Qardaşının yerinə müharibəyə gedən Umud – HEKAYƏ

Qardaşının yerinə müharibəyə gedən Umud – HEKAYƏ
7 dekabr 2015
# 16:58

Kulis Kamil Əfsəroğlunun “Soyuq ocaq” hekayəsini təqdim edir

Lopa qar yağırdı. Ziyaratdan əsən külək «mən də varam» deyib ağzının zodunu göstərir, yalquzaqtək heybətli-heybətli ulayırdı. Şaxta özü öz soyuğundan üşüyürmüş kimi buz nəfəsilə pəncərələrin yalınqat şüşəsini yalayır, içəri soxulub qızınmaq istəyirdi elə bil.

Umud kişi əlində köhnə vedrə, xəkəndaz, adəti üzrə izinsiz, səssizcə girdi sinfə. Bizim ayağa qalxmağımıza, dərs izah eləyən müəllimə məhəl qoymadı, keçib odu öləzimiş çuqun sobaya kömür tökdü. Daş kömürün çırtıltısı eşidildi, ardınca da otağa acı badam iyini xatırladan qoxu yayıldı. Bu qoxunu çoxlarının, illah da qızların təbi götürmürdü: kimisi üz-gözünü turşutdu, kimisi dəsmal çıxarıb burnunu tutdu. Sona müəllimə özünü o yerə qoymaq istəməsə də, bacarmadı, qaşları düyünləndi, səsi titrədi.

Bir gözüm sobayla əlləşən ahıl adamda idi, bədrəng sırıqlısının ətəyi, qabarlı əli-ovcu qapqaraydı, sanki kömürü həyətin ayağındakı çardağın altından yığmamış, qazıb yerin təkindən çıxartmışdı...

Sinif otağının havası dəyişib yavaş-yavaş isindi. İstini yalnız korun-korun yanan kömürün odu vermirdi, həm də Umud kişinin söz-söhbətindən havalanırdı otaq.

- Məllim, sözünü balnan kəsim, – Umud kişi üzrxahlıq elədi. – Gərək ki, Qaratelin balaca qızı bu klasda oxuyur? – əlini işdən soyutmadı. Cavab gözləmədən əlavə elədi: – Niyə soruşuram? Bayaq nənəsi gəlmişdi, dedi, uşaq evdən çıxanda gözümə bikef dəydi, oxşuyur soyuq tutub, sən o Allahın tək adı, oların puçunun kömürün bol elə... Dedim, nigaran qalma... Hə, o nəslin hamısı üşüyəndi... Adama nolursa, soyuqdan olur, istidən xətər gəlməz.

Xumarın payı sobaya daha iki xəkəndaz kömür tökdü. Uşaqların minnətdarlıq ifadə edən nəzərləri orta sırada oturmuş arıq, əsmər qıza dikildi, o, mənalı baxışların ağırlığına tab gətirməyib başını aşağı saldı, üzü pörtdü. Uzundraz Nağı sırtıq-sırtıq irişdi. Nağının varlığını bildirən yersiz hərəkətləriydi.

Sona müəllimə onu danladı:

– Qalx ayağa görüm! Dərsdən yayınırsan, oxumursan, nə üznən yoldaşına gülürsən? Səni sinfə zorla dartıb gətiririk...

Umud kişi qəddini dikəltdi, köntöy oğlanı süzüb başını buladı, Sona müəllimənin dediklərinə haqq qazandırdı:

– Bala, məllim düz deyir dayna, çöldə-bayırda nə gəzirsən? Oxumursan oxuma, isti yerdi, gəl otur puçun qırağında, qızış, Allah sənnən almasın...

Sinif otağı isindikcə sümüyümüz qızışır, eynimiz açılırdı. Ürəyimdən keçirdi ki, üzü qırışlı, əlləri qabarlı bu ixtiyar adam dərsin sonunacan sobanın böyür-başındaca dümələnsin, getməsin, getsə, istini də özüylə aparacaqdı guya. Elə bil heç onun özü də getmək istəmirdi, ləngiməkdən ötrü bir bəhanə axtarır, qurdalanırdı. Gah qalın məftillə kömürü qarışdırır, gah əlini sobaya yaxın tutur, hala gəlib-gəlmədiyini yoxlayırdı. Başını qaldırmasa da, amma qulağı darı dəlirdi, lövhə önündə dərs verən müəllimin söylədiklərini ötürmürdü. Bəlkə də əlində əlacı olsaydı, qaladığı od-alovun istisinə qızışa-qızışa oturub bizimlə birlikdə dərsə qulaq asar, bizimlə birlikdə tənəffüsə çıxar, yenə qayıdıb sinfə gələrdi. Nuru azalmış xırda, qıyıq gözlərində nəsə bir nisgil vardı. Söz düşəndə deyirdi: «Siz yaxşı vədəyə düşmüsünüz, bizim vaxtımızda belə məktəb hardaydı? Şirin bəyin ipəkqurdu saxladığı kümün altında dərs verirdilər. Bir də görürdün tavannan ilan sallanır... Allaha şükür, indi sizə nə var: qarnınız tox, yeriniz isti, qar nə qədər yağır, qoy yağsın. Oxuyun, bala, oxuyun, diribaş olun...»

– Ev heyvanları qulluq, qayğı sevir. Hər şeydən əfzəli də onların sağlamlığıdır, – Sona müəllimə dərsə davam elədi.

– Bəs nətəhər? Həylədi, ağrın ürəyimə, – Umud kişi zoologiya müəlliminin sözlərinə qüvvət verdi: – Qızım, başağrısı olmasın, rəhmətlik dədəm danışırdı ki, el yaylağa köçəndə qoyun-quzunu Duzdağdakı gavdan keçirərdilər. Yayın cırhacırında orda elə yel oynuyurdu, papağı başdan alırdı. Gavdan keçən heyvanın üstündə nə cücü-mücü var, hamısı tökülürdü. Gav görən, Duzdağın daşın-qayasın yalıyan mal-heyvan azar-bezardan uzaq olurmuş.

Sona müəllimə çantasından dəftərçə çıxardıb tələm-tələs nəsə qeyd elədi.

Umud kişinin söylədikləri yalnız şagirdlərə yox, elə müəllimlərə də maraqlı gəlirdi. Dərsin mövzusuyla tutuşan türkəsayaq əlavələri, söhbətləri beynimizə həkk olurdu, hətta kitab arası açmayan Nağının da yadında-yaddaşında ilişib nəsə qalırdı. Qəribəydi ki, bu qocanın söylədiklərinə kitabda rast gəlmirdik.

– Yel buranı həylə almır deyin, içəri havalı olur, – Umud kişi dedi. – Kəllayıdakı klas heç isinmək bilmir, odunun, yarmaçasın çatdırmıram. İba məllimə deyirəm, gəl kömür puçu qoyaq sizin də canınız qurtarsın, mənim də işim yüngülüsün, razı olmur. Bir yannan baxanda, düz eliyir: odunun, qamqalağın istisi ayrıdı, ziyansızdı, kömür kimi dəyil. Amma deyim, odunnan oduna da tafovut eliyir, vələsin, ardıcın istisiynən şamınkı bir dəyil. Gecəni şirin yatmaq istiyirsənsə, puça düyünlü ardıc kötüyü at, səhərəcən xısın-xısın yanacaq. Daş kimi yatassan...

Umud kişi iş görə-görə danışırdı, başını qaldırmadığından söylədiyini kimə ünvanladığını bilmirdik. Amma müəllimli, şagirdli hər kəs payını götürürdü. Sona müəllimə dərsi unudub, qulaq kəsilmişdi onun söhbətinə. Əslində, bu maraqlı söhbətin özü də bir dərs idi.

– Heylədi, ağsaqqal, odunun yerin heç nə verməz, – müəllimə razılaşdı.

Uşaqlar çönüb bir-birinə baxdı. Bu baxışlarda təəccübdən çox qınaq hissi vardı, yəni müəllim bunları bilirsə, bizdən niyə gizlədir?

– Hərdən elə bil adamı kömürün tini vurur. Karbon dioksid qazıdı, ziyannıdı, – Sona müəllimə bu dəfə elmi dillə izah elədi.

– Başına dönüm, mən savadsız adamam, qarbon-zad qanmaram. Qandığım odu ki, sən deyən iy-qoxu qara yelin pəstahıdı; dəli damarı tutmasın, tutdu ha, tüstünü burub bacadan qaytaracaq, – Umud kişi bildiyi kimi yozdu. – Həylə olanda soyuğa-şaxtaya baxmıyın, pəncərəni dıqqan aralı qoyun, içəridə hava oynasın.

Vedrəni, xəkəndazı götürüb otaqdan çıxanda bir də tövsiyəsini verdi:

– Məllim, ağrın ürəyimə, uşağın birinə tapşır hərdən məftilnən puçu ehmalca qurdalasın ki, hava çəksin. Hava işdiyəndə kömür yaxşı yanır. Ayrı heç nə eləməsinnər, ocaq qaralar... Ta bir şey qalmıyıb, kiçik çilə çıxıncadı, havalar ayazıyacaq.

Umud kişinin deyib danışdıqları, hətta hava haqqında söylədikləri belə doğru-dürüst çıxırdı. Odur ki, dilindən eşitdiyimiz hər sözə inanır, ürək qızdırırdıq – Cinli dərə ilə bağlı söylədiyi əhvalatacan. Deyirdi şər qarışanda cinlər yığışıb Çay yatağındakı dərədə ocaq çatır, zurna-qaval çalır, halay gedirlər. Bir yol Əyri qayanın altından keçəndə bir arvad dalınca düşüb, onu səsləyib: «Ay qardaş, ay qardaş! Dabanıma tikan batıb, sancağı al, onu çıxart, ağrısı ürəyimə vurur». Ta dərədən çıxanacan aman-iman eləyib, yalvarıb. Kəndin işıqları görünəndə, itlərin səsi gələndə birdən yox olub. Deyir, dalınca düşən hal imiş; nə qədər çağırsa, yalvarıb-yaxarsa da, gərək geri dönməyəsən. Döndün ha, can sənin deyil...

Şər ağzı Torağay yalının qar örtmüş sinəsi ağarırdı. Fikrim dərsdə olsa da, bir gözüm bayırdaydı. Qəddini əyib yamacın bəyaz sinəsində xır salaraq ağır-ağır dikdiri qalxan Umud kişini nəzərlərimlə yola saldım. Cinli dərəyə götürən yol-yolağanın tək yolçusu o idi – qəsəbədən aralıdakı beş-on evlik kiçik kənddə yaşayırdı.

Aşırımın qaşına çatmamış toranın bağrında əriyib itdi. Elə bilirdim, o tayda, Əyri qayanın altında arvad donuna girmiş əcinnə durub Umud kişinin yolunu gözləyir, dalınca düşüb yalvaracaq: «Ay qardaş, ay qardaş! Dabanıma tikan batıb...» Ürpəndim, canımdan soyuq bir gizilti keçdi. Qorxurdum ki, bu həlim, ürəyiyuxa adam nə vaxtsa cinin yalvarışına uyub, dönüb geri baxacaq...

Kiçik çilənin girməyi ilə şaxtalar lap da bərkidi. Qış dişini yaman qıcamışdı, qan-qada gəzirdi. Məktəbdə müharibə veteranları ilə görüş keçirilirdi. Zal ağzınacan doluydu, yer olmadığından ayaq üstə dayananlar da az deyildi. Sinəsi orden-medallı veteranların arasında qonşumuz İdris müəllim də vardı, sol qolunu müharibədə itirmişdi. Od-alov keçmiş bu adamlar bizim gözümüzdə əsl qəhrəman idilər, elə bilirdik onlar cəbhəyə getməsəydilər, bizimkilər almanlarla çətin bacarar, dava bir xeyli də uzanardı.

Xatirələr çözələndi, bizi kinodan, kitablardan tanıdığımız qanlı-qadalı günlərə götürdü. Sonda Bahadır müəllim söz alıb kürsüyə qalxdı. Dedi, bu gün burda söylənilən xoş sözlərdə, alqışlarda bir nəfərin də payı var. İndiyəcən onun sinəsində nə medal görən olub, nə də nişan; cəbhədə olduğundan çoxları xəbərsizdi. Sinif otaqları o adamın əlləriylə isinir...

Əlində vedrə, xəkəndaz küncdə, sobanın yanında qısılıb durmuş Umud kişini irəli çağırdı. Dərin bir sükut çökdü, müəllimli-şagirdli hamının üzündə çaşqınlıq vardı. Mən də qulaqlarıma inanmırdım, Umud kişi davada olduğunu heç vaxt dilinə gətirməmişdi.

Gurultulu alqış səsindən o, özünü itirdi, ürkək nəzərlə zaldakıları süzdü. Nimdaş, qulaqlı papağını başından alıb əlində saxladı. Həmişə deyib-danışan, söhbətcil adam karıxıb qalmışdı, bilmirdi söhbətə hardan, nədən başlasın. Direktor onun köməyinə yetmək istədi, dilə tutdu:

– Ağsaqqal, neçə ildi bir kollektivdə külüng vururuq. Heç olmasa, bayramlarda medaldan-nişannan tax, bilək ki, sən də dava-savaş görmüsən, müharibə iştirakçısısan. Gizlətməyin nə adı var? Vicdan haqqı, adam tanıyıram, yatanda da medalı döşünnən açmır. Dərzi Levonu hamı tanıyır; o vədə məktubları Tiflisdən gəlirdi, amma elə şeylər yazırdı, elə asıb-kəsirdi, deyirdin bəs Hitlerin ağız-burnunu ovan, Reyxstaqa bayraq sancan o olub. Bayram nümayişlərində də qabaqda gedir, medallarının cingiltisinnən qulaq tutulur... Sənə nolub, niyə çəkinirsən, danış.

– Nə deyim, nə danışım, ağrın ürəyimə? Həylə bir əməlim, qoçaqlığım olmuyub axı, – Umud kişinin dili açıldı, təpərə gəldi. – Sən deyən elə cəng-cəbhə görməmişəm. Çox demirəm, heç olmasa bir yağı öldürəsən ki, danışmağa dilin-dilçəyin olsun, durub medal taxasan. Davada mənim işimin adı özgəydi, başınıza dönüm. Bir «gernal» vardı, onun atlarına baxırdım... Bir yol yazıq qayıtdı ki, Daşpoladov, tvoyu mat, tezdiynən voyna konçaydı, Hitler kaputdu. Sinəndə bir dəmir-dümür də yoxdu, elinə-obana nə üznən qayıdassan? İşinin adı da elədi, heç bir qrafıya düşmür ki, saa köməyim dəysin. Dedi, sabah şəhərin içiynən çoxlu nemis pleni aparacaqlar, əlinə qarabin götür, qarış soldatların arasına, mənim də dilim gödəlməsin, deməyə sözüm olsun. O «gernalın» işinin adı nəydisə, başının dəstəsiynən həmişə arxadan gedirdi. Hərdən aralıdan top-tüfəng səsi eşidərdik. Bir yol bizə də dedilər keçin irəli. Zırhazır, zırhazır getdik, amma gördük nəsə həng almır, dalı-dalı gerilədik. Yanımda bomba düşdü, atın biri yerindəcə qaldı, mən də yaralandım, düz üç ay doxdurxanada yatdım. O atın üstündə başım çox ağrılar çəkdi; deməginən bir dünya maliyyəti varmış, qınıyan olmasıydı, vallah, məni güllələyər, heç «uf» da deməzdilər. Hə, bax heyləcə... Bir yol ta dözmədim, dedim, maa nə vermisiniz ala bilmirsiniz, bombanı mən atmamışam ha, nemis «brosay», nemis atıb. Canımın hayındıyam, qarnım-başım eyzan «oskoldu», mən boyda insanın bir heyvancan maliyyəti yoxdu? Həə, bax həyləcə də dedim. Onnan belə yaxamı buraxdılar. Qəmisiyə məni çürüyə çıxartdı, dedilər qantuj olmusan, ta sənnən «fronta» kar yoxdu, haydı tərpən kəndinizə... Gəldim. İncəvara, başımın ağrıları tez ötdü. Qafar doxtur kağız verdi, dedi, fikir eləmə, turp kimisən. Bir ay keçməmişdi ki, adar-madar qardaşım vardı, onu davaya çağırdılar. Yetim böyümüşdük, kimsəsiz idik. Dedim, cavandı, bərkə-boşa düşmüyüb, durdum onun yerinə özüm dübarə davaya getdim... Bizi mindirdilər eşelonnara, yolladılar fronta, dayana-dura çox getdik. Yadımda dəyil haraydı, poyuzu saxladılar, hamı tökülüşüb şənnik elədi. Dedilər, bəs dava qurtarıb... Qayıdanda qardaşımı sağ görmədim, acınnan dərd tapıb ölmüşdü. Tək umudum oydu... Nə bilim, başınıza dönüm, mənim də qismətim beləymiş...

Zala ölü bir sükut çökdü. Müəllimli-şagirdli hamı üst-başı kömürə bulaşmış qocanın söhbətindən təsirlənmişdi, saatlarla danışsaydı, oturub dinləyər, yoruldum deməzdilər. Bəlkə də elə ona görə söhbəti burada bitirəcəyindən ehtiyat edib kimsə soruşdu:

– Ağsaqqal, o neçə ildə ürcahına heç nemes çıxmadı?

Umud kişi elə bil bu sualı gözləyirdi.

– Tək bircə dəfə, bala, – əlini sulanmış gözlərinə apardı. – Dediyim o «gernalın» səmənd atı çidardan açılıb yayınmışdı. Ayğır idi, farağat durmurdu. İvan adında bir soldat vardı, onnan yollandıq axtarmağa: bu dərə mənim, o dərə sənin, çox gəzdik, dolaşdıq. İvan qayıtdı ki, əə, musurman, dəəsən «zablujdaydı», azmışıq. Dedim, ağzını xeyrə aç, ay Allahın gavuru, hərrənib-fırranıb, həlbət, bir yerə çıxarıq. Mən başı batmış hardan biləydim, yad yer-yurddu, olaydıq Tey dağının büküyündə, Tumas meşəliyində, yolu-izi gözübağlı tapardım. Nəsə, əliyenişə gedirdik, gördük bir nemis avtomatını qoyub daşın üstünə, çayda əl-üzünü yuyur. Bunu götürdüm muşkuya, nə götürdüm, amma baxdım su içir, özü də lap cavan uşaqdı, barmağımı tətikdən elədim. Urus gördü atmaq niyyətim yoxdu, qarmalıyıb karabini əlimnən aldı. Ha illah elədim atmasın, əməl yemədi, tuşlayıb atmağıynan o yazığın üzüqoyulu düşməyi bir oldu. Güllə gicgahınnan dəymişdi, çayın suyu qana boyanmışdı, lala rəngində axırdı. Dedim, əə, urus köpəyoğlu, əlin qurusun, bu biçara gədəyə nə təhər qıydın? Sənin kimi onu da ana doğub, gözü yollardadı. Su içəni heç ilan vurmur!.. Dedi ilan vurmur, İvan vurur. Hə bax heyləcə dedi... Ölünün biləyinnən saatını açdı, çəkmələrini dartıb çıxartdı, cibində dolu içki şüşəsi vardı, onu da götürdü, elə ordaca çəkdi başına... Dava adamı insannıqdan çıxardır, Allah heç gavura da qismət eləməsin. İllər ötüb, amma o nemisin bənizi indi də gözümün qabağınnan getmir...

O söhbətdən sonra Umud kişi bizim gözümüzdə başqalaşmış, daha da böyümüşdü. Hətta Nağı qəjəlovluq eləyir, hərdən sobanın hava çəkən qapağını bağlayıb ocağı söndürürdü ki, Umud kişi gəlib qamqalaq yandırıb kömürə yenidən od salsın, söhbətindən də qalmasın. O isə zəhmətə qatlanır, üstünü vurmurdu, bunu uşaq şıltaqlığı bilirdi.

Bir gün, axşamamacal sinfin qapısı yenə ehmalca açıldı – Umud kişi idi. Adəti üzrə yenə ərklə, izinsiz-filansız girdi içəri, amma elə bil əvvəlki adam deyildi, qəddi bir az da əyilmiş, bükülüb yumağa dönmüşdü. Tüklü, qırışlı sifətində qüssəli bir ifadə vardı, pərt görünürdü, nəyinsə xiffətini çəkirdi, otaqlara istilik gətirən bu ahıl adamın özü üşüyürdü elə bil. Əvvəlki təki nə dərsə qulaq kəsildi, nə söz-söhbətə qarışdı, heç ləngimədi də. Boş vedrəni, xəkəndazı götürüb sinifdən çıxanda dedi:

– Məllim, itin olum, uşaqlara tapşır qalın geyinsinlər, sabahdan puçu yığışdırıllar... Di salamat qalın!..

Pəncərədən boylanıb ensiz cığırla Torağay yamacını qalxanacan onu izlədim. Çiyinlərində dağ yükü daşıyırmış kimi ağır-ağır qalxıb, gəldiyi Cinli dərəyə sarı aşdı. Bəri üzə bir də payızın ortalarında, havalar soyuyanda adlayacaqdı; işi mövsümi idi.

Sonradan eşitdik ki, yığıncaqdakı söhbətin üstündə Umud kişini yaman gözümçıxdıya salıblar, ora-bura çox dartıblar, incidiblər. Söz-həkət bilməyən dinc, ifallı qoca heç nədən dilinin bəlasına düşmüşdü, gününü göy əsgiyə bükmüşdülər, guya hərzəlik eləyib, rusların qarasına artıq-əskik söz danışıb...

***

Yeni dərs ilinin birinci rübü geridə qalmışdı. Havalar qəfildən sındı. Qış kəmhövsələlik eləyib, özündən qabaqkı fəslin – payızın üstündən adlayıb zodunu-təpərini erkən göstərmişdi.

Məktəb binasının bacalarından qalxan tüstü burumunu aralıdan görəndə ürəkləndim; sobaları qurmuşdular, qarın-şaxtanın bizdən ötrü qorxusu-hürküsü yox idi.

İkinci növbənin dərsləri başlayanda kömürün işartısı yavaş-yavaş sönükürdü, amma sinif otağı hələ havalıydı. Fikrim müəllimdə olsa da, gözlərim qapıya dikilmişdi, gözləyirdim ki, Umud kişi özünü yetirib sobaya kömür tökəcək, odu sönməyə qoymayacaq...

Dərsin ortasında qapı ehmalca açıldı, yerimizdən dik qalxdıq. Müəllimin işarəsinə məhəl qoyub oturan olmadı, ayaq üstə donub qalmışdıq. Gözlərimə inanmadım, məktəbin xadiməsi Qəmər arvad idi – əlində o dəmir vedrə, köhnə xəkəndaz... Yaşmağın altından dodaqları tərpənir, nəsə donquldanırdı, həmişəki kimi qaşqabağı yer süpürürdü. Deyinə-deyinə keçib sobaya kömür tökdü, deyinə-deyinə də çıxıb getdi.

Fikrim-xəyalım uzaqlardaydı. Qar örpəyini yırtıb çıxmış daş-qaya yamacın bəyaz sinəsində adda-budda qara yamağı xatırladırdı. Gözlərim o xırlı cığırı, izi axtarırdı, amma heç nə görünmürdü. Ağlıma gələn fikirdən ürpəndim: «Umud kişi çay yatağından keçəndə, əlbət, arvad qılığına girmiş cinin yalvar-yaxarına uyub, dönüb geriyə baxıb...»

Korun-korun yanan kömürün odundan çuqun soba qıpqırmızı qızarmışdı. Otaq yaman soyuq idi...

2005

# 1304 dəfə oxunub

Müəllifin son yazıları

# # #