Kulis.az rejissor Tahir Tahiroviçin “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin nəticələrinə dair Apellyasiya Komissiyasının yekun iclasına münasibətini təqdim edir.
31 oktyabr 2025-ci il tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin nəticələrinə dair Apellyasiya Komissiyasının yekun iclası keçirilib.
Bu iclas bir çox kino ictimaiyyəti üçün maraqla gözlənilirdi. Çünki bir sıra studiyalar və yaradıcı qruplar müsabiqənin nəticələri ilə razılaşmayaraq qərarlara apellyasiya şikayəti vermişdilər. Onlar ümid edirdilər ki, bu mərhələdə ən azı dinləniləcək, arqumentlərini izah etmək imkanı qazanacaqlar.
Lakin maraqlı və eyni zamanda narahatedici məqam odur ki, apellyasiya verən şirkət nümayəndələri həmin iclasa dəvət olunmayıblar. Yəni qərarların yenidən nəzərdən keçirilməsi prosesi onların iştirakı olmadan baş tutub.
Bu isə suallar doğurur:
Əgər Apellyasiya Komissiyasının məqsədi şikayətlərin ədalətli və şəffaf şəkildə araşdırılmasıdırsa, onda şikayətçilər niyə dinlənilmir?
Müzakirə qapalı keçirilirsə, obyektivliyin meyarı necə müəyyən olunur?
Əgər bu proses “gizli iclas” prinsipi ilə aparılırsa, o zaman ictimai və peşəkar nəzarət mexanizmi hardadır?
Apellyasiya mexanizmi hər bir dövlət dəstəkli müsabiqənin ayrılmaz hissəsidir. Onun mahiyyəti ondan ibarətdir ki, qərardan narazı qalan tərəflər ədalətin bərpası üçün öz arqumentlərini səsləndirsin, dinlənsin və qiymətləndirilsin. Bu isə dialoqa əsaslanan idarəçilik deməkdir.
Təəssüf ki, bu dəfə dialoq yerinə susqunluq və qapalı qərarvermə prosesi seçilib. Halbuki kino kimi yaradıcı sahədə şəffaflıq təkcə formal məsələ deyil və bu, etimadın təməlidir.
Azərbaycan kinosu bu gün bərpa dövrünü yaşayır. Yeni nəsil rejissorlar, prodüserlər, ssenaristlər bu sahəyə yeni nəfəs gətirmək istəyirlər. Amma onların motivasiyasını sarsıdan belə situasiyalar “obyektiv qərar” anlayışına kölgə salır.
Əgər dövlət dəstək mexanizmi şəffaf olmasa, əgər yaradıcılar dinlənilməsə, o zaman ədalətli rəqabətdən və inkişafdan danışmaq çətindir.
Sual doğurur:
Apellyasiya Komissiyasının tərkibi ?
Hansı prinsiplə qərar qəbul olunub?
Şirkətlərin fikirləri niyə nəzərə alınmayıb?
Bu məsələlərə aydınlıq gətirmək təkcə kino sahəsinin nümayəndələrinin deyil, həm də dövlət qurumlarının reputasiyası baxımından vacibdir.
Dövlətin mədəniyyətə və kinoya dəstəyi böyük və dəyərlidir. Amma bu dəstək şəffaflıq və ədalət prinsipləri ilə müşayiət olunmadıqca, onun təsiri cəmiyyət tərəfindən qəbul edilməyəcək.
Azərbaycan kinosu dialoqa, açıq qərarlara və ədalətli sistemə layiqdir. Əks halda, biz “kino siyasəti” deyil, sadəcə “kino proseduru”ndan danışmış olarıq.
Bütün kinematoqrafçılara uğurlar diləyirəm. İstənilən halda qərarınıza hörmətlə yanaşıram amma və lakin həyat davam edir.