Kiçik şeylər - Reymond Karver

Kiçik şeylər - Reymond Karver
18 noyabr 2023
# 17:00

Kulis.az ABŞ yazıçısı Reymond Karverin "Kiçik şeylər" hekayəsini təqdim edir.

​​​​​Həmin gün səhər hava dəyişmişdi və qar əriyib kirli suya çevrilmişdi. Qar suyu arxa həyətə baxan çiyin yüksəkliyindəki kiçik pəncərənin kənarı ilə axırdı. Qaranlıq düşməyə başlamışdı və küçədən palçıqlı yolla şütüyən maşınların səsi gəlirdi. Amma təkcə çöldə yox, içəridə də qaranlıq çökməkdəydi.

Qadın kandara yaxınlaşanda, o yataq otağında paltarlarını çamadana doldururdu.

– Yaxşı ki, gedirsən! Yaxşı ki, gedirsən! – dedi qadın, – Eşidirsən?

O, əşyalarını çamadana qoymağa davam edirdi.

– İt oğlu it! Getdiyinə o qədər sevinirəm ki! – qadın ağlamağa başladı, – Heç üzümə də baxa bilmirsən, elə?

Sonra qadın masadakı körpə fotosunu gördü, götürdü.

O, qadına baxdı, qadın da qonaq otağına getməmişdən əvvəl gözlərini silib ona baxdı.

– Qaytar, onu, – dedi.

– Ancaq öz əşyalarını götür və cəhənnəm ol, – dedi qadın.

O, cavab vermədi. Çamadanının ağzını bağladı, paltosunu geyindi, işığı söndürməmişdən qabaq yataq otağına göz gəzdirdi. Sonra qonaq otağına keçdi.

Qadın kiçik mətbəxin qapısında dayanmışdı, körpə qucağındaydı.

– Balacanı istəyirəm, – dedi.

– Dəlisən?

– Yox, amma uşağı istəyirəm. Onun əşyalarını götürmək üçün adam göndərərəm.

– Bu uşağa əlini belə vurmursan, – dedi qadın.

Körpə ağlamağa başladı, qadın onu bürüdüyü adyalı bir az açdı.

– Ay, ay, – dedi qadın, – sən bir bu balacaya bax.

O, qadına tərəf addım atdı.

– Allah xatirinə! – qadın bunu deyib mətbəxə tərəf gerilədi.

– Mən uşağı istəyirəm.

– Get burdan!

Qadın üzünü çevirib körpəni sobanın arxasındakı küncdə tutmağa çalışdı. Amma o irəli gəldi, sobaya yaxınlaşdı və əllərini körpəyə uzadıb tutdu.

– Burax, – dedi.

– Çıx get, çıx get! – qışqırdı qadın.

Körpənin üzü qıpqırmızı olmuşdu, o, qışqırırdı. Çaxnaşmada sobanın arxasında asılmış dibçəyi yerə saldılar.

O, qadını divara sıxıb müqavimətini qırmağa çalışdı. O, uşağı buraxmırdı və bütün ağırlığını qadının üstünə salmışdı.

– Burax, – dedi.

– Eləmə, – dedi qadın, – Uşağı incidirsən.

– Mən uşağı incitmirəm, – dedi.

Mətbəx pəncərəsindən işıq düşmürdü. O, demək olar ki, zil-qaranlıqda bir tərəfdən qadının yumruqları ilə əlləşir, digər tərəfdən də körpənin qolunun altından tutub buraxmırdı.

Qadın barmaqlarının güclə açıldığını hiss etdi. Uşağı əlindən buraxdı.

– Yox! – qışqırdı qadın əlləri boşalan kimi. Uşağı verə bilməzdi. Körpənin o biri qolundan tutdu, biləyindən yapışıb özünü geri çəkdi.

Amma rəqibinin də təslim olmaq fikri yox idi, körpənin əlindən çıxdığını hiss edəndə var-gücü ilə özünə çəkdi.

Beləliklə, məsələ həll olundu.

İngiliscədən tərcümə: İlahə Əkbər

# 1422 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #