Santa Claus - Şəhriyar İbrahimov

Şəhriyar İbrahimov

Şəhriyar İbrahimov

14 dekabr 2021
# 14:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Şəhriyar İbrahimovun “Santa Claus” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

O gün Viktorun xoşbəxt olduğu çox az günlərdən biri idi. 45 yaşındakı bu adam illər əvvəlki şöhrətinin həsrəti ilə yaşayır, bir neçə il ildən bəridir ki, zamanının çoxunu içərək ya da zibilli evində yazı masasının arxasında yazaraq keçirirdi. İlk kitabı "Santa Claus Oliver" ilə görülməmiş bir şöhrət qazanmışdı. Uzun müddət kitabı ölkədə ən çox satılan kitab olmuşdu, hətta kitabın motivləri əsasında film də çəkilmiş, böyükdən kiçiyə hamı tərəfindən geniş kütləyə təqdim olunmuşdu. Bu kitab Viktor Lemeledoya böyük şöhrət gətirmişdi... Lakin kitab məşhurlaşdıqca ölkədə kitabın təsiri ilə qadın və uşaq cinayətləri artmış, kitabın qəhrəmanı Oliver kimi Santa Claus paltarında və onun üsulları ilə silsilə qətllər törədən manyaklar peyda olmuşdu. Bir çox cinayətin üstü hələ də açılmamışdı... Bu səbəbdən dövlətin təhlükəsizlik orqanları kitabın təkrar çapına maneə olmuş, filminə qadağa qoyulmuş, hətta Viktordan yeni bir kitab yazıb, Santa Claus Oliveri öldürməyini istəmişdilər...

O gün Viktorun xoşbəxt olma səbəbi bu idi. İkinci kitabı olan "Santa Claus Oliverin ölümü" romanını yazıb bitirib, təkrar o kəhkəşanlı günlərinə dönəcəyinin xəyalını qurmuşdu. Təkrar gözəl qadınlarla əylənəcək, ən bahalı içkilərdən içib bahalı geyimlərlə izdihamlı məclislərdə çıxışlar edəcəkdi... Xəyalı belə onu məst etməyə kifayət edirdi...

Köhnə və uzun plaşını əyninə geyinib evdən çıxdı, piyada Manş dənizinin sahilinə doğru getməyə başladı. Özünü güclü hiss edirdi, sanki varlığını özünə bir daha sübut etmişdi. Sahilə yaxınlaşıb skamyalardan hansının boş olduğuna baxdı. Gözü skamyaların birində ağlayan bir uşaq gördü. Adətən Viktorun uşaqlardan zəhləsi gedirdi. Amma bu gün fərqli idi, bu gün zəfərini elan etmişdi, xoşbəxtlikdən başında göyərçinlər uçurdu, bu gün bir istisna edə bilərdi. Uşağın oturduğu skamyaya yaxınlaşdı...

- Salam gənc oğlan, dənizin dalğaları necə gözəl rəqs edir elə deyilmi? Söhbət etmək üçün kifayət qədər gözəl bir havadır...

- Salam... açığı, tanımadığın adamlarla söhbət etmək mənə o qədər cəlbedici gəlmir...

- O zaman tanış olaq, mən Viktor Lemeledo...

- Mən də Eduard. Dostlarım Edu deyə çağırır.

- Tanış olduğumuza görə söhbət edə bilərik – Viktor sözünə başladı: Bilirsənmi, ağlamaq və gülmək ritualı dünya üzərində bərabər tənzimlənir. Sən ağladığında dünyanın harasındasa bir insan ağlamağı dayandırır, gülmək də eyni ilə..

- O zaman ağlamaq daha xeyirxah əməldir... amma dediklərinizə o qədər də inanmadım, Musyo Viktor.

- İnan mənə bu belədir. Niyə ağladığını söyləsən, bəlkə bunun üzərində daha maraqlı söhbətlər edə bilərik...

- Bu gün məktəbdə futbol maçım vardı, amma atamın lənətə gəlmiş işləri üzündən burda oturub yaşlı bir adamla söhbət edirəm...

- Deməli, buralı deyilsən...

- Doğru... Burda yaşamıram. Strasburqdan gəldik. Atamın işi ilə əlaqədar bu gün burada qalıb sabah qayıdacağıq...

- Ahh. Strasburq. Noelin paytaxtı, yağmurun insan üzünə günah kimi səpələndiyi soyuq şəhər, dənizlərə həsrət məmləkət... Açığı Strasbuqru heç sevmirəm cavan oğlan, dənizsiz, soyuq, qarmaqarışıq...

- Mən də bu şəhəri sevmədim, meydanlar boş, şəhər zibillə dolu, göyüzü qapqara, dəniz adama üzünü turşudub sanki...

Xoşbəxtlikdən sərxoş olmuş Viktor qığılcımlı gözləri ilə ətrafa nəzər saldı...

- Bir o möhtəşəm dalğaların rəqs edişinə baxxx, valehedici, meydanlar necə səliqəli, hələ qağayılara bax... necə şəndirlər... Həyat, ağlamaq üçün o qədər də uzun deyil...

Eduardın üzündə təəccüb və kinayə qarışığı bir ifadə formalaşdı...

- Müsyo Viktor. Deyəsən, bu gün dünya sizin ətrafınızda fırlanır, çox nikbin və ruh yüksəkliyi içindəsiniz... Üstəlik, "Santa Claus Oliver"-in yaradıcısı olduğunuz üçün dedikləriniz o qədər də səmimi gəlmədi mənə... Hər insan yaratdığı qəhrəmanının bir parçasıdır - deyə düşünürəm...

Viktorun gözlərində təəccüb və sevinc qarışığı bir ifadə formalaşdı...

- Ahhh. Deməli məni tanıdın, oxumusan kitabımı...

- Bayaq adınızı dediyinizdə tanıdım, kitabın arxasında rəsminizi də görmüşdüm, filmi də izləmişəm...

- Aha... Xoşbəxt olmağım üçün daha bir səbəb...

Hər yaşda oxucum olduğu üçün deməli yazmağa dəyər. Bu gün uzun sürən əməklərim nəticəsində ikinci kitabımı tamamladım... Axır ki "Santa Claus Oliver"-i "öldürdüm".

İlk kitabımı oxuduğun və filmi izlədiyin üçün təəssüratlarını bildirsən sevinərəm gənc oğlan...

- Kaş ki bu mövzuya gəlməsəydik... Madəm ki mövzumuz sizin kitabınız oldu, onda deməliyəm... Psixi xəstə bir obraz ilə xəstə ruhlu oxucuları ətrafınıza topladınız. Əsəriniz... üzr istəyirəm, əsər deməyə dilim gəlmir, bərbaddan daha pis idi. Ədəbiyyata dəxli olmayan bir kitab yazmısız: Qan, ölüm, qorxu, dəhşət... bütün pislikləri bir kitaba sığdırıb, pul qazanmısız. Zatən insanlar ölümü, qanı filmlərdə və kitablarda sevər. Dediyim kimi, məncə, hər insan xəyal etdiyi və içində özünü tapdığı qəhrəmanını yaradır. Siz isə Müsyo Viktor, özünüzə başqa bir peşə seçməlisiz, məncə, bu hamı üçün daha faydalı olar...

Eduard, sözlərindən sonra Viktorun bərk hisləndiyini, göz bəbəklərinin qırmızı qanla dolduğunu, yumruğunu sıxdığını görüb skamyadan qalxıb sürətli addımlarla oradan ayrıldı...

Viktor pərişan halda ətrafına baxdı, bayaqkı nikbinliyindən əsər qalmamışdı bir anda Eduardın gördüklərini gördü: boş meydan, zibilli şəhər, dalğalarını hirslə sahilə çırpan Manş dənizi, qapqara göyüzü...

Eduardın dedikləri Viktorun beynində əks səda verirdi, fikirlərinin sahilində öfkə at oynadırdı... Ayağa qalxıb dənizə baxdı, bir daha lənət oxumağa başladı bütün insanlığa, həyatında ilk dəfə idi bir uşağa xoş davranmışdı, bunun üçün özünü bağışlamırdı. Mərhəmət... lənət olsun sənə... Evinə doğru üz tutdu... Yolboyu öfkəsi sakitləşməmiş, əksinə, beyninin dəhlizlərində Edunun dediyi sözlər göy gurultusu tək haray salırdı. Cibindən açarı çıxarıb qapını açdı, siqaret qoxuyan yazı otağına keçdi. Stolun üstündə dolmuş külqabı,Tekila şüşəsi və yeni yazdığı "Santa Claus Oliverin ölünü "romanını əhatə edən yüzlərlə kağız...” İçindəki hirs hər keçən saniyə artırdı, səhərki Viktordan əsər qalmamışdı. Yazdığı kağızları bir-bir cırıb evin hər tərəfinə səpələdi, ürəyi soyumamışdı... Mətbəxdən dəmir qazan gətirdi, bütün kağızları yerdən toplayıb qazanın içinə yığdı, yazı masasının üstündən kibriti götürüb kağızları yandırdı... "Santa Claus Oliverin ölümü" bu dəfə də baş tutmamışdı... Bütün gecəboyu pərişan halda içdi, içindəki nifrət vulkanı sönməmişdi, beyninin hüceyrələrində Edunun dediyi sözlər əks səda verir, Viktoru sanki əsəbdən epilepsiya keçirirdi... Beynindən fışqıran qəzəb, nifrət sanki vulkan kimi püskürüb ürəyinə dolurdu.

Gecəboyu sərxoş olana qədər içdi o otağın bir küncündə yuxuya getdi... Ertəsi səhər Viktor tər içində oyandı. Sabah olmuşdu. Bir siqaret yandırıb özünə gəldi. Beynində Eduardın sözləri təkrar-təkrar əks olunur, ürəyində şeytan renessans dövrünü yaşayırdı...

Tələsik durub divanın altından köhnə, toz basmış sandığı çıxardı. Sandığı açıb içindən Santa Claus paltarı, qadın makiyaj alətlərini götürüb kiçik kürək çantasına yığdı... Qan kimi qırmızı gözlərində damarlar nifrət püskürürdü, içindəki qəzəb tanrısı oyanmışdı...

Viktor sənədlərini götürüb plaşını geyindi, iri addımlarla dəmiryol vağzalına üz tutdu. Bilet satılan şöbəyə yaxınlaşdı və gecənin qorxunc səssizliyinə bənzəyən vahiməli səsiylə kassada əyləşən xanıma pıçıldadı: Strasburqa bir bilet lütfən...

# 2069 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #