Dünyanın ən bahalı serial ulduzları... - ARAŞDIRMA

Dünyanın ən bahalı serial ulduzları...  - ARAŞDIRMA
6 oktyabr 2025
# 17:00

Kulis.az ən bahalı serial ulduzları araşdırmasını təqdim edir.

Sarah Cessika Parker - "Sex and the City"

Sarah Cessika Parker, "HBO"nun serialı "Sex and the City" (“Seks və şəhər”) sayəsində televiziya tarixinin ən yüksək qonorar alan aktrisalarından biri olub. 4-cü sezondan etibarən Parker həm də serialın icraçı prodüseri olduğundan, epizod başına qazancı 3,2 milyon dollaradək yüksəlmişdi. 2001–2004-cü illəri əhatə edən son üç mövsümdə cəmi 46 epizod Parkerə təxminən 147 milyon dollar gəlir gətirdi. Həmin dövrdə bu, rekord göstərici idi və onu “televizianın ən bahalı ulduzu”na çevirmişdi.

Cennifer Aniston və Rese Vitperspon - "The Morning Show"

Holyvudun ən çox qazanan aktrisalarından iki nəfəri Cennifer Aniston və Rese Vitperspo "Apple TV+" platformasının orijinal serialı "The Morning Show" sayəsində son illərdə televiziya maaşlarının yeni zirvəsini müəyyənləşdirdilər. Hər iki aktrisa bu dramda baş rol ifa etməklə yanaşı, icraçı prodüser kimi də çıxış edirlər. Nəticədə, 2019-cu ildən bəri yayımlanan serialda onların epizod başına qazancı 2 milyon ABŞ dollarına çatır. Bu məbləğ prodüserlik payları istisna olmaqla hesablanıb, yəni əlavə gəlirlərlə birlikdə daha da yüksək ola bilər.

Robert Dovney - "The Sympathizer"

Marvel filmlərinin "Iron man"-i kimi tanınan Robert Dovney də televiziya seriallarında rekord honorar alanlar sırasına daxil olub. O, 2024-cü ildə yayımlanması planlaşdırılan HBO mini-serialı "The Sympathizer" (“Həmrəng”) üçün epizod başına 2 milyon dollar honorar qarşılığında müqavilə imzalayıb. Bu məbləğ hazırda TV sektorunda aktyor maaşları üzrə ən yüksək rəqəmlərdəndir.

Robert Dovneyin ümumi sərvəti yüz milyonlarla ölçülür. O, illərlə Holyvudun ən çox qazanan aktyoru olaraq Forbes siyahılarının başında yer alıb.

Çarli Şen - "Two and a Half Men"

Bir vaxtlar televiziya aləmində ən yüksək ödənişli aktyor sayılan Çarli Şen CBS kanalının populiyar "Two and a Half Men" (“İki yarım kişi”) sitkomundakı çıxışı ilə misli görünməmiş honorar qazanırdı. 2010-cu ildə Çarli Şen serialın 8-ci sezonu üçün epizod başına 1,8 milyon dollar maaş alırdı. Bu məbləğ onu həmin vaxt ABŞ televiziyasının ən çox qazanan aktyoruna çevirmişdi. Lakin 2011-ci ildə şəxsi qalmaqallar səbəbindən aktyor serialdan uzaqlaşdırıldı və bu rekord qazanclar uzun çəkmədi.

Ray Romano - "Everybody Loves Raymond"

Komediya aktyoru Ray Romano 2003-cü ildə yeni müqavilə imzalayaraq CBS kanalındakı məşhur "Everybody Loves Raymond" (“Hər kəs Raymondu sevir”) serialının tarixində rekord qırdı. Həmin müqaviləyə əsasən Romano 8-ci sezon üçün 50 milyon dollar honorar əldə etməli idi ki, bu da epizod başına təxminən 1,7-1,8 milyon dollar demək idi. Bu razılaşmadan sonra Romano dövrünün “ən çox maaş alan televiziya aktyoru” elan olundu. Halbuki, ondan öncə "Friends" serialının ulduzları epizoduna 1 milyon dollar qazanırdılar.

Kelsey Qrammer - "Frasier"

1990-cı illərin məşhur situasiya komediyalarından "Frasier" serialının ulduzu Kelsey Qrammer da rekord honorarla yadda qalıb. O, NBC kanalında yayımlanan bu serialın son mövsümlərində (2002–2004) epizod başına 1,6 milyon dollar alaraq dövrün ən yüksək ödənişli aktyorlarından biri idi. Qrammer bu serialdakı Dr. Frasier Crane rolu ilə bir neçə Emmy mükafatına layiq görülmüşdü. Serialın özü isə televiziya tarixinin ən uğurlu komediyalarından biri hesab olunur.

Kris Prat - "The Terminal List"

Son dövrün nüfuzlu aktyorlarından Kris Prat kinoda qazandığı şöhrəti televiziya sahəsinə daşıyan adlardandır. O, 2022-ci ildə Amazon Prime Video platformasında yayımlanan "The Terminal List" (“Terminal siyahı”) serialının baş rolu üçün epizod başına 1,4 milyon dollar məvacib aldı.

Kris Prat əvvəllər televiziya karyerasında (NBC-nin "Parks and Recreation" sitkomunda) nisbətən kiçik məbləğlərə çalışmışdı. Lakin "Guardians of the Galaxy", "Jurassic World" kimi filmlərdə baş rol aldıqdan sonra onun bazar dəyəri ciddi şəkildə artdı.

Kevin Koster - "Yellowstone"

Oscar mükafatlı aktyor Kevin Koster son illərdə televiziya sahəsindəki qazancı ilə gündəmə gəlib. O, "Paramount Network"ün vestern dram serialı "Yellowstoneda" (Con Dutton rolu) baş rol ifa edərək hal-hazırda TV-də ən yüksək maaş alan aktyor hesab olunur. Variety jurnalının məlumatına görə, Costner 2022-ci ildə "Yellowstone"un 5-ci sezonu üçün epizod başına 1,3 milyon dollar qazanıb. Bu, mövsümün 14 epizodundan ötrü ümumilikdə 18 milyon dollar deməkdir.

# 193 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər