Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri

Hikmət Orhun

Hikmət Orhun

25 dekabr 2025
# 14:30

Kulis.az Hikmət Orhunun yeni şeirlərini təqdim edir.

Gülbəniz

Gülbənizin sevgilisi
tez-tez gələrdi məhəlləmizə...

Bizdən böyüklərin təsirilə
hər dəfə
o gəlib-gedəndə yolunu kəsib
üstünə şeşələnsək də,
ürəyimizin başı tökülürdü
atasının işlətdiyi
stadionda futbol oynamaq üçün.

Günlərin bir günü
bizdən böyük uşaqları
əsgərliyə apardılar
və biz Gülbənizi sevgilisi ilə
tək qoyub
futbol oynamağa getdik —
gələcək qayınatasının stadionunda…

Qırçınlı şeir

qırçınlı pərdələr
və həzin,
sakit ev istədik —
qibləsi dağlar.

həyəti
itli-pişikli,
otaqları
kitabxanalı,
pianinolu — ev istədik,
qismət olmadı...

olsun.

demək, biz də
istəyə-istəyə qocalacağıq
maaşı minimum dövlət müəssisələrində…

Tapa bilmədiyim küçə…

Xatırlayıb
tapa bilmədiyim küçə,
necə gedilir sənə?

Alabəzək işıqları
göz qamaşdıran restoran,
gecə gedilir sənə?

Səndə bir qadın bəyənmişdim,
pulum çatmamışdı —
üzərində adı yazılmayan hotel,
gecə gedilir sənə?

Xatırlayıb
tapa bilmədiyim küçə,
necə gedilir sənə?

Çe Gevaralıq gözündən düşür

Birdən düşür gözündən
şəhərin al-əlvan küçələri də...

Kəndin itli-pişikli gecələri də
həyəcanlandırmır artıq əvvəlki qədər...

Qızların gözünün işığına çevrilmək üçün
Çe Gevaralıq — gözündən düşür.

Gözünü açırsan ki, geridə qalıb
mühacir getmək üçün
Məhsul Stadionunda "Azadlıq" deyə bağırdığın günlər
və bu gün-sabah otuz beş yaşın olur,
amma hələ də Biləcəridən o yana gedə bilməmisən —
bir arpa boyu…

Epizodlar

I

Moruqlar ən dəymişini gizlədir
yarpağının altında.

Eləcə kainat da
boya-başa çatdırıb
insanı yox eləyir torpağının altında.

II

Uşaqlar öyrənir iməkləməklə
həyatı addım-addım...

Nə qədər iməklədim,
mən öyrənə bilmədim həyatı —
fərli-başlı.

Görünür,
ilk addımı yanlış atdım.

III

Dövlət xəstəxanasında
minimum əmək haqqı alan xadiməçi
hər gələn xəstə ilə qohum çıxmağa çalışır —
hansısa yaxınlıq verib
beş-on manat hörmət edər deyə...

Gözüm bıçağa düşüb

Qələmimi tapmadım —
hansı künc-bucağa düşüb?
Çöldə intihar havası var,
gözüm bıçağa düşüb.

Tutdan asdırılmaq nədir?
qəbri qazdırılmaq nədir?
Mən ölüm,
basdırılmaq nədir?
yanım — ocağa düşüb.

Qovulmuşuq qaçdıqca,
yenilmişik acdıqca.
Alçaqlar ayaq açdıqca
hündürlər alçağa düşüb.

Cənnət meyvəsi

Heç kimin saçını
belə görmədim:
dağınıq yığılmış bir saç topası...
"Bu qədərmi gözəl olarmış"
dedim özüm-özümə.

Bəlkə də, Adəmin gözüylə
baxdığım üçün
Həvvanı xatırladan
sütun kimi bədənini oğurlayıb
sıxmaq istədim özümə...

Qadağan olunmuş meyvə kimiydin,
tüküm ürpəndi...

Odissey

Troya müharibəsindən evə
ancaq on ilə qayıda bilən
Odissey kimi —
hər yatıb dincimi almaq istəyəndə
döyüşdən-döyüşə qaçıb
özümü əldən salmışam.

Qalmışam
"həyat və ölüm" adlanan
iki o arasında...

Getsəm, gedə bilmirəm,
qalsam, qala…

Qayıtmaq istəyirəm...

İşə bax ki,
ən güclü spermatazoid olaraq
doğulmağı bacarmışam,
amma yaşamağı alındıra bilmirəm.

Soyduqca soyulan
astarlı konfet kağızı kimi
yaşadıqca maskası cırılır həyatın.

İmkan olsa,
ya anamın bətninə qayıtmağı planlaşdırıram,
ya atamın xayalığına —
bir daha əkilməmək
və doğulmamaq üzrə...

# 180 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər