“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var

“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var
17 noyabr 2026
# 09:57

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan "Terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında" qanuna zidd əməllər və "FETÖ/PDY" (Fətullahçı Terror Təşkilatı / Paralel Dövlət Quruluşu) üzvlüyü iddiaları ilə bağlı istintaq çərçivəsində "Sözcü TV" (SZC TV) və "sozcu.com.tr" xəbər saytına qəyyum təyin edildiyi bildirilib.

Kulis.az xəbər verir ki, qərar "Sözcü" qrupunun televiziya və rəqəmsal platformalarını əhatə etsə də, "Sözcü", "Tavır" və "Korkusuz" qəzetlərinə şamil olunmayıb.

Noyabrın 17-si çərşənbə axşamı səhər saat 04:20 radələrində çoxlu sayda polis əməkdaşı "Sözcü"nün binasına daxil olaraq axtarışlara başlayıb və binaya gedən bütün yollar bağlanıb. Əməliyyat çərçivəsində "Sözcü TV"nin İdarə Heyətinin sədri Funda Tuncer Sıdal və keçmiş baş direktor Asım Akgül saxlanılıb. "Sözcü" qəzetinin yazarı İsmayıl Saymaz sosial media hesabından polis axtarışını təsdiqləyərək, kanala qəyyum təyin edildiyini bildirib.

"Sözcü Medya Qrupu"nun vəkili Ersan Barkın qərara etiraz edərək bildirib ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan axtarış Ali Məhkəmənin əvvəllər ləğv etdiyi, qanunsuzluq tapmadığı və cinayət olmadığını təsdiqlədiyi bir fayla əsaslanır. Telekanalın aparıcılarından Damla Doğan Tuncel isə xəbər mərkəzinə qayıtdıqlarını və günortadan sonra (hesablar yoxlanılmaqla yanaşı) yenidən canlı yayıma keçməyi planlaşdırdıqlarını bildirib.

İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasına görə, MASAK (Maliyyə Cinayətlərini Araşdırma Qurumu) hesabatlarının araşdırılması nəticəsində "Sözcü"nün sahibi Burak Akbayın xaricdəki bank hesablarından "Estetik Yayıncılık AŞ" və "Mega Ajans"ı maliyyələşdirdiyi və bu şirkətlər üzərindən "təşkilat rəhbərliyini" davam etdirdiyinə dair şübhələr yaranıb. Məhz bu əsasla İstanbul 4-cü Sülh Cəza Məhkəməsi TMSF-ni qəyyum kimi təyin edib.

Qeyd edək ki, Burak Akbay haqqında hələ 2017-ci ildə "terror təşkilatı qurmaq və idarə etmək" iddiası ilə axtarış qərarı çıxarılmışdı və hazırkı istintaq da həmin məhkəmə prosesinin maliyyə yoxlaması məqsədilə etdiyi müraciət əsasında başladılıb.

# 51 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər