Elçinin absurd pyesi: “Böcəklər”

Elçinin absurd pyesi: “Böcəklər”
6 aprel 2018
# 17:32

Kulis.az Xalqa yazıçısı Elçinin «Maskalar» silsiləsindən “Böcəklər” absurd pyesini təqdim edir.

Boş otaq. Ortada miz, arxasında dörd kürsü. Arxası divara dirənmiş divan, bufet, televizor, üst-üstə yığılmış kitab rəfləri.

Əvvəlcə böcək uçuşunun səsi eşidilir, sonra əlində milçəkvuran tutmuş Xanım qaça-qaça sol tərəfdən otağa daxil olur.

XANIM. Bu gün mənim ad günümdür!.. Ad günüm!.. (Milçəkvuranı zərblə mizin üstünə çırpır.) Al! (Təəssüflə.) Ay səni… Uçdu. (Bufetə tərəf qaçaraq, hoppanıb, milçəkvuranı yuxarı hissəyə vurur.) Ala! (Təəssüflə.) Yenə uçdu!..

Əlində milçəkvuran tutmuş Ər qaça-qaça sağ tərəfdən otağa daxil olur.

ƏR. Bu gün mənim ad günümdür!.. Ad günüm!.. (Milçəkvuranı zərblə divana çırpır.) Bax, belə! (Təssüflə.) Yox, uçdu…

Ər ilə Xanım üz-üzə gəlir.

İKİSİ DƏ BİRDƏN. Nə olub?

ƏR. Evə böcək girib.

XANIM. Hə, evə böcək girib.

İkisi də milçəkvuranları ev əşyalarına çırpa-çırpa böcəyin ardınca qaçır.

- Al!..

- Uçdu!..

- Ay səni!..

- Al, alçaq!..

- Yenə uçdu!..

İkisi də bir müddət söhnə boyu böcəyin ardınca qaça-qaça onu beləcə vurmaq istəyir.

XANIM (qaça-qaça milçəkvuranı divanın qoltuğuna çırparaq, sevincək). Vurdum! Vurdum!

ƏR (əyilib diqqətlə baxır). Hanı?

XANIM. Bude, burda! (Əyilib baxır.)

ƏR. Yoxdu!

XANIM. Burdadı…Vurdum axı, vurdum!..

ƏR. Ode, uçur!..

İkisi də yenidən milçəkvuranı əşyaların üstünə çırpa-çırpa böcəyi təqib edirlər.

XANIM (milçəkvuranı televizorun ekranına çırparaq). Vurdum! Vurdum!

ƏR (əyilib diqqətlə baxır). Yoxdu!

XANIM. Yerə düşüb.

ƏP. Hanı?

XANIM. Qoy, gedim eynəyimi götürüm.

ƏR. Dedim də, yoxdu.

XANIM (ətrafa boylanaraq). Bəs, hanı? Səsi də gəlmir.

ƏR. Uçub.

XANIM. Hara?

ƏR (çiyinlərini çəkərək). Hara?

Xanım da çiyinlərini çəkir və ikisi də dikəlib diqqətlə otaqdakı əşyaları yoxlayırlar.

XANIM. Yoxdu!

ƏR. Yoxdu!

Çöl qapısının zəngi çalınır.

Gəldilər.

XANIM. Niyə?

ƏR. Məni təbrik etməyə.

XANIM. Məni təbrik etməyə?

Xanım tələsik otaqdan çıxır. Ər onun ardınca boylanır, sonra cəld televizorun yanına gəlib, əyilərək diqqətlə döşəməyə baxır.

ƏR (yavaş). Hələ canı çıxmayıb e!.. (Dikəlib ayağı ilə bastalayır.) Bax, belə!..

İrəlidə Xanım, ardıyca Kişi və Qadın gəlir.

KİŞİ. Salam, İdris, əziz dostum! (Əri qucaqlayaraq.) Səni ürəkdən təbrik edirik!

QADIN. Təbrik edirik!

XANIM (acıqlı). Bu gün mənim ad günümdür.

Pauza.

ƏR (Kişi ilə Qadına). Siz deyin, bu gün kimin ad günüdür?

KİŞİ (şaşırmış). İcazə verin.

Kişi ilə Qadın keçib divanda oturaraq yavaşdan götür-qoy edirlər. Ər və Xanım intizarla onların qərarını gözləyir. Nəhayət Kişi və Qadın divandan qalxıb onlara yaxınlaşır.

KİŞİ (Ərə). Biz belə qərar qəbul etdik ki, əvvəlcə mən səni təbrik edim, (Qadını göstərərək.) bu da (Xanımı göstərərək.) onu təbrik etsin, sonra mən onu təbrik edim, bu da səni təbrik etsin.

XANIM. O-o-o!.. Siz necə də müdrik insanlarsız!

ƏR. Bu heç bizim ağlımıza gəlməyib!

Kişi Əri, Qadın isəXanımı qucaqlayıb təbrik edir, sonra tələsik yerlərini dəyişirlər və Xanım Əri, Kişi də Xanımı təbrik edir.

XANIM. Necə də gözəl oldu!

ƏR. Necə də gözəl oldu!

XANIM. Mən çox xoşbəxtəm!

ƏR. Mən çox xoşbəxtəm!

XANIM (qonaqları mizin arxasına dəvət edir). Buyurun, əyləşin! Oy, siz necə də müdrik insanlarsız!

Dördü də boş mizin arxasında əyləşir.

Pauza.

ƏR (boş mizə baxa-baxa). Qulluqçu hələ gəlməyib. (Milçəkvuranı mizin üstünə qoyur.)

XANIM. Biz bu gün ona icazə vermişik. (Milçəkvuranı mizin üstünə qoyur.)

Pauza.

KİŞİ. Bilirsiz, mələklər musiqi dilində danışırlar.

QADIN. Ancaq mələklər yalnız mözəl məxluqlardan ibarət deyillər.

KİŞİ. Bəli, Şeytanlar da mələkdir.

XANIM. Siz necə də müdrik insanlarsız!

ƏR. Sizinlə söhbət etmək doğrudan da xoşbəxtlikdir!

KİŞİ (ayağa qalxaraq). İdris, əziz dostum!..

Ər də ayağa qalxır və onlar qucaqlaşırlar.

ƏR. Qardaşım mənim!..

Ər Kişinin yerində, Kişi isə Ərin yerində əyləşirlər.

Pauza.

KİŞİ. Xəbəriniz var?

ƏR. Nədən?

XANIM. Nə olub?

QADIN. Xəbəriniz yoxdu?

ƏR. Yox.

XANIM. Yox.

KİŞİ. Ola bilməz!..

QADIN. Yəni, doğrudan eşitməmisiz?

ƏR VƏ XANIM BİRLİKDƏ. Yox.

KİŞİ (pıçıltıyla Qadına). Sən də eşitməmisən?

QADIN (başı ilə təsdiq edir). Hə, mən də eşitməmişəm.

XANIM. Deyin! Mən daha dözə bilmirəm. Nə olub?

QADIN. Çox maraqlı hadisədir!

Pauza.

KİŞİ. Şəhərə böcəklər hücum edib.

ƏR. Nə?

XANIM. Böcəklərin şəhərdə nə işi var?!

ƏR. Sən həmişə boş-boş şeylər danışırsan! Sənin adətindir!

XANIM. Panikor! (Qalxıb, mizin arxasında yerini dəyişir.)

KİŞİ (ayağa qalxaraq). Baxarsız!.. İdris, sən bir də məni görməyəcəksən! Bizimki qurtardı!

Kişi kürsünü hirslə döşəməyə vurub, iti addımlarla otaqdan çıxır. Qadın əlini yelləyə yelləyə onunla sağollaşır.

XANIM (Ərə baxaraq, təəccüblə). Ona nə oldu belə?

Ər çiyinlərini çəkir.

XANIM (Qadına baxaraq). Hə?

Qadın çiyinlərini çəkir.

İnsanlar çox qəribə olub…

QADIN. Siz heç yuxu görürsüz?

ƏR (acıqlı). Mən yatmıram.

XANIM. O, yatmır.

QADIN. Mən də yatmıram.

ƏR. Həkimlər deyir ki, yatmaq vacibdir.

QADIN. Əlbəttə. Ancaq mən dünən çox pis yuxu gördüm.

XANIM. Pis yuxu?

QADIN. Çox qorxuluydu.

ƏR. Çox qorxuluydu?

QADIN. Çox!

XANIM. Danış də, danış! Mən day səbr edə bilmirəm!

QADIN. Axı, çox qorxuludu.

ƏR. Biz qorxulu yuxuları xoşlayırıq.

XANIM. Danış! Danış!

QADIN. Gördüm ki, göydən, ağappaq buludların arasından eləcə də ağappaq tülə bürünmüş gözəl, zərif bir qız incə addımlarla, elə bil, gözə görünməz pilləkanlarla aşağı enir.

XANIM. Oy, nə gözəl!..

ƏR. Bunun nəyi qorxuludu?

QADIN (incimiş). Onda danışmıram.

XANIM. Yox, danış. Danış!

QADIN. Axı, dedi ki, qorxulu deyil.

ƏR. Mən elə-belə dedim.

XANIM. O, elə-belə dedi.

QADIN. Onda danışıram.

XANIM. Hə, danış-danış.

QADIN. O gözəl, zərif qız yerə enib, düz mənə tərəf gəldi.

XANIM. Oy, nə gözəl! Sonra?

ƏR (istehza ilə). Budu qorxulu?

QADIN (incimiş). Onda danışmıram.

XANIM. Yox, danış!

ƏR. Mən elə-belə soruşdum.

XANIM. O, elə-belə soruşdu.

QADIN. Onda danışıram. Mən… mən başa düşdüm ki, o, göydən enən mələkdir. O, gəlib mənimlə üzbəüz dayandı. Ondan behişin ətri gəlirdi.

XANIM. Oy, nə gözəl. (Arvada işarə edərək Kişiyə.) O, necə də xoşbəxtdir! (Ərə.) Hə, düz demirəm?

KİŞİ. Bilmirəm…

QADIN. Nə? Bilmirsiz? İdris qardaş, onda mən…

XANIM (tələsik onun sözünü kəsir). Bilir! Bilir! (Ərə.) Hə?

KİŞİ (acıqlı). Hə.

XANIM (səbirsizliklə). Sonra nə oldu?

QADIN. O,mənə baxıb, gülümsədi.

XANIM. Oy!..

QADIN. Ancaq…

XANIM. Ancaq nə?

QADIN. Mən qorxuram…

ƏR. Qorxma, mən burdayam.

XANIM. Qorxma, o, burdadı. Ancaq nə?

QADIN. O, mənə baxıb gülümsədi… Mən gördüm ki…

XANIM. Nə? Nə gördün?

QADIN. Gördüm ki, onun qapqara balta kimi dişləri var! Onun gözləri birdən qıpqırmızı işıldadı. Mən başa düşdüm ki, o, Şeytandı! Mən: «-Aman Allah!»- qışqırdım. Mən… mən qışqıran kim, o, böyük, murdar bir böcəyə döndü. Vızıldaya-vızıldaya uçub getdi.

XANIM (Ərə). Qorxuluydu?

ƏR (hirslənir). Böcəkdən qorxacağam?

Çöl qapısının zəngi çalınır.

XANIM. Bu kimdi?

Ər çiyinlərini çəkir.

QADIN. Mən qorxuram.

XANIM. Nədən qorxursan?

QADIN. Birdən o qayıdar?

ƏR. Kim?

QADIN. O böcək!..

ƏR. Qorxma, mən burdayam.

XANIM. O, burdadı.

Çöl qapısının zəngi bir də çalınır.

XANIM (Ərə). Get, qapını aç.

ƏR. Bayaq mən açdım. İndii sənin növbəndi.

XANIM. Yox, bayaq mən açdım.

Ər (Qadına). Sizə qapını kim açdı?

QADIN. Zakir.

ƏR. Zakir kimdir?

XANIM. Hansı Zakir?

QADIN (çiyinlərini çəkir). Bilmirəm…

Yenə çöl qapısının zəngi çalınır.

Mən qorxuram…

Zəng təkrar çalınır.

XANIM. Yaxşı…

Xanım qapını açmağa gedir və Qadın nigarançılıqla onun ardınca baxır.

QADIN (səksəkə içində). Sən qaçmayacaqsan ki?

ƏR (tərəddüd içində). Mən?

QADIN. Hə. Məni tək qoyub, qaçma.

Xanım irəlidə, ardıyca da Kişi gəlir.

QADIN. Ay, aman!.. Sənsən? Nə yaxşı ki, ezamiyyətdən gəldin! Yoxsa ki, mən çox qorxurdum.

KİŞİ. Niyə?

XANIM. Niyə?

ƏR. Niyə?

QADIN. Elə bilirdim ağ tülə bürünmüş o qız göydən enib, indicə bura gələcək… Onun… onun qapqara dişlərini görəcəyəm…

ƏR. Nə olsun? Mənim də siqaret çəkməkdən dişlərim qaralır.

XANIM. Onun da siqaret çəkməkdən dişləri qaralır.

ƏR. İldə bir dəfə stomotoloqun yanına gedib, təmizlədirəm.

XANIM. Hə. Mən bunu bilirəm. Çünki mən də kardioloqun yanına gedirəm.

Kişi yaxınlaşıb Əri qucaqlayır.

KİŞİ. Salam, İdris, əziz dostum! Səni ürəkdən təbrik edirik.

QADIN. Təbriklər! Təbriklər!

XANIM. Mən qəti etiraz edirəm!

KİŞİ və QADIN (ikisi də təəccüb içində). Niyə?

XANIM. Məni təbrik etmək lazımdır!

KİŞİ və QADIN (eyni təəccüblə). Bəyəm sənin də ad günündür?

XANIM (acıqla). Bəli! Mənim yubileyimdir!

KİŞİ. Onda mən sizə bir söz deyim.

ƏR. Hə, de.

XANIM (acıqlı). Nə söz?

ƏR. De, de!

Kişi də mizin arxasına keçib əyləşir. Pauza.

XANIM. Yaxşı, de.

KİŞİ. Deyim?

ƏR. De, de.

KİŞİ. Əgər sən bahalı bir kastyum geymisən, içəridə isə ürəyin aritmiya vurur, onda o kastyumun bir qəpiklik qiyməti yoxdu!

Pauza.

XANIM. Oy, necə də maraqlıdır!

ƏR. Xeyir! Mən bu fikirlə razı deyiləm!

KİŞİ (qəzəblənir). Necə?!

XANIM. O, bu fikirlə razı deyil!

ƏR. Mən elə bir şey danışa bilərəm ki!..

XANIM. O, elə bir şey danışa bilər ki!.. O-o-o!..

QADIN. Danış!.. Danış!.. (Kişinin üstünə çımxırır.) Qoy, danışsın!

Kişi çiyinlərin çəkir.

Qoy, danışsın!

KİŞİ (incik). Danışsın də…

ƏR. Bizim yaxın və istəkli qohumumuz bu il Nobel mükafatı alacaq!

QADIN. Oy!.. Nobel mükafatı?

ƏR (təntənəli surətdə). Bəli!

KİŞİ (ironiya ilə). Yox bir!

XANIM (təntənəli surətdə). Bəli! Bəli! (Ərinə.) Düzdü?

ƏR. Əlbəttə!

KİŞİ. O, kimdi elə?

ƏR. Qəzetlərdə oxumamısız?

XANIM. Xəbəriniz yoxdu?

KİŞİ. Xeyir! Mən bütün qəzetləri alıram, oxuyuram. Belə şey yoxdu!

ƏR. Onda mən danışmıram!

XANIM. Danış! Danış! Kimdi o?

ƏR. Xalam oğlunun ikinci arvadının birinci ərindən qızının qaynanasının qudasının əmisi oğlu! (Xanıma.) Düzdür?

XANIM. Əlbəttə! O, hər gün bizdədir, Seylon çayını çox sevir.

KİŞİ. Mən sənə deməliyəm ki…

Qəflətən böcək vızıltısı eşidilir.

XANIM. Oy! Bu murdar böcək yenə gəldi! (Cəld ayağa qalxaraq, mizin üstündəki milçəkvuranı götürür və böcəyin ardınca qaçır.) Böcək! (Milçəkvuranı otaqdakı əşyalara çırpa-çırpa böcəyi təqib edir.)

ƏR (yavaşdan heyrətlə). Dirildi? (Sonra mizin üstündən milçəkvuranı götürüb, Qadınla bərabər böcəyi təqib edir.)

KİŞİ. Böcək!

QADIN. Böcək!

Kişi tələsə-tələsə pencəyinin döş cibindən, Qadın isə jaketinin altından milçəkvuran çıxarır və mizin arxasından qalxaraq Xanım və Ər ilə birlikdə qaça-qaça böcəyi təqib etməyə başlayırlar.

Dördü də otaqda dövrə vura-vura, bir-birinə toxuna-toxuna, itələyə-itələyə milçəkruranları əşyalara çırpa-çırpa qışqırır:

- Bura qondu!

- Ala!

- Qaçdı!

- Vur!

- Al!

- Uçdu!

- Onu vuracağıq!

- Mən öldürəcəyəm!

- Yenə uçdu!

- Bu saat!

- Ala!

- Ay səni!

- Bax, belə!

Xanımın mizə vurduğu son zərbəsindən sonra böcək vızıltısı kəsilir.

XANIM (sevinclə). Vurdum! Vurdum! Öldürdüm onu! Gördüz?!

ƏR. Elə vurmusan ki, mizə yapışıb!

KİŞİ. Ona bu da azdı!

QADIN (milçəkvuranla mizin üstünə yeni bir zərbə endirir). Al, murdarın biri, murdar! Öl!

KİŞİ. Bu əsl qələbədir!

DÖRDÜ DƏ BİRLİKDƏ. Qələbə! Qələbə!

Əvvəlcə addım səsləri eşidilir, sonra əllərində nəfəsli musiqi alətləri tutmuş (truba, valtorna, trombon, tuba və faqot) beş kişi, eləcə də birinin boynundan böyük zərb aləti asılmış, o birisi isə əllərində mis boşqablar tutmuş qadın musiqiçilər otağa daxil olur. Onların hər birinin üzündə müxtəlif rəngli və müxtəlif də təbəssümlü maskalar var.

Musiqiçilər «Marseleza» çalmağa başlayırlar.

Ər və Arvad, Kişi və Qadın səhnənin qarşısında üzü tamaşaçılara tərəf yan-yana fərəqat düzülərək, fransız dilində «Marseleza» oxumağa başlayırlar:

Allons enfants de la Patrie,

Le jour de gloire est arrivé !

Contre nous de la tyrannie

L'étendard sanglant est levé, (bis)

Entendez-vous dans les campagnes

Mugir ces féroces soldats ?

Ils viennent jusque dans vos bras

Égorger vos fils, vos compagnes !

İki musiqiçi qadın da yüyürərək onlara qoşulur və nəqəratı bir yerdə oxuyurlar.

Aux armes, citoyens,

Formez vos bataillons,

Marchons, marchons !

Qu'un sang impur

Abreuve nos sillons !

Qəflətən «Marseleza»nı oxuyanlar da, musiqiçilər də susub diqqətlə qulaq asırlar və birdən böcək vızıltısı eşidlir.

XANIM (həyəcanla). Böcək? Böcək?! (Əlində tutduğu milçəkvuranı qaldıraraq, böcəyin ardınca qaçır.) Böcək!.. Böcək!..

Ər, Kişi, Qadın da əllərindəki milçəkvuranı yuxarı qaldıraraq Qadınla birlikdə böcəyi təqib edir. Onlara baxan musiqiçilər, elə bil, birdən yuxudan oyanırlar, tez hərəsi musiqi alətini bir yerə tullayıb, kimi pencəyinin döş cibindən, kimi köynəyinin altından dartıb milçəkvuran çıxararaq, onlara qoşulub səhnə boyu böcəyi təqib edir:

- Vur!

- Qaçdı!

- Ala!

- Uçdu!

- Al!

- Dəydi?

- Yox!

Və yavaş-yavaş pərdə bağlanır, ancaq hələ bir müddət də pərdə arxasından onların səsi eşidilir.

2017

# 1486 dəfə oxunub

Müəllifin son yazıları

# # #