Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri

Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
26 yanvar 2021
# 17:29

Kulis.az Natiq Əlisoyun şeirlərini təqdim edir.

Salam de

Dağların çağlayan, gözəl vaxtıdır,
Çiçəyə, güllərə məndən salam de.
Buludtək səmadan ötən xəyalım,
Çaylara, göllərə məndən salam de.

Demə ki, bu hicran yalandır, yalan,
Zamandır araya ayrılıq salan.
Ömürdən ötüşüb, keçmişdə qalan,
Aylara, illərə məndən salam de.

İllərdir cığırın, yolun itirən,
Mənbəyin dağlardan süzüb götürən.
Coşanda döşündə qaya gətirən,
Kükrəyən sellərə məndən salam de.

Oyatma qoy görüm xoşbəxt günləri,
Dolaşım yuxuda doğma elləri.
Təbiət qoynunda gəzib çölləri,
Dəlisov yellərə məndən salam de.

Bir gün də yaşamaz dərindən qanan,
Özünü vətənsiz vətəndaş sanan.
Yad qərib zindanda, susundan yanan,
Alışan dillərə məndən salam de.

Solmaz bir çiçəkdir qəlbimdə bitən,
Namusum, qeyrətim Vətəndir, Vətən.
Qızların abırın, ismətin örtən,
O siyah tellərə məndən salam de.

El-oba içində təmiz niyətli,
Hər zaman, hər yerdə mədəniyyətli.
Namusun qoruyan Nigar qeyrətli,
Qırx incə bellərə məndən salam de.

Şeirdən, qəzəldən, sözdən-söz açan,
Ovçular əlindən ürkərək qaçan.
Marallar oynayan, kəkliklər uçan,
Ceyranlı çöllərə məndən salam de.

Natiqəm demirəm nə küs, nə barış,
Dərdimi tək bircə dağlara danış.
Ey könül Vətəni gəz qarış-qarış,
O qərib ellərə məndən salam de.


Ömrümüz

Divarları qalaq-qalaq hörüldü,
Hissə-hissə parçalandı ömrümüz.
Ləngər verdi sağa-sola oynadı,
Yüyrük kimi yırğalandı ömrümüz.

Dərd dil açdı sinəmizdə danışı,
Həyat bizə dərs keçməyə çalışdı.
Bəxtəvərlik içimizdə alışdı,
Alov tutdu, alovlandı ömrümüz.

Vicdanımız yandı, söndü kül oldu,
Ürəyimiz əsir oldu, qul oldu.
Qismətimiz gedər-gəlməz yol oldu,
Qarət oldu, yağmalandı ömrümüz.

Yol çəkməkdən gözlərimiz kor oldu,
Yalan üstə yalan həyat quruldu.
Adımıza hər cür ləkə vuruldu,
Möhürləndi, damğalandı ömrümüz.

Zəli kimi damarlardan qan sorub,
Sətir-sətir cümlə qurub, söz qurub.
Kişilikdən, ədalətdən dəm vurub,
Yozulduqca mənalandı ömrümüz.

Əsəb vurdu çatmalandı qaşımız,
Saç ağardı ötdü, keçdi yaşımız.
Qayalara çırpıldıqca başımız,
Çat-çat oldu, paralandı ömrümüz.

Yoxa çıxdı zaman-zaman həqiqət,
Əlisoyam nə ad qaldı, nə hörmət.
Nə yaxşılıq, nə insanlıq, nə qiymət,
Milyon yerə haçalandı ömrümüz.

Bəxtimə

Bəlkə də çoxları qəribə baxır,
Mənim od içində yanan bəxtimə.
Sualsız, cavabsız, səssiz, səmirsiz,
Tənhalıq içində qalan bəxtimə.

Həyatın acısın doyunca, yedim,
Bilmədim neynəyim, hayana gedim.
Ağlaya-ağlaya əlvida dedim,
Eşqimi əlimdən alan bəxtimə.

Günəştək parladım, şimşəktək çaxdım,
Özümü çox oda, çox közə yaxdım.
Uşaqtək çəkildim kənardan baxdım,
Məni qəm oduna salan bəxtimə.

Gözümnən qəlbimə süzüldü yaşlar,
Titrədi qayalar, titrədi daşlar.
Yel əsdi, gün çıxdı, yağdı yağışlar,
Qismətsiz, talehsiz olan bəxtimə.

Oxudum, oynadım tarsız, kamansız,
Hisslərim yaşadı cismimdə cansız.
İnana bilmədim vaxtsız, zamansız,
Gül kimi saralıb, solan bəxtimə.

Dünyadır

Aldanma dünyanın şirin dilinə,
Bu dünya əzəldən yalan dünyadır.
Əzizim həyatda kim olursan ol,
Sonda öz külüngün vuran dünyadır.

Axtarır, arayır gözləri gəzir,
Birini yaşadır, birini əzir.
Nə alim, nə nökər, nə xan, nə vəzir,
Şahı öz taxtından salan dünyadır.

İnsan oxucudur, həyat bir nağıl,
Ölüm yetişəndə hiss edir ağıl.
Belə dünya oda alış, yan, dağıl,
Bir yandan boşalıb dolan dünyadır.

Yaşa bu dünyada xoş bir diləklə,
Hər kəsi qarşıla duzla, çörəklə,
El üçün çalış sən təmiz ürəklə,
Yaxşılıq əbədi qalan dünyadır.

Natiqəm çoxların kəməndə salıb,
Tutub pəncəsində ilantək çalıb.
Verdiyi ömürü əlindən alıb,
Çəkilib kənara duran dünyadır.


Mən ürəyə ürək kimi baxmadım

Günlər keçdi, aylar keçdi, il keçdi,
Mən ürəyə ürək kimi baxmadım.
Zamanında, vədəsində, vaxtında,
Mən ürəyə ürək kimi baxmadım.

Hey qəm çəkdim gözlərimdə yaş oldu,
Qəlbimdəki arzularım boş oldu.
Hislər öldü yumruq boyda daş oldu.
Mən ürəyə ürək kimi baxmadım.

Ürəyimdə neçə ocaq qalandı,
Vaxtsız ömrüm viran oldu, talandı.
Gözlərimdə dünya qana boyandı,
Mən ürəyə ürək kimi baxmadım.

Boran gördüm baharını, yazını,
Sinəm üstə sıxdım qəmin sazını.
Sığallayıb çəkəmmədim nazını,
Mən ürəyə ürək kimi bamadım.

Xoş günləri hiss etmədim, görmədim,
Heç bir kəsə sirlərimi vermədim.
Gecə-gündüz, isti-soyuq, bilmədim,
Mən ürəyə ürək kimi baxmadım.

Hara getdim qəm özünü yetirdi,
Gözlərimdən sevincimi itirdi.
Zaman, dövran, qismət elə gətirdi,
Mən ürəyə ürək kimi baxmadım.

Daha yoxdur o əvvəlki şux halım,
Bilməziydim belə vaxtsız qocalım.
Əlisoyam başınıza dolanım ,
Mən ürəyə ürək kimi baxmadım.


İnsana insan

Hər insana bel bağlayıb, sirr vermə,
Hərdən düşmən olur insana insan.
Yüz dostun olsa da bir ürək qədər,
Dost olmaz heç zaman insana insan.

Talehin tərsinə fırlansa əgər,
Qəm-qüssə olarsa gözlər yaş tökər.
Hicranı, həsrəti ürək tək çəkər,
Min dəfə can desə insana insan.

Qoxuyar gül kimi hər arzu, dilək,
Xoş hislər daşısa özündə ürək.
Könüllər, duyğular oxşasın gərək,
Şərt deyil bənzəsin insana insan.

Çalış ki, zəhmətin getməsin hədər,
İnsan öz ömrünü özü məhv edər.
Yeganə varlıqdır bil özü qədər,
Düşmən ola bilməz insana insan.

İnsanın əlində olsa kainat,
Tanrının hökmündən çıxsa bir saat.
Dağılar, məhv olar, heç olar həyat,
Bilin ki, zülm edər insana insan.

Qarşında hökm etsə hər yolun azan,
Nə ona boyun əy, nə hörmət qazan.
Qisməti, talehi Tanrıdır yazan,
Kimdi ki, bəxt yazsın insana insan.

Əvvəlim də sənsən, axırım da sən

Səndə ki, tapmışam əhdi ilqarı,
Daha mən neynirəm dövləti, varı?
Yolunda gedərəm ölümə sarı,
Tutsa da önümü çiskin, duman, çən
Əvvəlim də sənsən, axırım da sən.

Açıb eşq bağımda solmuş güllərim,
Bil sənlə çox xoşbəxt keçir günlərim.
Yolunda inan ki, qara tellərim,
Dönmərəm geriyə ağarsa dən-dən,
Əvvəlim də sənsən, axırım da sən.

Sən mənim ömrümdə günəşsən, aysan,
Bəxtimə yazılan ən gözəl paysan.
Qəlbimdə qurulan qızıl saraysan,
Sən oldun eşqinlə məni-mən edən,
Əvvəlim də sənsən, axırım da sən.

Döysə də qapımı haqsız qınaqlar,
Dəvətsiz qonaqlar, yersiz qonaqlar,
Nə qədər görsəm də çətin sınaqlar,
Sən idin bu yolu mənimlə gedən,
Əvvəlim də sənsən, axırım da sən.

Mən sənə can deyib könül vermişəm,
Sənə aşiq olub, səni sevmişəm.
Sevginlə qəlbində çələng hörmüşəm,
İylə al ətrimi çiçəkdən, güldən,
Əvvəlim də sənsən, axırım da sən.

# 5524 dəfə oxunub

Müəllifin son yazıları

# # #