Aqşin Yenisey: “Ayıq adam “Yeddi gözəl” yarada bilər?” - MÜSAHİBƏ

Aqşin Yenisey: “Ayıq adam “Yeddi gözəl” yarada bilər?” - <span style="color:red;">MÜSAHİBƏ
14 aprel 2017
# 09:00

Kulis.az hazırda Ankarada yaşayan tanınmış şair Aqşin Yeniseylə müsahibəni təqdim edir.

- Ankarada həyat necə keçir?

- Ankara, mənə görə, hərəkət edən bir kənd tablosudur, amma onu bir rəssam yox, sanki, bir siyasətçi çəkib. Qırmızı və qara rənglərə çox yer verib. Ankarada həyatının necə keçməsi bu rənglərdən hansını seçməyindən asılıdır. İndi burda qaranı seçənlər rahatdır, kəsəsi, mənimki yenə gətirmədi.

- Səhhətiniz necədir?

- Psixoloji sağlamlığıma bağlıdır. Özümü son illər başı həkim, bədəni xəstə olan bir varlıq kimi hiss edirəm. Xeyir və şər kokteyli kimi.

- Tərcümə həvəsi haradan yarandı?

- Oxuyub zövq aldığım mətnləri paylaşmaq istəyindən. Bu, işin mənəvi tərəfidir. Amma burda çağdaş türk ədəbiyyatı ilə daha yaxından tanış olandan sonra dilimizin nə qədər qocafəndi bir ləngərdə ilişdiyinin fərqinə vardım. Bizdə belə fikir var ki, müasir mətndə yazıçı ilə oxucunun təcilini üst-üstə gətirmək üçün qısa cümlələr seçilməlidir. Və biz bəzən müasir yazarımızın əsərində qısa cümlələrlə yazılmış yalnız bir kadr görürük. Bu nəsr, təqribən, Süleyman Rəhimovun 20 səhifəlik küftəsinin ədəbi varisidir. Müasir nəsrdə hər cümlə yeni bir kadrdır, qısa və uzun olmasından asılı olmayaraq. Müasir şeirdə isə hətta hər növbəti söz misranı yeni məcraya yönəldir. Oxucu misranın sonuna çatana qədər, sanki, bir poetik gəzinti turu tamamlayır. Bax bu dediklərim heç mənim öz yazdıqlarımda da yoxdur. Bu da səhhətimə pis təsir edir.

- Deyirlər ki, içmirsiz… Çətindir içməmək… Bu yaradıcılığa təsir edirmi?

- İçki və şeir çox aristokratik ehtiyaclardır. Dünyada ecazkar nə varsa, hamısını içkini və şeri sevən nəhənglər yaradıblar. Müsəlman dünyasının ən gözəl məscidlərini də şərabı və şeiri çox sevən hökmdarlar tikdirib. Vaxtilə Çinin üstünə gedəndə həkimlər Teymurləngə də mənim kimi şərabı qadağan etmişdilər. Sözə baxmadı, yarı yolda öldü. Bu, o adam idi ki, öz dövrünün ən gözəl abidələrini, məscidlərini tikdirmişdi, İsfahanı şumlatdırıb yerində arpa əkdirsə də, fars şairi Hafizi bir beytinə görə dünyanın parası ilə yola salmışdı. İçkinin yaradıcılığa təsirini görmək üçün mənə yox, dünyanın mədəniyyət tarixinə baxmaq lazımdır. Ayıq adam “Yeddi gözəl” yarada bilər? Uzağı, dörd arvad alıb, zəhləmizi tökər namus-qeyrət moizələri ilə.

- Din haqqında deyəsən yenə çox düşünürsünüz…

- Bir şey ki, səni həm bu, həm o dünyada təhdid və təqib edir, onun haqqında necə düşünməyəsən? Yəni bu elə bir təhlükədir ki, ondan ölümlə də can qurtara bilməzsən. Arxanca o dünyaya da gələcək, orada da aqibətinə əl qoyacaq. İkinci bir məsələ, mən din haqqında yazanda, danışanda inanclı adamlar narahat olurlar. Bu, məni ruhdan salır. İnanc və din fərqli anlayışlardır, dünyada heç bir din və onun qaydaları olmayanda inanc var idi. Din həmin inancın ağalar tərəfindən siyasiləşməsidir, təsərrüfatlaşmasıdır, alver və istismar formasına çevrilməsidir. İnanc təbii bir hissiyyatdır, insanın ruh halının ifadəsidir, ekzistensial mahiyyətidir. Bunun sizi istismar edən dinlərə heç bir dəxli yoxdur. Dünyada nə vaxtsa heç bir din olmayanda da inanc olacaq. Çünki tanrı ağlın yox, qəlbin kəşfidir, ondan ayrıla bilərsən, amma unuda bilməzsən.

Image result for aqşin yenisey

- Türkiyə mətbuatına Azərbaycan poeziyası ilə bağlı məqalə yazırsınız. Necə gedir?

- Əslində, bu ideyanın müəllifi və icraçısı İstanbulda yaşayan gənc şair Elçin Aslangildir. Mən ona ofisi İstanbulda yerləşən bu məşhur jurnalın adı və sanbalı haqqında danışmışdım. Bir neçə gündən sonra zəng etdi ki, getdim adamlarla görüşdüm. O, bu işi birgə görməyimizi istədi və təqdimat yazısının yazılmasında, müəlliflərin və şeirlərin seçilməsində ona kömək etmək üçün yenidən çağdaş ədəbiyyatımıza nəzər salmalı oldum.

- Yazmışdınız ki, tənqidçilər məni heç xatırlamır. Bu doğrudan belədir? Və görəsən niyə belədir?

- Elə həmin jurnala şeirləri seçərkən bunu gördüm. Təqdimat yazısı üçün müasir şairlərimiz haqqında tənqidçilərimizin son illər nə yazdıqlarına da baxmaq istədim. Çünki istəmirdim türk oxucusu Azərbaycan ədəbiyyatını ancaq mənim gözümlə görsün. Fikirləşirdim, fərqli fikirlərə də yer verək. Amma bilirsiniz nə gördüm? Azərbaycan tənqidçisinin gözündə yaradıcılıq hələ də fərdlərin, tənhaların işi deyilmiş. Şeir yazmaq kollektiv əmək imiş. Onların düşüncəsinə görə, Azərbaycanda şair yoxdur, şeir yazan bir sürü var. Bu şair sürünün ard-arda düzülmüş imzalardan ibarət uzun bir adı var və ən dəhşətlisi, bu sürünün cinsi məlum deyil. Bir tənqidçinin bir il fasilə ilə yazdığı iki yazısını tutuşdurdum. Demək, sanki bunun şairlərdən ibarət bir futbol komandası var, birinci il yazıya (meydana) buraxdığı şair pis oynadığı, ya da başqa bir tənqidçinin komandasına transfer olduğu üçün ikinci il onun yerinə “zamendə” saxladığı başqa bir şairi buraxmışdı. Təəssüf edirəm ki, mən ədəbiyyatımızda oynanılan bu komediyaları indiyəcən izləməmişəm. Ancaq Türkiyədə mənim jurnallardan izlədiyim mənzərə belə deyil, hara baxsan şairi tək görəcəksən, ya da tək şair görəcəksən, istər 90 yaşı olsun, istər 20.

- Köhnə şeirlərinizi oxuyursunuzmu?

- Oxumuram, səbəbini də deyim: mənə görə, şeirdə şairin yaşı hiss olunmalıdır, şeir də şairlə birgə qocalmalıdır. Mən artıq yazdığım şeirlərin tayı deyiləm, mənimlə birgə qocalan şeirlərin yolunu gözləyirəm.

- Aradabir nəsr sahəsinə də baş çəkirsiniz.

- Aradabir deməzdim, yaşıdlarımız arasında ilk romanı mən yazmışam, yerdə qalan bütün “gənc romanlar” “Gölə qarğı sancan” romanından sonra çap olunub. Ancaq mən deməyəcəyəm ki, o kitab roman yazmaq istəyən gənclərin əlini-qolunu açdı. Çünki indi özüm də o kitabdan narazıyam və Leş Əliyə bir də qayıdacağam.

- Türkiyədə kitab çıxarmaq istəyirsinizmi? Ümumiyyətlə, o mühitə qoşulsanız özünüzü orda necə görürsünüz?

- Bu, gələcəyin işidir. Müasir türk şeri dil üzərində qurulur. Bir növ, mənadan xilas olub, ya da belə deyək, mənaya azadlıq verib. Mən bu “mənasızlıq” mühitində şerimin diqqət çəkəcəyini düşünmürəm. Ancaq türklər üçün yazdığım yazıda da vurğuladığım kimi, müasir Azərbaycan şeiri formaca yox, məzmunca yenidir, mənaca yenilənir. Ona görə də müasir Azərbaycan şeiri yaşamaq üçün ətraf mühitə uyğunlaşan buqələmun kimi rəngini dəyişmir, tısbağa kimi çanağını möhkəmləndirir, onun fərqliliyi də bu xüsusiyyətidir.

- Ankarada ən çox nə üçün darıxırsınız?

Image result for aqşin yenisey

- Səmimi deyim ki, heç kim və heç nə üçün darıxmıram. Mən artıq ədəbiyyat dünyasında azad və demokratik ölkəmi də qurmuşam, evimi də tikmişəm. Dostlarım da kağız-kuğuzun arasındadır. İçki də içmirəm ki, real dünyaya, heç olmasa, araq dalınca gedim.

- Günel Mövlud, Seymur Baycanla münasibətiniz yenə soyuqdur? AYO-çularla necə dolanırsınız?

- Aramızda məsafələr var, ancaq mənə elə gəlir ki, biz hər üçümüz bir-birimiz üçün unudulmaz keçmişik.

- Azərbaycan televiziyalarına baxırsınız?

- Yox, demək olar ki, televiziyaya baxmıram, yalnız tanıdığım rejissorların filmləri göstəriləndə baxıram. Mənə elə gəlir ki, müasir televiziyalar müasir dinlərdir və onlar öz peyğəmbərlərini təbliğ etməklə məşğuldur.

- Türkiyədə daimi yaşamaq istərdinizmi?

- Bu barədə hələ düşünməmişəm. Çünki indi mən tək deyiləm.

- Türkiyə ilə Azərbaycan arasındakı fərqləri harda görürsünüz?

- Xeyli oxşar tərəflərimiz olsa da, xeyli fərqli tərəflərimiz də var. Məsələn, Türkiyə tipik müsəlman ölkəsi olsa da, universitet ölkəsidir. Amma Azərbaycan daha çox Avropa şüuruna sahib olmağına baxmayaraq, universitet mühiti yarada bilməyib. Türkiyənin, az qala, yüz illik demokratiya ənənəsi var, Azərbaycanda isə demokratiya hələ də söyüş və danabaşlıq kimi başa düşülür. Türkiyədə peşəkarlar üçün inkişaf mühiti var, Azərbaycanda bu mühitə həvəskarlar nəzarət edir. Ancaq bu iki xalqın svetoforu görəndə “bir millət, iki dövlət” olduğu yadına düşür və hər ikisi qırmızıda keçir.

- İndi hansı kitabları, şairləri oxuyursunuz?

- İndi Şahbaz Xuduoğlunun sifarişi ilə məşhur bir romanı dilimizə çevirirəm. Demək olar ki, günüm o romanla keçir. Adını ona görə yazmıram ki, naşirdən icazə almamışam. Ondan əvvəl Riçard Doukinzin “Tanrı aldanışı” kitabını oxuyub xeyli hissəsini də tərcümə etmişəm.

- Axırıncı bəyəndiyiniz şeir hansı idi?

- Bəyəndiyim şeirlər çoxdur, ancaq son günlər öz-özümə zümzümə elədiyim şeir budur:

Xar içində bitən qönça gülə minnət eyləməm

Ərəbi, farsi bilməm, dilə minnət eyləməm

Sirati-müstəqim üzrə gözlədərəm rahimi

İblisin təlim etdiyi yola minnət eyləməm

Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına

Bu gün tapsam, bu gün yerim, haqq kərimdir yarına

Zərrəcə tamahım yoxdur bu dünyanın varına

Ruzimi verən xudadır, qula minnət eyləməm

Oy Nəsimi, can Nəsimi, ol qani mehman ikən

Yarın şəfaətlərim əhmədi-muxtar ikən

Cümlənin ruzisin verən ol qani səttar ikən

Yer üzünün xəlifəsi hünkara minnət eyləməm

Nəsiminindir...

Qeyd: Müsahibə yazılı götürülüb.

# 1803 dəfə oxunub

Müəllifin son yazıları

# # #