Fransalı şair: "Şeir daimi axtarışdır" - Müsahibə

Yves Bonnefoy, fransalı şair

Yves Bonnefoy, fransalı şair

17 sentyabr 2022
# 12:00

Kulis.az Praqa Yazarlar Festivalının qurucusu Maykl Marçın fransalı şair İv Bonfua (Yves Bonnefoy) ilə müsahibəsini təqdim edir.

- "Olmaq, ya da olmamaq". Hamleti təqib edən, qoca Liri qorxudan tir-tir əsdirən "dünyada olma halı"nın altında yatan sirri itiririkmi?

- Sizin doğru olaraq "fundamental sirr" adlandırdığınız şeydən uzaqlaşırıqmı? Birincisi, bu sirrin nə olduğunu müəyyənləşdirməli və özümüzdən "olmaq, ya da olmamaq" dilemmasının niyə sirr kimi yaşana biləcəyini soruşmalıyıq. Digər, bəlkə də ən mühüm sual budur: Müasir dünya, ən azından Qərb sirr hissini, sirrin varlığını çoxdan unutmayıbmı? Bu məsələlər, nəinki diqqətdən kənarda qalır, hətta bunlar haqqında gedən söhbətlər, müzakirələr yanlış anlaşılır, həm mənasız, həm də xəyali nəsnələr kimi qələmə verilir; Halbuki, mən hesab edirəm ki, bu məsələlər, xüsusən "sirr" anlayışı haqqında dərindən düşünmək lazımdır. Şeir bizim hamımızın ortaq problemidir, amma onları düşünmək bizi əsl problemimizdən yayındırmır.

Düşüncəni canlı saxlayıb içimizdəki inkarı, fəlakət gətirə biləcək həyati məsələləri kəşf etməyimizə imkan verən şey sirrdir, sehrdir: Həqiqətənmi bu qədər sadə şeydir? Sirr, sözlərlə izah edə bilmədiyimiz, qavrama imkanlarımızla açıqlaya bilmədiyimiz hadisə baş verəndə ortaya çıxır.

Məntiqi təfəkkür hüdudlarından kənara çıxan bu hadisələrə misal kimi sözlərin həm səs, həm də məna ifadə etməsindəki həll olunmaz paradoksunu göstərmək olar. Bəs, paradoks bunun harasındadır? Sözlərə məna verməklə ünsiyyət qururuq, dərk etdiyimiz, var olduğumuz reallığı müxtəlif aspektlərdən şərh edirik və içində yaşadığımız həyatı yaradırıq. Lakin digər tərəfdən də onların çıxardığı səslərdə düşünə biləcəyimiz və ya deyə biləcəyimiz hər şeyə yad nəsə görürük.

Bu partlayış bizi məsələnin kökünə sürükləyir və bizi formasız bir daş kütləsi və ya ulduzlu bir gecədə səma təsəvvürü ilə baş-başa buraxır. Düşündüyümüz və bildiyimiz hər şeyin üstündə və fövqündə olan saf səs, biliklərimizin hüdudlarını aşan, sözün nüfuz etmədiyi və dolayısı ilə bütövlüyü pozulmamış olan reallığı; bir sözlə, birlik və ya mistik olaraq təsvir etdiyimiz bir təcrübəni qavramağa imkan verir. Dilin öz içindəki hərəkəti də gündəlik həyatımızı qurmağa kömək edir. Mənim üçün dildə sirr; Sözlərin bizi bir-birindən tamamilə ayrı olan iki əks istiqamətə sürükləmək qabiliyyətidir.

Üstəlik, mən bunu "olmaq, ya da olmamaq" sitatında qeyd etdiyiniz sirr başda olmaqla bütün digər sirləri özündə ehtiva edən fundamental sirr kimi görürəm. Bu sözlər bizə seçim etməli olan Hamletin böhranını göstərir, lakin dərinliklərdə bizə olmağı, ya da olmamağın tamamilə əks nəsnələr olmaqdan çox, kökündə bulanıq bir vəziyyət, sürətli dəyişikliklər prosesi, daha doğrusu, bir şəxsiyyət məsələsi olduğunu sübut edir.

En la muerte de Yves Bonnefoy

Əslində bu da bir faktdır, danışanda, qarşı tərəfə bir məna çatdıranda nə etdiyimizi düşünək. Bir məna sahəsi yaradır və bu məkanın hüdudlarında "var olduğumuza" inanırıq, ancaq kənardan görə bildiyimiz şeylərin məlumatına sahib olduğumuz halda, varlığımızın məlumatı sanki bizə Tanrı tərəfindən bəxş edilmiş kimi əminik. Biz dünyanın müəyyən aspektlərini ümumiləşdirən anlayışlardan istifadə edirik.

Amma bu məfhumlar insanın zamanla və ölümlə münasibətindən, yəni faniliyindən irəli gələn danılmaz subyektivlikdən heç vaxt xilas ola bilmir. Sonra özümüzlə olan münasibətimizin bu cür fundamental tərəfləri müxtəlif müəmmalara çevrilərək bizi "içi boş maddi formalardan", başqa sözlə desək, yoxluqdan başqa bir şey görə bilməyəcək hala gətirir. Bəli, bizi reallığın ən dərinliyinə aparan, həqiqəti bizə gətirən bütün illüziyalardan azad olan sözlərin səsinə qulaq asmaq üçün özümüzü bir az mənadan məhrum etsək də, artıq öz bədənlərimizdə və bütün varlığın mahiyyətində yatan bu dərinlikdə ünsiyyət qurmaq fikri zehnimizdə meydana çıxır. Sözlərin səssizliyindən keçsə də, bu yol var olmağı (varlığı) dərk etməyin ən etibarlı yoludur. Sözdən məhrum bir dünyada olmaq, heç nəyə sahib olmamaq; heç bir şey olmaqdır.

Yoxluğun mahiyyətini sırf yoxluqla qavramaq, sözün yoxluğunda var olmaqdır. Dolayısıyla, dillə münasibətimiz, bir-birinə əks olan "olmaq, ya da olmamaq" hallarının hər ikisini ehtiva edir. Bəlkə də, Hamletin verdiyi bu sual, Danimarka Şahzadəsinin olmaq, ya da olmamaq arasında ağlabatan seçim şansı olmadığını anlaya bilməyəcək hala gəldiyini və Hamletin sözlərin sirli mühakimələrini daha dərindən dinləyib, öz içinə baxaraq "olmamağın", qəlbində "olmağı" axtarmalı olduğunu bizə söylədiyinə görə Şekspir oxucularını belə məşğul edirdi.

Başqa sözlə, Şekspir, dünyanı araşdırdığınızı zənn edən, lakin zahirdə gördüklərini qiymətləndirməkdən o yana gedə bilməyən ağlın, qədim zamanlarda birlik şüurunu qoruyub saxlayan və insanların bu işdə iştirakını təmin edən qurumları ələ keçirməyə başladığını anladı. Məhz buna görə Hamlet çox böyük önəm kəsb edir, sonu müəmmalarla hörülü konseptual mənalar labirintini seçməyə çıxan, iztirab və kədərə səbəb olan seçim ərəfəsində, "ya da olmamaq"ı "və olmamaq"a dəyişən anda tapırıq Hamleti.

Müasir insan o gündən bu günə kimi, dayanmadan eyni seçimi edir. Bəs niyə? Çünki həyatdan yox, maddiyyatdan yaranan texnologiya, daima birliyi təmin edən simvolların, təbiət hadisələrinin yerini alır. Fərdi varlıq səyahətimiz boyu içməli su və ya digər təbii içkilər bizi həyatdan xəbərdar edib "vəhdətə" aparıb. İçkiləri kimyəvi elementlərin qarışığından ibarət olan müasir dərmanlarla əvəz etmək, bizi zəncirlənmiş anlayışlardan, konseptual mənalardan kənara çıxara bilməz; əksinə, bizi ayrılığın, yoxluğun pəncəsinə sürükləyir.

Bununla belə, şeir məhz bu ayrılığın altında basdırılmış, vəhdət həqiqətinin yaddaşında yatır. XVII əsrin astanasında elmi kəşflərin gətirdiyi yeni şəraitdə şeir yazmalı olan Hamlet, şair olmaq məcburiyyətində olduğunu, üstəlik, şair ola bilməyəcəyini dərk edib bunun ağrısıyla da ölür. Şekspirin pyesi, poeziyaya olan ehtiyacı və şeirin çətinliyini də dilə gətirir.

Yves Bonnefoy: Şiir asla bitmeyen bir iştir

- Şeir adi dildən qaçdığı məqamda varlığımızı xilas edə bilərmi? Poeziya dünyanın unutduğu birliyi, bənzərsizliyi yenidən kəşf edə bilərmi?

- Bu, əlbəttə ki, dövrümüzün ən böyük suallarından biridir. Belə baxanda cavab da müsbətdir. Dilin dərinliklərindəki səsi duyduğumuzda, dilin qəlibindən qurtulduğumuzu dərk edən bədənimiz sözün ritmini içinə hopdurur. Sözlərin semantik şəbəkəsini zəiflədib faktların, varlıqların bizə görünməsini və onların mənliyimizdə əksini tapmasını elə yaxınlıqda təmin edər ki, bu yaxınlıq sayəsində konseptual biliyin ölümcül nəticəsi olan yox olmağın iztirabından xilas olarıq; sonra bu an uçub gedər.

Çünki hələ də zahiri məna və anlayışlarla bağlı olan xəyallarını əks etdirməkdə daha sərbəst olan arzularımız sözü istismar edir. Beləliklə, poeziya varlığın inkaredilməz faktları ilə şeiri yan-yana qoyan bir kompromis kimi meydana çıxır. Şeirin həqiqəti, dilin altındakı dünyanın varlığını olduğu kimi xatırlamaqdansa, "indi" silinərkən onu yenidən üzə çıxarmaq əzmindən irəli gəlir. Şeir, heç vaxt bitməyən bir işdir və içimizdəki saf qalan şeyin nə olduğunu birlikdə düşünərək onu tapmağa sövq edən və eyni zamanda həqiqətə əsaslanan cəmiyyətin qurulmasına töhfə verən daimi axtarışdır.

- Şüur bizə şeiri tanımağa, şeiri adi dildən xilas etməyə necə imkan verir?

- Şeir nə qədər möhtəşəm, dərin məna yüklü olsa da, şeirdə ifadə olunan mənaları tədqiq etməklə heç vaxt şeiri tanıyıb adi dildən xilas edə bilmərik. Dini elmlər əqidəyə nə qədər kömək edirsə, məna da şeirin sirrinə o qədər kömək edə bilər. Konseptual təfəkkürün qadağaları və seçimləri ilə qadağalar içində yaşayanların baxış bucaqlarından fərqli olaraq, poeziya elə bil təfəkkürlə mövcuddur ki, şairlər öz varlıq xüsusiyyətlərinə diqqət yetirə bilsinlər, öz daxili keçidlərindən xəbərdar olsunlar.

Oxuyan hər kəs mətndə bu möhtəşəm anlayışın təsirlərini görə bilər. Məsələn, qoxuları, səsləri və rəngləri ayırd etmək əsas bilikdir. Şeirin yenidən kəşf etməyi qarşısına məqsəd qoyduğu şey odur ki, yaxınlıq baxımından "rəngləri, qoxuları, səsləri" bir-birindən ayırmaq olmaz. Bodler, zülmət və mütləq birliyin bir-birinin içində əks olunduğunu deyirdi. Üstəlik, buradan baxmağa davam etsək, bəzi şeylər digərlərindən daha vacib görünür, bunun bilavasitə nəticəsi isə onları yeni tərzdə dərk etməkdir, bu da şeirin məhz özüdür.

Yves Bonnefoy: Şiir asla bitmeyen bir iştir

- "Ümidə məhkum"uq?

- Bəli. Bu, poeziyanın təbiətindədir.

- Sənət ölümsüzlüyü mümkün edirmi?

- Bu sual tələdir, amma düşüncələrimə aydınlıq gətirməyə imkan verən bir tələdir. Yazarlar sözlər arasında ağıllı şəkildə tarazlaşdırılmış, ahəngdar və ya maraqlı forma yaratmağı, öz hüquqları və hüdudları olan şifahi obyekt yaratmağı xoşlayırlar. Bəzi sözlər dialoqlarda, mətnin başqa yerlərdə, özünü irəlilətməyi hədəfləyən müəllifin məqsədinə xidmət etmək üçün zəiflədilir və sözlər normal istifadəsindən çıxarılaraq poeziya sahəsinə yönəldilir; lakin bu, o zaman baş verə bilər ki, müəllif mənadan kənara çıxmağı, dünya və özü ilə daha yaxın, canlı münasibət qurmağı qarşısında məqsəd qoysun. Həyatında baş verənlərə göstərdiyi reaksiya, yeni açılan söz qapısını aralaması üçün şifahi obyektlə bağlı narahatlığını geridə qoymasını tələb edəcək. Belə deyək, öz məhdudiyyətlərinin fərqindədir və düşüncə, istəyin mübarizəsində irəli getməyi hədəfləyir.

Başqa cür desək, şeirin içində heç vaxt yer almayan başqa bir sənət var; Şairin məmnunluq ümidini doğrultmayan bu sənətə görə, özünü sənətkar kimi təqdim edən hər kəs az-çox "ölümsüzlük" arzusundadır. Şah əsərləri ilə əsrlər boyu onları məhşurlaşdıracaq şöhrət yollarını gözləyir; lakin şairlər mahiyyətcə saf olan bu illüziyaya qapılmırlar.

Eşidilən səsin, artan ritmin qavrayışındakı bütün xarici amilləri məhv etdiyi, adi dialoqlar yenidən başlamadan bir az əvvəlki həmin qısa anda; yəni həyatda ölümə qalib gəlmək mümkün olduğu qədər şeirdə də mümkündür. Axı yenidən yaşamaq mümkün olmayan planetdə bəşəriyyətin gec-tez məhv olacağı açıq-aşkar göründüyü halda, bizim ölümsüzlükdən danışmağımız nə dərəcədə mümkündür?

Yves Bonnefoy - Autoren - Hanser Literaturverlage

- "Mütləq mülksüzlük ən böyük sərvətdir"?

- Bu da başqa tələdir? Yoxsa, kinayəyə təşviq etmə? Əslinə baxsaq, "mütləq mülksüzlük" fikrini bir az əvvəl poeziya haqqında dediklərimlə uzlaşdırmaq mümkündür. Poeziya konseptuallıqdan kənara çıxmağa çalışsa da, əslində istəkləri ifadə etmək istəyinin konseptuallıqdan çıxmaq səyinə mane olduğunu dərk etməkdir. Daimi bir dövrədir;

Sözlərin sonsuz ziddiyyətini başa düşmək və sözlərdən kənara çıxmağa çalışmaqdır. Buna nail olmaq üçün arzunu məhv etməyə çalışmaqdansa, onu sadələşdirmək laızmdır. Şeir, hər kəsin düşündüyü kimi hər şeyi məhv etmək deyil, öz varlığını, varlıq sahiblərinə pərçimləmək və onun batini dəyərini tanımaq üçündür. Bu, bir neçə müsbət cəhətləri onlardan uzaqlaşdırmadan olduqları kimi sevməkdir. Heç vaxt istəkdən vaz keçməmək, əksinə arzuya işıq saçmaqda davam etməkdir.

/ədəbiyyat qəzeti/

Hazırladı: Nilufər Hacılı

# 1404 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #