbəstcə gəzişir.
Bu səsin pıçıltısında lirik kövrəkliklə duyğuların qəzəb püskürməsi qoşadır.
Bu səsin ecazkar və parlaq, tünd və boğuq, isti və soyuq rəngləri var: ağ, qara, qırmızı, sarı, yaşıl, mavi, innabı, şabalıdı, sürməyi, çəhrayı, süsəni, yasəməni, qızılı, gümüşü… Sənətkar həmin rənglərin hər biri ilə ayrı-ayrılıqda müəyyən xarakter ovqatını ifadə edir.
Rasim Balayev səslə işləməkdə, onu lazımi ahəngə salmaqda hünərvərdir. Aktyor xarakterə dəqiq, həssas, ifadəli və obrazlı səs ahəngi və səs rəngi tapmamış rola çəkilmir.
Səsiylə böyük həssaslıqla işlədiyinə görə onun ləfzinin ahəngi, musiqi ritmi, psixoloji-dramatik, emosional-tragik not düzümü tamaşaçı qulağını heç vaxt döyənək eləmir.
Güclü və həssas melodiya duyumu, not-ahəng yaddaşı olan Rasim Balayev səsini filmdə səsləndirilən musiqinin xarakterinə həssaslıqla uyğunlaşdırır. Eyni zamanda yöndaşlarının danışıqlarının dramatik dönüşlərinə öz səsinin psixoloji səslənmə dürüstlüyü ilə adekvat cavab verə bilir.
Aktyor obrazın daxili dinamikası üçün müəyyənləşdirdiyi ehtiraslar gərginliyini film boyu özünün məlahətli səsiylə tamaşaçının duyğusunda saxlamağa qadirdir. Bu qadirlik bədii-estetik ifadə vasitəsi kimi aktyorun ekran məlahətinə, ekran cazibədarlığına xüsusi valehedici füsunkarlıq gətirir.
Hərəkətdə və səs variasiyalarında ritmi düzgün məyyənləşdirməkdə və onun musiqisini, təravətini, lətafətini, ahəngini, dinamikasını xarakterin inkişaf xətti ilə bağlamaqda Rasim Balayev fenomendir. Aktyor səsinin və hərəkətlərinin, geniş mənada danışıq və davranışının estetik ritmini oynadığı obrazın xarakterinə uyğunlaşdırır.
Uyğunlaşdıraraq özünün ritm duyğusunu işə salır və bu prosesdə maraqlı bir fəndə əl atır.
O, səsin ritmi ilə tamaşaçıların fikirlərindən daha çox onların emosional duyğularına təsir edir.
Səsin musiqili ritmi mürəkkəb-mürəkkəb psixoloji ovqatların qavranılmasına təkan verir, yardım göstərir, emosional düşüncəyə ənginlik açır.
Sənətə xoşbəxt doğulmaq hər kəsə nəsib olmur. Rasim Balayev aktyorluq sənətinə təbiətin bəxtəvər bəndəsi kimi gəlib və istedad onun fitrətindədir.
Bütün yaradıcı və qüdrətli dühalar kimi onun da ilham zəmisində idrakla hissin (duyğunun) sərhədi çox yaxındır. Aktyor oynadığı bütün obrazları duyur və dərk edir.
Duyur və duyduğunun emosional vüsətini yaradır.
Dərk edir və dərk etdiyini yaradıcılıq işinin əməl-fəaliyyət xəttinə çevirir.
Bu duyğu və bu dərk aktyorun səs ritmində ahəngdarlıq taparaq birbaşa eşitmə duyğularına və oradan da qəlblərə sirayət edir.
Belə yaradıcılıq prosesində aktyorun emosional, lirik, hüzünlü, qəmli, cingiltili, fırtınalı, vülkan püskürən, duyğuları çarmıxa çəkən, qulaqlara sığal verən… səsi ifaya xarakter əzəməti aşılayır.
Hər hansı rolda Rasim Balayevin səsi dadlı-tamlıdır. Bu dad-tam öz ləzzətini obrazın xarakterinin psixoloji xüsusiyyətlərindən alır.
Rasim Balayevin daxili yaradıcılıq ehtirası onun səsini uçuşa hazırlayır.
Həyat təcrübəsi, iti müşahidələri, qanadlı sənətkar təxəyyülü ilə topladığı emosional yaddaşını səsdə səxavətlə “xərcləyir”.
İfa etdiyi epizodda vəziyyətin psixoloji ruhunu əvvəlcə gözlə tutur. Gözlə tutur, hisslə duyur, ehtirasla lazımi enerji ritminə salır, səslə isə onun obrazının xarakterini çatdırır.
Hərəkət plastikasının sürət (temp), xarakter və dinamikasını səsinin musiqi ahəngində ifa üçün yeni psixoloji-emosional qatda əyaniləşdirir.
Nəsimi, Babək, Beyrək kimi və bu səpkili rollarda aktyorun səsi yalnız eşidilmir, həm də hadisələrin mürəkkəb psixoloji məqamlarından asılı olaraq müxtəlif ovqat bürümündə görünür. Aktyorun səsi baxışları ilə birləşir və tamaşaçının obrazı dərindən dərkinə bələdçilik edir.
Tamaşaçı aktyorun səsinin obrazını müxtəlif ovqatlarda gördüyü üçün də bəzən bu səslə birlikdə aşağıdakı psixoloji duyğu-ovqatları keçirir:
göyüm-göyüm göynəyir;
həzin-həzin kövrəlir;
qəlbən tir-tir titrəyir;
mənən didim-didim didilir;
duyğuları ocaq kimi korun-korun tüstülənir;
duzlu-duzlu gülüşə qərq olur;
pak-pak ülviyyətə qovuşur;
zərif-zərif sevinc selinə düşür…
Fransız ədibi Andre Morua yazır ki, insanın sifətini ağıl və xeyirxahlıq bəzəyir. Müdrik yazıçı sonra da bu fikri söyləyir ki, qəlbin təmizliyi üzün cizgilərində əks olunur.
Deməli, səs, səsin tembri, ahəngi, musiqisi insanın mənsub olduğu daxili keyfiyyətləri, mənəvi xüsusiyyətləri təcəssüm etdirməlidir.
Bu baxımdan Rasim Balayevin səsi, səsinin psixoloji məna çalarları ifa etdiyi bütün obrazların mənəvi aləmlərini açan, onların xarakterinə aydınlıq gətirən vacib ifadə vasitəsi kimi çoxqatlı, çoxrəngli və çoxmənalıdır.
Rasim Balayev onlarla əcnəbi filmin dublyajında müxtəlif xarakterli obrazları səsləndirib. Aktyor həmin ekran əsərlərində də səsin psixoloji çalarlarını xarakter səviyyəsində səsləndirməkdə çox səriştəlidir. Bunun üçün “Həmişə təmizlikdə” filmində Andrey Myakkovun heyrətamiz sənətkarlıqla ifa etdiyi Jenya obrazını Azərbaycanca səsləndirməsini xatırlamaq kifayətdir.