Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu, Xalq artisti Qara Qarayevin anadan olmasının 108 illiyi Marneulidəki “Tea House”də qeyd olunub.
Kulis.az xəbər verir ki, bu münasibətlə "Tea House"da pianino kursunun tələbələri konsert proqramı ilə çıxış ediblər.
Hesabat xarakteri daşıyan tədbirdə valideynlər, müəllimlər və qonaqlar iştirak ediblər.
Əvvəlcə iştirakçılara Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verilib.
Pianino müəllimi Nailə Ataxəlilova və “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov çıxış edərək, Qara Qarayevin yaradıcılığından, pedaqoji fəaliyyətindən, eləcə də, onun yaradıcılığında dahi bəstəkar Üzeyir Hacıbəylinin rolundan bəhs ediblər.
Sonra pianino kursunun tələbəsi Şahvələd Çerpanov Qara Qarayevin "Kiçik vals" əsərini ifa edib. Daha sonra kursun yetirmələri müxtəlif janrlarda musiqi əsərləri ifa edərək, il ərzində qazandıqları bilik və təcrübəni səhnədə uğurla göstəriblər.