Anardan Mayakovski haqda ESSE

Anardan Mayakovski haqda ESSE
18 aprel 2016
# 13:58

Moskvada çıxan “Nezavisimaya qazeta”nın 22 oktyabr 2015-ci il sayında xalq yazıçısı Anarın V.Mayakovskiyə həsr olunmuş “Kosoy dojd” (“Çəpəki yağış”) essesi dərc olunub. Həmin yazını təqdim edirik.

Çəpəki yağış

Gəncliyimizin şairi, bizim nəslin formalaşmasında rolu olmuş və çoxlarımızın ədəbiyyat kumirinə çevrilmiş şəxs haqqında – Mayakovski haqqında yazmaq qərarına gəldim. Düşünürəm ki, vaxtilə qiptə etdiyin insana – həm də müəyyən dərəcədə gözdən düşmüş şairə xəyanət etmək, elə öz keçmişinə xəyanət etmək deməkdir.

İndinin özündə də Mayakovskinin qərəzsiz olaraq poeziyada tutduğu mövqenin sübutundan çox, onun özü haqqında mübahisələr getməkdədir. Görəsən doğrudanmı Vladimir Vladimiroviçin vaxtilə bəyan etdiyi ehtimal öz təsdiqini tapır: “Mən sovet hakimiyyətindən savayı digər hakimiyyətlərdə bir kəlməylə də mövcud ola bilmərəm. Əgər günlərin birində zamanı geriyə qaytarsalar məndən bir sətir belə qalmayacaq, əsərlərimin hamısını yandıracaqlar”.

Doğrudur, onun kitablarını yandırmırlar, amma nadir hallarda nəşr edirlər. Ədəbiyyat autodafesi – yalnız tonqalda yandırmaq deyil, həm də unutdurmaqdır. Hər halda, Mayakovski özünü yalnız və yalnız sovet hakimiyyəti ilə bağlamaqla düz demirdi. Özünü doğru qiymətləndirməmişdi. Səmimiyyətlə hakimiyyətə bağlansa da istedadnın miqyası hər hansı bir hakimiyyətin çərçivəsinə sığacaq deyildi. Və indi, Mayakovskinin dövrümüzdə söylənilməsi ədəbsiz görünən sözləri: “Mən şair deyiləm, qələmimlə bugünkü zamana xidmət edən, sovet hakimiyyətinin və onun partiyasının təbliğatçısıyam”, əlbəttə ki, sadəcə epotaj xarakterlidir, eynilə bir zamanlar fərqli auditoriyaya, fərqli kontingentə yönəlmiş, “cəmiyyətin zövqünə sillə vurmaq”, sarı köynək və “mən uşaqların ölümünə baxmağı çox sevirəm” sözləri kimi... Bəlkə də müasirlərinin Mayakovskinin hərəkətlərini gənclik şıltaqlığı kimi qələmə vermələri də təsadüfi deyildi. Hər halda, yaşa dolduqda belə dalaşqan, ərköyün xüsusiyyətləri onu tərk etmirdi. Ürəyi parçalanmış, qanamış savaşçı. Lenin Mayakovskinin poeması ilə əlaqədar ona özünəməxsus “kompliment” söyləmişdi: “Yüz əlli milyon”. Bu, kommunizmin xüsusi formasıdır. Haradasa dələduz kommunizmdir”. Yeri gəlmişkən, nədən Stalinin Mayakovskiyə ölümündən sonra söylədiyi tərifini bağışlamırlar, amma Leninin onun poeması haqqında çıxardığı sərt hökmü unudurlar (Lunaçarskiyə ünvanlanmış qeyd):

“5.000 nüsxəli “150 milyon”nun nəşrinə izn vermək ayıb deyilmi? Avamlıqdır, cəfəngiyyatdır”. Mayakovski barəsində Leninin yeganə xoş sözü belə olub ki, İlyiç onun poetik istedadının pərəstişkarı deyil, onun “İclasbazlar” şeiri siyasi və adminstrativ (!) cəhətdən qiymətləndirilir.

Stalinin Mayakovskiyə verdiyi qiymət isə konkret zaman kəsiyində onu qorumuşdusa, son nəticə etibariylə əleyhinə çevrilmişdi. Yalnız Mayakovski ilə bağlı deyil, Stalinin “ən gözəl, ən mükəmməl” möhürü incəsənətdə ierarxiya sistemini yaratmış oldu. Məsələn, “istedadlı və müxtəlif” sənətkarların arasından məhz biri ən öncül şair və yaxud ən Baş yazıçı elan edilirdi. Çünki totalitar sistemlərdə ədəbiyyat, incəsənət sahələrində də vahid kulta ehtiyac var idi. Bu metod zamanla milli ədəbiyyatlarda da tətbiq edilməyə başladı və bu tip ədəbiyyat “başçıları”, bəyləri və xanları yarandı. (Onlar adətən ədəbiyyat sahəsində müəyyən rəhbər vəzifələrə də təyin olunurdular). Məhz belələrinin yaradıcılıq nümunələri etalona çevrilir və digərlərinə örnək kimi təqdim olunurdu. Mayakovskinin buna nə dəxli var? Özündən sonra olanlarçün o, hansı məsuliyyəti daşıyır? Axı verilən qiymət Mayakovskinin əziz xatirəsindən çox, Stalinin özünün ideoloji məqsədlərinə xidmət edirdi.

Deməli əgər Stalin Mayakovski haqqında yaxşı danışırsa indi bu onun üçün pisdir, Lenin də onun haqqında pis danışırsa bu yenə də pisdir? Məgər səbəb Lenin və Stalindir?

Onun üzərinə axın edən qəzəbli tənqidçilərin sayı-hesabı yox idi. Onlara elə gəlirdi ki, tənqidçilər şair olmağı, necə yazmağı, nə yazmağı şairin özündən daha yaxşı bilirlər. Demə onun üzərinə hücum edən tənqidçilər Mayakovski olmağı Mayakovskinin özündən daha yaxşı bilirmişlər. Bir zamanların tanınmış ədəbiyyatşünası və tənqidçisi Mayakovski haqqında (1927) belə yazırdı:

“Mayakovskinin bizim poeziyamızda kəsb etdiyi məna mənfidir; onun şeirlərinə nəzər salmaqla, belə yazmağın doğru olmadığını aydın sezirsən. Yoxsul ideyalı, hipoxandrik, dar dünya görüşü, zəif usta – o, şübhəsiz öz dövründən aşağıda dayanır və bu zaman ondan mütləq üz çevirəcək ”.

Mayakovskinin üzərində Stalinin tənqid yasağına qədər ona münasibət əsasən belə idi. Bəs indi, bir çox başqa Stalin tabularının aradan götürüldüyü vaxt yeni dövrün tənqidçiləri yenəmi Mayakovskidən əl çəkmirlər?

Mayakovski o şairlərdəndir ki, onu nəinki sağlığında, ölümündən sonra da devirmək, təftiş etmək istəyirlər. Qərinələrin, ideologiyaların, etnik və estetik gəlişmələrin dəyişməsinə baxmayaraq, Mayakovskiyə yönəli kor, qərəzli, mübaliğəli aşağılama cəhdləri dəyişilməmiş qalır. İndinin özündə də, yeni dövrün tənqidi şairin üzərində məhkəmə qurur, onun şəxsiyyətini, poeziyasını durmadan təftiş edir. Gör necə təmələ malik olamalısan ki, sağlığında da, ölümündən sonra da bütün atəş burulğanından salamat çıxasan?

Əslində Mayakovskinin populyarlığını, bənzərsizliyini həzm edə bilmirdilər. Hətta intiharını belə ona bağışlamırlar. Bir çoxları belə düşünür ki, bu hərəkət həmin dövrə qarşı yönəlmişdi, rejimə etiraz idi. Bir başqaları isə onun Stalin repressiyalarından “zamanında” yaxa qurtardığını düşünürlər.

Faciəvi ölüm faktının üzərindən yarım əsrdən çox vaxt keçdikdən sonra yeni nəsil tənqidçilərindən olan Yuriy Karabçiyevskiy adlı birisi “Mayakovskinin dirilişi” adı altında yeni bir yazı ortaya çıxarır. Bu kitab öncə xaricdə, sonra isə Sovetlərdə nəşr olunur. Doğrudur, kitab kifayət qədər maraqlıdır, amma müəllifin əsas məqsədi Mayakovskini devirmək və onu sümüklərinə qədər ifşa etməkdir. Mayakovskinin hər sözünü, əməlini müəllif, hər vəchlə şairin hakimiyyətə münasibətdə kölə olduğuyla izhar edir. Guya onun qeyri-səmimiliyi, üzünə çəkilmiş maskanın arxasından boylanır.

Mayakovskini daha nələrdə ittiham etmir? O, yazdığı, yazmadığı hər sətrə görə ittiham olunur. Hətta Karabçiyyevskinin təbiriycə desək ölümün planlaşdırılması belə qüsurlu idi. Onun fikrincə şairin tapanca darağına cəmi bir güllə yerləşdirməyi onun “sağ qala bilmə” istəyindən qaynaqlanırdı. Müəllif Mayakovskini “dəftərxana ruhlu” (“dəftərxana ruhlu” Mayakovski - bürokratizmi qurdlar kimi didişdirməyə hazır olan insandır) adlandırır. Şairin “ən alçaq buyruqları” yerinə yetirdiyini söyləyir. Ardı da eyni qaydada davam edir. Müəllif belə cəfəng fikri də tam “ciddiliklə” söyləyir ki, Mayakovski iblis ilə müqavilə bağlamışdı, şair qara qüvvələrin ixtiyarında idi və ümumiyyətlə, taleyini və yaradıcılıq məsələlərini müqavilənin müddəalarına daxil etmişdi. Guya onun nəhəng yaradıcılıq gücü, enerjisi, hətta faciəvi ölümünün planlaşdırılması belə (ölümündən sonra da şöhrətli olmaq, heykəllərinin qurulması, miliyon tirajlı kitabları və.s.) iblislə sazişin müddəalarına daxil idi. Hələ bu da kifayət deyil. Bu sövdələmənin yekunu olaraq Mayakovskinin üç şairin – Yevtuşenko, Rojdestvenskiy, Voznesenskiy şəxsində zühuru gerçəkləşəcəkdi. Bundan o tərəfə getməyə ehtiyac yoxdur. Dünyadan köçmüş Karabçiyevskinin ruhunu narahat etməyək. Ölülər cavab verməyi bacarmır. Qeyd edək ki, Karabçyevskinin öncədən praqnozlaşdırdığı bir müddəa təəssüf ki, öz təsdiqini tapır. Vaxtilə söylədiyi: “Mayakovski – dərinliyə çəkib aparan dəlik kimidir. Onunla yaxınlaşmaq bəzən məhvə gətirib çıxara bilər. Onun faciəvi ölümündə belə insanı özünə çəkə biləcək cazibə var” fikri gerçəyə çevrildi. Karabçiyevskiy də ömrünü sui-qəsdlə tamamladı.

Dövrümüzdə Mayakovskiyə yönəlmiş tənələrin, məzəmmətlərin mayasında sovet hakimiyyətinin bütün qüsurlarına Mayakovskini şərik etmək təşəbbüsü var. Bu cür düşünənlərin fikrincə sovet cəmiyyətində baş verən bütün hadisələr cinayətlər xronikasından başqa bir şey deyil. Buradan da belə nəticə çıxarıblar ki, Mayakovskinin nəinki sağlığında, hətta ölümündən sonra da rejimin bütün cinayətlərinə görə o da cavabdehdir.

Məsələn Mayakovskinin Leninə münasibətində səmimiliyini etiraf etmək istəmirlər. Lenin haqqında poemanı o, İliçin ölümündən dərhal sonra bu ağır itkinin təsiriylə qələmə almışdı. Axı şair, ancaq XX əsrin sonlarında aşkara çıxan bir çox faktlardan xəbərdar deyildi. Dünyada ilk konslagerlərdən, siyasətdə ikiüzlülükdən, çar ailəsinin məhv edilməsində, hətta uşaqlarının mərhəmət bilmədən öldürülməsində birbaşa əli olmasından məlumatlı deyildi. Lenin Mayakovski üçün inqilabı təcəssüm edirdi. Mayakovski isə elə xislətcə, xasiyyətcə inqilabçı idi. Bəlkə də onu inqilabçı yox, qiyamçı adlandırmaq daha doğru olardı. Mayakovskinin qiyamçı xüsusiyyətini şübhə altına almaq, mifoloji, tarixi, ədəbi qəhrəmanlardan - Prometeydən tutmuş Avvakuma qədər, Fransua Viyondan tutmuş Puşkinə qədər qiyamçılığı inkar etmək olardı. Mayakovskinin qiyamçı xüsusiyyəti onun ilk məhəbbət poemalarında da sezilir. Bu qiyam haradasa, cəmiyyətin konformist xüsusiyyətinə qarşı yönəlmiş bir üsyan idi. Bu cür xarakterik xüsusiyyəti Alber Kamünün sözlərilə də izah etmək olar: “İnqilabi ruh insanı bütünlüklə tələtümə yuvarlayaraq uçurumun kənarına gətirir. İnqilab daima, Prometeyin dövründən üzü bəri Allahlara qarşı yönəlmiş bir qiyam olub. Tiranlar, burjua kuklaları burada yalnız bəhanədir”.

Əgər Mayakovski şəxsiyyətinin daxili qiyamı, fərdi xüsusiyyətləri bütünlüklə o dövrün 1905-1917-ci illər arasında rus tarixində baş verən konkret ictimai-siyasi təlatümlər ilə üst-üstə düşürdüsə, o zaman Mayakovski hadisələrin hansı barrikadasında dayanmalı idi? O, həmin insan ki, 5-ci sinifdə yaxasından yapışaraq Moskva həbsxanalarına atılmışdı. Elə bu səbəbdən də Mayakovskidən - “22 yaşlı yaraşıqlı gəncdən” inqilabın əsl mahiyyətini dərk etməyi gözləmək olmaz. Çünki onun düşüncəsi Buninin inqilabın mahiyyətində nə dayandığını dərk etməsindən çox-çox uzaqdır. Əlbəttə, zadəgan təlimi ilə böyümüş, tərbiyə almış Bunin üçün açılmış gerçək mənzərə, Mayakovski üçün belə erkən yaşda açıla bilməzdi. Halbuki, onun özü də zadəgan köklərinə malik olmasını anketlərində dəfələrlə qeyd edirdi. Əlbəttə, sonrakı dərketmənin hesabını Mayakovski sonacan ödədi. Yaradıcılığının axır dönəmlərində o, “Tatyana Yakovlevaya” ünvanlanmış mənzum məktubunda sanki hərəkətlərinə haqq qazandırmağa çalışırdı.

Çiyinlərində yamaq gördüm

Vərəmləri nəfəslərindən duyulur.

Yüz milyonluq pis güzaranlıya görə

Bizmi suçluyuq.

Biz indi daha çox belələrə mehribanıq -

İdmanla düzənə düşmək çox zaman alınmayır.

Siz də bizə lazımsınız

Moskvada uzun ayaqlılar

Çatışmayır.

Mayakovski gənclik illərində özünü pis güzəranlıların tərəfində olmağına görə və səbrsizliklə gözlədiyi inqilabın yekununda az adamın özünü xoşbəxt hiss hiss etməməsində günahkar deyildi. Ən əsası o, özündə güc taparaq cəsarətlə bunları deyə bilirdi:

RSFSR-in arxasında

Meşşanlığın idbar

Siması göründü.

Onun bütün sarkazmaları yeni həyatın - “Sovet tibbinin yüzilliyi adına meydanlar”dan tutmuş, Marksın qumarbaz (hətta məlum faktlara görə o, pul ilə də oynayırdı) olması faktına qədər absurd təzahürlərə qarşı yönəlmişdi. Hətta kəmiyyət baxımından müqayisə etsək, onun palitrasında satirik rənglərin miqdarı fərəhverici nüanslardan daha çox idi. O, olmayan şeylər haqqında, xəyalları haqqında daha çox qürurlu şeirlər yazırdı, nəinki gündəlik həyatında gördüklərindən... Bu tip mövzular “Birə”, “Hamam” komediyalarında daha nümayişkaranə şəkildə, “O barədə” poemasında lirik üslubda, “Var səslə” şerində isə sonuncu hayqırış kimi canlanır.

Mayakovskinin qiyamçı, inqilabçı xarakterinin arxasında kəsgin satirası dayanırsa, digər xarakterik xüsusiyyətinin kökündə lirik ab-hava durur və bu lirik irsi onu poeziya tarixində yüksək məhəbbət nəğməkarları ilə bir sıraya gətirir. Bəlkə də Mayakovskinin əsl faciəsi öz istəklərinin əksinə gedərək daxilindəki liriki öldürmək və öz lirik səsini ayaqlamaq olub. Bəzən sənətin, yalançı, ani məqsədlərindən çıxış edərək o, bu lirik boğazını üzməyə çalışsa da, onun nəğmələri ağır başmaqlarından daha davamlıdır.

Özüylə əlbəyaxa döyüşdə, qarşı-qarşıya dayanılmış dueldə Mayakovski daxilindəki lirik duyğuları öldürməyi bacarmamışdı. Bu cür ağrılı, pünhan sətirləri:

İstərdim vətənim anlasın məni

Əgər anlamasa, neyləmək, nə qəm,

Çəpəki, köndələn yağışlar təkin

Ölkəmin yanından yağıb keçərəm.

Çap variantından çıxararaq, hətta bu sətirlərə görə özünü ittiham da etmişdi: “Həssas, göz yaşardan sözləri söyləmək çox asandır. Romansvarı, həddindən ziyada duyğusallığına baxmayaraq (publika o saat gözünü silməyə yaylıq çıxarır), mən bu “gözəl”, yağışla islanmış lələkləri yerindən qoparıb atdım”.

Nədən qorxurdu? Bir zamanlar qorxmadan bütün bunları çılpaq şəkildə öz ilkin poetik nümunələrində və daha sonrakı - “Şalvarlı bulud”, “Onurğa - fleyta”, “Sevirəm” poemalarında tərənnüm etdiyi həssas hisslərindənmi qorxurdu? Bəlkə spartan ciddiliyi, ideoloji prinsiplər onu çərçivədə saxlayırdı? Bəlkə də Mayakovski dostlarının, dar çevrəsinin bu “həssaslığı” doğru anlamamasından, xəyanət kimi qəbul etməsindən ehtiyatlanırdı. Doğrudanmı Mayakovski öncə gətirdiyiniz “həssas” şeirləri poeziyada, Mosselpromanın reklamından, təbliğindən az qiymətli hesab edirdi?

Axı o, şair idi, bilməliydi ki, əsl sənətkar bütün estetik, siyasi bəyanatlarının fövqündə dayanır. Çünki istənilən ideoloji, siyasi fikir hamı tərəfindən qəbul edilsə belə, həyat öz-özlüyündə daha geniş anlayışdır. A.Kamünün fikrinə diqqət yetirək, “Öz Əlczair gəncliyindən belə yazır – “Mən yoxsulluqla günəşə gedən yolun yarısında idim. Yoxsulluq mənə əmin edirdi ki, tarixdə hər şey öz qaydasında deyil. Günəş isə mənə öyrədirdi ki - tarix hələ hər şey demək deyil...”

Bunu Mayakovski də çox yaxşı bilirdi. O bilirdi ki, yoxsulluqdan, müharibələrdən, çəkişmələrdən, savaşlardan, inqilablardan, sosial haqsızlıqdan savayı əbədi səma, əbədi günəş də var. Təsadüfi deyil ki, özünün ideoloji poemalarının birində qəflətən bu sözləri deyir:

Mavi, ipək səma durur

başımın üstə mənim

heç vaxt belə yaşanmayıb

Həqiqi xoşbəxtliyim.

Xoşbəxtlik – sovet hakimiyyəti, qalib gəlmiş inqilab deyil. Xoşbəxtlik – bir insanın qəflətən başının üzərində mavi ipək parçaya bənzər səmanın varlığını hiss etməsi deməkdir. XX əsrin digər böyük şairi Nazim Hikmətin də buna bənzər sətirləri var. Bu sətirlər haradasa eyni hissləri ehtiva edir. Uzun illər çılpaq həbsxana divarları arasında qalan şair eyni divarlarla çərçivələnmiş meydançada gəzintiyə çıxarılarkən qəflətən başını yuxarı qaldıraraq çox uzaq, buludsuz, təmiz, mavi səmanı görür. Məhz bu anda o, heç nə haqqında düşünmək istəmir. Nə döyüşlər, nə inqilablar, həyat yoldaşından uzunmüddətli ayrılıqlar belə həmin anda yada düşmür. Bu zaman o, əsl xoşbəxtliyi duyur. Günəş və səmanın vəhdətində xoşbəxtliyini tapır.

Bu, həqiqi, səmimi poeziyadır. Onu ayaqlamaq mümkün deyil. O, heç nə ilə - ideoloji, partiya çabalarıyla müqayisə oluna bilməz. Ümumiyyətlə, Mayakovski özü bütün bunların fərqini bizdən az bilir, bu dramı az yaşayırdımı? Hər halda, partiya tərəfkeşliyinin ən fırtınalı zamanlarında belə onun həyatının, şəxsi, gizli, pünhan məqamları var idi. Bu qaranlıq məqamların mərkəzində onun təkliyi, yalqızlığı dayanırdı. Elə bir yalqızlıq ki, o, öz fəryadını incə, zərif qadın bədənində gizlətmək istəyir və özünün acı aldanışının astanasında belə deyirdi:

Partiya mənim üçün

Yeganə xəyanət etməyən nəsnədir.

Amma o da xəyanət edir. Axı Mayakovski görməyə bilməzdi ki, təmənnasız inqilab cəngavərləri tezliklə şöhrətin və firavan həyatın dadını hiss edərək bütün varlıqları ilə kef damaqlı ömür sürməyə başlayacaqlar. Çevrə qapanır. Hamı xəyanət edir. Kimə inanasan? Qadınlaramı? Onların biri ilə o, elə gənc yaşlarından iztirablı, müəmmalı münasibətlərlə bağlı idi. Bir başqası, ömrünün son mərhələsində aşiq olduğu qadın Parisdə idi. “Parisi də, səni də zəbt edəcəyəm” -yazırdı. Qəflətən qadın bir başqası ilə ailə qurmaq qərarına gəlir. Üçincüsü isə ailəli idi və ailəsini Mayakovskinin xatirinə dağıtmağı ağlından belə keçirmirdi. Bəs nə qalırdı? Partiya? Yeganə ona xəyanət etməyən obyektmi? Yoxsa şən şeirin sonuncu nəfəsi kimi:

Bax, həyat da keçib gedəcək

Azor adaları tək...

Nə yaxşı ki, o, çəp yağış haqqında sətirlər kimi bu qəmgin etirafı da pozmayıb. Gəlin Mayakovski dramını anlamağa çalışaq. (bəlkə də o, qəzəblə bizim “mərhəmətimizi” rədd edərdi). Onun faciəsinə ehtiramla yanaşaq. Günahlandırmayaq, məzəmmət etməyək, əksinə, daxili sarsıntılarını, yalqızlığını, ağrısını anlamağa, başa düşməyə çalışaq. Səmimi misralarını etiraf kimi qəbul edək:

Mən qəlbimlə

May ayına qədər heç bir vaxt yetişmədim.

Yaşadığım həyatda

Yüzlərlə aprellər var.

Mayakovski 1930-cu ilin 14 aprelində özünü güllələdi. Bu onun ömrünün sonuncu, otuz yeddinci apreli idi. Şair bir daha maya qədər yetişə bilmədi.

Rus dilindən tərcümə etdi: Günel Eyvazlı

AYB.az

# 1326 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #