Natiq Rəsulzadə: Hamam, Kislovodsk, badamlı pirojnalar-HEKAYƏ

Natiq Rəsulzadə: Hamam, Kislovodsk, badamlı pirojnalar-<span style="color:red;">HEKAYƏ
2 sentyabr 2014
# 11:36

Kulis.az yazıçı Natiq Rəsulzadənin “Atamın şəkilləri” povestini təqdim edir.

Atam şəkil çəkdirməyi sevməzdi. Ondan yalnız sənəd üçün çəkdirdiyi şəkillər qalıb. Mən boşluqları doldurmağa çalışacağam, çünki atam çox yaxşı adam idi və onu tanımağınız pis olmazdı. Ailə albomuzda olduğu kimi, şəkillər qarmaqarışıq olacaq, xronologiya olmayacaq, əsas bu deyil .

Birinci şəkil

Armudlar

Qızmar iyul öyləsidir. Bağımızın hasarında oturub, şəhəryanı avtobusların dayanacağından uzanan yeni asfalt yola baxır, üzü günəşdən yanmış atamın dolu vücudunun görünəcəyi anı gözləyirəm. Otuz dörd yaşı olsa da, atam demək olar ki, dazdır. Üzü kimi daz başı da günəşdən qaralmışdır. Mənə elə gəlir ki, otuz dörd yaş çoxdur,ahıl yaşdır, hərçənd ki, atam qocaya oxşamır, görmüşəm də qocaları: əsirlər və sakit-sakit gic-gic şeylər danışırlar. Daz olmasına baxayaraq, atam onlara bənzəmir, üzü, başı ona görə qəhvəyiyə çalırdı ki, daim günəşin altında olurdu, əlüzyuyanın altında yuyunmaq üçün köynəyini çıxaranda ağappaq çiyinləri, dirsəyə qədər qolları, kürəyi, tüklü sinəsi görünür, sanki başqasından borc almışdır. Ərik ağacının kölgə saldığı hasarda oturmaqdan bezirəm, atam hələ də yolda görünmür- bekarçılıqdan iri, yetişmiş ərikləri dərib həyətdə hinin həndəvərində eşələnən toyuqlara atıram. Əriklər hədəfə dəyəndə toyuqlar şivən qoparır, o tərəf-bu tərəfə qaçışır, yetişmiş şirin meyvələrə məhəl qoymurlar. Görünür, gözləri doyub. Həmişə hinin yanında gəzirlər ki, anam qablarına dən tökəndə tez yetişsinlər. Ərik tullamaq həvəsim də keçir, ayaqlarımı sallayıb dabanlarımla hasarı döyəcləyirəm. Hasar daşdandı, enlidi, rahat oturmaq olur, bəzi ağaclar və hündür meynə gur budaqlarını hasardan küçəyə aşırıb. Bəzən yoldan ötənlər hasarın yarısına qədər sallanmış budaqlardan meyvə, üzüm dərirlər, heç dartınmaq lazım deyil, elə əlini at, dər. Mən bilirəm ki, ağaclar da, onların məhsulları da bizimdir, atam onların ərsəyə gəlməsi üçün çox çalışıb və səddini aşmış ərik, üzüm, qara tutu yad adamların dərməsini qısqanclıqla qarşılayıram. Bu barədə atama deyəndə, o, qaşqabağını sallayır, başa düşə bilmirəm, niyə bu söhbətlər xoşuna gəlmir? Daha nə olsun?

O isə hələ də görünmür. Buradan - hasarın üstündən avtobus dayanacağından bu yana qısa asfalt yol aydın görünür. Mən özüm də şəhərə gedə bilərdim, bağda darıxıram. Atam səhərdən axşama qədər işdədir, o, günəş mədəniyyət sarayının arxasında gizlənəndə qayıdır, anam da bütün günü ev işləri ilə məşğuldur-yuyur, ütüləyir, qışa mürəbbə bişirir, qonşu evlərdə də yaşıdlarım yoxdur. Ona görə də darıxıram. Nəhayət, nəhayət, yolda atamın qaməti görünür, ürəyim sevinclə çırpınır, hasardan həyətə atılıram- anam neçə dəfə buna görə mənə acıqlanmışdı (bir gün ayaqların qırılacaq) və yalın pəncələrimi buğlanan yumşaq asfaltda qarsaraq atamın qabağına qaçıram. Çöp kimi arıq, əsəbi, ipə-sapa yatmaz və yöndəmsizəm. Qaça-qaça qışqırıram: «Ata! Ata!». Sevinirəm, çox sevinirəm, amma yəqin o, həmişə olduğu kimi, yorğundur və erkən yatacaq ki, sabah sübhdən qalxa bilsin. Əlində dolu kağız torba var. Böyük bazar torbası. Torbanın dibinin yaş olduğunun fərqində deyiləm, fikir vermirəm ki, atam bir əli ilə ehtiyatla torbanın altını tutub. Atama çatıb kömək etmək məqsədilə torbanı əlindən dartıram, elə o an islanıb yırtılmış torbadan qaynar asfaltın üstünə, düz ayaqlarımızın ucuna şappıltı ilə iri, yetişmiş, yumşaq armudlar tökülür. Atam məzəmmətlə mənə baxır. O, şirinliyindən çatlayan dəymiş meyvələri mənə və anama çatdırmaq üçün kağız torbadan ehtiyatla yapışıb bu istidə avtobusda silkələnə-silkələnə bir saat yol gəlib, mən isə bir anda hər şeyi korladım. Çox pərtəm, ağlayacaq dərəcədə pərtəm, yerdən armudları toplamaqda atama kömək edirəm, amma bu, o qədər də asan deyil. Çox pərtəm, atamın gözlərinə baxmamağa çalışıram, amma nə etmək olar, artıq növbəti qanmazlığı və yöndəmsizliyi etmişdim. Az-maz dəymiş meyvələri toplayıb kefimizə soğan doğranmıs halda bağa tərəf addımlayırıq. Atam mənə bir söz belə demir, qınamır.

İkinci şəkil

Hamam

On yaşıma qədər biz Təzə Pir məscidi ilə üzbəüz ikiotaqlı, daha dəqiq, otaqyarımlıq yarızirzəmi mənzildə yaşamışıq, daha doğrusu, daldalanmışıq. Nə vaxtsa bir otaq olub, bu miskin mənzili kirayəyə verən sahiblər otağı qapılı arakəsmə ilə bölmüşdülər və nəticədə iç-içə iki- otaqlı mənzil alınmışdı. Yeddi il bu rutubətli otaqlarda yaşamışıq. Qışda mənzili kerosin piltənin üstünə qoyulan girdə soba – «burjuyka» ilə qızdırırdıq. Soyuqdan yatmaq olmurdu, yataq buz kimi olurdu, yatmazdan əvvəl anam isti ütü ilə mələfəni ütüləyir və mən əməliyyat bitər-bitməz yatağa atılırdım, anam isə hər tərəfdən yorğanı altıma qatlayırdı-bu, qəribə hissdi. İsti yerə uzanırdım, soyuq yorğanla örtünürdüm. Tezliklə bədənimin hərarətindən yorğan da isinirdi, mən yuxuya gedirdim. Anam isə gecə bir neçə dəfə qalxıb üstümü basdırırdı, çünki mən, adətən, narahat yatırdım.

Sübh çağı müəzzin məscidin minarəsindən azan verib müsəlmanları sübh namazına səsləyirdi. Azan səsi həzin dalğalarla yuxuma süzülür və mən kədərli sübh yuxuları - çin olmamış arzularımı görürdüm. Yadımdadır, qışda bizim şəhərə uzun illər, bəlkə də onilliklər görünməmiş - hər halda qocaların xatırlamadıqları- qar düşmüşdü. Qar qalaqları pəncərəmizə çatırdı. Valideynlər nə qədər kasıb olsalar da, təbii ki, uşaqlar sevinirdilər. Qarla, qar topalarının yan-yörəsi və altı ilə bağlı nə qədər oyun düşünmək mümkünsə, hamısını oynayırdıq. O vaxtlar qonşular mehriban yaşayırdılar, doğrudur, bəzən mübahisə, dava-dalaş da olurdu, lakin bütün bunlar sanki bir ailənin içərisində baş verirdi, onlar bir-birlərinə pul, duz, qənd, çörək borc verir, bəzən birlikdə yemək yeyir, bütün həyətin istifadəsində olan yeganə tualetdə ləngiyənin ünvanına yüksək səslə deyinir, bazara gedəndə qonşulardan nəyəsə ehtiyacları olub-olmadığını soruşur, yaxınlıqdakı çörək dükanından həyətdəkilər üçün böyük bir tor torbada on-on iki baton alıb gətirirdilər.

Hər şənbə biz atamla hamama gedərdik. Hamam «Fantaziya» adlanırdı və bütün şəhərdə məşhur idi, ona görə ki, şəhər indikindən xeyli kiçikdi və indi mərkəz adlanan yerdən ibarətdi. Həmin hamam indi də durur, amma «Fantaziya» adlanır, ya yox, bilmirəm, yəqin ki, varlı müftəxorların atılıb qaldıqları saunaya, ya kisə həvəskarlarının səhmdar cəmiyyətinə, ya da o dərəcədə eybəcər nəyəsə çevrilib. Atamla bu hamama gedərdik, evdən orayadək olan məsafə mənə dəhşət dərəcədə uzaq və yorucu görünərdi, halbuki evimizlə hamam arasında cəmi iki məhəllə vardı. Sadəcə, mən uşaq idim, uşaqlara isə hər şey olduğundan böyük görünür. Xüsusən də hamamdan sonra yorğun, əzgin, gözlərimdən yuxu tökülə - tökülə bu yolu piyada getməkdən çox hirslənər və şıltaqlıq edərdim. Hamamda çox vaxt saatyarım – iki saat təmizlənmək istəyənlərin növbəsində dayanardıq, o vaxtlar şəhərdə hamam çox deyildi, sakinlərin çoxu bizim kimi yaşayırdı - vanna otaqlı mənzil xəyal idi. Saatyarımlıq növbə atamın əsəblərini tarıma çəkirdi, eybəcər cəmiyyətimizin hərtərəfli əgər-əksiyini ürəyində lənətlədiyi bəlli idi (hərçənd, başqa cəmiyyət barədə ordan-burdan eşitmişdi, o illərdə xaricə səfər etmək hər adama nəsib olmurdu, əcnəbi ölkələrə səyahət seçmə adamların imtiyazıydı) və biz dilxor nömrəyə daxil olurduq: soyunmaq üçün nəzərdə tutulmuş ön hissə, duş, mərmər səki, naxışlı mərmər divarlar. Amma nə naxışlı divarlar, nə gözəl mərmər səki atamın əhvalını qaldıra bilmirdi. O, tasla bir neçə dəfə səkinin üstünə qaynar su tökür və çimmək əməliyyatı - mənim əzablarım başlanırdı. Dilxor atam süngəri kürəyimə elə çəkirdi ki, elə bil birillik çimmək normamı ödəməyə çalışırdı, nəhayət, duşun altına keçəndə kürəyim, sinəm, əllərim, qıçlarım qıpqırmızı olurdu. Getdikcə atamın hirsi soyuyur, yumşalır, dodağının altında zümzümə etməyə başlayırdı. Təbi, səsi olmasa da, hamamda oxumağa həvəsli idi. Mızıldadığı kədərli, qəmgin nəğmələr onun ifasında daha da kədərli ahəng alırdı və ürəyim sıxılır, tezcə anamın yanına qayıtmaq istəyirdim. Bir dəfə atam astadan qəmgin-qəmgin zümzümə etdiyi vaxt gözlənilmədən ağladım. Kədər və qüssə ürəyimə yığılıb, yığılıb yığılıb göz yaşlarımla daşmışdı.

- Nə oldu?- Atam təəccüblə soruşdu və daha yumşaq tərzdə təkrar etdi. - Nə oldu? Ağlama.

Onun üçün bu, sadəcə ifa etməyə çalışdığı mahnı idi.

Hamamdan dönəndə hər dəfə işıqlı pəncərəsi küçəni aydınladan, uzaqdan gəl-gəl deyən su köşkünün qarşısından keçərdik, burada limonad, şirin, dadlı qazlı su satırdılar, hər dəfə də qazlı su içmək üçün atamı oraya dartırdım.

- Hamamdan sonra boğazın gələr,- atam məni dilə tuturdu.-Bax evə çatarıq, anan bizə mürəbbə ilə təzədəm çay verər.

İllər keçdikcə atamın yaşı ilə bərabər fikirləri də dəyişirdi- bir neçə il sonra əmin olmuşdu ki, çay faydasız içkidir, ölü sudur, suyu təzə-təzə, qaynatmamış içmək lazımdır, belə halda suyun cana xeyri varmış.

Lakin hamamda ağladığım o axşam atam su köşkünün qarşısında dayandı.

- Şirəli su içirsən?- deyə soruşdu.

Başımı buladım. Heç bir səbəb olmadan durduğum yerdə qız kimi ağladığım üçün utanırdım və başa düşürdüm ki, elə buna görə atam havanın şaxtasına baxmayaraq- həmin günün səhəri yuxudan oyanıb küçədə qar topalarının pəncərəmizə qədər qalxdığını görmüşdük-«hamamdan sonra soyuq su içmək olmaz» qənaətinin əksinə çıxaraq əlimdən tutub qəti addımlarla su köşkünə girmişdi, Üzütüklü, pinti satıcıdan ikiqat şirəli qazlı su istədi. Soyuq, şipşirin qazlı su boğazımdan keçmirdi, özümü günahkar sayırdım, elə bilirdim bu suyu içməyə haqqım çatmır, bu suyu göynəyərək, ağlayaraq dilənmişdim. Evə gələndə isə atam anama dedi:

-Nə isə, uşaq bu səfər birtəhər oldu.

-Nə olub? - Anam narahat oldu. - Azarlayıb?

-Nəyə görəsə kefi pozulub.

Anam yanımda - rəflərinə məzəmmətlə atama baxan çini fillər düzülmüş divanda oturdu, dinməzcə məni qucaqladı, təmiz yuyulmuş başımı ilıq əlləri ilə sığalladı və bağrına basdı. Atamdan belə münasibəti heç vaxt görməmişdim.

Üçüncü şəkil

Kislovodsk

O illərdə yay aylarında Kislovodsk, Pyatiqorsk, Yessentukidə dincəlmək dəbdi. Bizim şəhərdə yaşıllıq az idi, yayda istilər son həddə çatırdı, vacib iş olmadan bir adam evdən bayıra çıxmırdı, tozlu, boz şəhər yandırıb-yaxan günəşin altında tər tökürdü, imkanı olanlar sərin hava, şəfalı su dalınca nisbətən sərin iqlimli Kislovodska yollanırdılar. Bizim ölkədə də, əlbəttə ki, səfalı yerlər vardı. Amma nə etmək olar, dəbdən qalmaq olmaz, ona görə də hamı dəblə ayaqlaşmağa, dalda qalmamağa çalışır, dəstə-dəstə istirahətə axışırdı. Bizim bağımız vardı, mayın sonunda bağa köçərdik, sentyabradək atam, nənəm , mən və kiçik bacım orada qalardıq. Yayda atam qısa məzuniyyət götürərdi, lakin məzuniyyət vaxtı da həftədə iki-üç dəfə işə gedər və çox vaxt şəhərdə gecələyərdi. Günlərin birində atam elan etdi ki, bu yay Kislovodska gedəcəyik. Mən ikinci sinifdə oxuyurdum və qarşıdakı səfər həyatımda ilk böyük səyahətim olacaqdı. Düz bir ay bu səfər xəyallarıma hakim kəsildi, «Kislovodsk necə yerdir» - deyə, ata-anamdan sorğu-sual etdim, onlardan aldığım cavablar göylərdə uçan xəyallarımı bir az səngitsə də, bu cəzbedici Kislovodsk təsəvvürümdə sakit, mavi dənizin əhatə etdiyi iri, işıqlı, sərin ev kimi canlanırdı. Bu evin pəncərələrindən görünən bəyaz otaqlardakı insanlar lüləkli fincanlardan su içir və mənə baxıb gülürdülər. Üzərində «Kislovodsk» yazılmış lüləkli fincanı ikinci mərtəbədə yaşayan qonşumuzda görmüşdüm. O, keçən il müalicəyə getmişdi və bu fincan bir ay görüşünə hazırlaşdığım Kislovodskın təcəssümünə, ayrılmaz hissəsinə çevrilmişdi.

Artıq qatardayıq. Burada hər şey mənim üçün yenidir. Mən öz iç dünyamda qapanmışdım və bu dairədən çox az-az və həvəssiz çıxırdım. Ətrafımı fərq etməzdim, fərq etsəydim belə, yuxudaymış kimi gəlirdi mənə. Gerçək məqamları yaşamırdım. O anların tezcə keçmişə çevrilməsini istəyirdim ki, həmin anları xatırlamaq, hissiyatımın bir parçasına çevirmək mümkün olsun.

Atam kupenin içəri qapısındakı güzgünü göstərib dedi:

- Buraya bax. Əlini toxundur.

Mən key kimi güzgüyə, qapının gümüşü dəstəyinə toxunuram, siyirmə qapını açıb-bağlayır, inək və qoyunların otladığı çəmənləri, bizə hörmət əlaməti olaraq maşın karvanının qarşısını kəsmiş zolaqlı şlaqbaumu, güllü donlu qızı, yaşıllığa qərq olmuş evin qarşısındakı ipdə yellənən ağ mələfəni cərgə ilə ötürən ilıq pəncərəyə burnumu toxundururam. Və duyğular canımı sarır, mövcudluğun keçmişə qoşan hər anını dərk etməyə məcbur edirdi, məcbur anladırdı ki,mən varam, indi yaşayıram, güzgüyə, qapının dəstəyinə toxunuram, burnumu güzgüyə sıxıram, baxdığımı görürəm, indi, bu dəqiqə, bu an yaşayıram. Təəccüblənirəm- hər şey necə sadədir, bu haradan atamın ağlına gəlib, bu, möcüzədir. Lakin çox keçməmiş, pəncərədən seyr edərək sakitləşirəm və yenidən, həmişə olduğu kimi düşüncə və xəyallarıma qapılır, məni Kislovodska aparan qatarın pəncərəsindən görünənləri çox az fərq etməyə başlayıram.

Kislovodskda uşaq kimi hərəkətli, yaşlı, şən, şişman qadından otaq kirayələdik. Qadın qabırğaları çıxmış vücuduma baxıb hər səhər mənə yağ kimi qatı yerli xama yedirməyi anama tövsiyyə etdi. Anam da səhəri gözləmədən iri çörək diliminə xama yaxıb məcburən mənə yedirdi. Bu səbəbdən şən ev sahibəsinə də, qatlama çarpayımın önündəki pəncərədən açılan səhərin vəd eidiyi zəngin səhər yeməyinə də və ümumilikdə bütün Kislovodska nifrət etdim.

Atam deyirdi:

- Fikir ver, gör buranın necə havası var? Elə bil havası da yeyilməlidir.

Nəfəsimi saxladım. Amma qısa müddətə, tezliklə uşaq tərsliyi yerini yaşamaq həvəsinə verdi.

Turizmin cazibəsinə düşmüş valideynlərim mənimlə bərabər Kislovodskın bütün məşhur yerlərini gəzdilər, görməli yerlərinə baxdılar, «Xram vozduxa» deyilən yerdə nəfəs aldıq, lüləkli fincanlarda turş, qoxumuş su içdik, gölməçədə qayıq gəzintisinə çıxdıq, yağışdan sonra daha da yaşıllaşmış parkda gəzdik. Əyləncəli proqramlar zamanı atam az danışardı, ümumiyyətlə ,o, danışqan deyildi. Bir gün səhər erkən, anam hələ yatmışkən məni oyatdı və özü ilə balıq tutmğa apardı. Atam dinməzcə balıq tutur, mənsə ona baxır, anlaşılmaz inadla özümə aid şeylər barədə düşünürdüm, qışda yağmış qarı, qonşu uşaqlarla qartopu oynamağımızı, faner parçasında sürüşməyimizi xatırlayır, ya da qonşuları, məktəb yoldaşlarımı yada salırdım. Birdən boynumda yeni tutulmuş balıq şappıldadı.

- Balığa bax,- atam əlində qıvrılıb çırpınan xırda balığı göstərib qısa və qəti söylədi.

Mən bir söz deməyib yaş boynumu sildim. Balıq quyruğunun şapalağı küylü olsa da, ağrıtmamışdı.

Atam suyun altına uzanmış tilov ipindən gözünü çəkməyərək gözlənilmədən sual verdi:

- Böyüyəndə kim olmaq istəyirsən?

- Bilmirəm,- cavab verdim.- Hələ doqquz yaşım var.

- Aydındır,- deyib atam yenə uzunmüddətli sükuta daldı.

Balıqları mən daşıyırdım, tor torbada ağızlarını açıb hava udmağa cəhd edən bir neçə xırda çapaq və bir karp vardı, balıqları mənə atam tanıtdı. Evə çatıb qəniməti yenicə oyanıb yoxluğumuzu aşkar etmiş anama verdik.

- Hə, - atam dedi, - bir öyün.

- Bax, -anama müraciət etdim.-Biz tutduq.

- Afərin,-deyib anam torbanı aldı və mətbəxə keçdi.- Əllərinizi yuyun!-Mətbəxdən səsləndi.- Səhər yeməyi yeyəcəyik.

O dəqiqə gözümün qabağına bir stəkan-dolu stəkan yağlı, iyrənc xama gəldi.

- Birdəfəlik nahar edə bilmərik?- Maraqlandım. - Səhər yeməyindən bezmişəm.

- Bu vaxt sən ancaq yerindən qalxırsan. - Atam dilləndi.- Bu gün çox erkən durmusan. Ona görə elə bilirsən ki, nahar vaxtıdır. Acmısan?

Gözümün önündə xama varkən, nə deyə bilərdim?!

Atam məni hər gün parka aparırdı və demək olar ki, hər dəfə də dəqiq doktor tərəzisində çəkdirirdi, belə tərəzilər hər yerdə vardı, məlum olanda ki, son beş gün ərzində iki yüz qram artmışam, kefi kökəlirdi. Nikbinliyini mənə də təlqin etmək üçün sevinclə deyirdi:

- Bax görürsən? Tezliklə pəhləvan kimi olacaqsan. Axı sən pəhləvan olmaq istəyirsən.

- İstəmirəm,-deyə ürəyimdən pəhləvanlıq keçmədiyini etiraf edirdim.

Dördüncü şəkil

Malyutka”

Bu motosikl bizim küçənin, bizim məhəllənin, hətta qonşu küçə və qonşu məhəllələrin bütün uşaqlarının ən böyük arzusu idi. Çünki «Malyutka» motosiklinin şöhrəti hər yana yayılmışdı. Onun sahibi avtomobil çilingəri, mexanik idi, ümumiyyətlə, əlindən gəlməyən iş yoxdu, mini-motosikli də əsl motosikllər üzrə (hansı ki, ən gur fantaziyalı oğlanın belə yuxusuna girməzdi) öz əlləri ilə yığmışdı. Motosiklin sahibi bizə acıq verirmiş kimi, hərdən məhsulunu küçəyə çıxarır, guya havaya verirdi, çox vaxt mühərriki işə salır, borudan lacivərd tüstünün çıxması ilə müşayiət olunan kəskin tır-tır səsi aləmi başına alırdı və bir neçə dəqiqə içində yaxın küçələrin uşaqları komanda almış kimi, bu möcüzə motosiklə baxmaq üçün mexanikin yaşadığı evin yanına axışırdılar. Motosikl elə on-on üç yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdu, oyuncaq kimi yaraşıqlı balaca motosiklin rahat dəri oturacağı vardı, benzin çəninin üzərində isə şimşəyə bənzər gümüşü «Malyutka» yazısı bərq vururdu. Mağazadan yeni alınmış ayaqqabı kimi parıldayan möhkəm təzə təkərlər, parlaq qısa millər, əyləcli əymə sükan və gecə səfərlərinə imkan verən fənər görənlərin ağlını başından alırdlı. Hər şey oyuncağa bənzəyirdi, amma əsl idi. Sükanın mərkəzində, fənərın üzərinə quraşdırılmış spidometr sürət həddi kimi saatda otuz kilometr göstərirdi. Bu gözəlliyə baxdıqca, ağzımızın suyu axırdı.

- Atanıza deyin ki, motosikl satılır,- sahib – mexanik möcüzəsini kiçik həyətin məxsusi «Malyutka» üçün qaraj halına gətirilmiş hissəsinə çəkərək artıq neçənci dəfəydi xatırladırdı. Sahibin qırx yaşı olardı, adətən, üzütüklü, hisli-paslı gəzərdi, kirli əllərindən benzin iyi gələrdi. Motosiklini bayıra çıxarıb bizim üçün sonu məyusluqla bitən kiçik bayramlar təşkil etdiyi vaxt isə təraş edir, saçlarını səliqə ilə darayırdı.

Lakin heç bir valideyn ürək edib bu möcüzəyə baxmağa, heç olmazsa, qiymət kəsməyə gəlmirdi. Belə əşyalar dəbdəbə əlaməti sayılırdı, o zamankı hakim dairələrin fikrincə, bu təmtərağı ya fıraldıqçılar, ya da görkəmli elm və incəsənət xadimləri özlərinə rəva görə bilərdilər. Bizim atalarımız o zümrəyə daxil deyildilər, onlar ailələrinin ən vacib ehtiyaclarını ödməkdən artıq imkanı olmayan halal zəhmətkeşlərdi. «Malyutka»nın küçəmizdə nümayişi başlayandan bəri, motosikli almaq xahişimi qəti etirazla qarşılayan atam bir neçə həftə ardıcıl işdən gələrkən məni qaşqabaqlı və susqun görürdü, suallara həvəssiz və qısa cavab verir, ağzımı zərurət olmadan açmırdım.

Bir gün yan otaqda atamın anama dediklərini eşitdim:

- Belə şey olar? Ondan soruşuram neçəyədir? Bir qiymət oxudu...

Qiyməti asta səslə, demək olar ki, pıçıltı ilə söylədi, amma anamın heyrətlə ah çəkməsindən başa düşdüm ki, məsələ müşküldür. Günlərin birində evə gələn atam yenə məni qaşqabaqlı, susqun görüb - yəqin ki, bu halımla onu bezdirmişdim - əlimdən yapışıb məni küçəyə çıxardı. Bizim irəlilədiyimiz səmt... Ürəyim həyəcanqarışıq sevinçlə çırpındı.

O axşam pinti avtomobil çilingərindən tələmtələsik motosikl sürməyi öyrənib uşaqların heyrət və həsəd dolu baxışları altında «Malyutka»nın tərkində küçəmizi bir neçə dəfə o baş- bu baş fırlandım. Uçmağa qanadım yoxdu, sanki motosikllə çulğaşmışdıq, mühərrikin gurultusundan atamın yanında durmuş mexanikin nə qışqırdığını eşitməyərək, axır-axırda, hətta son surəti sıxmağa cəhd etdim. O vaxtlar şəhərdə maşın az idi və mühərrikin pulemyot atəşini andıran səsindən narahat olub pəncərə və balkonlardan baxan qonşuları və ağızlarını açıb səkilərdə düzülmüş uşaqları nəzərə almasaq, küçə boşdu. Pəncərəmizin yanından keçərkən anamın həyəcan möhürlənmiş sifətini gördüm. Sükandan möhkəm yapışmışdım, arada siqnalın düyməsini də basdım, gözümün ucu ilə qaz borusundan çıxıb uzun ətək kimi arxamca sürünən göy tüstünü də görürdüm. Xoşbəxtdim. Məni motosikldən endirəndə bu varlığa kök atdığımı hiss etdim, bir anlıq mənə elə gəldi ki, məni şaqqalayırlar və vucudumun bir hissəsi məndən qoparmaq istədikləri «Malyutka»dır. Bununla belə, üzümdəki təbəssüm uzun müddət çəkilmədi. Mən hələ havalı-havalı gülümsəyərkən atamın mexanikə pul uzatdığını, motosikl sahibinin də pulu alıb hesabladığını və razı halda başını yelləyib, həyətdə çox oynamış uşaq kimi motoksikli sükanından tutub apardığını sezdim. Oğlanlar bizi əhatəyə aldılar, atamla mən onların heyrət və sükütla yaratdıqları dəhlizdən keçib getdik.

Beləliklə, atam «Malyutka»nın sahibinə icarə ideyası vermiş oldu. Bir ildən artıq motosikli satmağa cəhd edən və məqsədinə çatmayan avtomobil mexaniki onu icarəyə verməyə başladı. Elə olurdu ki, mümkün olan hər şeyə- məktəb yeməyimizə, dondurmaya qənaət edib biz-uşaqlar iki həftə pul toplayaraq, aşıq-aşıq oynayıb bir-birimizdən pul udurduq, bəxti gətirən udduğu pulları nəyə xərcləyəcəyini yaxşı bilirdi. Bir sözlə, ən xəsis adam kimi pul yığırdıq ki, heç olmasa, iki həftədən bir özümüzə əsl bayram bəxş edək- bu möcüzə motosikldə gəzək.

Beşinci şəkil

Qarpız

Bağ evimizlə ən yaxın çimərlik arasında şəhərətrafı elektrik qatarı ilə iki dayanacaq vardı. Bürkülü yay günlərində atam evə tez gəldiyi vaxtlar axşamüstü o, məndən altı ay böyük əmim oğlu və mən üçümüz də ayaqyalın stansiyaya yollanırdıq. Stansiyaya üç dəqiqəyə çatırdıq. Qatara minib çimərliyə gedirdik. Buğlanan günəş tənbəl-tənbəl əyilir, ətrafı qızılı- al rəngə boyayırdı, bütün gününü sahildə keçirmiş, haldan düşənə qədər dənizdə çimib, günəşdən yanmış insanlar yollara səpələnirdilər. Çimərlikdən qayıdan adamlar bizim gəldiyimiz qatara tələsirdilər. Yalın ayaqlarımızın soyumağa başlayan narın qumla təmasından ləzzət ala-ala addımlayırdıq. Sübhdən doğan günəş dənizi elə qızdırırdı ki, suya girəndə sanki əriyirdik. Doyunca çimib şər qarışanda stansiyaya qayıdır, iki platforma arasındakı taxta körpünün isti pillələrində oturub şəhərə gedən qatarı gözləyirdik. Stansiyanın yüz addımlığında qarpız, qovun, xiyar, pomidor yetişdirilən bostan vardı.

Bir axşam qatar gözlədiyimiz vaxt atam ona xas olmayan sərgüzəşt əhval-ruhiyyəsi ilə bic-bic gülümsəyib soruşdu:

- Kim bostana girib qarpız gətirə bilər?

- Bizə əvəzində nə düşəcək?

- Hərənizə yarım qarpız, üstəlik də məndən mükafat,-deyə atam vəd etdi.

Əmioğlu toxtamadı:

- Mükafat nə qədər olacaq?

- Sənə bəs edər,-atam dəqiq cavabdan yayındı.

Baxışdıq, düşündük və getməyi qət etdik. Elektrik qatarı hələ görünmürdü, qarpız dərib qayıtmaq ikidəqiqəlik işdi. Platformanın kənarına çıxıb bostan uzandığı tərəfdən yerə atıldıq. Hər tərəf qaranlıq idi. Lakin uzaqda bostan sahibinin, böyük ehtimal ilə, gözətçinin qaldığı kiçik köşkdən işıq gəlirdi.

- Ehtiyatlı ol,- deyə əmioğlu zülmətə zəif işıq süzən pəncərəni göstərib pıçıltı ilə xəbərdarlıq etdi.

Səs salmamaq və diqqəti çəkməmək üçün kolları basmamağa çalışır, səssiz addımlayırdıq. Qəfildən qaranlıq və sakitlikdə haradansa uzaqdan səs gəldi:

- Oğrular! Tutun oğruları! Bostanda oğru var.

Əvvəl anlamadım ki, qışqıran stansiyanın platformasında durmuş atamdır, sonra bilib qulaqlarıma inanmadım. Bu səsə bənd imiş kimi köşk tərəfdən it hürməyə başladı və bir anda sahibi ilə qaranlıqdan çıxdı. Iri köpək yəqin ki, küçə iti idi, qaranlıqda müəyyən etmək mümkün deyildi. Cinsi təyin etmək vaxtı idi? It düz üstümüzə gəlirdi, arxasınca bağıraraq söyüş söyən əliçomaqlı gözətçi qaçırdı. It hürüşü, qışqırıq, söyüş, qaranlıq zəhrimizi yarmışdı.

- Qaç,-deyə əmioğlu qışqırdı.

- Bəs sən?

- Qaç, mən qarşısını kəsərəm!- Yaxınlarda kinoda gördüyümüz sinəsi ilə yoldaşlarını qoruyan əliqumbaralı partizan kimi təkrar qışqırdı.

Məni dilə tutmaq lazım gəlmədi, birnəfəsə platformaya çatdım, üstünə atılıb nəfəsim qarala-qarala atamın yanında pilləkənə çökdüm, heyrətlə heç nə olmayıbmış kimi gülümsəyən atama baxdım. Qəribədir,mən götürülən kimi, hürüşmə və qışqırıq kəsildi. Bir neçə dəqiqə sonra əmioğlu da qayıdıb sakitcə yanımızda oturdu.

- Nə oldu? –atamla eyni vaxtda soruşduq.

- Hər şey qaydasındadır,-deyə əmioğlu cavab verdi. - Danışdıq.

- Danışdınız?-Təccübləndim.- Nə barədə?

- Ona dedim ki, əlli-altmış dənə qarpız almaq istəyirik və əmimi göstərdim,-əmioğlu başı ilə əhvalını pozmadan oturmuş atamı göstərdi.-Dedim ki, sizinlə danışmağı tapşırıb, sabah gəlib məhsulu aparacağıq.

- Afərin,- atam fəndgirliklə gülümsəyib əmioğlumu təriflədi.-Sənə də əhsən-bu tərif mənim ünvanıma idi.

Mən baş verənləri dərk etməyə çalışaraq susurdum və atamın hərəkətləri ağlıma batmırdı.

- Ata, niyə belə etdin?- Qatara oturub evə dönəndə soruşdum.

- Bilmək istədim, çətin şəraitdə özünüzü necə aparacaqsınız,- adi məsələdən danışırmış kimi, atam halını pozmadan cavab verdi. – Sizin artıq on üç yaşınız var, amma heç bir vaxt təhlükəli vəziyyətə düşməmisiniz. Düzdür? Bax sizə o şəraiti yaratdım. Hərçənd qarpız gətirə bilmədiniz, ona görə də sizə mükafat düşmür, amma aradan çıxa bildiniz.

Çimərlikdən və başımıza gələnlərdən yorulmuş halda evə gəldiyimizdə atam anama dedi:

- Bu uşaqlar batmayacaqlar. Biri yaxşı qaçır, o biri də yaxşı goplayır.

Altıncı şəkil

Badamlı pirojnalar

Atam tez-tez Moskvaya ezamiyyətə gedirdi və hər dəfə bizə badamlı pirojnalar gətirirdi, bu şirniyyat «Nasional» mehmanxanasının bufetində, bəzən də Yeliseyev mağazasında satılırdı.Bu, əllinci illərin «Nasionalı»ndan alınma ləziz pirojnalar idi. Saqqız kimi dartılır, ağızda əriyirdi, qeyri-adi, iştahçəkici ətri vardı, çeynəmək olmurdu, dişinə vurub, bir-iki sayınca xəyal kimi əriyib gedirdi. Mən ağzıma güclə yerləşən böyük tikə qoparmağa çalışırdım, nəticə eyni olurdu, bir, iki, bitdi, onu saxlamaq, qeyri-adi dadın ləzzətini uzatmaq mümkün deyildi.Hərçənd bizim milli mətbəximiz də şirniyyatdan kasad deyildi- hər Novruz bayramında bişirilən paxlava, şəkərbura, şəkər çörək- lakin badamlı pirojnalar başqa aləmdi, şirniyyat deyil, nağıl idi. Hər dəfə atam səfərə çıxanda, yadına salırdım:

- Bax xoşladığımız pirojnalardan almağı unutma.

Bir dəfə atam Moskvada bir gün ləngidi, biz onu, xəbərdar etdiyi kimi, şənbə günü gündüz gözləyirdik. O isə bazar günü səhər gəlib çıxdı. Nigarançılıqdan bütün gecəni yatmayan anam (o vaxtlar həyətimizdə təkdənbir adamın telefonu vardı, qonşuluqda isə heç kimin telefonu yoxdu ki, atam ləngiməsinə səbəb olan məsələ və ya reysin gecikməsi barədə məlumat versin, yalnız təcili teleqram göndərmək mümkündü atam içəri girər-girməz onu sual atəşinə tutdu.

- Artıq təyyaryə minirdim, birdən yadıma düşdü ki, «Nasional»dan badamlı pirojna almamışam, bileti dəyişib təzədən Moskvaya qayıtmalı oldum,- yol yorğunu atam bəraət almağa çalışırdı. - Əliboş qayıda bilməzdim ki.

Təzə olsun deyə yolüstü aldığı pirojna və paytaxt konfetindən başqa atam bir şey almazdı. Moskvada hər şeyin olduğu, əyalətlərdə heç bir şeyin tapılmadığı total qıtlıq şəraitində paytaxta səfər ailə üçün lazımi şeylər almağın yeganə çıxış yolu idi. Lakin atam alış-verişi bacarmırdı. Geyimlərin ölçüsü düz gəlmirdi, ayaqqabı barədə isə danışmağa dəyməzdi, əvvəllər anama gözəl çəkmələr alırdı, bu ayaqqabılar ya anamın ayaqlarını döyənək edirdi, ya da ayağından çıxırdı, o da kor-peşman onlardan imtina etməli olurdu, qab-qacaq da baqajda qırılır, ya da heç nəyə yaramırdı. Əlqərəz, atam yalnız pirojna və konfet almağı bacarırdı. Mənə də elə bu lazımdı.

Yeddinci şəkil

Bağda

Məktəb yoldaşım bağımıza gəlmişdi, bir sinifdə oxusaq da, dost sayılmazdıq, amma şəhərdən qonaq gəlmişdi, qova bilməzdik ki... On dörd yaşmız vardı, yox, o məndən bir yaş böyük idi. Indi yadıma gəlmir, hansı sinifdəsə ikinci ilə qalmışdı. Bağımızla tanışlıqdan sonra, əslində toyuq hinindən və zir-zibillə dolu çardaqdan başqa baxmalı birşey yoxdu, bütün ağaclara dırmaşıb ələk-vələk etdik. Qonaq əriklərdən doyunca tıxışdırıb qəsəbəni gəzməyi təklif etdi. Bağımızın darvazasından çıxan kimi, anamın gözündən iraq, məktəb yoldaşım cibindən ucuz, tünd siqaret qutusu çıxarıb mənə uzatdı. Birini götürdüm, ikimiz də siqareti tüstülətdik.

Qonaq soruşdu:

- Siqaret çəkməyini evdə bilirlər?

Bu köhnə məktəb zarafatı idi, özümüzü böyük, müstəqil insanların yerinə qoyurduq, bizə zərərli vərdişləri qadağan etmək olardı?! Gəzintidən bağa dönərkən, yoldaşım bizə tərəf gələn yaraşıqlı, sarısaçlı qadını marıtladı, şit-şit gülümsəyib qadına söz atdı. Qadın yanımızdan ötüb bayaqdan fərqinə varmadığımız Nuh əyyamından qalma «Moskviç»ə mindi. Həmin dəqiqə maşından qırx yaşlarında yekəpər kişi çıxdı və yaralı öküz kimi nərildəyərək ağzından söyüş püskürdü:

- Yaramazlar, qadına nə dediniz?-Kişi qəzəblə soruşdu, qəfildən əlində fin bıçağı görüb çaşdım.

- Mən heç nə demədim,- deyə cavab verdim.

Kişi becid addımlarla bizə yaxınlaşırdı. Biz artıq bağ evimizin həndəvərindəydik, elə bu vaxt darvazadan çıxan atamı gördüm. Yəqin ki, hər bazar günü olduğu kimi, alış-verişə gedirdi. Atam ağzından söyüş fışqıran əlibıçaqlı yekəpərin bizə yaxınlaşdığını görüb yüyürdü, qarşımızı kəsib var gücü ilə kişiyə bir yumruq ilişdirdi. Kişi maşın yoluna sərildi. Bu müddətdə maşındakı qadın halını pozmadan müqəvva kimi oturmuşdu, məncə, heç bizə tərəf baxmırdı da. Nə isə, kişi yıxıldı, sonra qalxıb maşina cumdu, sükanın arxasına keçib, əyləci ciyildədərək maşını yerindən tərpətdi. Görünür, aldığı zərbə kişiyə güclü təsir etmişdi. Atam heç nə soruşmayıb, qaşqabaqlı dedi:

- Gedin evə.

- Sən haraya gedirsən?- Suçlu-suçlu soruşdum, əslində heç bir günah işlətməmişdim, sadəcə atamı belə halda görmək mənimçin ağırdı.

- Bazara gedirəm. Tez qayıdacağam.

«Moskviç»li kişinin fin bıçağı yerə düşmüşdü. Atam ayağı ilə bıçağı kənara tulladı, dönüb bizə baxdı ki, görsun, evə qayıdırıq, ya yox. O vaxt ilk dəfə atamın adama əl qaldırdığını gördüm.

Səkkizinci şəkil

Məktəbə çağırış

Var gücümlə müəllimlərə sakit və intizamlı uşaq kimi görünməyə çalışaraq, birtəhər ilk iki ili yaxşılar cərgəsində başa vurdum. Məktəbdən sonra isə həyətimizin əksər oğlanları kimi yaramaz olurdum, demək olar ki, hər gün ağılagəlməz qızğın oyunlarda dava salırdım. Lakin üçüncü sinifdə sanki daxilim püskürdü və məktəb üçün yasaq sayılan əslim üzə çıxdı. Müəllimlər əlimdən qan ağlayırdılar, cürbəcür hoqqalar törədirdim, çox əməllərin başında mən dururdum, həmyaşlarımı- on-on bir yaşlı oğlanları kötəkləyirdim, beləliklə, yaşıma uyğun rəngarəng təşkilatçılıq bacarığımı ifadə edirdim. Günlərimiz şən və bu şənliyin cəzasının çəkilməsilə keçib gedirdi. Lakin bunun gələcək davranışımıza heç bir təsiri yoxdu. Təbii ki, sinif rəhbərimiz gündəliyimdə qırmızı mürəkkəblə anamı məktəbə çağıran qeydlər edirdi. Anam məktəbə gəlirdi, vəssalam, bununla hər şey bitirdi, mən başımı aşağı salıb əvvəl müəllimin, sonra anamın danlaqlarını dinləyirdim. Lakin bundan sonra dərsdə də, tənəffüsdə də dəcəlliklər əvvəlki qaydasında davam edirdi. Maraqlıdır, sakit xəyalpərvərlik və o vaxta qədər boşuna gizlənmiş dəlisovluq mənim canımda necə qovuşmuşdu? «O, elə yaxşı,sözəbaxan uşaq idi, - gözlərinin qarşısında böyüdüyüm qonşular belə deyərdilər. Sakitcə pəncərənin qabağında oturub küçəyə baxardı!». «-Hə,- anam deyirdi,-sözə baxan küçəyə baxırmış. Baxmırmış- marıtlayırmış. Indi bu küçə onun əlindən qan ağlayır». Kiçik və böyük yaramazlığımın zirvəsi sinif yoldaşlarımla məktəbin zirməsində sırtıq siçovul tutub, elə oradan tapdığımız yaş kisəyə qoyub tənəffüs vaxtı gizlincə sinfə gətirməyimiz oldu. Siçovul, həqiqətən, çox sırtıq idi, bizi görəndə gizlənməyi, qaçmağı gərək bilmədi, hələ bir üzümüzə elə baxırdı ki, sanki siçovul bizik, o isə bu məktəbin şagirdidir. Keyliyindən istifadə edib, əlimizə keçən köhnə, yaş kətan kisəni sakitcə bizə baxan siçovulun üstünə atdıq, kisəni hər iki tərəfdən elə möhkəm sıxdıq ki, qaça bilməsin. Bu xəzinəni sinfə keçirib, dərsin ortasında azadlığa buraxdıq. Nə baş verdiyini təsvir etmək çətindir. Nəticədə, məktəbə anamı deyil, atamı çağırdılar. «Atasız gəlmə» deyə, məktəb direktoru xəbərdarlıq etdi. Bu ismarıcı atama çatdırmağa məcbur oldum. Iki gün məni məktəbə buraxmadılar, belə xoşagəlməz işi yerinə yetirməkdən yayınan atam (o, məni əməlli-başlı danlamamışdı da, yəni bu işi sırf qadın, anamın işi hesab edirdi) üçüncü gün axır ki, anamın davamlı təzyiqiylə, fasilə vaxtı, evə gedib rahat nahar etmək əvəzinə, canını dişinə sıxıb məktəbə yollandı. Məktəbin qapısında otuz beş yaşlarında, təkayaqlı gözətçi dayanırdı, uşaq vaxtı tramvay altına düşmüş, bir ayağını itirmişdi. Sıxılaraq qapıdan girən atamı görüb, gözətçi tək ayağının imkan verdiyi qədər özünü dartaraq ciddi halda atamı sorğu-sual etdi - «kimsiniz, haradan gəlmisinz, nə üçün, kimin yanına gedirsiniz?»- və sair boş-boş şeylər, sanki məkətəb gözətçisi deyil, təhlükəsizlik komitəsində mühafizə rəisiydi, atam isə təxribatda şübhəli şəxsdi və bu komitəni partlada bilərdi. Atam məsələni anlatdı.

- Ah, siz onun atasısınız,- gözətçinin üzünə təəccübqarışıq təbəssüm qondu.

- Bəli,- deyə atam cavab verdi.

- O, əla oğlandır,- gözətçi dedi.

- Doğrudan- gözləmədiyi rəydən atamın əhvalı o dəqiqə düzəldi.

Gözətçi davam etdi:

- Əlbəttə. Başqa söz ola bilməz.

Məsələ burasındadır ki, mən tənəffüs vaxtı məktəbin tualetində və bədən tərbiyəsi dərslərində uşaqlarla çəkdiyim siqaretə bəzən gözətçini də qonaq edirdim. Mən o siqaretlərin adını da xatırlayıram- ballı bolqar siqaretləri. Acı «Avrora» siqaretlərinə alışmış gözətçi üçün bizim siqaretlərimiz yeməkdən sonra desert dəyərində idi, üç-dörd qullabla siqareti bitirirdi. Mən də kənardan onun acgözlüklə siqaret çəkməsinə baxırdım.

- Əla oğlandır,-gözətçi dil-boğaza qoymurdu.- Çox şən, qaynar uşaqdır. Müəllimlərə çox da qulaq asmayın, onlar xoşagəlməz çox şey deyə bilərlər, qanınız qaralar. Siz məni dinləyin. Bu uşaqlar səhərdən axşamacan mənim gözümün qabağında olurlar, mən onları daha yaxşı tanıyıram. Sizin oğlunuz kimi zirək ikinci bir uşaq ələ düşməz.

Məktəb gözətçisindən belə xoş sözlər eşidən atam qərara gəldi ki, ilk gəliş üçün bu, kifayətdir və dönüb getdi. Üstüörtülü də anama dedi ki, məktəbdə olub, hər şey qaydasındadır, əslində onun dedikləri həqiqətə yaxındı.

Doqquzuncu şəkil

Bıçaq

Təbiətən atam sakit, üzüyola və səbrli idi, mən atama bənzəməmişdim, onun dava-dalaşla, kiməsə ilişməklə arası yoxdu. Atam qorxaq adam deyildi. Çoxları bunu cəsarətsizliklə, qətiyyətsizliklə əlaqələndirsələr də, bundan yararlanmağa çalışsalar da, belələri hər dəfə atamın sərt xasiyyəti ilə üzləşirdilər. Sadəcə, o, çoxbilmiş deyildi, zirək adamların anında etdiklərini, atam uzun müddət götür-qoy edir, düz hərəkət etdiyinə və bu hərəkətdən kimsəyə zərər gəlməyəcəyinə əmin olduqdan sonra qərar verirdi. Müharibənin ilk günündən qələbəyə qədər döyüşmüşdü, iki dəfə yaralanmışdı, dirsəkdən aşağı qoluna güllə dəymiş, sifətindən - çənəsindən qəlpə yarası almışdı, çapıq ömrünün sonuna qədər qalmışdı, bəzi adamların çənəsindəki çökəyə bənzəyirdi, lakin onunki bir az yan -yanağı tərəfdən düşmüşdü.

Atam danışırdı ki, mənim yaşımda, yeniyetmə çağında, məktəblikən dalaşmağı sevməzmiş, lakin ona sataşanlara fiziki gücünü göstərmək üçün ovcu ilə rəqibinin boğazını sıxar və nə qədər çalışsalar da heç kim, hətta ikiəlli onun əlini boğazından qopara bilməzmiş. Mənim atam güclü idi.

On altı yaşında məktəb yoldaşlarımın çoxu kimi, mən də əldəqayrılma bıçaq və beşbarmaq gəzdirirdim. Hərçənd bu alətləri heç bir vaxt işə salmamışdım, amma pijonluq, kimsədən geri qalmamaq üçündü. Məktəbimiz şərəşür, cəncəl məhəllədə yerləşirdi, həndəvərdə yaşlı nəşəxorlar dolaşır, yuxarı sinif şagirdlərinə göz qoyur, söz atıb sataşır, ardınca dava-dalaş salırdılar, açıq-aşkar anaşa çəkirdilər, bir sözlə, fantaziyalarının imkan verdiyi qədər əylənirdilər. Belə bir mühitdə fin bıçağı və ya qatlama bıçaq ( o vaxtlar satışda belə şeylər olmazdı) əldə etmək çətin deyildi. Məktəbdə bəzi yaşıdlarım artıq narkotikin-düzdür zəifinin- o zaman şəhərin bir çox məhəllələrində yayılmış anaşanın dadına baxmışdılar, hər halda zamanla ayaqlaşa bildikləri üçün özlərindən razı gəzirdilər. Bəzən dərsdən qaçıb məktəbin tualetində çaxır içirdik, şüşəni bir-birimizə ötürüb tünd portveyni başımıza çəkirdik, içəndən sonra dava-dalaş axtarır, canımızdakı enerjini sərf etməyə çalışır, savaşmaq üçün başqa məktəblərə yollanırdıq, dava üçün bəhanə tapmağa nə var ki?!

Günlərin birində atam əldəqayırma fin bıçağını tapdı. Qanı bərk qaralsa da, özünü ələ almağa, mənimlə sakit danışmağa çalışırdı. O, bıçağın hər iki ucundan tutub elə əydi ki, bıçaq iki yerə bölündü.

Atam bıçağın parçalarını zibil vedrəsinə tullayıb dedi:

- Bir də belə şey görməyim. Cibdə bıçaq gəzdirməklə adam kişi olmaz, kişi o kəsdir ki, dar ayaqda dayağı olan doğmalarının qayğısını çəksin. Dediklərimi anlamağa və elə olmağa çalış.

O vaxt atamın sözlərinə elə də əhəmiyyət verməmişdim, bıçaq əlimdən çıxdığı üçün kefim pozulmuşdu. Lakin vaxt keçdikcə, bildim ki, bu, ağır yükdü, onu hər kəs çəkə bilməz, o adamların gücü çatar ki, nahaqdan kimsəyə toxunmazlar, lazım gəldikdə isə özlərini müdafiə edə bilərlər. Özlərini və yaxınlarını.

Onuncu şəkil

Tir

Altı-yeddi yaşım olanda atamla tez-tez Sahil bulvarına gəzməyə gedərdik. Adətən, onun brauninqin lüləsi kimi möhkəm və etibarlı şəhadət barmağından tutardım. O vaxtlar bulvarın girəcəyində köhnə, taxta tikili vardı, burada o dövrün nadir müəmmalı əyləncələrindən olan tir fəaliyyət göstərirdi. Bəzən atam tüfəng atmaq üçün buraya girir, mənsə atamı seyr edir, o hədəfə dəyəndə, mənə gərək olmayan hər hansı bir priz, məsələn, pinti geyimli, dombagözlü rezin kukla, üçqat odekolon udanda belə çox sevinirdim. Səliqəsiz, üzütüklü tirçi könülsüz halda atamın udduğu prizi gətirməyə gedəndə mən maraqla ətrafıma boylanırdım-görün mənim atam necə atır?! O, cəbhədə olub və faşistləri qırıb!

Bir dəfə atam tirdə atanda oraya təxminən mənim yaşda oğlan ilə orta yaşlı, atamdan yaşca böyük bir kişi girdi. Onun verdiyi pulu alan tirçi tir tüfəngindən atmaq üçün bin neçə qırma verdi. Atamın önündəki qırma daha çoxdu, o, nə olduğu artıq dəqiq yadımda deyil, priz də udmuşdu və yenə nəsə udmaq üçün həvəslə atırdı. Kişi kobud fəhlə əlləri ilə tüfəngi oyuncaq kimi götürüb qırmayla dolduraraq atəş açdı və hədəfdən yan keçdi. Sonra yenə, yenə atdı, qarşısındakı qırmalar sürətlə azalırdı, kişi isə hələ bir şey udmamışdı. Atamın mənim üçün artıq ikinci mükafatı (lazımsız bir şeydi) udmasına həsədlə baxan oğlan xəlvətcə atamın qarşısından iki qırma götürüb atasının azalmış qırmalarına qarışdırdı. Mən çox utandım, pərt oldum, sanki oğurluq etmişdim, amma susdum. Kişi həsrətlə mükafat gözləyən oğlunun ümidlərini doğrultmadan bütün qırmalarını atdı, əlavə qırmaları görüb bir saniyə çaşdı- mən diqqətlə onu izləyirdim - sonra qırmaları tüfəngə doldurub atdı, yenə nəticəsiz. Bu yandan atam da qeyri - iradi əlini qırmalara tərəf uzatdı, qırmaları görməyib mənə baxdı. Deyəsən, pörtmüşdüm. Atam çevrilib oğlana baxdı, onun təmiz, kasıb geyimini süzdü, sonra atasına nəzər saldı, bir söz demədi. Tirdən çıxdıq, dərindən nəfəs aldım, sanki çiynimdən ağır yük götürülmüşdü və yenidən atamın yumşaq, həssas, hər toxunuşuma hay verən şəhadət barmağından yapışdım.

On birinci şəkil

Televizor

Atam televizor almışdı. Mən birinci sinifdə oxuyurdum. Yadımdadı: məktəbdən qayıdıram, kiçik həyətə açılan qapımızda qopalmış göy rəngli ikitaylı qapısı taybatay açılmış maşın dayanmışdır. Hələ uzaqdan evimizin yanında taksi görmüşdüm. «Pobeda»nın da qapıları açıqdı, atam tanımadığım bir kişi ilə, yəqin ki, taksi sürücüsüymüş, büzüşmüş, donqar avtomobildən nəsə çıxarmağa çalışırdılar. Sanki «Pobeda» narazıydı ki, içindən nəsə çıxarırlar. Qaçaraq gəldim. Mən çatanda artıq qutu çıxarılmışdı, maşın da boş, küskün dayanmışdı. Mən nəfəsimi udub, gözümü qutuya zilləmişdim: atam sürücü ilə qutudan nə çıxaracaq?

-Televizor!- heyrətlə pıçıldadım.

O vaxtlar balaca həyətimizdə qonşulardan heç kimin televizoru yoxdu. Vaxtilə mənə çox böyük görünən məhəlləmizdə bir-iki televizor olardı, ya olmazdı, təsəvvür edirsiniz? Bizim isə vardı. Budur,bizimdir. Yaraşıqlı, parlaq, cilalanmış taxta gövdəli, kiçik qabarıq şüşə ekranlı televizor.Bizim televizor.

Artıq hər axşam bizim kiçik otağımıza on beş-iyirmi qonşu yığışırdı. Yaxın həyət qonşularımızdan başqa, bəzən küçəmizdə yaşayan uzaq qonşular da stul, kətil, ayaqaltı kətillə bizə gəlirdilər. Birtəhər özünə yer etmiş qonşular nəfəs çəkmədən üç saat gözlərini ekrandan çəkmirdilər. Çox vaxt bir stulda iki adam otururdu. Anam iki kətilin üzərinə enli taxta qoyurdu ki, stullardan tərpənmək mümkün olmayan otaqda yerə qənaət olunsun. Bu taxtada beş nəfər rahat yerləşərdi, amma belə sıxlıqda rahat oturmağa heç kim imkan verməzdi, ona görə də sevgili sərçələr budaqda necə sıx oturursa, altı-yeddi adam da əgər - arıq və quru adamlarsa - bir-birinə sıxılıb otururdu. Şişmanlar köklüklərindən utanır və üzrdiləyici baxışlarla anama baxırdılar. Bir sözlə, camaat birtəhər yerləşir, anamsa təntənə ilə televizoru açırdı. Günəbaxan tumu gətirənlər də olurdu, əllərini tərpətməyə imkan olduqca tum çırtlayır, qabıqlarını ovuclarına yığırdılar. Atam işdən gec qayıdırdı, o vaxta qədər verilişlər bitirdi, qonşular da oturacaqlarını götürüb üzlərində key təbəssümlə evlərinə qayıdırdılar. Atam halını pozmadan «ev deyil, kino - teatrdır», deyərdi. O, qonaqpərvər idi, qonaq gəlməsini istəyirdi, amma əndazəsində, yəni evdə olan stulların sayı qədər.

Havalar istiləşəndə (bizim şəhərdə bu apreldən sentyabrın sonuna qədər, bəzən, daha çox çəkir) atam televizoru evimizin həyətə açılan pəncərəsinə qoyur, qonşular da stullarını çəkib təmiz havada rahatca ekran qarşısanda əyləşirdilər. Atam da işdən tez gəldiyi vaxtlarda heç kimə mane olmadan boş otaqda yuxusunu alırdı.

Vaxt keçdikcə, əlbəttə, çoxunun evində televizor peyda oldu və hər kəs öz evində verilişlərə baxmağa başladı, lakin atamın televizoru pəncərəyə çıxarması uzun illər minnətdarlıqla xatırlandı.

On ikinci şəkil

Gödəkcə

Artıq on beş yaşım var, doqquzuncu sinifdə oxuyuram, güzgüdən mənə üzü sızanaqlı, tez-tez aşiq olan, dalaşqan oğlan baxır, gah sinfimizdəki qızlardan xoşum gəlir, gah da o biri siniflərdəki, üzümdəki eybəcər, irinli sızanaqlar məni cin atına mindirir, qızların xoşuna gəlməkdən məhrum edir. Kimsə mənə çəp baxsa, bəyəndiyim qıza söz atsa, onunla dalaşıram, hərçənd qızın mən tərəfdən bəyənildiyindən xəbəri yoxdu, ondan ötrü ölürəm, ümidsizlik dolu cızmaqara şeirlər yazıram, lakin nəinki qəlbimi açmağa, heç kənar bir mövzuda söz açmağa cəsarətim çatmır. Əgər qız ilk olaraq məni danışdırırsa, dilim topuq vurur, kəkələməyə başlayıram, ovcum tərdən islanır, yerli-yersiz təkhecalı «hə», «yox» söyləyirəm. Zahiri eybəcərlik bir yana, üstəlik gicbəsər təsiri də bağışlayıram. Toplanan və qaynayan enerjimi dava-dalaşa sərf edirəm. Savaş üçün hər bir şey bəhanə olur. Hamı bilir ki, kimi cəzalandırmaq lazımdırsa, məndən yaxşı yoldaş tapmayacaq. Eyni zamanda, nəzakətlə bir şey xahiş etsələr, nəyim varsa, verməyə hazıram. Bax o adıbədnam yetişkənlik dövrümü haqlayanda mən bu halətdəydim. Bilirdim ki, bu, keçid dövrüdür, haradan – haraya keçmək lazım gəldiyini bilmirdim.

Atam mənə gödəkcə almışdı. Bu, atamın nadir uğurlu bazarlıqlarındandı, Moskvadan gətirmişdi, son dəbli gözəl, sırıqlı sintetik gödəkcə sanki əynimə biçilmişdi, çoxdan arzusunda olduğum təzə qiyafətə çox sevinirdim. Məktəbimizdə bəzi uşaqların belə gödəkcəsi vardı, nəhayət, mən də arzuma çatdım. Ertəsi günü gödəkcəni geyinib məktəbə yollandım. Riyaziyyat dərsini buraxıb tualetdə içinə anaşa doldurulmuş papirosu bir-birimizə ötürüb çəkərkən yoldaşlarım gödəkçəmi də əyinlərinə keçirib üstlərinə krandan su tökdülər, davamlılığını yoxladılar və s. Gödəkçəm bütün sınaqlardan şərəflə çıxdı və mən əmtəə görünüşünü bir qədər itirmiş üst geyimimi əynimə geyindim.

Qonşu evdə məndən iki yaş böyük oğlan yaşayırdı, anası o vaxtlar qadağan olunmuş fərdi alverlə məşğuldu, o vaxt belələrini alverçi adlandırırdılar. Bu qonşu oğlanın gödəkçəmə gözü düşmüşdü. Məni təzə geyimdə görüb yaxınlaşdı, təriflədi. Gödəkçəmi əllədi, sanki mən onu satacaqdım və elə oradaca xahişini ərz etdi:

- Bilirsən, bu gün görüşə gedəcəyəm, bir axşamlıq gödəkçəni verə bilərsən? Qızın yanında lovğalanmaq istəyirəm.

Nədənsə inanmadım ki, oğlanın qızla görüşü var, lakin açıq danışması xoşuma gəldi, gödəkçəmi çıxarıb ona verdim.

- Al,-dedim.-Əynimdə pencək var.

Oğlan cəld gödəkçəmi aldı, köhnə gödəkçəsini çıxarıb mənə verdi (düşündüm ki, müvəqqəti dəyiş-düyüş etmək istəyir), mənimkini geyib, özününkünü geri aldı. Mənim gödəkçəm əyninə kiçikdi, atam özünün alış-veriş qabiliyyətilə gödəkçəni onun əyninə də ala bilərdi.

- Axşam görüşdən sonra qaytaracağam,-deyə oğlan vəd etdi.

Axşam gödəkçəmi gətirdi. O gedəndən sonra anam məni danladı:

- Sənə geyim aldıq ki, özün geyəsən, daha bütün küçə yox.

Atam heç nə demədi.

Bu hadisədən sonra üzümün yumşaqlığını görüb qonşu oğlan bu xasiyyətimdən geninə-boluna istifadə etməyə başladı, demək olar ki, hər axşam bir bəhanə ilə gödəkçəmi alıb aparırdı. Etiraz etməyə üzüm gəlmirdi və nəticədə gödəkçəm məndən çox ona yarayırdı. Hər dəfə anam deyinir, məni danlayırdı, lakin sırtıq oğlan gödəkçəmi almağa gələndə ona bir söz demirdi.

- Onun anasının əlindən milyon belə gödəkcə gəlib - keçib,- anam deyinirdi,- Bütün qonşular bilir ki, alverçidi, özünkünü geysin də, yox, gərək sənin gödəkçəni geyə. Bir bax, bu yazıq gödəkçəni əslində ikiniz geyinirsiniz – sən səhərlər dərsə, o da axşamlar, allah bilir, haraya?!

Atam heç nə demədi.

Təxminən iki ay belə davam etdi. Iki ay sərasər belə olmalıymış kimi oğlan həyasızcasına göcəkçəmdən yararlandı (əgər həqiqətən bu müddətdə görüşə gedirdisə, çoxdan elə mənim gödəkçəmdə evlənməliydi), bir dəfə isə iki gün özündə saxladı, məktəbə köhnə pencəklə getməli oldum.

- Sənə bu da azdır,- anam dedi.- Bu da üzüyumşaqlığının cəzası.

Atam susurdu.

Axırda elə oldu ki, mən gödəkçəmi tamam unutdum. Artıq onsuz ötüşməyə başlayırdım. Köhnə geyimlərə alışırdım ki, bir gün xatırladım və anamdan oğlanı soruşdum: «Gödəkçəni qaytarmayıb?» Bu dəfə anam susdu, atam dilləndi:

- Gəlmişdi, gödəkçəni qaytarmaq istəyirdi, ancaq mən gödəkçəni ona bağışladım.

- Necə yəni «bağışladım?»- dönüb məlul-məlul anama baxdım.

Anam söhbətə qarışmadı.

Atam halını pozmadan cavab verdi:

- Elə-belə, bağışladım. Dedim ki, gödəkçəni özünə götürə bilər.

- Bəs o nə etdi?- deyə soruşdum.

- Sevindi,- atamın cavabı qısa oldu.

Mən özümdən çıxdım:

- Sən niyə belə etdin?

- Bir şeyi ki, qoruyub saxlamaq iqtidarında deyilsən, demək o şey sənə lazım deyil,-dedi.- Bu, yaxşı deyil. Belə getsə, özünü müdafiə etməyə də gücün çatmayacaq.

Atam susub söhbətdən əvvəl oxuduğu qəzetlərə döndü, hərçənd bütün qəzetlər eyni yazıları dərc edirdi, atam onları başdan-ayağa oxuyurdu. Adətkərdəydi.

- Mən əşyalarımı qoruya bilərəm,- səsim titrəyirdi.-Özümü də müdafiə edə bilərəm.

Atam:

- Sübut et,- dedi.

Mən arxamca qışqıran anama məhəl qoymadan küçəyə atıldım. Məqsədim oğlanın evinə getməkdi, oğlanın anasının üzünü necə turşüdacağını da təsəvvür edirdim ki, bəxtim gətirdi, əyninə mənim gödəkçəmi geymiş qonşu oğlanla burun-buruna gəldik.

Oğlan heç nə olmayıbmış kimi salamlaşdı:

- Gödəkçəni çıxar,- dedim. Mən öz şeylərimi qoruya bilirəm.

- Nə,nə, nə? - Oğlan istehza ilə ağzımı əydi:-Bu, artıq mənim gödəkçəmdi, atan mənə bağışlayıb.

Qəzəbdən oğlanın üstünə necə atılıb yumruqladığımı bilmədim. O, məndən güclüydü, amma mənə də qəzəb güc verirdi və bilirdim ki, gödəkçəsiz qayıtsam, atamın gözlərinə baxa bilməyəcəyəm. Mən onun gözlərinə dik baxmaq istəyirdim.

Biz çox çarpışdıq, bir-birimizi yumruqladıq, təpiklədik, lakin o cəld tərpənib beşbarmağı əlinə keçirdi və kürəyimə güclü zərbə ilişdirdi. Ağrıdan vəhşiyə döndüm, gödəkçədən (mənim gödəkçəmdən) yapışıb səkiyə yıxdım, günün bu çağında kimsəsiz küçədə süpürləşir, bir-birimizi didirdik, axır ki, o, şil-küt, al qan içində, mən də o haldaydım, cırılmış gödəkçəni çıxarıb üzümə çırpdı.

- Boğmalan!

Mən vəzifəmi yerinə yetirmiş kimi, məmnuniyyətlə, üzümün-gözümün əzilib şişməsinə baxmayaraq, gödəkçəmi geydim, yenidən onu yumruqlamağa başladım. O, kənara atıldı və barmağını gicgahında fırladı.

- Nə istəyirsən?-deyə qışqırdı.- Gödəkçəni verdim ki...

Mənə bu bəsdi, döyüşü mən udmuşdum.

- Adam kimi vermək lazımdı.- Arxasınca qışqırdım. - Rədd ol buradan...

Evə gödəkçədə qayıtdım, amma nə cür? Salamat yeri yoxdu. Anam təlaşla əzilmiş üzümə, əllərimə baxırdı. Çapılmış dodaqla gülümsəmək canımı ağrıtsa da, dodaqlarım qeyri-iradi aralandı. Atam qəzetin üstündən mən süzürdü.

- Yaxşıdır,-deyib yenidən mütaliəyə daldı.

On üçüncü şəkil

Kino

Bazar günü atamla anam kinoya gedərdilər. O vaxtlar kino -teatrların qarşısında uzun növbələr olurdu, daha doğrusu, nə uzun, nə də növbələr, adətən, kassaya hücum edən nəhəng kütlə olurdu və bu kütlə heç bir vəchlə növbəyə düzlənmək istəmirdi. Kütlənin əhatəsində alverçilər dolaşır, üçqat baha qiymətə bilet satırdılar. Rac Kapurun çəkildiyi hind filmləri nümayiş etdiriləndə bu subyektlərin sayı daha da artırdı. Biletlərə tələbat kəskin artır, tez bilet əldə etmək istəyən səbrsiz tamaşaçılar çoxalırdı. Bu filmlərin gözəl musiqi və mahnıları tez bir zamanda şəhərdə məşhurlaşır, hər tərəfdə bu musiqi səslənirdi. Anam da asta səslə bu mahnıları oxumağı sevirdi. Anam gənc idi. Hind filmlərinə baxarkən ağlayırdı, atam isə, kənardan baxanda, filmləri soyuqqanlıqla izləyirdi və bu, anamın onu biganəlikdə ittiham etməsinə səbəb olurdu.

- Nə edim, mən də ağlayım?- Atam təəccüblə soruşurdu.

Bu filmlərin tamaşasından anam pərişan qayıdar, evdə yəqin ki, gördüklərini xatırlayıb uzun müddət fikirli oturardı. Bəzən məni də özlərilə aparardılar. Bir dəfə basa-basda atamın cibinə girdilər. Atam hiss edərək, dönüb üzdən oğruya bənzəməyən səliqəli geyimli qoltuğu qovluqlu gənc oğlana baxdı.

- O cibimdə bir şey yoxdur,- dedi.

Oğlan özünə bəraət qazandırmğa cəhd etmədən aradan çıxdı, çünki atam bu sözləri elə tonda dedi ki, hətta mənim də tüklərim biz-biz oldu.

Atam çox vaxt biletləri əldən - alverçidən alırdı. O, uğuldayan kütləyə qarışıb rahatca kassadan bilet ala bilərdi. Dalğalanan insan dənizi, daha doğrusu, insan gölü onu narahat etmirdi. Lakin mən yanında idim və o istəmirdi ki, mən anamla kənarda dayanıb müti tərzdə əlində üç qiymətli biletlə atamın kütlənin içindən sivişib çıxmasını gözləyək. Biz Amerika filmlərinə də baxırdıq, məsələn, «Möhtəşəm yeddilik» filminə dəfələrlə baxmışdıq, filmi əzbər bilirdik, amma yenə də baxmaqdan usanmırdıq.

- Ata,- ekranda gördüklərimdən vəcdə gələrək astaca deyirdim, o-indi pəncərəyə güllə atacaq.

- Ata, o indi deyəcək: «Filankəs, siz niyə buraya qayıtdınz?»

O vaxtlar tamaşaçıların əksəriyyəti şuluq olurdu, yerlərindən atmaca atır, cürbəcür səslər çıxarır, fərqli səhnələrdə qışqırırdılar. «Sahə müvəkkili! Bax gör neynirlər»? Və hər kəs öz sahə müvəkkilinin soyadını çağırır, qəhqəhə çəkib gülüşür, konsert verirdilər. Arvadı, qızı ilə gələnlər belə halda gərginlik keçirir, boşboğazları sakitləşdirməyə çalışırdılar. Lakin gah bu tərəf, gah o tərəfdən ekranın səsini batıran güclü qəhqəhəylə müşayiət olunan ədəbsiz səslər eşidilirdi. Mən həmişə atamla yanaşı otururdum, o lap kiçik yaşlarımdan mənə bilet alardı, halbuki gələnlərin çoxu biletə qənaət edib uşaqlarını qucağında oturdurdu. Gənclər bu və ya digər epizoda gur münasibət bildirəndə atam xilasedici halə kimi şəhadət barmağını uzadır, mən də cəld ondan yapışırdım, o dəqiqə ürəyimdə rahatlıq, yüngüllük hiss edirdim.

On dördüncü şəkil

Sirkə - badımcan

İyirmi yaşım vardı, Moskvada oxuyurdum. O uzaq yetmişinci illərdə bu şəhərdə azad nəfəs almağa başladım, valideyn himayəsindən kənarda zəncirdən qurtulmuş kimiydim: bəzən sübhə qədər uşaqlarla kart oynayır, araq içir, qızlarla görüşürdük, eyni zamanda bütün dünyada məşhur olan Moskva teatrlarına, muzeylərə, bəzən də kitabxanlara gedirdik, bir sözlə həm kefdən qalmır, həm də beynimi çox yormadan bir az maariflənməyə macal tapırdım. Əlim aşağı olan kimi evə zəng edirdim ki, yəni sağ-salamatam. Bilmirəm, neçənci kursda idi, elə oldu ki, qış tətilinə doğma şəhərə gedə bilmədim, vacib işlərim vardı və atam yanıma gəldi. O, üçlitrlik bankada çox sevdiyim sirkə-badımcan gətirmişdi, nənəm onu əla hazırlayırdı. Atamı yerləşdirdiyim yataqxanamızda yer çox idi. Tələbə yoldaşlarımın, demək olar ki, hamısı tətilə evə getmişdi, amma mənim yaşadığım mərtəbədə bu və ya digər səbəbdən Moskvada qalmış uşaqlar vardı. Onlar hər gün ziyafət qururdular və elə səhərdən kefləri kök olurdu. Əlbəttə, bu ziyafətlərin nədən ibarət olduğunu təxmin etmək çətin deyil: çörək, kartof, nadir hallarda delikatesəvəzi- duzlu xiyar və təbii ki, araq.

Atamın sirkə-badımcanla gəldiyi vaxtda tərslikdən soyuqlamışdım və bərk öskürürdüm. Öskürəyim tutanda atam da üz-gözünü qırışdırır, sürəkli öskürəyimin bitməsini gərilərək gözləyirdi.

- İşə bax,-günahkarcasına dedi - nənənin sirkə-badımcanları heç yerinə düşmədi.

- Lap elə yerinə düşüb, - dedim.-Ürəyim gedir sirkə -badımcançun.

Atam etiraz etdi:

- Sənə olmaz. Qəti olmaz. Öskürürsən, badımcan da istiotludur.

Mən öskürəkdən silkələnərək bankanı alıb dolabda gizlətdim, sirkəyə qoyulmuş badımcanın sadəcə görünüşü məni elə öskürdürdü ki, elə bilirdim indicə ciyərim partlayacaq.

Ertəsi gün iş dalınca getdim, axşam qayıdıb otağa daxil olanda atamı masa arxasında gördüm, masanın üstü dolu idi, ən çox süd məhsulları vardı: xama, qaymaq, süd, bal, bir sözlə o ərzaq ki, tələbələr ondan istifadə etmirdilər. Tələbəninki kartofdur, kolbasadır, bir də tələbə yeməkxanasının kompleks yeməkləridi ki, bunlardan sonra qurd kimi yemək istəyirsən.

- Acsan?- Atam soruşdu.-Otur, ye. Süd də almışam. Buranın südü əladı. Öskürəyini azaldar.

Gözlərim axtarırdı, amma əsas nemət gözümə dəymirdi.

- Bəs badımcan haradadı?

- Məsələ belədi də,-gözlərini gizlədərək özünü təmizə çıxarmağa başladı,-qonşu otaqda uşaqlar araq içirdilər, məzələri yoxdu. Deyirdilər ki, şəkər tozundan başqa bir şeyləri qalmayıb. Arağın üstündən şəkər tozu ötürürdülər, təsəvvür edirsən?! Mən də badımcanları verdim getdi. Çox sevindilər. Araqla əla gedir.

- Əlbəttə,- qaşqabağımı salladım.-Mənə də o cür hədiyyə verilsə, sevinərdim.

- Sən dünən sevinmisən,-atam xatırlatdı-indi sənin öskürəyinlə məşğul olaq.

Badımcanların salamat qaldığına əmin olmasam da, özümü saxlaya bilmədim, qonşu otağa cumdum, düşündüyüm kimi banka boşalmışdı, tələbələr nəyisə sabaha saxlamağa adət etməmişdilər.

Atam:

- Yaxşı oldu,-dedi.- Məni dinləmədin, dünən bir dənə badımcan yedin, bütün gecəni öskürmüsən. Ziyanın yarısından qayıtmaq da xeyirdir, deyiblər.

Nə etməli, əslində atam haqlı idi.

On beşinci şəkil

Qorxma, dostum

Yay tətilinə evə gəlmişdim və burada dişim dəhşətli ağrımağa başladı. Atamın dostu diş həkimiydi. Ümumiyyətlə, çox yaxşı, etibarlı dostları vardı, gələcəkdə də dostluqları davam etmişdi, qırx, əlli il dost olmuşdular, amma heç vaxt bir-birlərini aldatmamış, bir-birlərinə xəyanət etməmişdilər. Əgər insanların maraqları toqquşursa və belə halda onlar ləyaqətlərini saxlayırlarsa, biri o birinə kələk gəlmirsə, bu, çox şeyi ifadə edir. Ayrı-ayrı sahənin insanları dostluq edirlərsə, bir-birinə münasibətdə ləyaqət və dürüstlüyü saxlamaq çətin deyil. Lakin insanlar eyni işlə uzun müddət məşğuldurlarsa və bir-birlərini nəinki aldatmır, etibarsızlıq etmir, hətta xırda məsələlərdə belə münasibətlərinə kölgə düşməsinə imkan ver­mir­lərsə, bunu dəyərləndirmək lazımdır.

Bizim «aldım-satdım», vicdanların qeybə çəkildiyi zəmanəmizdə bu, nadir hadisədir. Belə deyil? Biriylə ortaq iş görmək istəsən, işə başlamamışdan əvvəl sənə necə badalaq gəlməyi planlaşdıracaq. Deyəsən, mətləbdən yayındıq. Nə isə, belə köhnə dostlarından birinin -atamla həmyaş diş həkiminin yanına getdik.

Bilirdim ki, ağrıya qatlaşmaq üçün ağrının dözülməz olduğuna özünü hazırlamalısan. Mən də dözümlü olmağa çalışırdım. Ağrıdan göyə çıxırdım.

Həkim dişimə baxdı. Soyuq pinseti dişimə toxunduranda sanki beynimi ovdular. Üzünü atama çevirib nəticəni bildirdi.

- Dostum, diş tamam çürüyüb. Çəkilməlidi.

Sonra dişimdən yapışıb elə qüvvətlə dartdı ki, sanki məni kreslodan qoparmaq istəyirdi (lakin mən kreslonun dirsəyindən möhkəm yapışmışdım) və atama müraciətlə durmadan deyirdi:

- Qorxma, dostum. Mürəkkəb dişdir, hissə-htssə çıxarmağa məcburam, amma Allahın köməkliyilə . Qorxma ,dostum.

Bax belə. Qorxma, dostum! Sanki mənim deyil, atamın dişini çəkirdi. Mən ağzımı açıb oturmuşdum, atamın üzünü görməkçün başımı çevirə bilmirdim, amma bu an onun üzündəki ifadəni təsəvvür edirdim. Həkimsə dişimin növbəti parçasını qopara-qopara təkrar edirdi:

- Qorxma, dostum, az qaldı.

Yəqin ki, o, atamın üzündəki ifadəni görüb belə deyirdi.

On altıncı şəkil

İçərkən

O zaman ilk dəfəydi atamı sərxoş görürdüm. Beş yaşındaydım, nə qədər şən olsa da, onu bu halda görmədiyimdən atamın sərxoşluğu mənə pis təsir etmişdi. Bu yeganə hadisədən sonra atamı bir dəfə də olsun sərxoş görmədim. Içkili, hə, amma sərxoş, yox. Ağladım. «Uşaq qorxur – dedi anam,-sakit ol, uzan yat». Amma o yatmaq istəmədi, danışmaq, keçirdiyi axşamın təəssüratını bölüşmək istəyirdi. Dili dolaşa-dolaşa şad - xürrəm yeyib içdiyi dostlarından bəhs etməyə çalışırdı. Dayanmadan gülürdü. «Bax adama baxıram və gülürəm»-atam sevincək ağlımız kəsmyən ilhamla məndən və anamdan ibarət kiçik, qədirbilməz auditoriyaya məlumat verirdi.

Atamın ürəyi xoş sözlərlə doluydu, amma ipə-sapa düzə bilmirdi, söyləmək istədiyi sözlər asta gülüşə qarışır, hisslərin coşğunluğu ona əziyyət verirdi, o, bizimlə bölüşmək istəyirdi, bizsə onu dinləmək istəmirdik. O, bizə adi həqiqətlərdən danışmaq istəyirdi: dostların olması yaxşıdır, sərxoş halda özünü yaxşı his edir, həyatı və bizi - kiçik ailəsini, kiçik yöndəmsiz mənzilimizin yerləşdiyi bu səmti çox sevir, sübh vaxtı evimizin qarşısındakı məscidin minarəsindən müəzzinin yüksələn azan səsi ürəyinə yatır, o, sadəlövh və sadədir. Ailə üçün işdə tər tökmək, axşam yorğun halda işdən evə qayıtmaq, yatmış uşağa baxıb onun gələcəyini düşünmək və ümüd etmək ki, o gələcək gözəldir,-nə qədər xoşdur.

On yeddinci şəkil

Teatrda

Uşaqlığımdan çox illər ötüb. Növbəti dəfə teatra gedirdim. Bu səfər öz pyesimin tamaşasına baxacaqdım. Bir az gecikmişdim. Qaranlıq salonda rastlaşdığım ilk boş yerdə oturdum və seyrə başladım. Səhnədən tanış mətnlər səslnirdi. Get-gedə aktyorlar coşub bədahətən əlavələr edir, mətnə gül vururdular. Qaranlıqda oturmuşdum və bir dəqiqə sonra canımı qəribə hiss sardı, sanki burada yalqızdım, ətrafda kimsə yoxdu və nəsə məni narahat edir, həyəcanlandırırdı. Canım sıxıldı, o an salonu tərk etmək istədim, lakin məchul bir şey məni tutub saxlayırdı, bədənim ağırlaşmışdı, taqətim kəsilmişdi. Anladığım qədər, bu hal uzun sürdü, ta bir neçə sıra irəlidə səhnədəki hadisələri diqqətlə izləyən atamı görənədək. Diqqətimi topladım, həqiqətən atamı gördüyümə əmin olmaq istədim. Atam qocalmışdı, küçədə ləngər vuraraq gedirdi, ayaqlarını sürüyürdü və bu vəziyyətlə durub teatra gəlib. Burada nə işi vardı? Mən yerimdən qalxmadan, atama yaxınlaşmadan bu barədə düşünürdüm, halbuki mən bunu edə bilərdim. Qəfildən hiss etdim ki, bir müddət əvvəl məni çuğlamış narahatlıq, həyəcan izsiz-tozsuz çəkilib.Atama baxırdım, fikrimdən nələrsə keçirdi, sonra antraktı gözləməyib yerimdən qalxdım, salondan foyeyə keçdim, teatrdan çıxdım.

Ona niyə yaxınlaşmadım, məni saxlayan nəydi ki, onun yanındakı boş yerdə oturmadım, tamaşadan sonra onu evə yola salmadım. İndiyəcən anlamıram!

Yarım ildən sonra atam vəfat etdi. Atamın sizə göstərmək istədiyim azsaylı şəkilləri bitdi.

Təəssüflə əmin oluram ki, atamın o keyfiyyətlərinin, xasiyyətinin ən yaxşı cizgilərinin xiffətini çəkirəm, halbuki mən onun mislində, ona bənzər yaranmışam. Mən ona bənzəməyə, bu həyatda onun davamı olmağa çalışıram. Alınırmı – alınmırmı, bilmirəm.

Necə istərdim ki, o, olsun, qoy xəstə olsun, yataqdan qalxa bilməsin, gözləri açılmasın, təki olsun, nəfəs alsın, eşitsin. O zaman ona yaxınlaşar, vaxtilə mənə etibarlı dayaq olmuş əlindən tutar və deyərdim:

- Mənəm, ata... gəlmişəm.

Bu da son. Yox, gözlə, hələ son deyil. Yadına sal, iki həftə əvvəl bunu yazmağa başlarkən özündə-sözündə deyildin, nəsə səni həyəcanlandırırdı, narahat edirdi. Anlaya bilmirdin. Bir gün səhərə yaxın səni həyəcanlandıran hissin təsirilə yuxudan oyandın, sanki nəsə xoşagəlməz hərəkət etmişdin, kimisə söymüşdün, anlaşılmaz bir şey səni sıxırdı, gözlərini açmadan düşünməyə, götür-qoy etməyə başladın (yeraltından, metrodan ilk qatarın təkərlərinin donuq taqqıltısını eşitdin və anladın ki, səhər saat altıya yaxındır) və qəfildən elə bil üzünə sillə çəkdilər: birdən yana-yana anladın ki, bu, həqiqət deyil, onun həyatının son üç ayı sayılmadan bu, tam həqiqət ola bilməz. O aylar ki, artıq yataqdan qalxa bilmirdi,arxası üstə hərəkətsiz, qarnında katetrlə yatırdı, sən də təcili işlərdən, pulsuzluqdan gərilmiş, qəzəbli halda onun sidik qabını dəyişməyə gəlir, sidiyi boşaldıb, katetrə yeni sidikqabı qoşurdun. Altını təmizləyirdin. Çətinliklə tapdığın baxıcıların heç biri iki gündən artıq davam gətirmirdi. Hər dəfə yeni baxıcı axtarmalı olurdun. Baxıcı, tibb bacısı, həkim tutmaq üçün, dava-dərman almaq üçün hər işdən, xalturadan yapışmalı olurdun. Gecələr evə qayıdıb yorğunluqdan küt düşərkən telefon zənglərindən zəhrin yarılırdı. Qorxurdun ki, bu zənglər səni geriyə, əhvalı korlanmış atanın yanına getməyə məcbur edər. O vaxt sən tarıma çəkilmiş halda atan görkəmində uşağın sənin gəlişinə sevinərək əl yellənməsinə və təbəssümünə cavab verməyə özündə şəfqət tapmamıışdın, əksinə altını təmizləmək məcbu­riy­yətində qalacağını düşünüb hirslə, qəzəblə ona baxıb təbəssümünü arıqlamış, əziyyətdən büzüşmüş sifətində dondurmuşdun, o da üzünə baxmağa cürət etmədən gözlərini günahkarcasına qapamışdı. Allahım, məni bağışla və mənim vaxtım çatanda canımı elə al ki, yaxınlarım, doğmalarım qatı düşmənimə çevrilməsinlər. Artıq gecdir, gedən qayıtmz, amma bu mümkün olsaydı, sakitcə onun yatağına yaxınlaşardım, əlini sıxardım, mənim təmasımı duyub titrəyən göz qapaqlarına baxardım, gözlərini açmağa taqəti olmayan atama deyərdim:

- Mən burdayam, ata... gəlmişəm.

# 2430 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #