Qarabağın tacı Şuşa...

Qarabağın tacı Şuşa...
9 noyabr 2020
# 15:20

Kulis.az Aybəniz İsmayılovanın “Qarabağın tacı Şuşa” adlı yazısını təqdim edir.

Ürəyimiz bu günlərdə Şuşayla döyünür. Qarabağın cövhəri, tacı Şuşayla.

Şuşa, niyə Qarabağın döyünən ürəyidir? Niyə hamı Şuşanın işğaldan azad ediləcəyini daha səbirsizliklə gözləyir? Şuşa barədə xəbərlər niyə qəlbimizi daha çox riqqətə gətirir?

Gəlin bu suallara hamımız cavab verək.

Biz Qarabağda işğal altında olan torpaqlarımızı geri almaqla yanaşı, o torpaqların bizim ümumi yaddaşımızdakı yerini, milli kimliyimizi, tariximizin bu vacib məqamlarını bölüşməkdən usanmamalıyıq.

Şuşa heyrətamiz mənzərələri, qeyri-adi relyefi ilə yanaşı bütün Qarabağın, ümumiyyətlə bütün Azərbaycanın mədəniyyət, incəsənət renessansının vətənidir. Hələ on doqquzuncu əsrdə, Çar Rusiyasında, Qafqazın Bakı, Tiflis kimi böyük şəhərləri administrativ, sənaye şəhərləri ikən, Şuşa sənət, mədəniyyət, incəsənətlə dolub-daşırdı.

O dövrdə Şuşanın ziyalar, şair və yazıçılar, maarifçi və musiqiçilərdən ibarət qaynayan bir mədəni həyatı vardı. Hərəsi bir neçə dil (türk, rus, fars, ərəb, erməni, bəzən hətta fransız) bilən Şuşa ziyalıları müxtəlif ədəbi birliklər təşkil edir, dövrün aktual problemlərini müzakirə etməklə yanaşı, şeirə, sənətə, musiqiyə meydan verir, şəhərin sənət həyatına zənginlik qatırdılar.

Hələ Şuşa Realnı məktəbi açılmamış, inzibati məktəblər olmadan da, Şuşa aristokratiyası öz övladlarını oxudur, onlara fərdi müəllimlər sayəsində dil, riyaziyyat, məntiq, tarix kimi dərslər verilməsinə nail olurdular.

Şuşa Pənahəli xan (baba - Şuşanın təməlini qoymuş xan), İbrahimxəlil xan (oğul) və Mehdixulu xan (nəvə) kimi üç Qarabağ xanının vətənidir. Şuşa eyni zamanda bu ailədən çıxmış iki böyük şairə Ağabəyim ağa (İbrahimxəlil xanın qızı) və Xurşidbanu Natəvanın (Mehdiqulu xanın qızı) vətəni olmaqla yanaşı, bu iki əvəzsiz şairənin ilham mənbəyi, qəlblərinin ən böyük sevgisidir. Məhz Ağabəyim ağanın Qarabağ, Şuşa vəsfləri ilə dolu şeirləri, bayatıları, şairənin Şuşa nisgili, Şuşa həsrəti bu şəhəri gələcək nəsillər üçün müqəddəsləşdirdi. Qürbətə - İran şahına həyat yoldaşı kimi göndərilən və ömrünü qürbətdə başa vuran Ağabəyim ağanın sonsuz kədərini, onun Şuşa həsrətini biz – o insanların nəvə-nəticələri olaraq damarlarımızda, qan yaddaşımızda bir xatirə kimi daşıyırıq. Bizim damarlarımızda Şuşası işğal olunan Mehdiqulu xanın kədəri, Şuşadan didərgin düşən Ağabəyim ağanın həsrəti, Çar generalı Xasay bəy Usmiyevi tərk edib, doğma Şuşasına qayıdan Natəvanın qətiyyəti, arzuları var. Biz hamımız Şuşanın həsrətini bir az da Ağabəyim ağanın yerinə çəkir, Şuşamızın işğal altında olmağına Mehdiqulu xanın yaşadığı kədəri yaşayır, Natəvanın yerinə bir daha Şuşaya qayıtmağı səbirsizliklə gözləyirdik.

Şuşa – həm də bizim üçün Xarıbülbülün torpağıdır, evidir, beşiyidir. Sevgi, fədakarlıq və sədaqət rəmzi kimi bilinən bu çiçəyin də, bizim üçün müqəddəs olması boşuna deyil. Xarıbülbülün özü balaca bir çiçək olsa da, onun kökü dərindən dərindədir. Bu çiçəyin kökü torpağın o qədər dərinlərinə işləyir ki, onu kökündən qoparmağa çalışanda, bu, mümkün olmur. Bu çiçək, bizim o torpaqlara bağlılıq simvolumuzdur. Bizi də nə qədər o torpaqlardan qoparmağa çalışsalar da, bacarmadılar. Çünki kökümüz daima orda idi. Kökümüz daima Şuşada idi.

Biz Şuşanın qayıtmağını ona görə daha həsrətlə, daha yanğı ilə gözləyirdik ki, Şuşasından didərgin düşmüş Üzeyir Hacıbəyovun, Natəvanın, Bülbülün heykəllərini qaytarıb öz müqəddəs yerinə qoyaq və bununla da o heykəllər, o ruhlar qarşısında borcumuzu yerinə yetirək. Şuşasız heç cürə rahatlıq tapmamağımız da bundan idi – bizi yatmağa, dincəlməyə qoymayan o didərgin heykəllərin, didərgin ruhların narahatlığı idi.

Şuşa – bu məqamlara görə daha əzizdir. Şuşanın könlümüzdəki yeri başqadır. Qarabağ necə bizim ürəyimizdirsə, Şuşa da bizim baş tacımızdır.

# 4066 dəfə oxunub

Müəllifin son yazıları

# # #