Əfsanəvi qrupun qurucusu vəfat etdi

Əfsanəvi qrupun qurucusu vəfat etdi
22 aprel 2026
# 10:20

Dünyaca məşhur "Traffic" rok qrupunun qurucularından biri, "Rok-n-Roll Şöhrət Zalı"nın üzvü Deyv Meyson 79 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin aprelin 19-u bazar günü Nevada ştatının Qardnervill şəhərindəki evində vəfat etdiyi bildirilib.

Məşhur musiqiçinin dəqiq ölüm səbəbi isə hələlik rəsmi olaraq açıqlanmayıb.

Kresloda, mənzərəyə baxaraq bitən ömür

Musiqiçinin vəfatı ilə bağlı ailəsi adından yayılan bəyanatda onun musiqiyə və sevdiyi insanlara həsr olunmuş qeyri-adi bir həyat yaşadığı vurğulanıb. İfaçının rəsmi sosial media hesabında isə onun son anları olduqca təsirli formada təsvir edilib:

"Sevimli həyat yoldaşı Vinifred ilə möhtəşəm bir şam yeməyi hazırladıqdan sonra, sadiq "Malta" cinsi iti Star ayaqlarının ucunda mürgüləyərkən o, ən sevdiyi kreslosunda Karson vadisinin gözəl mənzərəsinin ortasında hüzur içində həyata gözlərini yumdu. Bu, nağılvari bir son idi... Onun musiqisi və sevindirdiyi qəlblər silinməz bir iz qoydu. Mirası əbədi olaraq xatırlanacaq".

Ürək problemləri və yarımçıq qalan turlar

Qeyd edək ki, Deyv Meyson hələ 2024-cü ildə rutin sağlamlıq yoxlanışı zamanı ciddi ürək xəstəliyi aşkar edildiyi üçün qastrol səfərlərini təxirə salmışdı. 2025-ci ildə isə səhhətindəki problemlər davam etdiyindən o, bütün turlarını tamamilə ləğv etmək məcburiyyətində qalmışdı. Həmin vaxt Meyson sosial media hesabından sevənlərinə müraciət edərək, "Sağalma prosesi uzun bir yoldur. Hamınıza olan sevgim çox dərindir", – deyə səslənmişdi.

"Traffic"dən Maykl Ceksonla əməkdaşlığa uzanan yol

Xatırladaq ki, 1960-cı illərdə "Traffic" qrupunun yaradıcılarından biri olan Meyson qrupdan ayrıldıqdan sonra çox uğurlu bir solo karyera inşa edə bildi. "Feelin' Alright?", "Only You Know and I Know" və "We Just Disagree" kimi məşhur hitlərin müəllifi olan sənətçi illər ərzində Devid Krosbi, Qrem Neş, Maykl Cekson, Kass Elliot və Leon Rassel kimi dünya ulduzları ilə də unudulmaz işbirliklərinə imza atmışdı.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər