Qafqazın incisi: Şuşa

Qafqazın incisi: Şuşa
11 noyabr 2020
# 15:02

Qarabağ üzükdürsə, Şuşa onun qaşıdır…

Vətən torpağı sadəcə daşdan, torpaqdan, flora örtüyündən ibarət coğrafi bir məkan deyil. Vətən torpağı insanın soykökü ilə aid olduğu, tarixi bağlılığının olduğu, milli hisslər bəslədiyi müqəddəs ərazidir. Vətənin təbiət gözəlliyi olsa da, olmasa da, fəxr ediləsi mütəfəkkirləri olsa da, olmasa da, insan tərəfindən sevilərək, emosional hisslərlə qəbul edilir. Bu iki faktor, yəni ki, təbiət gözəlliyi və tarixi şəxsiyyətlərin varlığı o ərazini başqaları tərəfindən qiymətləndirərkən əhəmiyyət kəsb edir. Bu baxımdan Şuşa, həqiqətən də, diqqətə layiqdir.

Coğrafi relyef olaraq, “Qartal yuvası”nı xatırladan şəhər görənləri öz füsunkar təbiəti ilə heyran edir. Burada sadəcə Turşsu yaylaqlarını, Səkili bulağını, İsa bulağını, Cıdır düzünü, əsrarəngiz Xarı Bülbülü xatırlatmaq yerinə düşər. Bütün bunlarla yanaşı, Şuşanın dəyərinə dəyər qatan, həm də şuşalı tarixi şəxsiyyətlər, mütəfəkkirlərdir. Təbii ki, Xan qızı Natəvan, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski və adı çəkilməyən onlarla şuşalılar bizim üçün fəxarət mənbəyidir. Lakin Azərbaycanın “musiqi beşiyi” olan Şuşa həm də ölkə sərhədlərindən kənarda da dünyanın mədəni, ictimai tarixinə öz görkəmli şəxsiyyətləri ilə töhvə vermişdir.

Şuşa – sahəsi cəmi 5,5 kvadrat km. olan bu kiçik şəhər Şərqdə ilk dəfə opera müəllifi olan Üzeyir bəyin vətənidir. Hansı Şərqdə? Avropanın sərhədlərindən Çinə qədər bütün geniş Asiyada... Təkcə elə bu təqdimat, bəlkə də, Üzeyir bəyin dahiliyini göstərir, dünya əhəmiyyətli bəstəkar kimi təqdim etməyə yetir...

Şuşa – Zaqafqaziyanın konservatoriyası adlanan bu şəhər Sadıqcanın vətənidir. Sadıq Əsəd oğlu Sadıqcan 1875-ci ildə ilk dəfə tar alətinə yeniliklər əlavə edərək simlərin sayını 6 simdən 11 simə çatdırmış, tarı diz üzərindən sinəyə qaldırmışdır. Bununla da çox əsrlik ortaq Asiya aləti olan tarın diapazonu və texniki imkanları müasir səviyyəyə gəlmişdir. Aydındır ki, hər hansı aləti təkmilləşdirmək müəllifdən öz əsrinə sığmayan böyük peşəkarlıq və virtuoz musiqiçi bacarığı tələb edir.

Şuşa – üç böyük imperiyanın ortasında olan bu şəhər general Səməd bəy Mehmandarovun ata-baba yurdudur. O Mehmandarov ki, Rus-Yapon müharibəsində göstərdiyi igidliklərdən sonra Birinci Dünya müharibəsində Şərqi Sibir briqadasının komandanı təyin edildi. İvanqorod şəhəri alındıqdan sonra, Polşanın Lodz şəhəri uğrunda gedən döyüşlərdə az saylı qüvvə ilə alman general Makenzeni məğlub edərək Şərq cəbhəsində döyüşün gedişatını dəyişdi. Geri çəkilən Antanta ittifaqının digər iki ordusunu isə mühasirəyə düşmək rüsvayçılığından xilas etdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdir.

Şuşa – Türk dünyasının bu incisi Əhməd bəy Ağaoğlunun vətənidir. O Əhməd bəy ki, 1921-ci ildə Atatürk tərəfindən Ankaradakı Mətbuat İnformasiya İdarəsinin (Matbuat ve İstihbarat Umum Müdürlüğü) ilk baş müdiri vəzifəsinə təyin edilir. Anadolu Agentliyinin ilk rəhbəri olur. Parisin Sorbon Universitetinin məzunu olan Əhməd bəy Ankara Universitetinin qurucularından, konkret olaraq Hüquq fakültəsinin isə qurucusu hesab edilir. Ankara Universitetinin Hüquq fakültəsi hazırda Türkiyədə reytinq üzrə ən əsas Hüquq fakültəsi sayılır.

Yuxarıda sadalanan insanlar haqda monoqrafiyalar yazılıb, sənədli filmlər çəkilib. Onların həyat fəaliyyətlərini sətirlərə sığdırmaq olmaz. Burada dəniz səviyyəsindən təqribən 1400 m. hündürlükdə olan kiçik bir şəhərin dünya əhəmiyyətli şəxsiyyətlərinin bir qismi qeyd edildi. Məhz bu xüsusiyyətlərinə görədir ki, Şuşanın mənəvi dəyəri bizim üçün tam başqadır… Məhz bu xüsusiyyətlərinə görədir ki, 28 il ərzində düşmən işğalı altında olan Şuşanı bir çoxlarımız görmədən sevmişik, heyranı olmuşuq…Bizim üçün Qarabağ üzükdürsə, Şuşa onun qaşıdır…

Nəhayət, məqam yetişdi Ali Baş Komandanla xalq “Polad yumruq” kimi bir oldu. Bu birlikdən əmələ gələn iradə ilə 85 minlik Qacar ordusunun bacarmadığını bacardıq. Hava şərtlərinə və relyefin çətinliyinə baxmayaraq Şuşa qalası əsgərlərimizin qanı və canı bahasına fəth edildi. Biz qayıtdıq. Ukraynalı hərbi ekspert Aleksey Arestoviç də heyrətini gizləyə bilmir: “Azərbaycan Şuşanı yerdə, dağlardan döyüşə-döyüşə keçərək, dumanda, uçuşa yararlı olmayan havada, döyüş sursatlarını özləri ilə daşıyan piyada bölmələri ilə qaytardı. Bu, “hər şeyi dronlar elədi” deyənlər üçündür...”

Göründüyü kimi xalqımızla Ali Baş Komandanın birliyi ilə yeni səlnamə yazıldı. Bəlkə də, gələcəkdə Şuşanın işğaldan azad olunmasını Çanaqqala dastanı ilə müqayisə edəcəyik. Bu böyük qələbə haqqında yəqin ki, filmlər çəkiləcək, kitablar yazılacaq, adsız qəhrəmanları tanıyacağıq.

Vətən oğullarımızın uğrunda can verməyə cümlə müştaq olmasının nəticəsində 8 Noyabr 2020-ci il tariximizə qızıl hərflərlə həkk olundu. Yəqin ki, İbrahim Xəlil xanın qızı Ağabəyim ağa bu günləri görsəydi, öz nisgilli misralarını kiçik dəyişikliklə zümzümə edərdi:

Vətən bağı al-əlvandır,
Var içində Xarı Bülbül…

Afərin Əkbər

# 4451 dəfə oxunub

Müəllifin son yazıları

# # #