Əkrəm Əylislinin yeni povesti MƏTN

Əkrəm Əylislinin yeni povesti <span style="color:red;">MƏTN
30 iyul 2014
# 14:56

Kulis.Az görkəmli yazıçı Əkrəm Əylislinin “Dağlar deyir ki, soyuqdur” povestini təqdim edir.

1

Şəhərin mərkəzində yerləşən üçmərtəbəli köhnə binalardan birinin ikinci mərtəbəsindəki evindən çıxıb, Dənizkənarı bulvara gedən Mamedov canında məhz bu gün və heç gözlənilmədən peyda olmuş qəribə yüngüllüyə özü də mat-məəttəl qalmışdı. Onun birdən-birə bu qədər yüngülləşib qıvraqlaşmasının səbəbi görəsən doğrudanmı kəndə getməyilə bağlıydı, yoxsa bunun başqa səbəbləri də vardı. Məsələn, oğlu Mahir bu gecə Nyu-Yorkdan zəng eləmişdi. O özü dünən, axşamtərəfi, kəndə zəng eləyib, heç vaxt səsini eşitmədiyi bacısı qızı ilə telefonda xeyli danışmışdı: həm, necə deyərlər, aranı açmışdı, həm də kəndə gələcəyini ona xəbər verib, xeyli rahatlamışdı. Dünən Mamedov mobil telefonuna 100 manatlıq kontur qoydurmuşdu ki, kənddə olanda oradan Cəfərlə gen-bol danışa bilsin. İndi Dənizkənarı bulvarda Cəfərlə görüşməyə gedirdi. Cəfəri bir ay olardı ki, görməmişdi. Mamedovun indiki gümrahlığının bir səbəbi də bəlkə Cəfərlə görüşməyin həmişəki həvəsiydi.

Onlar bir kənddə doğulmuşdular. Yeddi il bir sinifdə oxumuşdular. Kəndin 7 illik məktəbini bitirəndən sonra Cəfər gedib rayon mərkəzindəki pedaqoji texnikumda 3 il oxumuşdu. Sonra Bakıda universitetin filoloji fakultəsinə daxil olmuşdu. O zaman ailə vəziyyəti çox ağır olan Mamedov 3 il kənddə qalıb, kolxoz işinə getmişdi: taxıl biçmişdi, xırman döymüşdü, arx çıxarmışdı, su suvarmışdı... İş elə gətirmişdi ki, onların Bakıya gəlməyi də eyni vaxta təsiadüf eləmişdi. Yəni Cəfərin universitetə daxil olduğu həmin o 1955-ci ildə Mamedov da kolxozla üzülüşüb, Bakıda Sənaye texnikumuna girmişdi. Bu illərdə onlar şəhərin müxtəlif yerlərində təsadüfdən-təsadüfə rastlaşıb, hərdənbir görüşə bilmişdilər. Bir-iki dəfə Malakan bağındakı çayxanada çay içmişdilər. Bir dəfə, dəmiryol vağzalı tərəfdə pivə içmişdilər. Sonrakı, 30 ildən də çox, uzun zaman ərzində nə rastlaşmışdılar, nə də görüşmüşdülər. Ancaq onlar, təbii ki, biri-birindən tam xəbərsiz də olmamışdılar. Cəfərin universiteti bitirəndən sonra, uzun illər nəşriyyatda işlədiyini Mamedov çoxdan bilirdi. Özünün kitab oxumağa vaxtı olmasa da, oğlu Mahir Cəfərin yazdığı məqalələri, verdiyi müsahibələri, tərcümə elədiyi kitabları həmişə böyük maraqla oxuyurdu. Zavodda adicə qaraulçuluqdan başlayıb, sonra həmin zavodun direktoru vəzifəsinəcən yüksələn Mamedovun, necə deyərlər, “həyat yolu” barədə Cəfərin də az-çox məlumatı, söz yox ki, həmişə olmuşdu. Ancaq 1991-ci ilin küləkli bir payız günü bir yas məclisində təsadüfən görüşəndə ötüb keçən o 30 illik həyatın bütün məğzi-mənası onların hər ikisi üçün artıq öz əhəmiyyətini büsbütün itirmişdi. Cəfərin nəşriyyatı satılmış, Mamedovun zavodu bağlanmışdı. İndi Cəfər vəzifəli, pullu adamlar üçün dissertasiyalar yazırdı, onun-bunun adına qalın-qalın kitablar tərcümə eləyib, arağını içirdi, ailəsini dolandırırdı. Elə Mamedovun da bu saat dolanışıq sarıdan heç bir çətinliyi yox idi. Arvadı öləndən və gözünün ağı-qarası yeganə övladı Mahir qrin-kart udmağın hesabına gedib Amerikada özünə iş tapandan sonra, artıq on ildən çox idi, Mamedov bu dünyada tək-tənha yaşayırdı. İyirmi il dövlət qulluğunda olmasının hesabına aldığı sanballı pensiya bütün ehtiyaclarını ödəyirdi. Hələ pensiyadan ayda 60-70 manat artıq da qalırdı. Neçə illərdən bəri yığıb saxladığı o pulu elə bu səhər Mamedov oturub üç dəfə saymışdı. Bu saat onun ehtiyatda 10 minə yaxın pulu vardı. Və indi bulvarda Cəfərlə görüşməyə gedən Mamedovun bugünkü gümrahlığında səhər ləzzətlə saydığı o pulun da bəlkə müəyyən qədər rolu vardı. Üstəlik, hava da qəşəng havaydı. İyunun ortaları olsa da, apreldəki havası kimi saf idi, sərin idi. Bu hava onun haçansa doğulub boya-başa çatdığı və uzun illərin ayrılığından sonra, bu axşam, nəhayət gedib görməyə hazırlaşdığı o uzaq dağ kəndinin havasını Mamedovun yadına salırdı.

Onlar bulvardakı “Mirvari” kafesinin yanında saat 12-nin yarısında görüşməliydilər. Hələ vaxta 15 dəqiqə qalırdı. Əgər Cəfər o kafenin yanına vaxtından tez gəlmişdisə, indi orda (əllərini arxasında cütləyib, dodağının altında deyinə-deyinə) hirsli-hirsli gəzinirdi. Amma Cəfərin işini bilmək olmazdı: bəlkə vədələşdikləri vaxtdan bir saat gec gələcəkdi. Yaxud, ola da bilər ki, heç gəlməyəcəkdi.

Qulağına Cəfərin səsi gəldi: “MAMEDOV!” Təxminən 20 il bundan əvvəl görüşdükləri həmin o yas məclisində də Cəfər onu, eynən bu səslə, ucadan çağırmışdı. Otuz ildən də çox üzünü bir dəfə görmədiyi Cəfərin, o məclisdə, Mamedov əvvəl səsini eşitmişdi və o səsin kimin səsi olduğunu, heç bir tərəddüdsüz-filansız, əlbəəl yəqin eləmişdi. Sonra boylanıb, yas məclisinə toplaşan xeyli adamın arasında, yuxarı başda, molla ilə üzbəsurət oturan Cəfərin özünü görmüşdü. Səsi özündən güclü, arıq, balacaboy Cəfər elə bil bir az da balacalaşmışdı. Sifəti – çay daşı kimi bomboz, saçları eynən kül rəngindəydi. Əynində tünd qəhvəyi pencək vardı, pencəyinin altından göyümtül yun köynək geyinmişdi. Siqareti də, həmişə olduğu kimi, damağındaydı.

Mamedov yuxarı başa keçmək istəmirdi. Cəfər tərsliyinə salıb, onu təkidlə öz yanına çağırdı.

- Otur, - dedi, - Mamedov, otur görüm. Sənin üçün bərk darıxmışam.

Mamedov ehtiyatla Cəfərin gözlərinə diqqət yetirdi: “Dolayır, ya dolamır?” Və bunu özü üçün ayırd edə bilmədiyinə görə, Cəfər barədəki həmişəki qənaətində qaldı: “Cəfər ola, adamı dolamaya. Bu elə o Cəfərdi ki, var – məktəbi barmağına dolayan Cəfər. Bu köhnə cüvəllağının heç bir işindən baş çıxarmaq mümkün deyil.”

Mamedovun ürəyində dediyi bu sözləri Cəfər eşitdi elə bil.

- Deyirəm, darıxmışam da, niyə inanmırsan? Dədəmin goru, darıxmışam.

İndi Mamedov tam yəqin elədi ki, Cəfər onu dolayır. Cəfəri tanıyanların hamısı yaxşı bilirdi ki, əgər Cəfər atasının goruna and içirsə, deməli yalan deyir. Çünki öz dədəsini hər kəsin yanında rüsvay eləməyə Cəfərin xüsusi həvəsi vardı və bir vaxt onlar bir məktəbdə oxuyanda da – atası hələ sağ ikən – onun goruna and içməkdən Cəfər xüsusi həzz alırdı.

- Yaxşı, deyək ki, mən elə köhnənin cüvəllağısıyam, bəs sən tərbiyəli əclaf niyə məni itirib-axtarmırsan?

- Nə bilim, yəqin başım qarışıq olub. – Pərtliyini gizlətmək üçün Mamedov zorla gülümsəməyə çalışdı.

- Kəndə-zada gedib-eləmisən?

- Yox, gedə bilməmişəm.

- Deyirlər, kənddə adam-zad qalmayıb. Hamısı tökülüşüb şəhərə.

- Bilmirəm, xəbərim yoxdu.

- Bəs sənin nədən xəbərin var, Mamedov?

Mamedov cavab vermədi. Əlacsız-çarəsiz gülümsədi. Cəfər də bir müddət dinmədi.

- Koramal əhvalatı yadındadı? – Pərtliyi aradan götürmək üçün Cəfər ortaya təzə söhbət salmağı lazım bildi. – O koramalın üstündə Nubar müəllim sinifdə yaxşıca çırpdı səni.

- Hə, çırpdı. – Mamedov kinli-kinli dedi. – Hələ peyinli qaloşuynan qarnıma bir saz təpik də ilişdirdi. Sonra bildi ki, o koramalı məktəbə sən tutub gətirmisən. Sinifdən it kimi qovdu səni.

Otuz ildən sonra ilk dəfə gördüyü Cəfərin yersiz ədəbazlığı, görünür, Mamedovu tamam hövsələdən çıxarmışdı, yoxsa “it kimi” ifadəsini heç vaxt dilinə gətirməzdi. Ancaq onun bu sözlərini Cəfər heç vecinə də almadı. Əksinə, Mamedovdan gözləmədiyi sözləri onun dilindən eşitməkdən hətta məmnun oldu deyəsən.

- Koramal da koramaldı ha, Mamedov! Uzunluğu iki metr, yoğunluğu gop olmasın, Nubar müəllimin baldırı yoğunluqda. Rəngi yağışdan sonra açmış boymədaran kimi sapsarı. Yemə, içmə, otur gül camalına tamaşa elə.

- Hə, çox qəşəng koramal idi. – Mamedov səmimi sevinclə dedi və yenə əlacsız-çarəsiz gülümsədi.

Məclisi aparan 40-45 yaşlı molla bayaqdan görürdü ki, başı söhbətə qızışmış məclis əhli onun varlığını unudub. Molla buna görə bərk dilxor idi. Ancaq özünü sındırmırdı. Eynəyinin dalında gizlətdiyi gözlərini qarşısındakı qurana zilləyib oturmuşdu. Arabir dodaqları tərpənirdi. Hərdən sağ əli ilə qətran kimi zil qara saqqalını sığallayırdı.

Əvvəl molla eynəyini burnunun üstündən azca yuxarı qaldırıb, Cəfərə ehtiyatla nəzər yetirdi, bic-bic, sirli-sirli Mamedovun üzünə baxdı. Sonra eynəyini çıxarıb, bədənini qurşaqdan yuxarı xeyli qabağa verdi və sanki molla olduğunu və məclis apardığını büsbütün yaddan çıxardıb, Cəfərlə cani-dildən söhbətə girişdi.

- Bayaqdan fikir verirəm, - dedi, - bu qardaşı bərk qısnayırsan. – Mamedova göz vurub gülümsədi. – Nədi ki, kənddə bir məktəbdə oxumusunuz? O hansı kənddi elə?

- Əla kənddi. Sizin kənddəki kimi divara mal poxundan yaxşı təzək yapırlar.

Molla pərt oldu. Vəl taxtası kimi enli kürəyini bir qədər dala çəkdi. Ancaq çox keçməmiş yenə oturuşunu dəyişib, boynunu qabağa uzatdı.

- Əmoğlu, mən kəndi ona görə soruşmadım, - dedi. – Bayaqdan qulağım eşidir ki, sən bu yoldaşa “Mamedov” deyirsən. Bəyəm sizin kənddə adamları familiysıyla çağırırlar?

- Bunun adı da Mamedovdu. – Cəfər gülə-gülə ucadan dedi. – Ə, Mamedov, məktəbdə Nubar müəllim səni nə adla çağırırdı?

Mamedov bir daha çarəsizcəsinə gülümsəyib, Cəfərin dediyini təsdiqlədi.

- Gördün? – Cəfər mollaya dedi. – Bu yoldaş elə anadangəlmə Mamedovdu. Hələ komsomola keçməmişdən.

Molla bir qədər çaşdı elə bil. Gözlərini dolandırıb, şübhəli-şübhəli ora-bura baxdı. Deyəsən, deməyə söz tapmadı.

- Bəs adı nədi qardaşın? – Molla könülsüz soruşdu.

- Adı da Mameddi. Mamed Mamedov. Götür, yaz dəftərinə. Kliyenti indidən qeydə al ki, bu yoldaş rəhmətə gedəndə kim üçün Quran oxuduğunu əvvəlcədən biləsən. Yoxsa, Allahın hüzurunda şüğülzümmə olarsan.

Söhbətin bu yerində molla nəhayət inandı ki, qarşısında əyləşən bu sısqa, çəlimsiz adam adına “ateist” deyilən allahsız zümrənin nadir nüsxələrindən biridir. Ürəyində “lənət şeytana” deyib, söhbəti xətm eləmək istədi. Ancaq həqiqi din və iman adamının belə yerdə səbrli davranmağa borclu olmağı barədəki Allah kəlamını yadına salıb, söhbəti davam etdirməyi lazım bildi.

- Deməli, Mamed Mamedov, – molla duruxdu, deməyə söz axtardı. - Nə olar, qoy Mamed olsun. Mamed də bizimdir, Məmmədin ruscasıdır. Rus dili zəngin dildir. Puşkinin, Tolstoyun dilidir. – Savadlı olduğunu göstərmək üçün molla deyəsən yavaş-yavaş qəzet dilində danışmağa başlayırdı. – Müqəddəs peyğşmbərimizin öncəki adlarından biri Mahmud, o biri Əhəddir. Adəm atamızdan, Həvva anamızdan üzübəri yüz iyirmi dörd min peyğəmbərin hər birinin bir neçə adı olduğu qədim kitabələrdə qeyd olunub. Qardaş Türkiyə Cümhuriyyətində Mehmet də, Məhəmməd də eyni məna daşıyır. Biz müsəlman ümməti İusus Məsisə İsa Peyğəmbər, vücudi-müqəddəs Maiseyə Musa Peyğəmbər deyirik. Peyğəmbərə, dinə, imana insanda dərin ehtiqad olmalıdır. Bunlar olandan sonra adı necə deməyin mətləbə dəxli yoxdur.

- Var, necə yəni yoxdur?! – Mollaya nifrətini gizlətməyə çalışan Cəfər hirsindən-hikkəsindən boğula-boğula dedi. - Hər kəs öz uşağına peyğəmbərin adını qoymaq istəyir. Tutaq ki, bir evdə beş oğlan uşağı var. O uşaqların dədəsinin də adı Məhəmməddir. Onda bəs neynəsin o Məhəmməd? Məcburdu ki, uşaqlarının birinin adını Mamed, o birinin adını Məmməd qoysun. Qaldı ki, Mehmet, sən Mehmeti bura soxuşdurma. – Mollanı dolaşdırıb, hövsələdən çıxarmağı qarşısına məqsəd qoyan Cəfər özünün dolaşığa düşdüyünü, məntiqsiz-mənasız danışmağa başladığını hiss eləyirdi. Buna görə get-gedə daha da əsəbiləşirdi. – Sən heç bilirsən ki, “mehmetcik” Türkiyədə sıravi əsgərə deyirlər. Yəni böyük Məhəmmədin kiçik əsgəri. Bu, o deməkdir ki, türk ordusunun hər bir sıravi əsgəri cihada həmişə hazırdır.

- Axı mən cihaddan bir söz demədim. – Cəfərin qəfil hücumundan qorxub-həsləmiş molla incik və inamsız səslə dedi. – Mən sizin kəndi soruşuram. Siz burda bayaqdan öz kəndinizdən danışırsınız. O hansı kənddi ki, elə?

Cəfər bir müddət dinmədi. Deyəsən, mollaya sataşmaq üçün özündən kənd adı qondarmaq istəyirdi.

- Mamusta! – Mollanı dolamaq həvəsindən gözləri işaran Cəfər sevinclə bəyan elədi. – Nədi? Niyə gözlərini bərəldirsən? Olmaya xoşun gəlmir bizim kəndin adından?

Molla başını dolandırıb, yenə təşvişlə yan-yörəsinə baxdı. Rəngi boğulmuşdu, gözləri hədəqədən çıxmışdı.

- Mamusta Lənkərandadı, - dedi. - Mənim dədə-baba kəndimdi. Sən bunu bilə-bilə deyirsən. Məqsədin məni ələ salmaqdı. Özün də ziyalı adamsan. Çalış, hörmət qoy sözünə.

Mollanın rəngi boğulduqca, Cəfərin sifəti açılırdı.

- Bağışla, bilmirdim, eşitməmişdim, dədəmin goru! Birdən dilimə gəldi, dedim. Sizin kəndin adı doğrudan Mamustadı? Bax e, nə yaxşı adı var kəndinizin. Adamın yadına arvad hamamı düşür.

- Əstəğfrüllah! – Qəfildən yumrulanıb yumağa dönmüş molla qeyz ilə geri çəkildi.

Süfrəyə yemək gələcəkdi. Beş-altı cavan oğlan duzu, çörəyi, pendiri, göyərtini tələsə-tələsə daşıyıb, stolların üstünə düzürdü. Cəfər mollanın üzünə baxmadan, sakitcə durub getdi. Mamedovun yeməyə oturmaq fikri yox idi. Cəfərin bugünkü əməllərindən heç xoşu gəlmədiyinə görə oturub, bir az gözlədi ki, Cəfər uzaqlaşandan sonra durub getsin. Ancaq Cəfər getməmişdi, mağardan aralıda, yolun kənarında dayanıb, siqaretini həris-həris sümürə-sümürə onu gözləyirdi. Cəfərin evinin yerini o vaxt Mamedov bilmirdi. Eləcə bir-birinə qoşulub, bir müddət dinməz-söyləməz yol gedəndən sonra söhbətə başladılar.

- Bilirsən də, mənim bu molla tayfasından əvvəldən xoşum gəlmir. Bu yanşaq mollaları görəndə cinim kəlləmə vurur.

- Sənin də bir az hövsələn olsun da. Yazığı qoymadın iki kəlmə söz danışa. Mamed belə gəldi, Mehmet belə getdi. Axırda da lap ağ elədin. O Mamusta kəndi hardan ağlına gəldi?

- Heç hardan, istəyirdim “mamış” deyəm, ağzımdan Mamusta çıxdı.

- Yəni, deyirsən bilmirdin elə bir kənd var Lənkəranda?

- Yox, bilmirdim. Ağlıma elə gəldi, elə də dedim.

- Onda sən görücüsən ki!

- Görücü nədi?

- Ekstresensdi də. Özünü tülkülüyə vurma, məndən yaxşı bilirsən.

- Dedim bilmirəm də, inanmırsan? Birinci dəfə səndən eşidirəm. – Cəfər bic-bic gülə-gülə dedi.

- Bəlkə dədəvin goruna and içəsən?

- Dədəmin goruna mıxlayım!

Cəfərin evi, sən demə, yas yerinə yaxınmış. Bir az gedəndən sonra Cəfər küçə boyu yan-yana düzülmüş beşmərtəbəli binalardan birinin yanında ayaq saxladı.

- Mən çatdım, sən sağ, mən salamat. – Mamedovdan qətiyyətlə ayrılandan sonra Cəfər nəsə fikirləşib geri döndü. – Al, götür, cib telefonum burda yazılıb, - dedi. – İstəsən, zəng eləyərsən. – Və vizit kartını Mamedova verib, sürətlə uzaqlaşdı.

Mamedov kartdakı telefon nömrəsinə zəng vurmadı. Üstündən 3-4 il keçəndən sonra bir gün, axşamtərəfi, bulvarda təsadüfən bir də görüşdülər. Birlikdə davasız-şavasız, adam kimi söhbət elədilər. İndi bir neçə ildi ki, onlar ayda bir-iki dəfə Dənizkənarı bulvarda zəngləşib görüşürdülər.

2

Mamedov “Mirvari” kafesinin yuxarı tərəfində bir xeyli ora-bura boylanandan sonra Cəfəri kafenin aşağı tərəfindəki gül-çiçəkli abad xiyabanda tək-tənha oturan gördü. Xiyabanın əldən-ayaqdan uzaq xudmani bir guşəsində, bir söyüd ağacının kölgəsində Cəfər özü üçün stol qoydurub oturmuşdu. Damağında siqareti, eynəyini gözünə taxıb, həmişə yanında gəzdirdiyi balaca kompyüterdə nəydisə diqqətlə oxuyurdu. Mamedovun yaxınlaşdığını görəndən sonra da bir müddət gözlərini kompyüterdən ayırmadı. Sonra kompyüteri qapadıb, ucadan, uzaqdan-uzağa kimisə harayladı:

- Ə, Canik, di gəl görüm!

Cəfərin çağırdığı adam yuxarısı hər tərəfdən açıq olan kafenin altındakı örtülü tikilinin qapısı ağzında durmuşdu. Uzun, arıq – sağlam, qarabuğdayı sifəti dağ adamlarının sifətinə bənzəyən 35-40 yaşlı kişiydi. Kişi bir göz qırpımında Cəfərin hüzurunda hazır oldu.

- Əvvəl nəyi verim? Çay verim, yoxsa yeməyi gətirim?

- Hələ bir çay ver içək. Ancaq bu yoldaşın çayını açıq elə. Bu dayın mən içən çayı içə bilməz.

- Ofsiantın mərfətli adama oxşayır. – Mamedov ayrı söz tapmadığına görə dedi.

- Ofsiant deyil, kafenin gözətçisidir. Əvvəldən pul verirəm, hər səhər gedib mənə bazarlıq eləyir. Xörək bişirmək də əlindən gəlir. Borşu, lüləkababı əla bişirir. Əla da çay dəmləyir.

- Elə Canikdi adı?

- Adını bilmirəm.

Mamedov Cəfərin gözünün içinə baxdı.

- Xasiyyətindən əl çəkmirsən, - dedi. – Dilinə doğru söz gəlmir. Bu necə olur ki, kişi gedib sənin üçün hər gün bazarlıq eləyir. Ancaq sən heç adını da bilmirsən onun.

- Tupoysan da, Mamedov. Elə uşaqlıqda da tupoyun yekəsiydin. Ə, mən neynirəm onun adını. Mən ona Canik deyirəm, o da heç bir etiraz eləmir. Onun adı mənim nəyimə lazımdı ki? Çörək yemisən? – Canik çayları gətirəndən sonra soruşdu.

- İndiyə çörək qalar?

- Hə də, gərək çörəyi sübh tezdən xoruzlar banlayanda yeyəsən. Yoxsa dadı qaçar yeməyin. Əla borş bişirtdirmişəm. Sənə də gətirsin bir qab?

- Çaydan sonra borş yeyəcəksən? – Mamedov naəlac gülümsədi.

- Xeyir, çaydan sonra 100 qram araq içəcəyəm. Borşumu arağı içəndən sonra yeyəcəyəm. Bura sənin üçün uşaq bağçasıdı, Mamedov: əvvəl kaşa, sonra kompot, ya da kisel.

Çaydan sonra Canik bir dolu stəkanda buz kimi soyuq araq gətirdi. Dalınca borş gəldi. Amma borş həqiqətən əla borş idi: rəngi tünd çəhrayıydı, ətri adamı bihuş eləyirdi

Cəfər borşun içinə çörək doğrayıb, ləzzətlə yedi. Ancaq arağın hamısını içə bilmədi, yarısını içib, yarısını yerə süzdü.

- Ə, Canik, marojnu almısan? – Aşağıda, bayaqki yerində durmuş gözətçidən soruşdu. – Sən də marojnu yeyirsən, Mamedov?

- Yox. Bilmirsən, məndə anadangəlmə bronxit var.

- Səndə hər şey anadangəlmədi. Ancaq belə anadan gəlməkdənsə, heç gəlməmək yaxşı olardı.

Şokaladlı dondurmanı da həzmi-rabedən keçirib, çənəsini, ağız-burnunu salfetlə siləndən sonra elə bil Cəfərlə dünyanın arasında bir qəribə boşluq yarandı və Cəfər gözlərini həmin boşluğa zilləyib, sanki bir müddət məhz o boşluğa tamaşa elədi.

- Demək gedirsən? – Bunu Cəfər öz səsinə bənzəməyən qəhərli, titrək səslə dedi. – Amma bugünkü sifətindən xoşum gəlir. Deyəsən, gecəni yaxşı yatmısan.

- Yox, hardan? Gecə səhərəcən yuxuda kəndi görmüşəm. Seyidin o yoğun söyüdündən tutmuş, çayın qırağındakı böyürtkənliyəcən.

- Bah, yaxşı gəzmisən ki! – Qəfildən rəngi dəyişən Cəfər bir xeyli susub durdu. Yol çəkən gözlərini harasa uzaqlara zilləyib, elə bil xəyalında bütün kəndi gəzib qayıtdı. Sonra özünə yaraşmayan xırıltılı boğuq səslə:

- Bu gecə mən də kəndi yuxumda görmüşəm, – dedi. – Amma çox zay yuxuydu. Danışsam, inanmazsan.

- İnanaram, niyə inanmıram! – Cəfərin yumşalıb kövrəldiyini ömründə ilk dəfə görən Mamedov səmimi inamla dedi. – Yuxudu da, hər şey olur yuxuda.

- Çoban Səfərin bir qara iti vardı, yadındadı? Elə bil it deyildi, Səfərin doğmaca qardaşıydı. Adam kimi dil qanırdı. “Dur” deyəndə dururdu, “hür” deyəndə hürürdü. Deyirdin get ordan o qatıq qabını gətir, gedib qabı götürüb, gətirir, adamın qabağına qoyurdu. Bax, Mamedov, bu gecə yuxuda mən dönüb həmin it olmuşdum.

Mamedov Cəfərin gözlərinin içinə baxdı: “Dolayır, ya dolamır?” İnandı ki, Cəfər olanı deyir. Çünki Cəfərin gözlərində biclikdən əsər-əlamət yox idi. Gözləri duruydu, kədərliydi. Elə bil həmişəki Cəfər deyildi.

- Deməli, Mamedov, evimizin darvaza qapısının altından, keçməyə yer tapıb, qorxa-qorxa girdim həyətə. Dədəm həyətdə su suvarırdı. Anam da həyətimizdəydi – arxın qırağında oturub, qab yuyurdu. Məni görən kimi dədəm: “Ay it, ay it, rədd ol, itil burdan” – deyə-deyə, əlində bel üstümə hücum çəkdi. Bel sapını təpəmə necə ilişdirdisə, dönüb təzədən adam oldum. Yəni – uşaq: o vaxtkı 13-14 yaşımda... “Yeri, get kolxoz massivindən inəyə yonca biç, gətir!” – bunu dədəm indi itə yox, mənə deyirdi. “Yeri, tez ol, yoxsa anovu tutub qayıracağam!” – Cəfər acı-acı gülümsündü. – Mən gözümü açandan bu sözləri atamdan bəlkə min dəfə eşitmişəm: “Tutub anovu qayıracağam!” Anamın yanında da deyirdi. Anam olmayanda da deyirdi. Anam da heç vaxt heç nə demirdi. Hələ elə bil bir az da xoşhallanırdı. Gecələr bir həngamə başlanırdı ki, gəl görəsən. Əməlli-başlı eyş-işrət. “Diluu ver, diluu ver!” – dədəmin fısıltısından evin divarları az qala yerindən oynayırdı. Ev də nə ev – bir dəhliz, bir dənə də xırda otaq! Dədəmin vecinə də deyildi ki, evin uşağı yatıb, ya yatmayıb. Gecənin bir vədəsi durub minirdi anamı. Deyirsən, dədəmi çox dolayıram. Bəs neynim, o alçağa rəhmət oxuyum?

Cəfərin atası Bağır rayon mərkəzində milisənerlik eləyirdi. Bağırın gecələr hansı əməllərdən çıxdığını bilməsə də, o adamı Mamedov, demək olar ki, hər gün görmüşdü. Səhərlər kəndin mal-davarı evlərdən dağ-dərəyə, çöl-bayıra tökülüşəndə o milsəner Bağır da həmişə kənddən rayon mərkəzinə gedən dağətəyi yolda olardı. Həmin 6-7 kilometr yolu piyada gedib, piyada qayıdardı. Mamedovun atası Məmməd Mamedov kəndin vergiyığanıydı. Onun işi də rayon mərkəzinə bağlı idi. Ancaq Mamedovun atası rayon mərkəzinə hər gün gedib-gəlmirdi. Arabir gedəndə Bağırla bir yerdə yola çıxırdı. Mamedovun atasının da Bağırdan heç xoşu gəlmirdi. Bağırdan, əslinə qalsa, kənddə heç kəsin xoşu gəlmirdi. Ancaq öz doğmaca oğlunun ona bu dərəcədə nifrət etməyi Mamedova həmişə qəribə gəlmişdi. Bu nifrətin səbəbi ona məhz indi məlum oldu. Bağırın “eyş-işrət” hoqqalarından heyrətə gəlmiş Mamedov deməyə söz tapmadı.

- Sonra gördüm ki, Mamedov, qayıdıb yenə it olmuşam. Kəndi qapı-qapı gəzib, evimizi axtarırdım. Tapa bilmirdim. Eləcə zingildəyə-zingildəyə əsir-yesir qapılarda qalmışdım. – Cəfər qəhərlənmişdi, elə bil indicə ağlayacaqdı. Ancaq ağlamadı. Gözlərini bərk-bərk ovuşdurub, birtəhər toxdaya bildi. - Dalısın qorxuram danışmağa. Bəlkə danışmayım?

- Danış! – Cəfərin yuxuda daha nə gördüyünü həqiqətən bilmək istəyən Mamedov səmimi maraqla dedi.

- Gülçöhrə yadındadı?

Cəfərdən belə bir söz eşidəcəyini heç cür gözləməyən Mamedov Cəfərin gözlərinin içində birdən peyda olmuş parıltıya bir müddət hayıl-mayıl baxa-baxa qaldı. Çünki onun Gülçöhrəni hələ indiyəcən yadında saxlamağı bir yana dursun, Cəfərin yaşarmış gözlərinin qəfil parıltısında təkcə bu dünyadan deyil, sanki o biri dünyadan da nəsə vardı. Daha doğrusu, indi Cəfər elə bil bu dünyanı unudub, birbaşa o biri dünyaya baxırdı və bu dünyadan nakam getmiş Gülçöhrəni o dünyada həqiqətən görürdü. O il 6-cı sinifdə hələ dərslər təzəcə başlayanda Gülçöhrə məktəbdə görünmədi. Dedilər, anası Bakıda həkimlərə göstərməyə aparıb. Dedilər, Bakının həkimləri Gülçöhrədə çarəsiz xəstəlik tapıb: xərçəng xəstəliyi! Gülçöhrə öləcək, dedilər. Payızda ölməsə də, qışdan sağ-salamat çıxmayacaq. O il Gülçöhrə dərslər başlanandan bir ay sonra məktəbə gəldi. Elə həmişəki Gülçöhrəydi. Nə bir zərrə arıqlamışdı, nə bir damcı xasiyyəti dəyişmişdi. Burası qətiyyən mümkün deyildi ki, qızının xərçəng xəstəsi olduğunu anası ona deyə biləydi. Bunu Gülçöhrəyə həkim də deyə bilməzdi. Ancaq qız öləcəyini bilirdi. Bunu məktəbdə, küçədə, çeşmədə - hər yerdə deyirdi. Özü də gülə-gülə, sevinə-sevinə deyirdi. Gülçöhrəni qarşıda gözləyən sanki ölüm deyildi. Toy idi, bayram idi – hər nəydisə, onun xəstəliyə, ölümə, tabuta, qəbiristanlığa heç bir dəxli yox idi.

Görəsən, nəyə görə Gülçöhrə sinifdəki 14 oğlanın içindən xatakar, arıq-çəlimsiz, cin kimi ordan vurub, burdan çıxan cüvəllağı Cəfəri seçmişdi?.. Utanıb-çəkinmədən onun tərəfini saxlayırdı. Həmişə dərsə gecikən Cəfər qəfildən sinfin qapısı ağzında görünəndə ürəkdən sevinirdi. Müəllimlər Cəfərdən dərs soruşanda yazıq qız oturduğu partada özünə yer tapmırdı. Cəfər isə qızın bu hərəkətlərini sanki görmürdü. Gülçöhrəni vecinə almırdı. Kim bilir, qızın Cəfərə getdikcə daha çox mehr salmasının səbəbi də bəlkə bu idi.

Cəfərə “aşiq olduğunu” əvvəllər də Gülçöhrə - yarıciddi-yarızarafat – dilinə gətirməkdən çəkinmirdi. Anası ilə Bakıya gedib-gələndən sonra dili bir az da açıldı. İndi Gülçöhrə, heç nəyi vecinə almadan, hətta dərs vaxtları da Cəfərə söz atırdı. Tənəffüslərdə Cəfərdən gözünü çəkmirdi. Küçədə, həyət-bacada hər yerdə onu qarabaqara izləyirdi. Cəfər isə özünün həmişəki biganəliyini səbrlə nümayiş etdirməkdə idi. Bu biganəlik, sən demə, belə bir “artistlik” imiş. Sonralar məlum oldu ki, Cəfər də Gülçöhrəni çox istəyir. Bunu Cəfər Gülçöhrə öləndən sonra boynuna aldı. O zaman hər yerdə söhbət gəzirdi ki, qızın ölümü ərəfəsində Cəfər kolxoz bağlarının birində onunla hər gün görüşürmüş.

- Yuxuya bax, Mamedov, yuxuya bax! Kəndi qapı-qapı dolanan döyülmüş, qovulmuş, kimsəsiz, sahibsiz bir it!.. – Cəfər siqaret tüstüsünü həris-həris içinə çəkib, burnundan eşiyə buraxdı. – Sonra gördüm ki, Mamedov, qəbiristanlıqdayam. Başdaşlarını bir-bir iyləyə-iyləyə qəbirlərin arasıynan gedirəm. Qəbir də nə qədər olarmış! Ha gedirdim, qəbiristanlıq qurtarmaq bilmirdi. Elə bil dünya dönüb, büsbütün qəbiristan olmuşdu. Bir də gördüm ki, qız bizim kənddən rayon mərkəzinə gedən yolun o başındakı dağ aşırımından, düz günün çıxdığı yerdən uça-uça mənə tərəf gəlir. Mən də itəm axı, adam deyiləm. Canımı dərd alıb ki, məni tanıyacaq, yoxsa tanımayacaq. Hirsimdən az qalıram boğulam. Elə boğula-boğula da ayıldım yuxudan. – Yəqin ki, könlündən yenə içmək keçən Cəfər gözlərini boş araq stəkanına zilləyib, fikrə getdi. Rəngi xeyli dəyişmişdi. Ancaq gözlərindəki xəstə parıltı hələ yerindəydi. – O qız ölməkdən qorxmurdu, Mamedov. Qorxduğu bircə şey vardısa, o da bu dünyadan qız kimi getmək idi. Bunu bir dəfə öz diliynən dedi mənə. Dedi: “Cəfər, ər-arvad olmaq necə olur?” Mən istəsəydim, o işi eləyə bilərdim o vaxt. Ancaq eləmədim. Ürəyim gəlmədi. Boynuma sarılıb, ağladı. Bilirsən, necə ağladı, Mamedov! Mən ömrümdə o cür ağlamaq görməmişəm. – Bu sözləri deyəndən sonra Cəfər nəhayət ki, sakitləşdi. Gözlərinin içindəki əsəbi, soyuq parıltı tədricən çəkilib getdi. Hətta səsi də tamam dəyişdi. – Mən bir bakal pivə içəcəyəm. Bəlkə sən də içəsən. – Ucadan Caniki çağırdı.

- Yox, sağ ol. Çaydan sonra çəkmir ürəyim.

Cəfərin şokaladlı dondurmadan sonra o pivəni necə ləzzətlə içməyinə Mamedov heyrətlə tamaşa elədi. İndi onun Cəfərə yazığı gəlirdi. İnanırdı ki, Cəfər o yuxunu həqiqətən görüb. Həm də məhz bu gecə - özünün kəndə gedəcəyini Mamedov dünən axşam ona telefonda deyəndən sonra... Deməli, axşamkı o telefon söhbəti çoxdan görmədiyi kəndi Cəfərin yadına salmışdı. Onun ovqatını dəyişmişdi, ürəyini yumşaltmışdı.

- Deməli, kəndə gedirsən? – Cəfər pivəni axıracan içib, siqaretini yandırıb, sümürə-sümürə dedi. – Bəs orda kimin evində qalacaqsan?

- Kənddəki evimiz qalır da! Bacımın uşaqları baxır. Axşam bacımqızından soruşdum telefonda. Deyir, evə heç nə olmayıb. Heç qışda damı da axmayıb bu il.

- Bizimki də qalır, deyəsən. Evə kim baxır, bilmirəm. Yəqin kimsə otdan-samandan yığır ora. Ya da qoyundan-zaddan saxlayır. Dam-daşı qoymur dağıla. Kənddə çox qalacaqsan?

- Bacarsam, bir az qalacağam.

- Oğlundan xəbərin var?

- Hə, tez-tez zəng eləyir. İşindən, dolanışığından çox razıdır.

- Bəs səni çağırmır yanına?

- Çağırır. Hər dəfə zəng eləyəndə deyir, yığış, gəl yanıma. Ancaq mən istəmirəm bu yaşımda gedim yad yerdə yaşayım. Ürəyim çəkmir Amerikanı.

- Tupoysan, Mamedov, vallah tupoysan! Kommunist əqidəndən dönə bilmirsən. Yəqin partbiletini də hələ saxlayırsan.

- Bəli, saxlayıram! – Cəfərin yenə rişxəndlə danışmağından narahat olmuş Mamedov qeyz ilə ucadan dedi. – Ölən günüməcən saxlayacağam!

- Saxla, bərk saxla, Əzrayıl gələndə göstərərsən! Səndə ağıl deyilən şey yoxdu, Mamedov. O boyda Amerikanı orda qoyub, ilin-günün bu vədəsi durub o dılğır cındırıstan kəndinə gedirsən. Elə bilirsən, orda danışmağa adam tapacaqsan? Sən o kənddə nə görmüsən ki, indi həsrətini çəkirsən?

- Niyə? Orda bizim yaxşı günlərimiz az olmayıb.

- O yaxşı günlər harda olub elə?

- Elə orda, sənin cındırıstan dediyin o kənddə olub. Qışda əziyyətimiz çox olsa da, yaz-yay kolxoz bağlarında kef çəkirdik. Meyvə sezonu başlayanda səhərdən axşamacan bağlardaydıq. Əriyi, alçanı, gavalını dərib yeşiklərə doldurur, konserv zavodunun maşınlarına yığırdıq. Günorta kölgəliyə çəkilib, yeyib-içirdik, deyib-gülürdük. Günuzunu qızlarla məzələnirdik. Heç bilmirdik gün necə gəlib keçdi.

- Bəli, elədir ki, var. Bağlarda günuzunu qızlarla mazaqlaşıb, gecələr yerimizin içində kəfləmə vururduq.

Cəfərin belə şeyləri bu cür açıq-saçıq deməyinə çoxdan öyrəşməyinə baxmayaraq, bu dəfə nədənsə Mamedov qulağının dibinəcən qızardı.

- Sənin köhnə xasiyyətindi, - dedi. – Adamı hər şeydən iyrəndirirsən.

- Çünki, Mamedov, mən həmişə hər şeyin əslini, olanını deyirəm. Əslində, olduğunda isə hər şey iyrəncdir. Sənin köhnə firqədaşların indi rahat kabinetlərdə əyləşib, səhərdən axşamacan rüşvət yığır. Amma sən yayın cəhənnəm istisində rayonun konserv zavodu üçün ərik yığıb, kolxoza plan doldurmağından hələ də ləzzət alırsan. Gecələr də, yuxunda, Mehbalının gölündə çimib kef çəkirsən. Özün də elə bilirsən ki, böyük bir dəryada üzürsən.

Mamedov heyrətə gəldi. Çünki əvvəllər az qala hər gecə yuxuda gördüyü – “Mehbalının gölü” deyilən o dərin su hovuzu, neçə müddətdən sonra, məhz dünən gecə təzədən yuxusuna girmişdi.

- Sən, Cəfər, Allahin bəlasısan. Hardan bildin ki, mən o gölü bu gecə yuxumda görmüşəm?

Fərziyyəsinin doğru çıxmağına sevinən Cəfərin gözlərində həmişəki hiyləgər, kinayəli ifadə yenidən peyda oldu.

- Göl ha! Pah atonan, gölə bax! Göl demə, dəniz de, dərya de. Eni-uzunu vur-tut 15 metr. O Mehbalı gündüzlər ora su yığırdı ki, axşamın sərinində açıb, kolxozun bostanını suvarsın. Sən onun nəyinə “göl” deyirsən?

- Biz ona “göl” deyirdik də. Göl idi, göl deyildi – bunun mətləbə nə dəxli var?

- Mətləbə dəxli odur ki, Mamedov, sən bu yer üzündəki bütün gölməçələri göl bilirsən.

Mamedov gördü ki, Cəfərin yenə tərsliyi tutub; göl onun heç vecinə də deyil, məqsədi söz güləşdirməkdir. Buna görə səsini çıxarmadı. Amma Mamedovun bu gecə yuxuda gördüyü göl doğrudan da, ayrı aləm idi. Göl çeşmənin səpsərin suyu ilə ləbələb doluydu. Su gölün üstündən aşırdı. Budaqları suyun üstünə sallanmış uca ceviz ağacının yaşıllığından az qala suyu axan təptəzə yarpaqları adamın gözünü qamaşdırırdı. Ovaxtkı uşaqlar da, nə ki var, ordaydılar – gölün başına toplaşmışdılar. Çimən çimirdi, çimməyən sudan çıxıb, gölün yan-yörəsindəki torpağın, palçığın, otun üstündə çılpaq canını günə verirdi. Kəndin bir nömrəli üzücüsü – suyun altında düz 90 saniyə nəfəs almadan dayanmağı və cevizin uca budağından suya tullanmağı ilə kənddə “Tarzan” ləqəbi qazanan ucaboy, uzun-şivərək, özünü bütün günü günə verməkdən bədəni zənci bədəni kimi qaralmış Maşallah da ordaydı. Kəndin hələ üzməyi bacarmayan balaca uşaqlarına üzmək öyrətməyi çoxdan və könüllü surətdə boynuna götürən və bundan xüsusi həzz alan Maşallah yenə 5-6 uşağı gölün qırağında sıraya düzüb, öz qaydası üzrə, təlim keçirdi və Mamedov bir tərəfdə dayanıb, oradakı özü boyda uşaqlara qorxa-qorxa tamaşa eləyirdi. Maşallah Mamedovu birdən gördü. “Gəl, - dedi, - gəl, - qorxma, yaxın gəl. Gəl üzməyi öyrədim sənə.” Əgər həmin anda Cəfərin səsini eşitməsəydi, Mamedova çox güman ki, Mehbalının gölünün o dumduru, səpsərin suyunda doyunca üzəcəkdi. Cəfərin qəfil səsi onu bu böyük ləzzətdən məhrum elədi: “Ə, dayan, hara atılırsan. A heyvan, görmürsən göldə ilan var!”

Həm kövrəklik, həm kobudluq Cəfərin xasiyyətində elə o vaxtlar da vardı. İndi isə onun tərs damarı, deyəsən, təzədən tutmağa başlamışdı.

- Qurtar, beynimi mazlama, Mamedov, nağıl danışma mənə. Sənin kənddən belə sevinə-sevinə danışmağını görəndə bilirsən, nə düşür yadıma? Beş aylıq dana, on aylıq qulun, bir illik qodux - yəni eşşək balası! Görmüşdün də, dana durduğu yerdə, birdən-birə necə şıllaqlayırdı, atılıb-düşürdü, oynayıb rəqs eləyirdi. Xüsusən də yaz vaxtları: ot bol, su bol, hava da nə isti, nə soyuq, qaymaq kimi yeməli. Sevindiyindən qulun anasının belinə dırmaşırdı, qodux soncuxlayırdı. Dana da, qulun da, qodux da xoşbəxt idi. Bizimki də, Mamedov, bax belə bir heyvan xoşbəxtliyiydi. Çünki o dana, o qulun, o qodux kimi biz də xoşbəxtliyin nə olduğunu bilmirdik. O uşaqlıq uşaqlıq deyildi, əzizim Mamedov, xalis rəzalətiydi. İndi mən neynəyə bilərəm ki, rəzalətin nə demək olduğunu sən hələ də qana bilməmisən. Müharibədən təzə çıxan Almaniyada biz yaşda uşaqlar hər səhər ət yeyəndə, yağ yeyəndə bizim kəndin uşağının yediyi bir qulaq arpa lavaşı ilə bir barmaq pendir idi. Heç o da hər evdə olmurdu. Məktəbdən çıxan kimi kolxozun massivinə tökülüşüb, mal kimi otlayırdıq. Yemiliyi, kilincanı, yağlıcanı – üzüm yarpağından tutmuş, heyva çiçəyinəcən, əlimizə keçəni qarnımıza təpişdirirdik. Alçanın, əriyin, badamın çağalasını tıxdıqca tıxıb, axşamı gözləyirdik ki, bəlkə evdə xörəy olacaq. O da gah olurdu, gah olmurdu. Dədəmlə dədən kolxozdan canlarını qurtarıb, gedib qulluq işinə düzəlib, guya hökümət adamı olmuşdular: biri milisəner, o biri vergiyığan. Biri – “Sürtük Bağır”, o biri – “Sırtıq Məmməd”. Kənddə kim onları adam yerinə qoyurdu? Heç birinin camaat arasında Səfərin o qara iti qədər xətir-hörməti yox idi. Dədəmin aylıq maaşı çox olsa 4-5 pud una çatardı. Dədən Məmmədinki də qoy olsun bir o qədər. Hamı ac idi, Mamedov – kolxozçu da, qulluqçu da. Hökumət camaatın gözünün odunu necə almışdısa, heç kəs cınqırını çıxara bilmirdi. Kişilik bircə o məsələdə qalmışdı: “DİLUU VER, DİLUU VER!” – bu son sözləri Cəfər, təzəcə yandırdığı siqareti külqabıya basıb, bərk-bərk əzişdirə-əzişdirə dedi. Çaşdığından, hirsləndiyindən, ya nədənsə təzə siqaret yandırdı. – Çer Muxtar yadındadı? Yetmiş yaşlı kişiydi, amma yenə qancıq eşşək saxlayırdı. Hamı da bilirdi ki, o eşşək Çer Muxtarın ikinci arvadıdır. Sənin o tərifli kəndin buydu, Mamedov. Elə bilmə ki, indi o kənd çox dəyişib. Ağlını başına yığ, evi sat, çıx get oğluvun yanına. Yaxşı da pula gedər evin: dörd otaq, şəhərin mərkəzində.

Demək olmaz ki, Cəfərin dedikləri Mamedova heç bir təsir eləmirdi. Ancaq onun da ürəyində özünün gördüyü bir kənd vardı. O kəndi Mamedov lap istəsə də, ürəyindən çıxarıb ata bilməzdi. Üstəlik, Cəfərin kənd barədə məhz bu gün və bu qədər hirsli-hirsli danışmağı Mamedovda qəribə şübhə yaratmışdı – ürəyində fikirləşirdi ki, bəlkə Bakıya gələndən sonra kəndə bir dəfə də ayaq basmayan Cəfər indi onun getməyinə paxıllıq eləyir? Ancaq bu hələ ki, qənaət deyildi, şübhə idi. (Bunun təkcə şübhə olmadığına Mamedov tezliklə inanacaqdı).

- Bilet almışam axı. – Cəfərin yenidən əsəbiləşə biləcəyindən ehtiyat eləyən Mamedov zorla eşidiləcək səslə dedi.

- Apar qaytar.

- Yox, qaytarammaram. Bacım qızına da demişəm. Bilir ki, sabah kənddə olacağam.

Cəfər əməlli-başlı narahat idi. Elə bil o kəndə Mamedov yox, onun özü gedəcəkdi. Hər halda bütün hərəkətlərindən bilinirdi ki, ürəyini boşaltmamış tərsliyindən əl çəkən deyil.

- Elə bilirsən ki, dədən Sırtıq Məmmədin xatirinə orda sənə böyük hörmət göstərəcəklər? Elə bilirsən o adı ona nahaq yerə qoymuşdular? Ona görə qoymuşdular ki, qapılardan vergi yığa-yığa sırtılıb insan sifətindən çıxmışdı. O vaxt kimdə pul vardı ki, hökumətə vergi verəydi? O vicdansız dədən də nə adamlıq qanırdı, nə Allah tanıyırdı.

Camaatdan pul qopara bilməyəndə kilimdən, cecimdən, yəhərdən, palandan – hansı evdə əlinə nə keçirdi – qamarlayırdə. Əlinə bir şey keçməyəndə özünü hinə verib xalxın toyuq-cücəsini tutub aparmaqdan ar eləmirdi. Bir dəfə, öz gözümnən görmüşəm, çeşmədə yazıq Bilqeyisin pişiyini ağaca dırmaşdırmışdı. Arvadın yumağa gətirdiyi samovarın bir qulpundan dədən tutmuşdu, o biri qulpundan Bilqeyisin özü yapışmışdı – ikiəlli dart ki, dartassan. Axırda samovarın bir qulpu qopub yazıq Bilqeyisin əlində qaldı. Arvad necə ağlayırdı, Allah!.. Adamlar da hər tərəfdən tökülüşüb, tamaşa eləyirdi. Sənin dədən belə əclaf idi, Mamedov! Bəlkə elə bilirsən ki, indi orda dədənə rəhmət verirlər.

Bu dəfə Cəfər, bilərəkdən ya bilməyərəkdən, Mamedovun ən yaralı yerinə toxunmuşdu. Atasının vergi yığmağa getdiyi evlərdəki dəhşətləri Mamedovun özü də çox görmüşdü. Buna görə küçədə, məktəbdə - hər yerdə hamının qabağında həmişə xəcalət çəkmişdi. Dönə-dönə ağlayıb atasına yalvarmışdı ki, daha gedib o işdə işləməsin. Buna görə Mamedov hətta atasının cavan ikən ölməyinə də sevinmişdi. Özündəki acizliyin, qətiyyətsizliyin başlıca səbəbini elə indi də Mamedov atasının o idarədə işləməyində görürdü. Cəfərin söhbətindən yaman sarsıldı. Özünü zorla ələ alıb, inamsız və ümidsiz səslə:

- Elə şeylər indi camaatın yadından çıxmış olar, - dedi.

- Orda heç vaxt heç nə yaddan çıxmır! – Cəfər hər sözü vurğulaya-vurğulaya qəti inamla bəyan elədi. – Bizimki lap əvvəldən düz gətirməyib, Mamedov: dədələrimiz kəndli əməyindən qorxub qaçıb, gedib hökumətə nökər olan gündən. Bu kimin oğludu? Vergiyığan Sırtıq Məmmədin! O ev kimin evidi? Milisəner Sürtük Bağırın! Xalx böyük məmurların qisasını həmişə kiçik məmurlardan çıxır, Mamedov. O kənddən bizim payımıza bu düşüb. – Cəfər səsini birdən kəsib, uzun-uzadı əsnədi. Hiss olunurdu ki, danışmaqdan bezib, ancaq sözü də qurtarmaq bilmir. – Yaxşı, bir çay da içək, duraq gedək. – Ucadan Caniki çağırdı: - Ə, Canik, bir yaxşı çay dəmlə gətir.

- Bəs evdə çay-zad içmirsən? – Mamedov deməyə ayrı söz tapmadı.

- İçirəm, niyə içmirəm. İndi gedib, evdə də çayımı dəmləyib, oturub işləyəcəyəm. Mən günorta heç vaxt abed eləmirəm. Elə axşam çörəyimi də çox vaxt gəlib burda yeyirəm. Canik lülə-kababı da əla bişirir.

Mamedov soruşmamış da bildi ki, Cəfər arvad-uşağı yenə başından əkib: arvadını və iki subay qızını. Cəfərin böyük qızı “cəbhəçi bəylərdən” birinə ərə getmişdi. İndi Türkiyədə yaşayırdı. O biri iki qızına hələ ki, elçi düşən yox idi. Cəfərinki həmişə beləydi: yay ki, gəldi, arvad-uşağı Buzovnada qaynatasından qalan bağa göndərirdi. Özü şəhərdə qalıb, istədiyi kimi yaşayırdı.

Canik çayı gətirənəcən Cəfər bir kəlmə də demədi. Pencəyinin yan cibindəki mobil telefonuna arabir zəng gəlirdi. Cəfər telefon zənglərinə də əhəmiyyət vermirdi. Bu dəfə telefonu cibindən çıxardıb, zəng edənə cavab verdi.

- Hə, bilirəm. – Həmişə ucadan danışan Cəfər telefonda lap astadan, az qala pıçıltıyla danışırdı. – Demişəm də, bir sözü neçə dəfə deyərlər. İki aya. Uzağı üç aya. Bu ilin axırınacan qızın təsdiqini alacaq. Mən sənə nə vaxt yalan demişəm? – Telefonu cibinə qoyub: - Xalis ipləmədi, - dedi. – Şəhərin yekə bir rayonunun icra başçısıdı, ancaq eşşək qədər dərrakəsi yoxdu. Keçən il bir qızını fəlsəfə doktoru eləyib, indi o biri qızını da doktor eləmək istəyir. Elə bil bunun qızları mənim üçün nazirdən, deputatdan artıqdı. Bu son 10-15 ilin içində mən üç naziri doktor eləmişəm. Bu saat 5 deputat durub orda növbə gözləyir. Dünən Prezident Aparatından da biri zəng eləmişdi. – Cəfər sinəsini qabağa verib xoruzlandı. – Sən məni nə bilmişdin, Mamedov. Hələ mənim bir işim də Ali Attestasiya Komissiyasında ilişməyib.

Cəfərin son 10-15 ildə məhz belə işlərlə məşğul olduğunu bilsə də, onun indi dedikləri Mamedovu dəhşətli dərəcədə heyrətə gətirdi. Yerlisinin biliyinə-savadına heç bir şəkki-şübhəsi olmasa da, onun – yeri düşəndə - yaxşı gop eləməyi də bacardığını Mamedov çoxdan bilirdi. Ancaq bu, ondakı heyrətin dərəcəsini bir o qədər də azaltmadı. Əgər Cəfərin dediklərinin hətta onca faizi doğruydusa, deməli, lap yaxın gələcəkdə bu ölkədə elm adına heç nə qalmayacaqı. Vəzifədə oturanların görməmişliyi birdəfəlik elmin də axırına çıxacaqdı. Mamedov xoflu-xoflu düşünürdü və bəlkə ilk dəfəydi ki, oğlunun vətəndə yox, qürbətdə olmağına sevinirdi.

- O dissertasiyalardan birin də özün üçün yaz da, nə olar. Bu qədər yalançı alimin yanında qoy bir nəfər də həqiqi alim olsun.

- Məni dolayırsan? – Heçdən hirslənmiş Cəfər yerindən sıçrayıb, inanılmaz bir cəldliklə ayağa qalxdı və heç o Canikə də bir söz demədən yola düzəldi. – Düzəlmirsən, Mamedov, köhnə tupoyluğunda qalmırsan. Doktorluq mənim nəyimə lazımdı, ay allahın avam bəndəsi. Mənimki vəzifəli lotu-potudan doktor qayırıb, özümə çörəkpulu çıxarmaqdı. Müftə pul qudurdub oğraşları. Bir-birinin bəhsinə giriblər: onun uşağı doktordu, mənimki niyə olmasın. Hamısı şöhrətpərəstlikdəndi, Mamedov. Şöhrətpərəstlik gec-tez qıracaq bu milləti. Hər şeyin axırına çıxacaq...

Mamedov Cəfərdən hər dissertasiyaya görə nə qədər pul aldığını soruşmaq istəyirdi. Soruşmağa cəsarəti çatmadı. “Azadlıq” meydanındakı yeraltı keçidin yanınacan danışa-danışa getdilər. Daha doğrusu, Cəfər danışdı, Mamedov qulaq asdı. Keçidin başında vidalaşdılar. Həmişə beləydi: evi Yasamal tərəfdə olan Cəfər hər dəfə o keçidin başında taksiyə minirdi.

- Sən sınmısan, Mamedov, bərk sınmısan. – Bunu Cəfər taksiyə otura-otura dedi. – Get. Yaxşı yol. Qorxma, qoymaram darıxasan. Hər gün zəng eləyəcəyəm sənə.

Ardı var

"Yazı" dərgisi

# 7407 dəfə oxunub

Müəllifin son yazıları

# # #