Azərbaycan Dövlət Film Fondunun arxivinə “Araşdırın!” adlı qısametrajlı bədii film daxil edilib.
Kulis.az xəbər verir ki, film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub.
Ekran əsəri Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyev və kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir.
Filmdə baş rolları Fazil Salayev, Leyla Bədirbəyli və Arif Qasımov kimi tanınmış aktyorlar canlandırıblar. Bu kurs işi aktyor Fazil Salayevin kinoda son ekran işi olub.
Ekran əsəri Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən Film Fonduna təqdim edilib və burada rəqəmsallaşdırılıb.
Qeyd olunub ki, filmin adına bu günədək Azərbaycan kinosuna dair hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.