"Məni həbs etmək istəyirdilər…" – Yazıçılar necə yazdıqlarından danışdılar

"Məni həbs etmək istəyirdilər…" – <span style="color:red;">Yazıçılar necə yazdıqlarından danışdılar
30 may 2017
# 09:00

Azərbaycan ədəbiyyatının məşhur əsərləri necə yazılıb? Kulis.Az yazıçılarımızdan onların populyar əsərlərinin tarixçəsini soruşub. Cavabları təqdim edirik.

Vidadi Babanlı

Image result for vidadi babanlı

- “Vicdan susanda”nı təxminən 10 ilə yazmışam. Bu əsərə görə məni çox incitdilər. 4 il işsiz qaldım. Həbs etmək istəyirdilər. Sıxışdırırdılar, tənqid edirdilər. Deyirdilər ki, bu sovet quruluşuna böhtandır, kommunistlər ən vicdanlı adamlardır, yazıçı bütün bunları özündən uydurub. İttiham elədilər məni. KQB-yə çağırdılar. Sonra iş elə gətirdi ki, məsələ ləngidi. Hakimiyyət dəyişdi respublikada. Heydər Əliyev gəldi. Mən danışdığım hadisə 1967-ci ildə baş vermişdi. “Vicdan susanda” “Azərbaycan” jurnalında çap olunmuşdu. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldi. Mən ona vəziyyəti izah etdim. Heydər Əliyev məsələni yoxlatdırdı. Yazıçılar Birliyinin sədri Mirzə İbrahimov partiyada iclas keçirdi. İclasda Mirzə İbrahimov təklif elətdirdi ki, məni partiyadan çıxarsınlar. Onda Əli Vəliyev etiraz elədi, dedi, bu, böyük bir cinayətdir, gəlin bunu yumşaldaq. Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli o təklifin əleyhinə oldular, töhmət verilməklə kifayətlənmək lazım olduğunu dedilər. Qəribə taleyi oldu o əsərin. Məmmədcəfər Cəfərov vardı, akademik, ədəbiyyatşünas. Bir dəfə rastlaşdıq. Eyni binada qalırdıq. Dedi, əsərini oxumuşam, məndən rəy soruşurlar. Dedi, yuxarıdan göndəriblər... Day bilmədim yuxarı deyəndə nəyi nəzərdə tutur. KQB-nimi, yoxsa ayrı yerimi? Hə, dedi, əsər xoşuma gəldi. Xırda bir-iki qeydim var. Və təklif etdi ki, əsər rusca çıxsın. Dedi, ruslar obyektivdirlər, düzgün qiymət verəcəklər. Mən də dedim ki, Məmmədcəfər müəllim, axı bilirsiniz burda mənə münasibət necədir. Onda çiynimə vurdu, dedi, yaxşı, görüm mən necə eləyirəm. 1 həftə ya 10 gün keçmiş ədəbiyyat fondundan zəng elədilər mənə ki, gətir, əsəri tərcümə eləyək. Moskvada “Sovetskiy pisatel” nəşriyyatına. Sətri tərcümə olunub göndərilmişdi. Əsəri bəyənmişdilər, rus yazıçılarından rəylər də göndərmişdilər. Soruşdular ki, sizin tərcüməçisiniz var? Mən də heç kimi tanımadığımı dedim və xahiş elədim ki, yaxşı bir tərcüməçiyə verin. Bir ildən sonra, 1972-ci ildə əsər rus dilində çap olundu. Sonra 1979-da “Vicdan susanda” iki kitabda 100 min tirajla çıxdı Moskvada. O vaxt üçün böyük tiraj idi. Kitablar 30 min çıxırdı adətən. 80-ci ildə yenə 100 min çıxdı. Moskvada kitabımın çıxmağı mənə münasibəti dəyişdi. “Liternaturnaya qazeta”, “Komsomolskaya pravda” qəzetlərində müsbət rəy yazdılar. Belə olanda burda da münasibət dəyişdi. “Vicdan susanda” mənə böyük şöhrət gətirdi.

Səfər Alışarlı

Image result for səfər alışarlı

- Bütövlükdə götürəndə o əsərləri mən çox çətin vaxtlarımda yazmışam. Xatırlamaq həmişə əlavə kədər gətirir. Yazı prosesi müəllifdən birinci növbədə daxili tarazlığın və müvazinətin bərpasını, ruhi toxtaqlığı tələb edir. Əsəbi halda və ya güclü sevinc eyforiyasında nəsə layiqli bir şeyin yazıla bilməsinə mən inanmıram. Yazmaq üçün səni şəxsi həyatında narahat edən sosial, məişət problemlərini kənara qoymağı bacarmalısan.

Məsələn, “Maestro” romanının birinci hissəsini mən ayrıca hekayə kimi, gərək ki, 1987-ci ildə yazıb jurnalda çap etmişdim. Ağlıma da gəlmirdi nə vaxtsa onun davamı olaraq roman yazaram. Mən müəllif olaraq əsasən öz həyatımı yazmağa çalışıram və yaşadığım həqiqətlərə yazılarımda da sadiqəm. Yazdıqca mən özümü kəşf edirəm, prosesdə ləzzət verə biləcək yeganə məqam bundan ibarətdir.

Romanı Afaq Məsudun rəhbərlik etdiyi Tərcümə Mərkəzindəki kiçik bir otaqda tam izolyasiya, tənhalıq və kimsəsizlik şəraitində təxminən bir ilə yazmışam. Onda (1998-99) mən rəhmətlik Elçin Səlcuqun “Detektiv” qəzetində məsləhətçi işləyirdim, həftənin 2 gününü redaksiyaya, qalan günlərini isə Tərcümə Mərkəzinə gedirdim. Tənhalıqda şənbə, bazar, bayram günləri xüsusilə yaxşı olurdu. Təsəvvür elə, ətrafında müasir zamanın bütün qayğıları ilə gecə-gündüz qaynayan doğma şəhər, hamı pul qazanmaq ehtirası ilə bir-birini qırır, sən isə balaca otağa qapanıb, bu işin lazımlığına xeyli şəkk-şübhə ilə işləyirsən. Axtara-axtara hər şeyi unudursan, nələrsə əlinə keçir, sanki tonlarla torpağın içindən külçə tapırsan, amma sevinə bilmirsən, əksinə, ona baxa-baxa səni ağlamaq tutur.

Qışda otaq soyuq olurdu, ayaqlarıma evdən gətirdiyim adyalı dolayırdım. Səhər tezdən işə başlayırdım, günorta saat 3-4-də yorulub çıxırdım. “Maestro”nun bir sətrini də gecə yazmamışam. Romanın 90-95 faiz şlifovkasını da orada eləyib disketə yazdım və çıxdım, çünki “Detektiv” bağlandı, mən özümə yeni iş yeri axtarmağa məcbur oldum.

Sonra maddi vəziyyətim o qədər pisləşdi ki, ailəmi də götürüb Rusiyaya işləməyə getdim. O təəssüratların kiçik bir parçasını mən sonralar “Yay vidalaşmaları” hekayəmdə yazmışam.

Romanı o vaxtlar, demək olar ki, əzbər bilirdim. Fikrimdə daim redaktə edir, çiy yerlər tapıb yadımda saxlamağa çalışırdım ki, sonra düzəldim. Belə qənaətə gəldim ki, romanda musiqi tariximizə ekskurs vacib olduğu halda mən onu etməmişəm. Yaroslavl Vilayət Kitabxanasında apardığım axtarışlar bu məsələ ilə bağlı məni Hülakü xanın dövrünə itələyib saldı. “Hülakü xan” parçasını Yaroslavl kitabxanasında təxminən 2 aya yazmışam. Əvvəlcə bütün kitabxana işçiləri gəlib mənə maraqla baxırdılar ki, qara adam dükanda-bazarda alver etmək əvəzinə oturub kitabxanada, məsələn, Yanın “Sonuncu dənizə doğru” romanını oxuyur, başqa kitablara baxır, nəsə yazır və s. Sonra mən bir gün oradakı xanımların birinə dedim ki, Moskvada Ədəbiyyat İnstitutunda oxumuşam, hətta SSRİ Yazıçılar İttifaqının üzvüyəm, kitablarım çıxıb və s. Onların təhlükəsizlik sistemi sakitləşdi, daha məni xüsusi diqqətlə narahat etmədilər.

Bu romanla bağlı ictimai həyatın diqqətəlayiq ikinci və üçüncü məsələləri də var.

İkinci cəhət. Əgər diqqət yetirsək, həmin illərdə bizim televiziya və radiolarda yalnız estrada musiqisi, daha doğrusu, hörmətli Aygün Kazımovanın “Qoy işığı söndürüm” şlyageri və bu tipli başqa mahnılar fırladılırdı. Musiqisevər xalqımız gecə-gündüz yalnız bu janrın inkişafına maya qoyurdu. Amma muğam tamam unudulmuşdu. Bu mənada mən muğamı özümə bənzədirdim. Özümü deyə bilməzdim, əlbəttə, amma mən əmin idim ki, bu xalq nə vaxtsa estrada burcutmasından yorulub öz mənəvi arsenalında muğam kimi dəyərli bir qatın olduğunu xatırlayacaq və ona qayıdacaq. Bu mənə romanın yazılışı prosesində muğam haqqında ciddi düşünməyə imkan və stimul verdi.

Bəs üçüncü cəhət nə idi? Üçüncü cəhət ədəbiyyatımızla bağlıdı. Yenə də fikir versəniz, o illərdə roman janrı nəinki aparıcı deyildi, əksəriyyətin heç yuxusuna da girmirdi. “Unudulmuşdu” demək olmaz, bizim yazıçıların bu janra nəfəsi çatmırdı. Reallıqda müxalifət qəzetlərindən başqa oxunan heç nə tapmaq mümkün deyildi.

2003-cü ilin qışında mən Rusiyadan bura qardaşımın toyunda iştirak etmək üçün gəldim. Orada işlərim son dərəcə pis getsə də, fikrim Yaroslavla qayıtmaq idi. Amma iş elə gətirdi ki, toy bir qədər təxirə düşdü, mən bir ay ərzində toyu gözləyə-gözləyə Bakıya yenidən adaptasiya olmağa başladım və getmək istəmədim.

“Gavur” povestini isə “Detektiv” qəzetinin redaksiyasında qəzet çıxmayan günlərdə, orada heç kim olmayanda yazmışam. Bu povestlə bağlı yalnız onu deyə bilərəm ki, sözün və ədəbiyyatın gözəl bilicisi rəhmətlik Mehdi Bəyazid gəldi ki, əşşi, sən povest yazmısan, camaat məni təbrik eləyir! Mən xeyli güldüm onda, çünki Mehdi ilə o vaxta qədər yalnız uzaq tanışlığımız vardı.

Murad Köhnəqala

Image result for Murad Köhnəqala

- Bir komersant dostum dedi, niyə kitab çıxartmırsan? Dedim, yazmağa pulum yoxdu. Dedi, o nə deməkdi, yazmağa pul lazımdı? Dedim, kartof-soğan problemi oturub yazmağa mane olur. Məsələn, beynimdə uşaqlar üçün düşündüyüm bir povest var, oturub kağıza köçürtmək lazımdı, pulsuzluq mane olur, yazmağa qoymur. Dedi, onu yazmaq üçün sənə nə qədər pul lazımdı və neçə günə yaza bilərsən? Dedim, beş yüz dollar lazımdı, bircə həftəyə yazıb sənə gətirə bilərəm. Dostum çıxarıb ordaca mənə beş yüz dollar verdi və dedi ki, bir həftə yox, sənə bir ay vaxt verirəm.

Yay vaxtları idi. Evə gəldim, uşaqları kəndə yola saldım. Onda əlyazmada yazırdım. Fikirləşdim ki, hələ bir ay vaxtım var. Yeyib-içib hərlənirdim. Bu gün yazaram, sabah yazaram halına düşmüşdüm. Ərindiyimdən yazını heç cür başlaya bilmirdim. Bir də onda ayıldım ki, vədə verdiyim günə üç gün qalıb. Evdə döşəməyə uzanıb (mən əlyazmalarımı uzanıb yazırdım) "Bulud pinəçisi"ni başladım. Yarısını yazdım. İki gündən sonra söz verdiyim sonuncu gündə isə əsəri tamamladım.

Axşamüstü dostum zəng elədi mənə. Soruşdu ki, əsəri gətirirsənmi? Dedim, hazırdı, gətirirəm. Əlyazmanı kağızlarda aparıb ona verdim. Bu münasibətlə dostum yenə geniş bir məclis açdı. Sabah mənə zəng elədi, səni görmək istəyirəm dedi. Görüşdük, məni qucaqladı və dedi ki, povestin üç yerində ağlamışam. Dedim, qağa, axı orda ağlamalı bir yer yoxdu. Dedi, sən elə şeyləri bilməzsən.

Beləcə, arada povest qazanc qaldı bizə.

Sevinc Elsevər

Image result for sevinc elsevər

- “Şəhər”i uşaqlar yuxuda olanda yazırdım. Onda Şamaxıda ikimərtəbəli bir ev kirayələmişdik. Mənim mətbəxim və yazı masam aşağı qatda idi. Yataq otaqları yuxarıda. Uşaqlar oyanıb otağın içində gəzəndə aşağıda eşidirdim. Onda deyirdim özümə: hə, bu günlük bəsdi. Çünki uşaqlar oyaq olanda yazmağım mümkün deyildi. Onların çox yatması üçün əlimdən gələni eləyirdim. İndi düşünürəm ki, heç yaxşı ana olmamışam. Uşaqları səhər tezdən oyadıb təmiz havaya çıxartmaqdan, səhər yeməklərini vaxtında yedizdirməkdənsə oturub yazırdım. Uşaqlar balaca olanda çox yatırdılar deyə, daha çox yaza bilirdim. İndi az yatırlar. Günümün daha çox hissəsini onlara həsr edirəm. Məktəbə, kurslara, musiqi dərslərinə aparır, qapı dalında gözləyirəm. İnanın qapı dalında gözləyəndə oxumaq da olmur. Başqa analar oxumağa qoymurlar. Səsləri imkan vermir. Elə danışır, danışırlar. Əvvəllər deyirdim: uşaqlar böyüsün, daha səbrlə, daha çox yazacam. Amma baxıram ki, onlar körpə olanda yaradıcılıq imkanlarım daha geniş imiş. Şeirlə isə belə deyil. Şeiri dağda, daşda, kolda, yataqda yaza bilərsən.

# 1350 dəfə oxunub

Müəllifin son yazıları

# # #