"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey
4 noyabr 2026
# 11:10

Kulis.az ərəb müəllif Xalid əs-Sübeyin "Bir ağcaqanadı öldürmək üçün ev yandırmaq" yazısını ADPU-nun Quba filialının müəllimi, şərqşünas Seyid Abdulla Cabbarovun tərcüməsində təqdim edir.

Xülasə: Ərəb müəllif Xalid əs-Sübey bu yazısında insan münasibətlərində nəsihət və tənqid mədəniyyətini, nəzakətli ünsiyyətin əhəmiyyətini araşdırır. Müəllif müxtəlif nümunələr gətirərək hətta ən böyük yanlışların belə hikmət, səbir və mülayimliklə düzəldilməsinin mümkünliyini vurğulayır.

Tənqid etmək xüsusi bir istedad deyil, əksinə, insanın görə biləcəyi ən asan işlərdən biridir. Elə ki, bizdən biri kiminsə hansısa səhvini görür, fərqinə varmadan özünü elə hiss edir ki, sanki “hakim kürsüsü” boş qalıb və ədalətin bərpası üçün mütləq həmin kürsüdə onun özü əyləşməlidir. Bu zaman onun səsinin tonu dəyişir, özünəinamı artır və insanların qəlbindən keçənləri gizlinləri də bilirmiş kimi hökm sərgiləməyə başlayır. Halbuki, onun gördüyü yalnız həmin hadisənin zahiri tərəfi ilə məhdudlaşır. Bəlkə də zəmanəmizdə öyüd-nəsihət anlayışının başına gələn ən təhlükəli hadisə budur ki, nəsihətin dəyəri artıq nə qədər problemi həll etməsi ilə deyil, neçə nəfəri incitməsi ilə ölçülməyə başlayıb. Çünki bir çoxları səhvi, nöqsanı müalicə etməyə deyil, onu üzə çıxarmağın ləzzətini yaşamağa can atırlar. Bir çoxları səhv edənin doğru yola gəlməsinə sevinməkdənsə, özlərinə və başqalarına sübut etməyə çalışırlar ki, ən zəkalı, ən diqqətli və səhvi ilkcə görən məhz onlar olublar. Beləcə, mərhəmət adı ilə deyilən sözlər bəzən şəfqətə deyil, insanın öz “fəzilətini” nümayiş etdirmək vasitəsinə çevrilir.

Əgər insanlarla ünsiyyətin ədəblərini öyrənmək istəsək, bunun üçün «Qurani-Kərim»dən daha böyük bir məktəb tapa bilmərik. Allah Musa və Harunu (əleyhiməssəlam) Firona göndərmək istəyərkən, onları adi bir sözlə səhv etmiş bir adamın, qonşusuna haqsızlıq etmiş bir qonşunun və ya işində səhlənkarlıq etmiş bir işçinin yanına göndərmirdi. Onları: «Sizin ən uca rəbbiniz mənəm!» (ən-Naziat,24) – deyən, qan tökən, insanları kölə halına salan və yer üzünü zülmlə dolduran bir adamın yanına göndərirdi. Bütün bunlara baxmayaraq, Musa və Haruna verilən ilk ilahi göstəriş belə olmuşdur: « Onunla yumşaq danışın. Ola bilsin ki, öyüd alar, yaxud qorxar» (Taha, 44)

Bu ayənin mənasını düşünməkdən əvvəl bir anlıq həmin səhnəni təsəvvür edək. Allah-Təala Fironu Musadan daha yaxşı tanıdığı halda özünün iki peyğəmbərinə Fironu sözlərlə əzməyi əmr etmirdi. Fironun sərtliyini Musa və Harunun kəskin ifadələr işlətmələri üçün bəhanə etməyə icazə vermədi. Çünki məqsəd Fironu sözlə məğlub etmək deyil, haqqı və həqiqəti ona aydın şəkildə çatdırmaq idi. Aydındır ki, həqiqət səsin yüksəlməsi ilə daha da ucalmır, eyni zamanda həqiqət yumşaq sözlərlə ifadə edildikdə də öz qüvvəsini və əzəmətini itirmir.

Məhz burada üzərində uzun-uzadı düşünməyə dəyən bir ziddiyyət də ortaya çıxır. Əgər Firon daşıdığı bütün təkəbbürü və zülmü ilə belə yumşaq sözə layiq görülmüşdüsə, bəs bizə bu cür cəsarət haradan gəlib ki, qardaşımızla, həyat yoldaşımızla, övladımızla və ya iş yoldaşımızla danışarkən sanki qarşımızda yeni bir Firon durubmuş kimi davranırıq?

Görəsən necə oldu ki, əxlaqımız Fironun etdiklərindən çox adi səhvlər edən insanlara qarşı daraldı!? Halbuki Allahın kəlamında Fironun özünə belə yumşaqlıq, göstərilir.

Görünür ki, bəzi insanların istəyi səhvi düzəltməkdən daha çox, o səhvin məhz onun aşkarladığını başqalarına nümayiş etmək istəyidir. Bax, buna görə də ən sərt ifadələri seçirlər. Ona görə yox ki, bu ifadələr daha faydalıdır, ona görə ki, bu ifadələr daha çox incidicidir. Onlar öz sərtliklərini səmimiyyətlərinin göstəricisi hesab edirlər. Halbuki həkim müalicə apardığı xəstənin üstünə qışqırmır, gəmi dalğaların arasında çırpılarkən kapitan gəmini məzəmmət etmir, mühəndis isə divarda bir çat gördükdə, həmin yeri düzəltmək üçün bütün evi uçurmur.

Elə buna görə də insanda yumşaqlıq və həlimlik təkcə əxlaqi keyfiyyət deyil, həm də zəka əlamətidir.

İnsanlar həqiqətləri həmişə rədd etmirlər, çox vaxt həqiqətin onlara çatdırılma tərzini rədd edirlər. Bəzən insana mərhəmətlə deyilən acı bir söz qəbul oluna bilir, bəzən də ən aydın həqiqətlər təhqiramiz üslübda təqdim edildiyindən insan ona inadkarlıq edir. Nə qədər öyüd- nəsihətlər olmuşdur ki, qarşıdakı insanın könlünə çatmamış yolda məhv olub getmişdir! Çünki o nəsihəti verən insan öz üstünlüyünü sübut etməyə aludə olmuşdur, o öz sözlərinin keçib çata biləcəyi “bir körpü” qurmağı bacara bilməmişdir.

Buna görə də Məhəmməd peyğəmbər belə buyurmuşdur: “Həqiqətən, yumşaqlıq hansı işdə olarsa, onu gözəlləşdirər; hansı işdən götürülərsə, onu eybəcərləşdirər.”

Bu, yalnız ailəyə və ya tərbiyəyə aid bir qayda deyil. Əksinə, insanlar arasındakı bütün münasibətlərə şamil oluna bilər. Yumşaqlıq bir işdə olduqda onu gözəlləşdirər, sərtlik isə bir işə hakim olduqda onun bərəkətini azaldar. Hətta insan haqlı olsa belə!

Bəlkə də nəsihət anlayışımızı yenidən nəzərdən keçirməyə ehtiyacımız var.

Öyüd- nəsihət qarşılıqlı söhbətdə qalib gəlmək deyil, öyüd-nəsihət qardaşının öz səhvinə qalib gəlməsidir. Nəsihətin məqsədi insanın sənin qarşında sınması deyil. Əksinə, o, sənin yanında özünü daha rahat hiss etməli, sənə daha çox güvənməli və öz səhvlərini düzəltmək üçün daha böyük həvəslə ayrılmalıdır.

Əgər insan səndən nifrət edərək ayrılırsa, sənə inad göstərmək naminə həqiqəti qəbul etməkdən boyun qaçırırsa, bil ki, qalib gələn həqiqət deyil, sənin nəfsindir.

Dağıtmaq üçün bir çəkic kifayətdir. Amma qurmaq üçün “daşı” haraya qoyacağını, yumşaqlığı harada göstərəcəyini bilən bir “əl” lazımdır.

Hər dəfə səhv edən bir insana qarşı sərtləşmək istədikdə, xatırla: Musa səndən daha xeyirli olduğu halda, Fironla yumşaq danışmaqla əmr olunmuşdu; qarşındakı insan isə Firondan daha pis deyil.

Əgər bu, yer üzünün ən azğın insanına qarşı ilahi ədəbidirsə, onda bizə də yaraşan budur ki, insanlarla münasibətdə ədəbimiz qəzəbimizdən daha geniş, özümüzü haqlı çıxarmaq istəyimizdən daha uca olsun.

# 134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər