Dövlətdən ev, pul istəmək yaxşıdır, sifariş almaq pis? - Yaradıcı birliklərə böyük sual

Dövlətdən ev, pul istəmək yaxşıdır, sifariş almaq pis? - Yaradıcı birliklərə böyük sual
12 aprel 2022
# 17:40

Azərbaycan Ordusunun şücaəti nəticəsində Vətən müharibəsində Zəfər qazanmağımızın üzərindən il yarımdan çox vaxt keçir. Bu il yarım ərzində müharibə istər siyasi, istərsə də ictimai palitrada kifayət qədər əks olunub. Dövlət başçısı ən ali kürsülərdə, ən mötəbər tədbirlərdə çıxışlarından tutmuş dünya dövlətlərinin prezidentləri, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərinə, o cümlədən sadə insanlarla, yerli və xarici jurnalistlərlə söhbətlərinə qədər hər yerdə, hər dəfə qələbənin əhəmiyyəti, onun hansı çətinliklər və zəhmət bahasına başa gəldiyini deyib, əsgərlərimizin göstərdiyi rəşadətdən, Azərbaycanın böyük müharibəyədək keçdiyi yoldan danışıb.


Media Vətən Müharibəsində və sonra

İnsafən bu il yarım ərzində media da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Ölkənin böyük televiziya kanalları, agentliklərilə yanaşı saytlar, qəzetlər, hətta həvəskar “Youtube” kanalları belə müharibəyə, daha doğrusu Zəfərə öz töhfələrini veriblər. Bu il yarım ərzində kanallarda hərbi əməliyyatların gedişatından bəhs edən, şəhid və qazilərin şücaətini anladan verilişlər hazırlanıb, sənədli filmlər çəkilib, azad edilmiş ərazilərdən bəlkə yüzlərlə reportaj efirə verilib, düşmənin əbədi və əzəli torpaqlarımızı saldığı acınacaqlı durum – vəhşət – ən azından video-fakt kimi sənədləşdirilib. Müharibədən, azad olunmuş ərazilərimizdən saysız-hesabsız reportajlar yazılıb, şəhid və qazilərimiz haqqında oçerklər, portret məqalələr ərsəyə gəlib. Bu yolda media öz qurbanlarını da verib. Hələ ildönümləri tamam olmayan, “AzTV”-nin operatoru Sirac Abışovla, “AzərTac”ın müxbiri Məhərrəm İbrahimov ötən il iyunun 4-də Kəlbəcərdə çəkiliş zamanı şəhid olublar.

APA İnformasiya Agentliyi olaraq da bu istiqamətdə xeyli işlər görmüşük. Vətən müharibəsi bitəndən qısa müddət sonra, əməkdaşımız, yazıçı Mirmehdi Ağaoğlunun azad olunmuş ərazilərə səfərləri nəticəsində yazdığı reportajlar toplusu “Zəfər izi ilə” adı ilə kitab şəklində çap edilib. APA TV-nin şəhidlərin həyatından bəhs edən, hələ Vətən müharibəsi başlamamışdan qabaq hazırlanan “Ocaq əmanəti” layihəsi efirə gedib, “Müharibə və oyun” adlı qısametrajlı sənədli film ərsəyə gətirilib, onlarla qazi APA TV-yə dəvət edilərək Vətən müharibəsi zamanı göstərdikləri şücaətlərini “Əsgər gündəliyi” verilişində bölüşüblər.

Bunlar təkcə bu gün üçün deyil, gələcəyin, on illər sonranın nəsilləri üçün və ən əsası Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq itməsin, unudulmasın deyə lentə köçürülüb. Çünki media olaraq bilirik ki, öz qəhrəmanlıqlarımızdan, şücaətimizdən, igidlərimizin dünyada tayı-bərabəri olmayan Şuşa fəthindən bəhs etməsək, yazmasaq, göstərməsək, heç kəs bizim yerimizə bunları yazmayacaq, çəkməyəcək, göstərməyəcək: nə “New-York Times”, nə “Le-Monde, nə BBC, nə CNN, nə də bir başqası.

Vətən Müharibəsi ədəbiyyatda

Bəs görəsən ədəbi-mədəni palitrada vəziyyət nə yerdədir? Qələbəmiz şairlərimizin qəlbindən süzülüb varağa köçübmü, şəhid və qazilərimizin şücaəti teatrlarımızın səhnəsində canlandırılıbmı, oğul, qardaş, ər, ata timsalında şəhid itkiləri, ağrıları, acıları nəğməyə, balladaya, muğama, təsnifə çevrilibmi, Poladlarımızın, Şükür Həmidovlarımızın, Xudayarlarımızın, Cəbrayıllarımızın “dastana dönən” qəhrəmanlıqları aşıqlarımızın sazlarında dastana dönə bilibmi? 44 günlük misli görünməmiş müharibənin topunun, gülləsinin, mərmisinin, tankının, təyyarəsinin, “Bayrakdar”ının səsi tanınmış bir bəstəkarımızın simfoniyasında, yaxud oratoriyasındamı pianonun, skripkanın, kontrabasın, fleytanın, qaboyun səsinə çevrilib Filarmoniyanın, Opera və Balet Teatrının səhnəsini lərzəyə gətiribmi? Rəssamlarımız kətanlarını kiçik müharibə meydanına çevirə biliblərmi, heykəltəraşlarımız qələbənin ehtişamını, gücünü mərmərin, qranitin gücü ilə birləşdirə biliblərmi?

Adam istəyir, fikirləşmədən bircə kəlmə desin: YOX.

Görək, bu il yarım ərzində ədəbi-mədəni mühitdə Vətən müharibəsindən bəhs edən hansı sənət nümunəsi ərsəyə gəlib? Varsa hansılardır, yoxdursa, olmamağının səbəbi nədir?

Təbii ki, hər hansı bir hadisənin, xüsusən əgər o bir neçə nəslin yaddaşında əbədi yara buraxan müharibədirsə müəyyən zaman kəsimi, illər, on illər, qərinələr keçməlidir ki, təsəvvürlər cəmiyyətin, xalqın təfəkküründən süzülüb oturuşsun. Yalnız bundan sonra bu mövzuda təqdirəlayiq əsər, lap yeri gəlsə şedevr yazıla, çəkilə, bəstələnə bilər. Bu qayda bir çox hallarda belədir. Lakin onu da nəzərə alaq ki, əsrimiz sürət əsri, dövrümüz internet, yeni texnologiyalar, sosial media, yeni trendlər, axtarışlar, kəşflər dövrüdür. Bu dövrdə hadisələr seli anbaan bir-birini əvəz edir, tezcə də özüylə gətirdiyi ovqatla birgə unudulur, tarixin yaddaşına qovuşur. Ötən əsrlərlə müqayisə eləsək indi yazmaq, çəkmək, göstərmək üçün əlimizin altında saysız vasitələr var ki, onlardan faydalanaraq nəinki ənənəvi, hətta modern, avanqard əsərlər yaratmaq mümkündür. Bu baxımdan yanaşdıqda Vətən müharibəsinin üstündən nəinki il yarım, hətta bir gün belə keçəndən sonra da nəsə yaratmaq mümkün idi. Heç nəyi yox, təkcə Vətən müharibəsi zamanı iştirakçıların özlərinin çəkdikləri videolar əsasında möhtəşəm bir film ərsəyə gətirmək olardı.

Bəli, “OLARDI”. Təəssüf ki, ortada heç nə yoxdur. Əlbəttə istisnalar həmişə var. Bu baxımdan Elşad Baratın timsalında şəhidlər haqqında yazılan şeirləri, tanınan və tanınmayan ayrı-ayrı yazıçıların hekayələrini, “TEAS Press” nəşriyyatının 44 yazıçıya müharibə mövzusunda hekayə sifariş verib, sonra çap etdiyi “44 fəsil” kitabı, Rusiyada yaşayan həmyerlimiz İlqar Kamilin Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyatından bəhs edən “Polad necə bərkidi” əsəri, yazıçı Azad Qaradərəlinin şəhid Cəbrayıl Dövlətzadənin qəhrəmanlığından bəhs edən “Cəbrayıl əfsanəsi” romanını, Şərif Ağayarın qəhrəman polkovnik Raquf Orucovun həyatından bəhs edən “Komandir” romanını, “TEAS Press”, “Qanun”, “Mücrü” və başqa nəşriyyatların şəhidlərin həyatından bəhs edən kitablarını qeyd eləmək olar.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor Tahir Tahiroviçin türkiyəli həmkarları ilə müştərək hazırladığı “Fulya” sənədli filmi çəkilib.

Hə, bir də yadımıza düşmüşkən, Vaqif Mustafazadənin çəkdiyi “Fəryad 2” yaxud “Həyat deyəsən gözəldir” filmini qeyd etmək olar ki, təəssüf, hələ ekranlara çıxmayıb.

Heykəltəraşlıq sahəsində də müəyyən işlər görülüb, gənc tişə ustaları Vətən müharibəsi qəhrəmanlarının büstlərini hazırlayıblar və mətbuata əks olunan təəssürat budur ki, təşəbbüs heç kəsdən gəlməyib, məhz heykəltəraşların vətənpərvərlik hisslərindən doğulub.

Əlbəttə bizim araşdırmamızda adını çəkməyi unutduğumuz və ümid edirik müəlliflərinin bu unutqanlığımızı məzur görəcəyi başqa sənət nümunələri də var ki, onlar belə ədəbi-mədəni palitranı rəngarəng eləməkdə, onu bozluqdan çıxarmaqda acizdir.

Dövlətdən ev, pul, ad istəmək yaxşıdı, sifariş almaq pis?

Söz yox, direktivlə sənət yaranmaz. Heç bir halda sənət adamının qarşısına “bunu yaz”, “bundan çək” öhdəliyi qoymaq olmaz. Bir şərtlə ki, həmin sənət adamı da dövlətdən nəsə güdməsin, gecə-gündüz qaranquş balası kimi ağzını açıb dövlət anadan fəxri ad, ev, orden, medal, ən axırda da Fəxri xiyabanda dəfn olunmağı ummasın, dövlətdən heç bir qrant, tender filan olmadan, əvəzsizcə maliyyələşən yaradıcı qurumlarda təmsil olunmasın.

Yox, əgər sənət adamının umacağı olursa, təmsil olunduğu qurum bazar iqtisadiyyatı dövründə özü özünü saxlamaq yerinə vətəndaşların vergisi hesabına formalaşan büdcədən ayırma ilə zor-xoş ayaq üstə durursa, o zaman dövlətin də, elə yeri gələndə vətəndaşın da sənət adamından gözləntisi, tələbi yaranır ki, HANI SƏNİN ƏSƏRİN? Hanı sənin “Bizim Cəbiş müəllim”in, “Uzaq sahillərdə”n, “Mən ki gözəl deyildim”in, “Şərikli çörək”in, “Ölsəm, bağışla”n, “Ana və poçtalyon”un, “Ananın öyüdü”n, “Şəfqət bacın”, “Mənə belə söylədilər”in, “Leninqrad göylərində”n, “Buz heykəl”in, “İnsanın taleyi”n, “Gözlə məni”n...

Kimsə zirəklik edib deyə bilər ki, bunlar Sovet dövründə qaldı. O vaxt mədəniyyət də dövlətin nəzarətində idi və bütün bu sənət nümunələri dövlətin birbaşa sifarişi və nəzarəti hesabına ərsəyə gəlirdi. Heç kəs bu faktı danmır. Bir halda ki, söhbət Sovet dövründən düşür, birini də biz deyək: məhz mədəniyyət sahəsini nəzarətdə saxlamaq üçün ötən əsrin 30-cu illərində dövlət yazıçılardan, rəssamlardan, bəstəkarlardan ibarət müxtəlif ittifaqlar yaratmışdı. Ta SSRİ dağılana qədər də bu qurumlar dövlətin qoyduğu direktivlər əsasında hərəkət edir, çox kiçik istisnalarla bu tələbləri poza bilirdilər.

Müstəqillik qazanandan sonra ya zəlzələdən, ya vəlvələdən postsovet ölkələrinin bir çoxunda bu ittifaqların dövlətlə iş birliyinə son verildi. Nəticədə onların bəziləri müstəqil birlik formasında fəaliyyətlərini davam etdirdilər, bazar iqtisadiyyatının rəqabətinə dözə bilməyənlər isə rudiment kimi yox olub getdilər.

Vətən Müharibəsindən yazmaq üçün neçə il gözləməliyik?

Bizdə hər şey bir qədər fərqli davam etdi. Sovet mədəniyyətinin patriarxları ciddi-cəhdlə bu qurumların qalmasının vacibliyini vurğuladılar, dövlət də onların sözünü dinlədi və bu 30 il müddətində Sovet dövründə olduğu kimi öz fəaliyyətlərini davam etdirdilər, indiyə qədər onlara dövlətdən vəsait ayrıldı, birlik üzvlərinə fəxri adlar, müxtəlif imtiyazlar təqdim edildi. Nəticədə nə baş verdi? Azərbaycan bütün sahələrdə yeniləndi, yeri gələndə dünya ilə ayaqlaşmağa çalışdı, təkcə ədəbiyyat-mədəniyyət və onun idarəetməsi sahəsində ötən əsrin 30-40 illərində tətbiq edilən qaydalar bu qurumların və onlara dövlətin münasibəti timsalında öz varlığını qoruyub saxladı. Maraqlıdır ki, bunu dövlətdən çox məhz həmin qurumlar özləri istədi.

Lap yaxşı. Buna bir söz demirik. Onsuz da dəfələrlə şahidi olmuşuq, gənc, yenilikçi sənət adamları hər dəfə bu mövzuya toxunanda, mövcud ədəbi-mədəni idarəetmənin müasir menecmentin tələblərinə cavab vermədiyini vurğuladıqda balaca uşaq kimi ağızlarının üstündən vurulublar deyə, indi nəsə demək lüzumsuz görünər.

Sualımız başqa istiqamətə yönəlib. Axı bu qurumların sələfləri Sovet dövründə sənətin müxtəlif sahələrində bir-birinin ardınca gözəl əsərlər yaradırdılar? Böyük Vətən müharibəsi zamanı şairlər, yazıçılar, rejissorlar, musiqiçilər cəbhə-cəbhə dolaşır, gördüklərindən ilhamlanır, necə deyərlər, qələmə söz verirdilər.

Konstantin Simonov məşhur “Gözlə məni” şeirini müharibənin ilkin dövründə (1941) yazmışdı.

Səməd Vurğun “Ananın öyüdü” şeirini 1941- ci il iyun ayının 23- də Böyük Vətən müharibəsi başlayandan bir gün sonra yazıb, ertəsi gün qəzetdə çap etdirmişdi.

Müharibə zamanı hərbi reportyor kimi də çalışan Ənvər Məmmədxanlı “Buz heykəl”i 1944-də yazmışdı.

Və yaradıcılıq təkcə şeirlə-nəsrlə yekunlaşmırdı. O dövrdə qələmə alınan şeirlər, hekayələrlə yanaşı filmlər çəkilir, tamaşalar səhnələşdirilir, mahnılar yazılır, bəstəkarlar simfoniyalar bəstələyir, heykəltəraşlar abidələr yonur, rəssamlar əsərlər çəkirdilər.

Əgər xronologiya aparsaq yaddaşlarımızda iz salmış bu nümunələrin çoxu məhz müharibə zamanı yaranıb, özü də od-alovu Bakıdan minlərlə kilometr uzaqda olan müharibə zamanı. Bəs mərkəzi bağrımızda olan, Bakının 300 kilometrliyində yaşanan Vətən müharibəsi zamanı niyə bu cür əsərlər yazılmadı?

Bu qədər qəhrəmanın filmi hanı?

Birinci Qarabağ müharibəsindən sonra çəkilən filmlər barmaqsayıdır. Amma müqayisə etsək, heç onlar da sovet dövründə çəkilənlərlə eyni çəkidə götürülə bilməz. Bunu biz demirik, xalqın yaddaşına, dilinə hopmuş o filmlərdən qalan deyimlər, aforizmlər, ifadələr, məsəllər deyir.

Əgər qəhrəmanlığa qalsa, İkinci Qarabağ müharibəsi dövründə yüzlərlə igid Azərbaycan oğlunun şücaəti, qəhrəmanlığı haqqında eşitdik. Onlardan bircəciyinin həyat hekayəsi lentə alındımı? Mədəniyyət Nazirliyi bu qəhrəmanlar haqqında filmlərin çəkilməsi üçün hansı təşəbbüsü göstərib? Yalnızca bir neçə şəhid barəsində internetdən anlayan məktəblinin beş dəqiqənin içində düzəldə biləcəyi səviyyədə “YouTube” videoları çəkib onu bəh-bəhlə tirajlamaqla kifayətlənmək işdir? Yaxşı, deyək ki, normal bir filmin ərsəyə gəlməsi üçün azı bir il vaxt lazımdır və bu da əziz-giramimiz, Vaqif Mustafayevə həvalə olunmuş “Fəryad 2” filmidir. Qoy təqdim olunsun, ondan sonra haqqında danışarıq.

Amma söhbət təkcə son il yarımdan da getmir axı. Niyə igidliyi ölkəmizin hüdudlarını aşan Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilməyib? Axı onun şəhidlik məqamına ucalmasından 12 il ötüb! Məgər 12 il film çəkmək üçün belə azdır, bir igidin ömrüdür. Mübarizin həyatında qəhrəmanlıq axtarırsızsa qəhrəmanlıq var, şücaət axtarırsızsa var, romantika axtarırsızsa var, hadisə axtarırsızsa var, aksion axtarırsızsa o da var. Bircə bunları ssenariləşdirmək və çəkmək qalır ki, o yoxumuzdu. Nə vaxta kimi Mübariz haqqında türk seriallarındakı kiçik kadrlarla ovunacağıq? Nə vaxta qədər?! İndi Bakını qurum-qurum dolaşıb müavinət tələb edən Dilqəmlə Şahbazdan “Üçüncü günün adamı” filmini çəkdirən nazirliyin yadına niyə bu vaxta qədər Mübariz düşməyib?

Generalı şəhid olan ordu niyə “Cənab leytenat” oxuyur?

Söhbətin mövzusu orduya yönəlmişkən, marşlarımızdan da danışmaq pis olmazdı. Orduda ruh yüksəkliyi yaratmaq üçün marşdan yaxşı nə var? Adam “Mehtər marşı” ilə dünyanı alma kimi salxımından qoparar, necə ki, babalarımız edirdi.

Deyək ki, Birinci Qarabağ müharibəsindən məğlub kimi ayrılmışdıq, belə məqamda əsgərləri qəhrəmanlığa səsləyən marşların yazılması yerinə düşməzdi, halbuki bəlkə də ordumuza ən çox Birinci və İkinci Qarabağ müharibələrinin arasındakı dövrdə ruh yüksəkliyi aşılayan marşlar gərək idi. İkinci Qarabağ müharibəsi də bitib, Zəfər də çalmışıq, amma əsgərlərimiz hələ də “Əsgər marşı”nın, “Salamat qal, ana”nın, “Cənab leytenant”ın sədaları altında addımlayırlar, on il, iyirmi il əvvəl olduğu kimi. Halbuki Vətən müharibəsinin artıq Polad Həşimov kimi general qəhrəmanı da, sağlığındaykən Milli Qəhrəman adını qazanan, şəhid polkovnik Şükür Həmidovu da var. Cənablar, xanımlar, leytenantdan polkovnikə, generala keçməyin vaxtı çatmayıbmı? Bir halda ki, bizi qələbəyə səsləyən də öz ölümü ilə general olmuşdu, niyə onun marşı yazılmasın, niyə bundan sonra müzəffər Azərbaycan Ordusunun əsgəri şərti adı “Cənab general” olan bir mahnının sədaları altında dabanlarını vuraraq yeri-göyü titrətməsin?

Bu 30 il ərzində əsgəri yetişdirib bu ellərə göndərən, bu torpağa qurban deyib Allaha ismarlayan “Əsgər marşı”ndan savayı bir marş yarandımı? Yaranmağı əlbəttə azdır, yayıldı, yaddaşlara qazıldımı? Necə olur ki, Cavanşir Quliyevin yazdığı hərbi mahnını, uşaq da, qoca da, qadın da, qız da əzbər bilir, amma sizin yazdığınız marşlardan (əgər varsa!) heç kəsin xəbəri yoxdur! O zaman haqlı olaraq sual yaranır: 30 il boyu bu dillər əzbəri marşın müəllifi Cavanşir Quliyev küskün düşüb ən gözəl yaradıcılıq periodunu Vətənindən kənarda keçirirkən dövlətin hər cür imtiyazından yararlanan bəstəkarlarımız nə işlə məşğul idilər? Bu yerdə uman yerdən küsməzlərmi, küsərlər.

Ən acınacaqlı tərəfi odur ki, bu illər ərzində bəhs etdiyimiz sahəyə birbaşa məsul olan Müdafiə Nazirliyinin nəzdindəki Hərbi Orkestr də dəyərli bir marş nümunəsi üzə çıxarmayıb. Halbuki haqlı olaraq deyildiyi kimi son əsrlər ərzində Azərbaycan xalqının qazandığı, misli görünməmiş Zəfər elə özünə layiq də marşlarla tərif edilməli idi ki, qoy onun sədaları altında addımlayan əsgərlərimiz bundan sonra daha mətin, daha cəsur olsunlar.

Bəyənmədiyiniz meyxanaçılar, bir də Şəbnəm Tovuzlu

Ən absurdu da bilirsinizmi nədir? Vətən müharibəsində bir bəstəkar tapılmadı ki, 50 il əvvəl “Bizim Cəbiş müəllim” üçün yazılmış bir meyxana səviyyəsində marş yazsın ki, əsgərlərimiz “Çağırsa ellər gedərəm davaya”nı oxuyaraq yox, o marşın sədaları altında ölümün gözünün içinə dik baxaraq irəliləsinlər.

Meyxana demişkən, Vətən müharibəsi zamanı da ən operativ, anında reaksiya verənlər də çox vaxt ağız büzdüyümüz meyxanaçılar oldu. Hətta aralarından bəziləri imkan tapıb meyxanalarına klip də çəkdirdilər. Bunlar bir yana, illərdir dövlətin himayəsi ilə yaşayan və bunun vacibliyini vurğulayan Bəstəkarlar İttifaqı müharibə dövründə Şəbnəm Tovuzlu qədər də çalışmadı. Şəbnəm müharibə gedə-gedə mahnı da yazdı, klip də çəkdirdi, populyarlıq da qazandı, Bəstəkarlar İttifaqı isə susdu. Dövlətin ad verdiyi xalq artistləri isə mumladılar. Qəribədir ki, soruşsalar Vətən müharibəsi səs olaraq kimin ifası ilə yadda qaldı, ilk növbədə şəhid Xudayar Yusifzadənin ifası xatırlanır. Ruhuna acıq getməsə deyərsən ki, Vətən uğrunda döyüşüb şəhid olan da Xudayar oldu, Vətənin şəninə nəğmə qoşan da.

Hanı bizim Zəfər simfoniyamız?

Əcəba, bu nəğməkar, gülərüz oğlanın xatirəsini yaddaşlarda daha da möhkəmləndirmək üçün onun barəsində opera yazılsaydı necə olardı? Haqqında opera yazılmağa haqq etmirmi, edir. Hələ bu ideya sadəcə bir neçə saatın içində, bu yazının yazılması prosesində bizim ağlımıza gəlibsə, gör bu sahənin peşəkarlarının ağlına hansı ideyalar gələr. Lakin gəlin görək Opera və Balet Teatrı nə işlər görür? Səhnəsində hansı yeniliklər var: “Koroğlu”, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Traviata” və daha nələr, nələr, min ilin əsərləri, amma müasirlikdən, çağdaşlıqdan, dövrün ab-havasından heç nə yox.

“Nəsimi ili”ndə Afət Fərmanqızı, “Şuşa ili”ndə kim?

Bəlkə mövzudan kənara çıxırıq, amma yeri gəlib, dərdlərimiz təzələnmişkən o da deyilməlidir ki, “Nəsimi ili” elan olunanda da dövlətin bu tapşırığını icra etməli olan qurumlar, çırmanıb çayı keçənə qədər, əlaqədar qurumlar hay edib yerli sənətkar da yox, xaricdə yaşayan həmyerlimizin sayəsində Nəsimiyə kompozisiya həsr edənə qədər, nə bir fəxri adı, nə dövlət tərəfindən verilmiş evi olan Afət Fərmanqızı Nəsiminin qəzəlinə mahnı yazdı və xalqın yaddaşında da “Nəsimi ili” daha çox elə həmin mahnı ilə qaldı, toylarda da bəh-bəhlə oynanıldı.

Yəni deməyimiz odur ki, pis-yaxşı sənət yaranır və xalq da dinləyirsə, tanıyırsa, o da dövlətin himayəsində olan yaradıcı qurumlardan kənar bir çevrədə, aləmdə baş verir.

Bu il isə “Şuşa ili” elan olunub. Hələlik hər iki cəbhədə sakitlikdir, dövlətdən hər cür imtiyaz alanların cəbhəsində də, sponsorları hesabına həyat sürən müğənnilərin cəbhəsində də. Amma kim deyir ki, günü sabah hansısa Şəbnəb Şuşaya aid bir mahnı yazıb xalqın könlünü fəth etməyəcək? Yazsın, qazansın, ona sözümüz yox, ancaq bəs bu işin həvalə edildiyi əlaqədar təşkilatlar? Artıq ilin dördüncü ayını geridə qoymaqdayıq. Mədəniyyət Nazirliyi, yaradıcı birliklər bu ildə hansı işləri görəcəklər? Şuşaya gedib Cıdır Düzündə şəkil çəkdirəcəklər, yoxsa kababdan yeyib İsa bulağının suyundan içəcəklər?

Yazıçılar Birliyi, eyni küçədə onunla qonşu olan Bəstəkarlar İttifaqı nə iş görür, planları nədir? Hanı Şuşada keçiriləcək tədbirlər, yeni ideyalar? Əgər söhbət Xarıbülbül Festivalından, Vaqif Poeziya günlərindən gedirsə, onları bu təşkilatlar təşkil etməyib.

Kətanda axtarıb tapa bilmədiyimiz Qələbə

Əlbəttə bu şikayətləri bir qədər də uzatmaq olar. Məsələn, niyə bu yarım ildə bir dəfə Rəssamlar İttifaqı tanınmış üzvlərindən bir neçəsini azad olunmuş ərazilərə göndərmədi ki, onlar da ermənilərin yerlə-yeksan etdikləri şəhərləri, qəsəbələri, kəndləri kətana köçürsünlər? Niyə qoltuğunda molberti azad edilmiş ərazilərin dağını-dərəsini dolaşan əsrimizin Səttar Bəhlulzadəsini görmədik? Əgər dünya şöhrətli fotoqraf Rza Deqati bunu edə bilirsə də Rəssamlar İttifaqı əlində olan geniş imkanlarla özünün iki rəssamı üçün də icazə ala bilərdi, onlar da gedib lap elə 30 il sonra Kəlbəcər çobanlarının, arıçılarının doğma yurdlarına qayıdışını çəkərdilər.

Onun yerinə biz nə qədər gənc fotoqraf gördük ki, azad olunmuş ərazilərə getmək, orada çəkiliş etmək üçün dəridən-qabıqdan çıxdılar, onlara icazə verilmədi. Halbuki azad olunmuş ərazilərdə müvafiq qurumların səhlənkarlığı üzündən bu il yarım müddətində dəmiryığan da gördük, icazəsiz o ərazilərə keçən “at oğrusu...”

Siz niyə pyes tapa bilmirsiniz, teatrlar?

Bəs teatrlarımız? Bu il yarım ərzində Vətən müharibəsinə həsr olunmuş hansı yaddaqalan tamaşanı nümayiş etdirdilər? Deyək ki, pandemiya səbəbindən ötən ilin payızına qədər teatrlar tamaşa nümayiş etdirə bilməzdilər, əvəzində kiməsə müharibə mövzusunda pyes sifariş verib, onun məşqlərini də etmək olmazdımı? Əgər teatr zamanın güzgüsüdürsə nə vaxta qədər teatrlarımızın səhnəsində yalnız klassiklərin əsərləri oynanılacaq? Niyə müasir əsərlər sifariş verilmir, gənc dramaturqlar dəvət edilmir? Axı bu teatrların işığının puluna qədər dövlət ödəyir? Olmazmı ki, onlar da özlərində təpər tapıb illərdi davam edən qəflət yuxusundan oyansınlar, zamanın ruhunu duysunlar, çıxsınlar köhnəliyin nimdaş pencəyindən, yeni-yeni əsərlər səhnələşdirsinlər?

Əlbəttə, yenə də uzaqlardan uğultuyabənzər bir səda eşidilir: “Böyük qayıdış” film müsabiqəsi təşkil olundu, indi də Şuşaya həsr olunmuş pyes müsabiqəsi keçirilir.

Bəlkə daha başqa eventlər də təşkil olunur, xəbərimiz yoxdur. Amma nədənsə adam elə gəlir ki, bu müsabiqələr gerçəkdən Vətən müharibəsini sənətin yaddaşına həkk etmək üçün deyil, hansısa dövlət sənədinin boş qrafasını doldurmaq üçündür.

Müsabiqə demişkən, son vaxtlar yeni trend yaranmaqdadır. Müsabiqə keçirənlər elan edirlər: layiqli hekayə tapmaqdıq, yaxşı ssenari yoxdur, indiki bəstəkarlar köhnələrin yerini vermir. Bəlkə də haqlıdırlar, müsabiqələrə təqdim olunan sənət nümunələri olduqca bayağı, dayazdır. Lakin bunun günahkarı da ictimai qurumlardır, dövlətin mədəniyyət sahəsindən məsul nazirliyidir. Əgər keçmişi araşdırsaq görərik ki, Sovet dövründə dövlətin və bu yaradıcı qurumların dəstəyi ilə hər il Qorki adına Ədəbiyyat İnstitutunda, VQİK-də, Vera Muxina adına Leninqrad Ali İncəsənət Akademiyasında, Repin adına Rəssamlıq, Heykəltəraşlıq, Memarlıq İnstitutunda, V.İ.Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunda, Rusiya Rəssamlıq Akademiyasında, Moskva Konservatoriyasında oxumağa onlarla gənc tələbə göndərilirdi. Onlar da gedib həmin təhsil müəssisələrində bilik və bacarıqlarını artırır, sonra qayıdıb ölkənin mədəniyyət sahəsinə fayda verirdilər. Təəssüf ki, bizim yaradıcı qurumlar müstəqillik qazanandan sonra öz sələflərinin dövlətdən subsidiya almaq funksiyasını saxladılar, lakin xaricə təhsil üçün, biliklərini inkişaf etdirmək üçün nə yazıçı göndərdilər, nə bəstəkar, nə aktyor, nə də rəssam. Gedənlər də yalnız öz şəxsi təşəbbüsləri hesabına bu işi həyata keçirdilər.

O zaman nə etməli?

Əgər bu qurumlar müasir sənət menecmenti qaydalarına zidd şəkildə, ümumi rifaha söykənən çağdaş dövlət-sənət münasibətlərini mənimsəmədən, sovet dövründə olduğu kimi dövlətdən dəstək istəyərək yaşayacaqlarsa, o zaman elə sovet dövründə olduğu kimi buyursanlar, xalqın gözləntilərini doğrultsunlar. “Bizim Cəbiş müəllim”, “Mən ki gözəl deyildim”, “Ana və poçtalyon”, “Ananın öyüdü” səviyyəsində yaddaşlarda qalan, dəyərli əsərlər ortaya qoysunlar, yox bunu etməyəcəklərsə dövlətdən də imtiyaz güdməsinlər.

Hər kəs də dərdinə özü çarə olsun.

APA Təhlil Mərkəzi

# 4390 dəfə oxunub

Müəllifin son yazıları

# # #