Allahşükürdən yeni şeirlər: Gül arabası

Allahşükürdən yeni şeirlər: Gül arabası
19 mart 2021
# 17:26

Kulis.az Allahşükür Ağanın yeni şeirlərini təqdim edir.

Oyuncağım üçün

Əllərim üzüləndə göydən,
Bir çiçək ləçəyindəki şehdən yapışıb,
Bir çiçək üzündən əsən mehə ayılıram.

Uşaq bağçasında əsən uşaq səsinə,
Ya da onun addımlarının yerlə oxunuşuna,
Əllərinin sevdiyi əşyalara toxunuşuna
Mən də böyüyürəm.

Gülməyin mənə,
Mən hələ böyüməmişəm.
Böyüməmişəm
Əsgərlərin əl-ələ tutuşub
Nəğmə oxumağına.
Böyüməmişəm, tankların
Sobalarda əridilib
Uşaq oyuncaqlarına çevrilməyinə.

Mən hələ də uşaq qalmışam,
Tankın tırtılında gedən
Oyuncağım üçün...

Çəpəri yıxırsan yaraşığınla

Gözü yuxudan bulaşıqlı,
Ayağı kol-kosdan sarmaşıqlı,
Haylı-küylü, qarmaqarışıqlı,
Ayağı səkilli, it,
Üz-gözü şəkilli it,
Sən ölsən,
Kəndimiz öləcək, ölmə.

Kəndimizi sən oyadırsan səsinlə,
Çəpəri yıxırsan
Yaraşığınla.
Sən lap gözəl olursan
Zəncirin dolaşığıyla,
Ulamağınla Ayı
Yuxarı qaldırırsan,
Sən ölsən,
Ay yerə düşəcək, ölmə.

Qarın üstündəki ayaq izlərin,
Özündən qabaqda olur həmişə.
Yad kimi qoxlayırsan
Ayaq izini,
Bir az qayıdırsan,
Sanki keçmişə.
Ayaq izlərini gün əritmədi,
Vaxt əritdi,
Zəncir səni öldürmədi,
Zəncir səni diriltdi,
Zəncirini yaxşı qoru,
Heç vaxt onu itirmə,
İtim!

Əsgər

Davanın şirin yerində
Qarşı təpədən
Bir əsgər qəfil
Papağını atdı göyə,
Biz hələ səngərdəydik,
Osa özünü vururdu göyə.
Qaça-qaça,
Uça-uça gəlirdi,
Ağlayırdı,
Gülürdü.
Çıxarıb pencəyini
Yağışın ağzına atdı.
Əynində nə vardı
Hamısını islatdı,
Gölməçəyə uzandı,
Palçıqda batdı.
Nə vardı əynindən
Çıxarıb palçığa atdı.
Bir dəri qaldı,
Bir sümük,
Bir də ağzında səs.
Qaçırdı bizə tərəf,
Biz nə bilək, nə deyir,
Gah yıxılır,
Gah yüyürür,
Gah yeriyir.
Ağzında bir səs qalıb
Bir dənə də söz,
Müharibə qurtardı - dedi.
Başladı oynamağa
Ay alagöz, alagöz...
Oğulsansa gəl buna döz.

Məni bağışla

Yadına gəlir,
Mənim gözlərimin rəngi
On il bundan öncə necəydi?
Yadına gəlirsə, məni bağışla.

Əllərin əlimi unutmayıbsa,
Məni ürəyinə
Əlin xatırladırsa -
Yenə məni bağışla.

Deyirlər əllər
Yazdığı məktubu unuda bilmir.
Nə qədər üzüklər taxılsa ona,
Üzüklər barmağı aldada bilmir,
Üzük ürəyini əzirsə, məni bağışla.

Mən qocalıb getdim,
Mənə əlvida,
Hələ də gözlərin baxçada
Məni gəzirsə, məni bağışla.

Mən qocalıb getdim,
Getdim ki, yenidən gəlim,
Xahiş eləyirəm,
Sən məni sevmə,
O dünyada da,
Mən səni tanıya bilim.

Quşlar və mən

Quşlar darıxdığından
Uçdular,
Mən də darıxdım,
Şeir yazdım...

Quşlar qanadlarıyla
Göyü təmizlədi,
Mən də sevdim,
Qəlbimin
Aynasını sildim.

Quşlar lələklərini saldılar,
Mən də kitab çap elədim,
Sən oxuyasan deyə.

Quşlar yuva qurdular,
Mən də yuvalarının altında
Dərin bir nəfəs aldım,
Sən dincələsən deyə.

Səhərisi quşlar görünmədi,
Və mən də öldüm,
Məni axtarasan deyə.

Gül arabası

Bizim bir partamız vardı,
Üstündə yazılar,
Qollar
İmzalar,
Adlar...

Görən neylədilər o partanı,
Ocaqda yandırdılar, yoxsa,
Divara vurdular,
Ya yola basdırdılar,
Ya da bir balaca uşağa
Araba düzəltdilər.

Onun üstündə mürəkkəblər
Barmaq, əl
Şəkilləri,
Ox işarələri,
Sevir, sevmir kəlmələri
Hara sığındılar
Vaxt sazağında.

Qonşumuz
Məhəmmədəlinin
Nəvəsi o günü
Bir araba qurumuş gülləri
Zibilliyə aparırdı,
Arabanın qulpunda
Adımız atılıb düşürdü
Deyəsən tanımışdı məni.

Ovçu, dovşan

Dovşan balalarını
Torpağın altına basdırıb gedir,
Əgər qayıtmasa... göz yaşı.

Kim açacaq balaların qapısını,
Kim deyəcək onlara ananız...
Göz yaşı...

Heç bilmirəm necə bölüm,
Dovşan ölsün, yoxsa ovçu?
Ovçuya da göz yaşı,
Dovşana da...

Qalmışam ovçu ilə
Dovşanın arasında,
Tanrım, ikisini də xilas elə
İkisinə də göz yaşı.

Dovşan, yovşan, qış,
Barıt, tüstü, quş,
Yuxum gəlmir gecələr
Göz yaşımdan asılmışam,
Kaş ki, bu dünyada
Nə ovçu olaydı,
Nə də ki, dovşan...

Buxarı

Bir çölün düzündə
Bir stol qoyub oturasan.
Hər yer saman sarısı ola
Gəlib gözünə dola.

Qarışqalar gəlib çıxa ayaqlarına,
Ordan da üzü yuxarı,
Sən də boylanasan
Lap yuxarı.
Köhnə evlərdəki kimi
Buxarı olasan.
İçindəki hirsini, hisini
Çıxardasan.

Təzə biçilmiş yoncanın ətri,
Köhnə arabanın cırıltısı,
Uzaqda hürən itlərin
Tək-tük akkortları,
Çoban atlarının kişnərtiləri
Səni qaldıra başına.

Buxarı kimi
Özün çıxasan
Özündən.

Neft quyusu - ovuclarım

Ovuclarımı çox sevdim,
İçində bir doyumluq su saxlayanda,
Yanaqlarımı
Ana nəvazişiylə,
Qucaqlayanda.

Oğlumun ayaqları,
Ovuclarıma sığanda.
Oğlum böyük həvəslə
Ovuclarımı açmaq istəyəndə.

Gəlib içsəydilər,
Ovcumda quşlara su saxlayardım,
Ölməyimi bilsəydim,
Ən çox ovuclarım üçün
Ağlayardım.

Dovşanlar ayaqlarını versəydilər,
Ovuclarımda qızdırardım...
Mən indi
Yaşlandıqca ovcumu
Neft quyusutək qazıram.

Şəkil

Mən səni yadımda belə saxladım,
Danışıb eləmə, şəkil kimi qal.
Əlini tərpətmə, gəl keç yanımdan,
Gördün darıxırsan, xəyallara dal.

Şəklin xəyalları çox dərin olur,
Nəyi düşünürsən, götür özünə.
Guya ki, bu səhər gəlin köçürsən,
Şəklini örtüktək dur çək üzünə.

Gözündə qəribə kədər varıydı,
Güldürmə, qoy elə, eləcə qalsın.
Xalqın gəlinləri böyüyüb getsin,
Qoy mənim sevdiyim balaca qalsın.

Bir axşam üzündə qəmi sındırıb,
Anan söyləməsin Allaha şükür.
Bax onda gözündə şəklini cırıb,
Verər küləklərə bu Allahşükür...

Əsgər çəkmələri

Yumşaq torpağın üstündə,
Əsgər çəkmələrinin izi.
Buna bax,
İzlər suyla dolub,
Kənarında boş bir avtomat gilizi
Qalıb.

Gilizi su söndürmüş, bəlkə.
Düşünmək gərək.
İzlər tələskəndir,
Sanki qaçırlar
Düşmən üzərinə hücum çəkərək.

İzlərə baxanda, yadıma
Körpələr düşür -
Körpə kimi yuxulu izlər.

Əsgər çəkmələri boydadır
Elə körpələr.
İnsafınız olsun...

Gedib, gedib əsgər izləri
Bir də geri qayıtmayıb.
Yuxulayıb yol gedəndə
Elə bil ki, milyon ildi
Yatmayıb.

# 2982 dəfə oxunub

Müəllifin son yazıları

# # #