Meşənin qurtardığı yer - Məhəbbət və zorakılığın sərhəddi

Meşənin qurtardığı yer - Məhəbbət və zorakılığın sərhəddi
12 dekabr 2023
# 14:00

Bu gün görkəmli qırğız yazıçı Çingiz Aytmatovun doğum günüdür.

Kulis.az Həsən Tağıyevin "Çingiz Aytmatovun əsərlərinin ekran təcəssümü" yazısını təqdim edir.

Dahi qırğız yazıçısı, bir çox hekayə, povest və romanların müəllifi olan Çingiz Aytmatovun yazdığı əsərlərdən bəzilərini kinossenariyə çevirməklə də tanınmış kinodramaturq olub və bu sahədə də şöhrət qazanıb. 1961-ci ildən başlayaraq rejissorlar Aytmatovun ssenariləri əsasında maraqlı, yaddaqalan bədii ekran əsərləri yaradıblar.

Görkəmli ədəbin ssenarisi əsasında çəkilən ilk kinolent «Aşırım» filmidir. Daha sonra onun "Birinci müəllim" (1965, B.Dobrodeyev və İ.Palankinlə birlikdə), "Cəmilə" (1969), "Yorğa atın qaçışı" (1970), "Mən - Tyan - Şanam" (1973), "Məhəbbətin əks-sədası" televiziya filminin (1974 E.Lındina ilə birlikdə), "Qırmızı alma" (1975, E.Lındina və B.Şamşiyevlə birlikdə), "İlk durnalar" (1980, B.Şamşiyevlə birlikdə) ssenariləri özünün ekran təcəssümünü tapıb. Adıçəkilən bədii filmlərdən əlavə, Aytmatovun digər əsərləri əsasında bir neçə televiziya filmi də - "Qızmar günəş" (1963), "Balaca əsgər" (1972), "Sıpayçı" (1976), "Oğlumla görüş" (1977) kinosevərlərin ixtiyarına verilib.

Ç.Aytmatovun əsas yaradıcılıq xüsusiyyəti qırğız xalqının folklor ənənələrini rus və dünya xalqlarının ənənələri ilə birləşdirmək olub.

Haşiyə: Görkəmli sovet yazıçısı və ssenaristi Aytmatov Çingiz Torekuloviç 1928-ci il dekabrın 12-də Qırğızıstanın Şəkər qışlağında anadan olub. 1937-ci ildə valideynləri Stalin repressiyasının qurbanları olduqdan sonra o, bibisinin himayəsi altında böyüyüb. 1952-ci ildən qırğız dilində hekayələr yazmağa başlayan Aytmatov, 1956-58-ci illərdə Moskvada Ali ədəbiyyat kursunda təhsil alıb. O, 1956-cı ildə rus dilində "Əlvida, Gülsarı" adlı ilk povestini, 1958-ci ildə isə qırğız dilində "Cəmilə" adlı povestini yazıb. Çingiz Aytmatov Qırğızıstan Elmlər Akademiyasının akademiki (1978), 1961-ci ildən Qırğızıstan Kinematoqrafiya İttifaqının üzvü, 1964-cü ildən birinci katib, 1969-cu ildən isə sədri olub. Aytmatov, eyni zamanda 1965-ci ildən SSRİ Kinematoqrafiya İttifaqının katibi vəzifəsində çalışıb. 1963-cü ildə Lenin mükafatına, 1968,1977, 1983-cü illərdə SSRİ Dövlət mükafatlarına layiq görülüb. 1976-cı ildə isə Qırğızıstanın Dövlət mükafatını alıb.

Qırzığıstan kinematoqrafçılarının Aytmatovun əsərlərinə müraciət etmələri milli kinonun inkişafına və mövzu dairəsinin genişlənməsinə böyük imkanlar yaratdı.

Qeyd etmək lazımdır ki, Ç.Aytmatov kino sənətinə aid məqalələrlə vaxtaşırı dövri mətbuatda çıxış edir, ssenarilərinin ekranlaşdırılmasında bilvasitə iştirak edir və məsləhətlər verirdi.

Ç.Aytmatov yazırdı: "Müasir kinematoqraf ədəbiyyatla birləşməyə doğru gedir. Ola bilər ki, yaxın gələcəkdə kinonun inkişafında elə bir dövr gəlib çatacaq ki, həyatın əsas problemlərinə toxunan, onun dərin qatlarına baş vuran böyük, ciddi ədəbiyyat olmadan o, heç nə edə bilməsin. Bu prosesin gedişi artıq bir neçə onillikdə müşahidə olunur. Bu yolda uğurlar da olub, müvəffəqiyyətsizliklər də. Yəqin ki, kinonun yarandığı ilk gündən indiyə kimi bədii əsərin kino dilinə çevrilməsi problemi bütün yazarları düşündürüb. Necə etmək lazımdır ki, əsərin təkcə süjetini yox, həm də obrazın həqiqi psixologiyasını ekranda göstərmək mümkün olsun? Bu barədə çox söhbət gedir. Ancaq hələ heç kim bunun yeganə reseptini tapa bilməyib. Çox güman ki, o, olmayıb da. Çünki bu məsələnin həlli hər dəfə yaradıcılıq prosesi zamanı özü-özlüyündə həllini tapır. Bu problem bundan sonra da aktual, mübahisəli və zəruri olaraq qalacaq. Ona görə ki, kino və ədəbiyyat obrazlı desək, bir qoşquyla kotana birləşərək sənət zəmisini şumlayır".

XX əsrin ortalarında Qırğızıstanda bir qrup gənc istedadlı rejissorlar yetişib. Aytmatovun hekayə və povestlərini kinolentdə təcəssüm etdirən rejissorlar dərin düşüncəli, yaradıcılıq qabiliyyətinə malik əsl sənətkarlardır. Onlardan biri, "Qırmızı alma" filmini ekranlaşdıran Tolomuş Ogeyev və "Ağ gəmi" povesti əsasında eyniadlı filmi çəkmiş Bolot Şamşiyevdir.

"Qırmızı alma" filminin qəhrəmanı rəssamdır. Film onun xatirələri əsasında çəkilib. Uzun ömür yaşamış, çoxlu rəsm əsərləri yaratmış rəssam hələ də özündən və gördüyü işlərdən narazıdır. O, neçə illərdir taleyini, şəxsi xoşbəxtliyini axtarır. Yaradıcı insan kimi sənətdə «ən başlıca» sözünü demək, ustad rəssam olmaq arzusu ilə yaşayır. Və əlbəttə ki, onun yaradıcılığı şəxsi taleyi ilə sıx bağlıdır. Rejissor baş rolun ifaçısı ilə bərabər, özünəməxsus şəkildə əzəli suallara cavab axtarır: məhəbbət, xoşbəxtlik və yaradıcılıq nədir? Tənqidçilərin fikrincə, rejissor T.Ogeyev «Qırmızı alma»nın çəkiliş qrupu ilə birlikdə bu ekran əsərində qırğız xalqının milli mədəniyyətinin xüsusiyyətlərini, xarakterini və eyni zamanda, insanlar arasındakı yeni münasibətlərin yaranmasını dəqiq, maraqlı tərzdə göstərə biliblər.

Ç.Aytmatov yazırdı: "İncəsənət insanları nikbinliyə, xoşbəxtliyə, həyatverici qüvvəyə çağırmağa borcludur. Lakin o da bir həqiqətdir ki, incəsənət insanı dərin düşüncələrə qərq etməli, onda güclü mərhəmət hissi oyatmalı, şər qüvvələrə etiraz etməyi, haqqın tapdalandığı zaman kədərlənməyi, sarsılmağı və ədalətin bərqərar olması üçün hər an mübarizəyə atılmağa hazır olmağı başa salır və yolunu göstərir".

İnsan və cəmiyyətin həyatı həmişə müxtəlif problemlərin, ziddiyyətlərin və çətinliklərin aradan qaldırılması ilə bağlı olub. Ziddiyyətlərlə mübarizə isə tarixin hərəkətverici qüvvəsini təşkil edir. İnsan özünə qalib gəlməklə, tarixi idarə edir və hər zaman özünə sual vermiş olurdu: həyatın mənası nədədir? İnsanla birlikdə yaranan bu suala birmənalı cavab tapmaq çətindir. Müxtəlif dövrlərdə, müxtəlif insanlar buna müxtəlif cür cavab verməyə çalışıblar. Yəqin elə bunun nəticəsidir ki, əvvəlcə nağıl, əsatir, sonra isə peşəkar ədəbiyyat və incəsənət yaranıb. Ona görə də, həm xalq yaradıcılığı, həm də yazılı ədəbiyyat insana özünü və dünyanı dərk etməyi və tanımağı izah edir. Buna baxmayaraq, cavabın axtarış prosesi həyatın özü kimi daim davam etməkdədir.

"Ağ gəmi" povesti müəllifin xalq dastanının stilizasiya olunmuş məhsuludur. Aytmatov üçün folklor - xalq təcrübəsini göstərmək və gələcək nəsillərə vəsiyyət etməkdir. Aytmatov başqa bir romanında ilk dəfə olaraq «manqurt» sözünü işlədib. Sonralar ümumiləşmiş bu söz indi öz keçmişini unudan adam mənasını verir.

"Ağ gəmi" povestini ekranlaşdıran rejissor B.Şamşiyev özünəməxsus formada xeyir və şər, məhəbbət və zorakılıq mövzusuna toxunaraq, bəzi insanların riyakarlığını və əxlaq oriyentirlərinin itirilməsini «Ağ gəmi» filminin hər bir epizodunda ustalıqla təcəssüm etdirir. Mülayim xasiyyətli, lakin zəif insan olan Momun əlləri ilə öz arzusunu maral balasının obrazında öldürür. Yeri gəlmişkən deyək ki, «Ağ gəmi» povestində müəllif Buynuzlu ana - maral haqqında əsatirdən istifadə edib.

...Meşənin qurtardığı yerdə tamam başqa həyat görüntüyə gəlir. Birinci sinfə getməyə hazırlaşan balaca oğlan arzuladığından da artıq yaraşıqlı məktəbə qədəm qoyur. Zəlzələdən sonra ölkənin hər bir yerindən bu rayona inşaatçı gənclər briqadası gəlib. Onlar təzə məktəb binası tikiblər. Yeni həyat durmadan insanın məskunlaşdığı ən ucqar ərazilərə daxil olur. Povestin müəllifi və filmin rejissoru demək istəyiblər ki, baş vermiş faciə insanlarda həyat eşqini söndürməmiş, əksinə, ideal uğrunda mübarizə aparmağın vacibliyini onlara anlatmışdır. Axı qələbə asanlıqla əldə edilmir. O, yalnız mübarizədə, həyatı dərk etmə, ətraf mühiti qorumaq və yeniləşdirmək prosesində qazanılır.

Humanist ideallar, insanların təbiət və cəmiyyətə sevgisi dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun qələmə aldığı digər əsərləri əsasında çəkilən filmlərin də əsas qayəsini təşkil edir.

# 906 dəfə oxunub

Müəllifin son yazıları

# # #