Arif Əmrahoğlunun şəkli Anarın yazısı

Arif Əmrahoğlunun şəkli <span style="color:red;">Anarın yazısı
27 avqust 2014
# 14:58

Düz qırx gündür Azərbaycan Yazıçılar Birliyində Arif Əmrahoğlunun iş otağının qapısına bir stol qoyulub, stolun üstündə Arifin şəkli, şəklin qabağında tər çiçəklər...

Birliyin ikinci mərtəbəsinə qalxanları ilk olaraq Arifin şəkli qarşılayır. Üzündə bir az məsum, bir az günahkar ifadə var. Fikirlidir.

Qırx gün bundan qabaq Arifin dəfnində çıxış edə bilmədim. Yaxın adamların matəmində danışmaq mənimçün çətin olur.

Arifin xəstəliyi elə sürətli keçdi, elə qısa müddətdə təsəllisiz sonluqla tamamlandı ki, kədərlə gözlənilsə də gözlənilməz ölümünə də bir söz yaza bilmədim. İndi vəfatından qırx gün sonra on yeddi il çiyin-çiyinə işlədiyim, etibarını, sədaqətini hər an duyduğum mənə çox yaxın, çox munis bir insan haqqında bir neçə kəlmə yazmağa ehtiyac hiss edirəm.

Arif son dərəcə saf, təmiz ali məktəb müəllimi idi, namuslu insan idi, yüksək savadlı, öz sahəsində dərin biliklərə sahib alim idi, sərrast qələmli münəqqid, ədəbiyyatşünas idi. Bütün bu məziyyətlərlə yanaşı son dərəcə təvazökar, iddiasız insandı. Neçə-neçə kitabı çapa hazırlamışdı, öz yazılarını isə kitab şəklində nəşr etməyə ancaq Fikrətlə mənim inadlı təkidlərimizdən sonra razı olurdu. Uzun illər ali məktəbdə dərs dedi, adına zərrə qədər ləkə salacaq bircə hərəkətə də yol vermədi. Onun sayəsində, onun yardımıyla neçələri yüksək elmi adlar aldı, Arif isə macal tapıb doktorluq dissertasiyasını müdafiə etməyə tələsmirdi. Yazıları, araşdırmalarıyla çoxdan bu ada layiq olsa da. Gözəl ailə başçısı idi, ailəsinin rifahı yolunda özünü oda-közə vururdu və ömrünün son günlərinəcən bu sarıdan nigarançılığı vardı. Xəstəxanada onu ziyarət etdiyimiz zaman "qızlarımın mənə ehtiyacı olanacan yaşamalıyam" deyirdi.

Dünyada hamı birtəhər dolanmağın yolun tapır, Arif, amma tək ailənin deyil, hamımızın sənə mənəvi ehtiyacımız vardı və həmişə olacaq. On yeddi il bundan əvvəl X qurultayımızda Yazıçılar Birliyinin katibi seçiləndən sonra Arif təşkilatımıza indi hamımıza təbii görünən texnoloji yeniliklər gətirdi, bunlardan da vacib mənsub olduğu yeni nəslin nəfəsini, ruhunu gətirdi. Məndən başlayaraq Birliyin bütün rəhbərliyi daima bəzi mətbuat orqanlarında haqsız tənqidlərin hədəfi olmasına rəğmən Arifə dəyib-dolaşan olmurdu. Mülayim xasiyyəti, mənim kimi, Fikrət kimi növ-növ böhtanlara sərt cavab vermək istəməməyi, onu bir növ tənqidlərdən sığortalayırdı. Amma daxilən Arifin Birliyimizə bu ədalətsiz hücumlardan nə qədər əziyyət çəkdiyini mən yaxşı bilirdim.

Gənclərlə iş üzrə katib olduğu illərdə də, sonralar başqa sahələrə rəhbərlik etdiyi vaxtlarda da Arif hər zaman istedadlı cavanların təəssübkeşi idi, kiminsə yazısını çapa tövsiyə edirdi, kiminsə kitabına ön söz yazırdı, kiməsə maddi yardım göstərməyimizi təklif edirdi.

Qırx gündür hər səhər işə gələndə ağrı və təəssüflə Arifin şəklinə baxıram. Fikirlidir, elə bil görüb bitirə bilmədiyi işlərin, ailəsinin fikrini çəkir. Ağıllı və müdrik insandı, amma bəzən uşaq kimi sadəlövh, məsum olurdu. Şəklinə baxıram, bilmirəm bəlkə mənə elə gəlir, sifətində bir az günahkar ifadə də var. Sanki dünyada şərin, pisliyin, bəd əməllərin tar-mar edilməsi üçün edə biləcəyini etmədiyi üçün özünü günahkar sayır. Əzizim Arif, sənin heç bir günahın yoxdur, bütün varlığınla xalqımızın, onun ədəbiyyatının, elminin, təhsilinin, dilinin inkişafı üçün əlindən gələni səxavətlə, fədakarlıqla, təmənnasız və iddiasız elədin. Səhhətinə, xəstəliklərinə məhəl qoymadan elədin.

Şəklinin qarşısında, masa üstündəki güllər solacaq, qırxından sonra şəklini masanın üstündən götürüb iş otağının divarında asacağıq. Və bura gələn hər kəsi o saf, təmiz çöhrənlə qarşılayacaqsan. Xatirən qəlbimizdə heç zaman solmayacaq

# 1524 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #