Tennis tarixinin ən nüfuzlu simalarından Billi Cin Kinqin həyat və mübarizəsini əks etdirən yeni sənədli film tamaşaçılara təqdim olunub.
Kulis.az xəbər verir ki, "Give Me The Ball!" adlı ekran işi noyabrın 23-dən “Disney+” platformasında beynəlxalq yayıma başlayıb.
Film “ESPN 30 for 30” sənədli layihəsi çərçivəsində hazırlanıb.
Rejissorlar Liz Qarbuz və Elizabet Vulf Kinqin idman karyerasını, qadınların idmandakı hüquqları uğrunda mübarizəsini və cəmiyyətə təsirini araşdırıblar. Sənədli filmdə onun “Battle of the Sexes” adlı məşhur tennis qarşılaşması, bərabər mükafatlandırma uğrunda təşəbbüsləri və qadın tennisinin inkişafındakı rolu geniş yer tutur. Arxiv görüntüləri, müsahibələr və müxtəlif dövrlərə aid materiallar vasitəsilə idmançının həyatının fərqli mərhələləri canlandırılır.
Billi Cin Kinq yalnız qazandığı titullarla deyil, idmanda gender bərabərliyi uğrunda apardığı mübarizə ilə də tanınır. Buna görə də film onun şəxsi bioqrafiyasından daha geniş mövzunu – idman dünyasında qadınların bərabər imkanlar əldə etmək üçün keçdiyi yolu əhatə edir.