Baba gölü nağılı - Coşqun Xəliloğlunun hekayəsi

Coşqun Xəliloğlu, yazıçı

Coşqun Xəliloğlu, yazıçı

16 iyul 2026
# 15:41

Kulis.az Coşqun Xəliloğlunun "Baba gölü nağılı" adlı qısa hekayəsini təqdim edir.

Babam söhbətcil adamdır. O, gördüyündən, bildiyindən elə həvəslə danışır ki, adam qulaq asmaqdan doymur. Bir dəfə o, bizə Baba gölü haqqında danışdı:

– Hər il yay tətilində və bəzən də bazar günləri Baba gölünə balıq tutmağa gedərdik. Sübh tezdən başlayaraq, yolboyu düzülən dəstə-dəstə oğlanlar şirin-şirin söhbət edə-edə, kəndimizdən xeyli aralıda yerləşən gölə tərəf addımlayardıq. Gah nağıl danışar, gah tapmaca söyləyər, gah da müxtəlif mövzularda sual-cavab edərdik. Elə ki, gölə çatdıq, qarmaqlarımıza qurd qoyub suya sallayar, sakit-sakit, səbrlə balığın tilovumuzun üzgəcini tərpətməsini gözləyərdik. Hər dəfə balığı sudan çıxaranda sanki dünyanı bizə verərdilər. Günortaya yaxın tutduğumuz bir-birindən yaraşıqlı balıqları torbalara yığıb sevinə-sevinə evimizə qayıdardıq. Balıqlardan analarımız ləzzətli xörəklər hazırlayardılar. Balıqdan qonum-qonşuya da pay verərdik. Hətta duzlayıb, qurudub qışa da saxlayardıq. Göl sanki tükənməz xəzinə idi. İlboyu balıq tutulsa da azalmırdı.

Göl kiçik olsa da çox qəşəng və mənzərəli idi. Qırağında yam-yaşıl yarpaqları olan söyüdlər bitmiş gölün dayaz hissəsi qamışlıq idi, ortasında su çiçəkləri bitmişdi. Quşların nəğməsi, çöl ördəklərinin, qaşqaldaqların üzməsi də başqa aləm idi. Göl bizim üçün təkcə balıq tutmaq üçün adi su hövzəsi deyil, həm də istirahət məkanı idi. Hər dəfə Baba gölündən qayıdanda gümrah və diribaş olurduq.

– Baba, gölü orada kim yaratmışdı? – soruşdum.

– Ağlım kəsəndən həmin gölü görmüşəm. Hətta yeniyetmə olarkən kəndimizin yaşlı adamlarından gölün tarixini soruşanda, onlar da mənim kimi cavab vermiş, uşaq yaşlarından gölü gördüklərini bildirmişdilər. Bir də böyüklərimiz danışardı ki, vaxtilə — o ağır, məşəqqətli müharibə illərində kəndimizin əhalisi Baba gölünün ətrafında duz yatağı aşkar etmişdilər. Camaat nə qədər duz daşısa da azalmırmış. Sanki müharibənin gətirdiyi dəhşətli fəlakət zamanı, Allah bu duzu, çöllərin göyərtisini-tərəsini və Kürün balığını insanlara ruzi vermişdi, – babam dərindən köks ötürdü.

– Baba, kəndə gedəndə məni də Baba gölünə apararsan? Mən də oradan balıq tutmaq istəyirəm.

Bu sözlərimi eşidən babamın çöhrəsinə kədər qondu:

– Mənim balam, Baba gölü var ki, səni ora aparım?

– Bəs necə oldu ki, yox oldu?

– Bala, qurutdular onu. Guya yerində yonca, pambıq əkəcəkdilər. Məhv elədilər. İndi ancaq mənim və yaşıdlarımın xəyalında qalıb. Bir də nədənsə son vaxtlar tez-tez yuxuma girir. Yuxuda tay-tuşlarımla, uşaqlıq dostlarımla ya Baba gölü tərəfə gedir, ya da sakit-sakit balığın tilovumuzu dartacağını göz-lə-yi-rik. – Babam son sözlərini dedikdə səsinin titrədiyini hiss etdim. Deyəsən, gözləri də nəmlənmişdi.

Gölün yox olduğunu eşitmək ürəyimi sızlatdı. Bir anlıq duruxdum. Bir az gözlədikdən sonra mən:

– Baba, bəs o gölü yenidən bərpa etmək, canlandırmaq olmazmı? – deyə maraqla soruşdum.

– Ay gözümün işığı, bunun üçün insanda təbiətə sevgi, torpağa məhəbbət olmalıdır. Həm də ona dərin bilik lazımdır. Sən yaxşı oxusan, gələcəkdə kamil mütəxəssis olub, dostlarınla birlikdə o gölü bərpa edə bilərsən, – deyib babam sevinc və ümidlə əlimi sıxdı.

O an babamın nəmli gözlərinə baxıb ürəyimdə özümə söz verdim ki, böyüyəndə mütləq babam dediyi kimi, “kamil mütəxəssis” olacağam. Dostlarımın köməyi ilə Baba gölünü yenidən həyata qaytaracağam.

03.07.2026

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər