Gənc yazıçılarımızın Homeri kimdir? - SORĞU

Gənc yazıçılarımızın Homeri kimdir? - <span style="color:red;">SORĞU
11 aprel 2016
# 09:00

Ruben Dario ədəbiyyatda varisliyi vurğulamaq üçün bu məşhur frazanı işlətmişdi: Homerin də Homeri var. Hər bir yazıçı özündən əvvəlki yazıçıya estetik, mövzu baxımından bənzəyir. Bəzən o yazıçının davamçısı olur, ruhən ona yaxınlıq hiss edir. Bəs gənc yazarlar hansı yazıçı və şairin davamçısıdırlar? Hansı yazıçı və şairlərə ruhən yaxındırlar? Kulis bu barədə sorğunu təqdim edir.

Aqşin Yenisey: “Sözsüz ki, yaradıcılıq zatı olan bir zaddır. İrsi qanunlar ona da aiddir. Ədəbiyyatın məzmunu, yəni xarakteri onun zatından gəlir, formanı isə ona yarandığı dövr verir. Bu mənada mən özümü çörəyi Azərbaycan ədəbiyyatından çıxan hər bir yazıçı və şairin davamçısı hesab edirəm. Düşünürəm ki, şairin heç kimə bənzəmək iddiası da elə bənzəmək istədiklərini, yaxud bənzədiklərini gizlədə bilmək bacarığından başqa bir şey deyil. Bənzəmirsənsə, deməli, yaza bilməmisən”.

Qismət: “Konkret bir şairin davamçısı hesab etmirəm özümü. Yaxşı şairlərin hər birindən nələrsə öyrənmişəm: şeirin texnikasını, estetikasını. Nizami Gəncəvidən tutmuş gənc şairlərə qədər nələrsə öyrənmişəm. Özümü ruhən modernistlərə və novatorlara yaxın hiss edirəm. Məsələn, Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə və bu qəbildən digər şairlərə”.

Aqşin Evrən: “Bu tip şeylər altşüurda yaranır və əksər hallarda yaradıcı adamın iradəsindən asılı olmur. Bəlli yaş dövrlərində yaradıcı şəxs ola bilər ki, Qasım bəy Zakirpərvər olsun, ancaq bu sindrom çox tez – gənclik illərində qırılmalıdır. Doğrusu, indiyə qədər bu sualı özümə verməmişəm, yəni özümü heç kimin davamçısı hesab etmirəm. Ümumiyyətlə, nəsri deyə bilmərəm, amma məncə poeziyada kimsə özünə öndər seçirsə, onun yolunun yolçusu olursa, o adam Lələtəpədən o tərəfə keçə bilməyəcək. Mən təkcə areal olaraq yox, həm də mətn olaraq nəzərdə tuturam. XXI əsrdə Molla Vəli Vidadi ənənələri əsasında nəsə yaratmaq, onun davamçısı olmaq Yupiterə konka ilə getməyə cəhd göstərmək kimi bir şeydir. Təəssüf ki, ruhən nəinki hər hansı şairə, heç hər hansı bir insana belə yaxın hiss etmirəm və ya istəsəm də edə bilmirəm. Deyək ki, Neruda mənim sevərək oxuduğum nadir şairlərdən biridir. Ancaq onunla da yaradıcı xətlərimiz demək olar ki, kəsişmir və ya nadir hallarda kəsişir”.

Alik Əlioğlu: “Hansısa şairin davamçısı deməzdim, amma ruhən yaxın olan şairlər, təbii ki, var. Sevdiyim şeirlər və mənə ruhən yaxın olan şairlər var. Deməyim odur ki, ruhən yaxın olan şairlərin heç də bütün şeirlərini sevmirəm. Sadəcə onlar niyəsə mənə daha doğmadırlar. İlk adını çəkəcəyim şair Əli Kərimdir. Daha sonra Ramiz Rövşən və Səlim Babullaoğludur. Bunlar mənə ruhən doğma olan şairlərdir”.

Əsəd Qaraqaplan: “Əli Kərim, İsa Muğanna, Vaqif Bayatlı Odər. Ruhuma daha yaxındırlar və məncə, daha çox azad ruha, azad düşüncəyə sahibdirlər”.

Könül Həsənqulu: “Azərbaycan ədəbiyyatında parlaq imzalar çoxdur. Gəl ki, mən öz yaradıcılığımı müxtəlif istiqamətlərdə, paralel addımlayan görürəm və bu açılan cığırların yeni olduğunu sanıram. Əksinə ədəbiyyata özümün yeni mövzular gətirdiyimi müşahidə edirəm. Bu dəfə gərəksiz, süni təvazökarlıqdan uzaq danışdığım üçün məni üzrlü sayın. Vaqif Bayatlı Odər, Həmid Herisçi, Zahid Sarıtorpaq kimi şairlərimizin davamçılarının olması Azərbaycan poeziyasını zənginləşdirər. Ancaq mən özümü ruhən heç bir şairə yaxın hesab etmirəm. Çünki mənim poeziyam müxtəlifdir: oxuyanda hiss olunmur ki, eyni müəllif yazıb hamısını”.

Sevinc Elsevər: “Nazim Hikmətdən havalanıb yazmağa başladım. Ondan əvvəl dördkünc bayağı şeirlərin təsiri altındaydım. Bu dəqiqdir. Sonra Əli Kərimi oxuduq. Əli Kərimi Nazimdən sonra oxudum dərindən. Amma qeyri-təvazökarlıq olar deyim ki, bu böyük şairlərin layiqli davamçısıyam falan. Nə deyim? O ikisindən təsirlənmişəm. İndi Cemal Sürəyyanı, Sunay Akını sevirəm. Müasirimiz Rasim Qaracanı bir də. Davamçı zad nəsə gurultulu səsləndi qulağımda. Ən çox rejissorlardan təsirləndim. Filmlərdən. Rejissor olmağı arzulayan kinoşünas idim. Süjetli, əhvalatlı, detallarla zəngin şeirlər yazmağa çalışdım”.

Kənan Hacı: “Özümə yaxın bildiyim, sevdiyim yazıçılar var. Məsələn, İsi Məlikzadə, Sabir Əhmədli, İsa Hüseynov, Yusif Səmədoğlu və sair. Amma özümü konkret hansısa yazıçının davamçısı saymıram. Mirzə Cəlil və Haqverdiyev mənin üçün məktəbdir. Az qala, hər gün onlardan nəsə oxuyuram.

Alpay Azər: “Özümü hansısa yazıçının davamçısı hesab etmirəm. Amma özümü “şəhər nəsri” deyilən cərəyana aid edirəm deyə, mənə yaxın olan yazıçılar Anar, Elçin, Rafiq Tağı, Maqsud İbrahimbəyov, İlqar Fəhmidir. Amma mən müxtəlif mövzulardan, müxtəlif mühitləri əks etdirən hekayələr yazıram deyə, eynilə “kənd nəsri” yazan Əkrəm Əylisli, Mövlud Süleymanlı, Məmməd Oruc, Azad Qaradərəli, Əlabbas, Şərif Ağayar, Aslan Quliyev də mənə ruhən yaxındırlar”.

Sahilə İbrahimova: “Konkret deyə bilmərəm. Yəni hansısa çalarda, hansısa əhvalda ruhi bağlılıq görürəm periodik olaraq. İstər klassik, istər müasir yazıçılar arasında. Amma bütünlüklə belə bir imza xatırlamıram”.

Cavid Zeynallı: “Məncə, biz özümüzü Azərbaycan ədəbiyyatının bütün istedadlı yazıçılarının davamçısı hesab edə bilərik. Bura Mirzə Cəlildən, Haqverdiyevdən, Süleyman Sani Axundovdan tutmuş Mövlud Süleymanlıya qədər hər kəsi aid etmək olar. Konkret olaraq mənim ruhuma daha yaxın olan yazıçıların adını çəkə bilərəm: İsa Hüseynov, İsi Məlikzadə, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Elçin, Mövlud Süleymanlı”.

İkinci Mahmud: “Azərbaycan ədəbiyyatında çox sevdiyim, məni heyrətləndirən, bizi dünya düşüncəsinə yaxınlaşdıran əsərlər var. Məsələn, S. S. Axundovun “Qaraca qız”ı. Amma bu yazıçının bütün əsərləri haqqında bunu demək olmaz, pyesləri çox zəifdir. Bütünlükdə çox sevdiyim yazıçılar azdır. Bunlardan biri İsa Muğannadır. ÇÜNKİ HEMYERLİMDİR. Lakin heç kimə bənzəmək və ya “yolunu davam etmək” istəmirəm, belə bir planım yoxdur. Yazmağı planladığım mətnlər bizim ədəbiyyata yaddır. Hamısını yaza bilsəm, yaxşı olacaq, onda mənə bənzəmək istəyənlər də tapılacaq - bu dəqiqdir. Yaza bilməsəm, ədəbiyyat tarixi mənim cəzami verəcək, unudulacam. Bu, bir yazıçı üçün ən böyük cəzadır”.

Mübariz Örən: “Sabir Əhmədli, İsi Məlikzadə, Kamal Abdulla. Sabir Əhmədlidə dilin zənginliyi, sərbəstliyi, təhkiyənin ağır ləngəri - susuzluqdan çat-cadar olmuş torpağa verilmiş su torpağı doyura-doyura, onun canına hopa-hopa, ona can verə-verə necə gedirsə, Sabir Əhmədli təhkiyəsi də əsl, sözə təşnə oxucu ürəyinə yağ kimi eləcə yayılır, - təxəyyül azadlığı adamı heyrətə gətirir. İsi Məlikzadədə təhkiyənin oynaqlığı, hadisələrin dinamikliyi, detalların canlılığı, personajların aydın xarakteri, sözlə usta davranış... əsl mətn yaratma məktəbidir! Kamal Abdullada mətn, qəribədir, sanki budanıb-arıtlanmış, səliqə-sahmanlı üzüm bağıdır - meynəlikdi; bütün möcüzələr sanki sonra baş verəcək - tinglər zoğ verib düzü-dünyanı başına alacaq, hərəsi bir kiloluq saf-sağlam salxımlar qızmar günəş altında qorasını bişirib bala dönəcək! Eləcə də mətn özü; Kamal Abdullada sanki əsl mətn - mətndən sonra doğulur, oxucunu əsrarəngiz bir Labirintə, oyuna salır...

# 980 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #