Azərbaycanın ilk səyahət oçerkinin müəllifi

Azərbaycanın ilk səyahət oçerkinin müəllifi
2 dekabr 2013
# 18:26

Bir səfərin ədəbi və əbədi sədası

İctimai-siyasi, elmi, fəlsəfi, ədəbi-mədəni dəyərləri özündə əks etdirən, yaşadan və nəsildən-nəsilə ötürən publisistika bir yaradıcılıq sahəsi kimi geniş anlayışdır və ideyasına, mövzusuna, məzmununa, məqsədinə, tərzinə, təyinatına, eləcə də dilinə, üslubuna görə çoxşaxəli, çoxplanlıdır. Bədii publisistika bu sırada özünəməxsus yer tutur və yaranma tarixi, kütləviliyi, ictimai rəyə təsir gücü, predmeti, funksiyası, dilinin canlı, obrazlı, ehtiraslı, fikir, hiss, həyəcan və hadisələri ifadə qüdrəti, problemə nüfuz imkanlarının genişliyi, nəhayət, fakta, sənədə münasibəti ilə həm jurnalistikanın digər janrlarından, həm də bellestrikadan fərqlənir.

Qısaca olaraq publisistikanın keçdiyi inkişaf yoluna nəzər salaq, Azərbaycan cəmiyyətinin tarixi inkişaf mərhələlərində publisistikada baş verən forma, məzmun dəyişikliyini izləyək.

Mübariz ruhlu, döyüşkən, qəlbə və beyinlərə hakim kəsilən, müasir anlamda qəbul etdiyimiz publisistikanın rüşeymlərini Xaqani Şirvani, M.Füzuli, Q.Zakir, S.Ə.Şirvani yaradıcılığında, hətta şifahi ədəbi nümunələrdə – dastan, nağıl, aşıq şeiri, ağı və bayatılarda axtaran bir sıra müəlliflərlə mübahisəyə girişmədən, publisistikaya yeni ruh, yeni nəfəs verən, onu cəmiyyətin yüksək tribunasına çevirən M.F.Axundzadə olduğunu qeyd edirik. Məhz bundan sonra, xüsusi ilə Həsən bəy Zərdabi tərəfindən ilk milli mətbu orqan yarandıqdan - «Əkinçi» qəzeti (1875-1877) fəaliyyətə başladıqdan sonra publisistika həm forma, həm də məzmun baxımından yeni keyfiyyətlər əxz etdi, obrazlı desək, mühitin nəbzi onunla vurmağa başladı. Sahənin ilk və fundamental tədqiqatçılarından biri prof.Famil Mehdi özünün «Bədii publisistika» əsərində («Maarif» nəşriyyatı. Bakı, 1982) bu janrın inkişafını şərtləndirən amillər, cəmiyyət həyatında onun yeri, rolu barədə tamamilə haqlı yazır: «Publisistika yalnız gündəlik qəzetlə özünə geniş meydan açar, hadisələrə cavab verər, kütlələrlə onların öz dilində danışa bilərdi. «Əkinçi»nin nəşri Azərbaycan publisistikasının həyatla, zamanın canlı məsələlələri ilə əlaqəsini möhkəmləndirdi, onu kütləviləşdirdi, publisistikaya yeni mövzular verdi, janr və forma cəhətdən xeyli zənginləşdirdi» (səh.52). Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabinin ideya, yaradıcılıq və əqidə, amal estafetini qəbul edən maarifpərvər və demokratik ziyalıların yeni dəstəsi – N.Vəzirov, Əsgərağa Gorani, E.Sultanov, M.Sidqi, F.Köçərli, T.Bayraməlibəyov, S.M.Qənizadə, N.Nərimanov, Ə.Haqverdiyev, R.Əfəndiyev və bu kimi qələm sahibləri dövrün tələbinə və ruhuna uyğun əsərləri ilə inkişafın buxovuna çevrilmiş mövhumatı, cəhaləti, biganəliyi, fanatizmi tənqid edir, eyni zamanda cəmiyyət üzvlərini elmə, təhsilə, mədəniyyətə dəvət edirdilər.

M.Şahtaxtlı, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Haşım bəy Vəzirov kimi istedadlı ziyalılar XX əsrin əvvəllərində buraxılan «Şərqi Rus», «Həyat», «Füyuzat», «İrşad», «Molla Nəsrəddin» və s. kimi qəzet və jurnallarda mətbuat tarixinin ən parlaq səhifələrini yazdılar, publisistikamızın ən gözəl, klassik nümunələrini yaratdılar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) publisistikanın başlıca mövzusu istiqlalın qorunub saxlanılması, milli dövlət quruculuğu, müxtəlif sahələrdə aparılan islahatlar, məkrli erməni-bolşevik birliyinin və erməni vandalizminin ifşası idi.

Azərbaycan publisistikası tarixində sovet dövrü maraqlı, zəngin, ziddiyyətli məqamları ilə xarakterizə olunur. Rejim və ideologiyanın tələbləri, söz, mətbuat azadlığının olmaması, senzuranın qadağaları publisistlərin yaradıcılıq fəaliyyətini məhdudlaşdırmış, əsərlərə forma və məzmun baxımından müəyyən oxşarlıq gətirmişdir. Ümumi mənzərə belə idi. Lakin bütün maneələrə baxmayaraq, sovet dövründə də həm mövzu, həm sənətkarlıq baxımından diqqətçəkən və təqdirəlayiq nümunələr də çoxdur. M.S.Ordubadi, Seyid Hüseyn, İlyas Əfəndiyev, Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rüstəm, Səməd Vurğun, Qulam Məmmədli, Mir Cəlal, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Əbülhəsən, Osman Sarıvəlli, Süleyman Vəliyev, Yusif Şirvan, Əvəz Sadıq, Əbil Yusifovun publisistikası həm məzmun, həm də sənətkarlıq baxımından örnək ola bilər. Səməd Vurğun publisistikanın rolundan bəhs edərkən yazırdı ki, Azərbaycan publisistikası ictimai düşüncəmizin inkişafı tarixində böyük rol oynamışdır (S.Vurğun. Azərbaycan ədəbiyyatı Sovet hakimiyyəti illərində. «Kommunist» qəzeti, 5 noyabr 1942).

Biz Azərbaycan publisistikasının yaranması və inkişaf yoluna qısaca nəzər saldıq. Bu irs zəngin olduğu qədər də aktual və əhəmiyyətlidir. Təəssüf ki, bir yaradıcılıq sahəsi kimi publisistika, onun tarixi, inkişaf mərhələləri və meylləri, toxunduğu problemlər, sənətkarlıq məsələləri əsaslı şəkildə hələ də araşdırılmamışdır. Ayrı-ayrı publisistlərin irsinə xüsusi tədqiqatların həsr edildiyini, Azərbaycan elmi-nəzəri fikrində publisistikanın bir çox aspektlərinin, xüsusi ilə bədii publisistikanın nəzəri əsaslarının fundamental şəkildə fil.e.d.prof.Famil Mehdi tərəfindən araşdırıldığını vurğulayan istedadlı, tanınmış tədqiqatçı-publisist, f.e.n. dosent Cahangir Məmmədli haqlı olaraq yazır: «Bütün bunlarla belə, publisistika – intellektual yaradıcılığın mürəkkəb bir sahəsi hələ daha dərindən və hərtərəfli tədqiqat tələb edir» (Cahangir Məmmədli. Jurnalistikaya giriş. Bakı Universitetinin nəşriyyatı, Bakı, 2001). Doğrudan da, publisistikanın, xüsusi ilə onun elmi-nəzəri əsaslarının müasir tələblər baxımından işlənməsi, eləcə də Azərbaycan mətbuat tarixində silinməz iz buraxmış görkəmli publisistlərin irsinin tədqiqi son dərəcə vacibdir.

Bu mənada Azərbaycan realist-maarifçi nəsrinin banisi, Azərbaycanın ilk generalı, ilk general yazıçı-publisisti, Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin ilk həqiqi üzvü Hacı İsmayıl bəy Qutqaşınlının (1809-1861) birinci Məkkə səfərindən sonra qələmə aldığı «Səfərnamə» adlı səyahət oçerkinin araşdırılması, dəyərləndirilməsi zəruridir və müstəsna əhəmiyyət kəsb edir. Ən əvvəl, bədii publisistikanın səyahət oçerki janrının ilk və klassik nümunəsi «Səfərnamə»nin taleyi və tədqiqi tarixi haqqında danışaq. Görkəmli alim, filologiya elmləri doktoru, prof.Cahangir Qəhrəmanov 1980-ci illərin ikinci yarısında nəşri nəzərdə tutulan İ.Qutqaşınlının «Əsərləri» üçün qələmə aldığı «Ön söz»də yazırdı: «Öz zamanında adı dillərdə dolaşan, sözləri ağızdan-ağıza gəzən İsmayıl bəyin cismani ölümü onun yazılı irsinin də ölümünə çevrildi. Əsərlərinin çapına çalışmayan bu yazıçıdan, şairdən uzun illər boyu bir kimsə danışmadı, bir kimsə onu anmadı… Nəhayət, Salman Mümtaz adlı bir Simurq quşu uçub gəldi, ədəbiyyatımızın saysız-hesabsız nəhənglərini zülmət dünyadan işıqlı dünyaya çıxardı. Adı artıq hamının yadından çıxmış o azmanlardan biri yenə bu gün haqqında qürurla danışdığımız general-mayor, Avropada ədəbiyyatımızın ilk təmsilçisi olan həmin İ.B.Qutqaşınlıdır».

Azərbaycan əlyazma irsinin fədaisi prof.C.Qəhrəmanovun bu sətirləri yazarkən hansı hissləri keçirdiyini, nə qədər həyəcanlandığını, sevincdən qəlbinin necə çırpındığını təsəvvür etmək çətin deyil. Amma… Bu məqalə qələmə alınan tarixin üstündən düz 16 il sonra fədakar və istedadlı tədqiqatçı, fil.e.n. dosent, Qutqaşınlı irsinin qaranlıq dünyasına növbəti dəfə baş vuran üçüncü Simurq – Salman Mümtaz və Əziz Mirəhmədov işinin layiqli davamçısı – Ədalət Tahirzadə yazacaq: «İndiki Əlyazmalar İnstitutunun direktoru, görkəmli alim və vətənpərvər insan, professor Cahangir Qəhrəmanov (10.2.1927-26.6.1995) «Səfərnamə»ni nəşrə hazırlamağı, onun sözlüyünü, adlar göstəricisini və b. yaratmağı 1980-in başlanğıcında bizə tövsiyə etdi. Deyilənləri və yazıçının geniş tərcümeyi-halını hazırladıq. Cahangir müəllim bizə yardımçı olaraq bunların hamısını, eləcə də «Rəşid bəy və Səadət xanım» hekayəsini (bu əsərin də kitabda verilməsini arzulayırdı) makinada çap etdirdi. Kitabçün «Ön söz» də yazdı. Ancaq bir neçə nəşriyyat direktoruna ağız açsa da, kitabı nəşr planına saldıra bilmədi (birinci makina nüsxəsi hansı nəşriyyatdasa itdi). Öncə dissertasiyamızla bağlı çalışmalar, sonra «Elm» və «Azadlıq» qəzetlərində, daha sonrasa təhsil sahəsindəki gərgin iş bu kitabın nəşrini bizə unutdurdu.

Qutqaşınlı əsərlərinin nəşrinə bir də yalnız 1994-də vaxt tapdıq. Yazıçının əsərlərinin sanballı bir nəşrini ortaya qoymaq istədiyimizdən, kitabın makina nüsxəsini İsmayıl bəyin ən yaxşı araşdırıcılarından, ədəbiyyatşünaslığımızın azmanlarından sayılan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əziz Mirəhmədova təqdim etdik».

Nəhayət, Ə.Tahirzadənin səyi sayəsində İsmayıl bəy Qutqaşınlının «Əsərləri» 2003-cü ildə «Kür» nəşriyyatı tərəfindən kiçik tirajla olsa da, nəşr edildi. Burada İsmayıl bəy Qutqaşınlının Salman Mümtazın təbirincə desək, «bizim ilk və birinci olaraq Avropa təsirində yazılmış hekayəmiz «Rəşid bəy və Səadət xanım» hekayəsi, publisistikamızda ilk və klassik səyahət oçerki «Səfərnamə», prof.C.Qəhrəmanovun yuxarıda sitat gətirdiyimiz «Ön söz»ü, Salman Mümtazın ədibin irsi ilə bağlı müxtəlif vaxtlarda dərc etdirdiyi məqalələri, kitabın tərtibçisi Ədalət Tahirzadənin «Hacı İsmayıl bəy Qutqaşınlıdan bilmədiklərimiz» adlı yazısı, ona məxsus şəxs, yer adlarının izahı, «Səfərnamə»nin sözlüyü, digər tarixi sənədlər, materiallar, qaynaqlar toplanılmış, H.İ.B.Qutqaşınlıdan yazan əsas müəlliflərin – Salman Mümtaz, Əziz Mirəhmədov, C.Qəhrəmanov, Nərmin Tahirzadə, Xalid Əlimirzəyev və Ədalət Tahirzadənin fotoları verilmişdir.

İstedadlı tədqiqatçı Ə.Tahirzadə «Hacı İsmayıl bəy Qutqaşınlıdan bilmədiklərimiz» adlı məqaləsində qeyd edir ki, onun adını eşidəndə, haqqında oxuyanda, yazanda ürəyimiz göynəyir, içimiz sızıldayır. Müəlliflə razılaşmamaq olmur. Ötən əsrin 30-cu illərində milli-mənəvi sərvətimizin düşmənləri müxtəlif adlar altında ədəbi irsimizə də qənim kəsilib: əlyazmalar «təndirlərdə yandırılıb», «araba-araba kitablar çaylara axıdılıb», «şəkillər tikə-tikə edilib», «yurd-yuvası özülündən dağıdılıb». Cəfər Cabbarlını intihara sürükləyənlər, Cəlil Məmmədquluzadəni öz əlyazmaları ilə «isidənlər», Əhməd Cavadı, Mikayıl Müşfiqi, Hacı Kərim Sanılını, Salman Mümtazı, Vəli Xuluflunu, Qantəmiri (Qafur Əfəndiyev), Hüseyn Cavidi, Müznibi (Əlabbas Əhmədov), Əli Nazimi, Seyid Hüseyni, Hənəfi Zeynallını, Məmməd Kazım Ələkbərlini, Yusif Vəzirovu (Çəmənzəminli), Tağı Şahbazini (Simurq), Sultan Məcid Əfəndiyevi, Əmin Abidi (Gültəkin), Ömər Faiq Nemanzadəni… daha onlarca digər qələm və kəlam sahiblərini güllələnməyə, edama, sürgünə yollayanlar əlbəttə ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti qarşısında misilsiz xidmətlər göstərmiş İsmayıl bəy Qutqaşınlının da irsinin məhv edilməsində maraqlı olublar… və yeri gəlmişkən, bir sıra tədqiqatçılar İ.Qutqaşınlı irsinin də 1937-ci ildə yoxa çıxdığını, məhv edildiyini iddia edirlər.

Bu gün qutqaşınşünaslığın qarşısında duran aşağıdakı vəzifələrin həyata keçirilməsi məqsədəmüvafiqdir:

- həm Azərbaycan, həm də xarici ölkə tədqiqatçılarının qənaətinə görə, İsmayıl bəy Qutqaşınlının ədəbi irsi əlimizdə olan əsərlərlə məhdudlanmır, odur ki, bu istiqamətdə ciddi, planlı qaydada axtarışların davam etdirilməsi;

- tərcüməçi Səlimbəy Behbudovun əməyinə və əvəzsiz xidmətinə kölgə salmadan Azərbaycan realist-maarifçi nəsrin ilk nümunəsi «Rəşid bəy və Səadət xanım» əsərinin tərcüməsinin keyfiyyətinin mütəxəssis qrupu tərəfindən dəyərləndirilməsi, ehtiyac olduğu təqdirdə üzərində işlənilməsi, yaxud yenidən tərcümə edilməsi;

- orta və ali məktəb dərsliklərində İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığının öyrənilməsinə daha geniş yer ayrılması;

- jurnalistikanın nəzəriyyəsi ilə bağlı dərslik və vəsaitlərdə publisistikanın səyahət oçerkinin ilk nümunəsinin – «Səfərnamə»nin bir janr kimi dil, üslub, sənətkarlıq keyfiyyətlərinin geniş tədrisinin təmin olunması;

- Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, yaxud AMEA-nın Əlyazmalar İnstitutunda İ.Qutqaşınlı irsinə, onunla bağlı materiallara dair ayrıca fondun yaradılması;

- Moskva, Sankt-Peterburq, Varşava, Tiflis və digər şəhərlərdəki arxiv və kitabxanalardan İ.Qutqaşınlının həyat və yaradıcılığına dair materialların surətinin toplanılması;

- İ.Qutqaşınlının həyatı və yaradıcılığı ilə bağlı qeyri-dəqiq, əsası olmayan məlumatların ədəbi dövriyyədən çıxarılması, bu cür halların təkrarına yol verilməməsinin qarşısının alınması; (Məs.: Əbdül Hüseynovun «Azerbaydjantsı v istorii Rossiyi» adlı əsərində (Moskva, 2006, «Overley» nəşriyyatı) İsmayıl bəy Qutqaşınlıya həsr edilmiş məqalədə «Səfərnamə»nin 1867-ci ildə kitab şəklində nəşr edildiyi, İ.Qutqaşınlının Şamaxıda orta təhsil aldığı, 1871-ci ildə Şamaxıda vəfat etdiyi qeyd olunur, yaxud «Rəşid bəy və Səadət xanım» hekayəsinin bir sıra tragik Şərq əfsanələrinin – «Leyli və Məcnun», «Əsli və Kərəm»in təsiri ilə yazıldığına dair mülahizələr irəli sürülür. Bu cür mühakimələr İ.Qutqaşınlı şəxsiyyəti və irsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirməkdənsə, məsələni daha da mürəkkəbləşdirir);

- Coğrafiya və Kənd Təsərrüfatı sahəsində İ.Qutqaşınlının xidmətlərini əks etdirən materialların hazırlanması, nəşri;

- Q.Zakirin həbsdən azad olunması, ədibin Şamaxıdakı məmurluq və xeyriyyəçilik fəaliyyətinin araşdırılması;

- İ.Qutqaşınlının xatirəsinin əbədiləşdirilməsi, onun vaxtaşırı anılması üçün elmi sessiyaların, mədəni-kütləvi tədbirlərin keçirilməsi;

- «Rəşid bəy və Səadət xanım» hekayəsinin ekranlaşdırılması;

- hərb sahəsindəki xidmətlərinə görə onun təltif olunması ilə bağlı sənədlərin surətlərinin çıxarılması, adını daşıyan muzeydə «Azərbaycanın ilk generalı» guşəsinin yaradılması;

- İsmayıl bəy Qutqaşınlının fotosunun arxivlərdən, kitabxanalardan, şəxsi kolleksiyalardan tapılması;

- «Rəşid bəy və Səadət xanım» hekayəsinin ideya-bədii məzmunu, sənətkarlıq xüsusiyyətləri haqqında demək olar ki, bütün müəlliflər əsərin bu məziyyətlərini çox yüksək və layiqincə dəyərləndirirlər. Bununla belə, Salman Mümtazın bu fikrinin – «Rəşid bəy və Səadət xanım»ın «Avropa üsul və təsirində ilk hekayə yazan ədibimiz İsmayıl bəy, … ilk hekayəmiz də «Rəşid bəy Səadət xanım» adlı hekayəsidir» - qənaətinin ədəbi mühitdə birmənalı qəbul edilməsi;

- Podporuçikdən general rütbəsinədək yüksələn İ.Qutqaşınlının hərbi fəaliyyətinin ayrıca tədqiq olunması; (Mövzu ilə bağlı Rusiya arxivlərində (Rusiya Dövlət Hərbi-Tarix Arxivi (RQVİA), Rusiya Dövlət Tarix Arxivi (RQİA)) kifayət qədər material var).

Digər bir sıra problemlər də var ki, onlar da öz həllini tapmalıdır. Məs.: İ.Qutqaşınlının təvəllüdü və vəfatı tarixi müxtəlif mənbələrdə fərqli verilir. Maraqlıdır ki, bu zaman bəzən eyni məxəzə istinad edilir. Ə.Mirəhmədov yazır: «…qəbrinin kitabəsində təvəllüd və ölüm tarixi bu cürdür: hicri 1220-1287, səfər ayı, yəni miladi tarixlə: 1806-1869, avqust. Ə.Tahirzadə də İ.Qutqaşınlının qəbrinin başdaşındakı epitafiyaya istinad edir və yazır ki, yazıçı 1223-cü ilin Qurban bayramında, yəni 10 zilhiccədə – miladi tarixlə 27 yanvar 1809-cu ildə doğulub». «Kratkaya literaturnaya ensiklopediya»da (Moskva, 1966) İ.Qutqaşınlının təvəllüd tarixi 1801-ci il göstərilmişdir (III cild, səh.929-930).

İ.Qutqaşınlının vəfat etdiyi yer bəzi mənbələrdə Şamaxı, digərlərində Ağdaş göstərilir. Ədibin vəfatı tarixi ilə bağlı fərqli fikirlərə də (1861, 1869, 1871 və s.) bir aydınlıq gətirilməlidir.

İ.Qutqaşınlının təhsili, rus, polşa, türk, fars, ərəb dillərinə necə və harada yiyələnməsi barədə də fikirlər sənədlərdən daha çox ehtimallara əsaslanır. Bəzi müəlliflər onun Moskvada da yaşadığını yazır. Amma neçənci ildə, hansı müddətdə o Moskvada yaşayıb? Moskvada yaşayarkən nə işlə məşğul olub? Bu suallar da cavab gözləyir.

İ.Qutqaşınlının tərcümeyi-halının bəzi məqamları «sovet nağılı» formasında təqdim olunur: Günlər gəlib keçir, illər dolanır, İsmayıl böyüyür, ancaq o fərsiz çıxır, aciz və panpaq olur. Hacı Nəsrulla beş oğlundan birini Sankt-Peterburqa girov kimi göndərməli idi. Bu zaman o özünün böyük və görkəmli oğullarını dürlü-dürlü bəhanələrlə evdə saxlayır, kiçik yaşlı İsmayıldan çar-naçar əl çəkməyə məcbur olur. Əlbəttə, tərcümeyi-halın bu şəkildə təqdimi, başqa sözlə Hacı İsmayıl bəy Qutqaşınlının «proletarlaşdırılması» yazıçının onsuz da «dumanlı» bioqrafiyasına bir qədər də tutqunluq gətirir. Görünür, bəy, sultan şəxsiyyətini, ailəsini, onların həyat və düşüncə tərzini tənqid, ifşa etmək, «ağaları» gözdən salmaq üçün İsmayıl bəyin tərcümeyi-halına da sinfi münasibət bəslənilmiş və ona da ideoloji don geyindirilmişdir.

Bu təsvir «açıq fikirli, uzaqgörən, tərəqqipərvər Sultan Nəsrullanın» şəxsiyyətinə (Hidayət Əfəndiyev. İsmayıl bəy Qutqaşınlının nəşri. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı, 1963) kölgə salmaqla, onun İsmayıldan başqa digər övladlarının haqqında «harın bəy uşaqları» təəssüratı yaratmaqla yanaşı, Peterburqdan gələn nümayəndə maymaq, gicbəsər yerinə qoyulur. Digər tərəfdənsə, təbii sual çıxır: 10-12 yaşlı, zəif və xəstə İsmayıl kadet məktəbinə necə daxil olur, 13-15 yaşında onu hərbi qulluğa necə qəbul edirlər?!

İ.Qutqaşınlının həcc ziyarəti bir tərəfdən Allah və bəndə qarşısındakı günahlarını yumaq kimi yozulur, digər tərəfdən və eyni zamanda onu – İsmayıl bəyi bu günahları törətməyə vadar edən çar – dövlət tərəfindən hərbi kəşfiyyat xarakterli məlumat toplamaq barədə tapşırıq verildiyi də ehtimal edilir. Əlbəttə, «Qutqaşın tərlanı»nın, «Şəki şahbazı»nın (Qasımbəy Zakir), «dərin düşüncəsi və sədaqəti» (Qafqazın baş hakimi baron Rozen) ilə ad-san çıxaran, gecə-gündüz at belində Peterburq, Varşava, Dağıstan, Urmiya, Tiflis, Çeçenistan, İrəvan, Gəncə kimi şəhərləri «su yoluna döndərən», Rusiya-İran, Rusiya-Türkiyə müharibələrində cəbhədən- cəbhəyə atılan İsmayıl bəyin səhhəti, boyu, fiziki naqisliyi haqda danışmaq yersizdir.

İ.Qutqaşınlının yaradıcılığı ilə bağlı irəli sürülən bir sıra fikirlər də suallar doğurur. Qutqaşınşünasların hamısı bu fikirdədir ki, onun bədii irsi iki əsərlə bitmir və Qutqaşınlıya dair monoqrafiyalar yox dərəcəsindədir. Digər tərəfdən tanınmış tədqiqatçı Ə.Tahirzadənin «Səfərnamə»nin əldə etdiyi yeni parça ilə başlayan tədqiqatı yazıçının öyrənilməsinin son mərhələsi adlandırılır.

İsmayıl bəy Qutqaşınlının «Səfərnamə»sinin qaralamadan Əli Mücrüm Tağızadə tərəfindən köçürməsi ilə bağlı mülahizələr də inandırıcı görünmür. Ə.Mücrüm Azərbaycan ədəbiyyatı muzeyinə satdığı 20 vərəqdən ibarət «Səfərnamə»nin əlyazmasının birinci səhifəsinə öz xətti ilə yazmışdır: «Əldə etmiş Əli Mücrüm Tağızadə…». Əlbəttə, İ.Qutqaşınlının kirillə qələmə aldığı «Səfərnamə»nin planındakı xətlə ərəb əlifbası ilə yazılmış mətni müqayisə edib bu qənaətə gəlmək fikrimizcə, yuxarıdakı mühakimə üçün əsas ola bilməz.

«Rəşid bəy və Səadət xanım» hekayəsindən bir parçaya diqqət yetirin: «Ey, mənim əziz və mehriban dostum, Siz ki, başıma bu balaca Asiya hekayəsini yazmaq fikrini saldınız, Siz ki, bu qədər lütfkarlıqla mənim sərf-nəhv xətalarımı düzəldirsiniz, şübhəsiz, məndən soruşacaqsınız: «Niyə bu qədər müddətdə Rəşid bəydən bir xəbər verməyib yalnız Səadətdən danışarsan?». Bu cümlələr çoxlu mühakimələr, suallar doğurur. Ən əvvəl, bu parça qəti şəkildə təsdiq edir ki, «Rəşid bəy və Səadət xanım» hekayəsi müəllifin ilk qələm təcrubəsi deyil. Heç şübhəsiz ki, o artıq yazıçı kimi tanındığından, qələm sahibi kimi səsi-sorağı yayıldığından, kimsə ona bu mövzuda yazmağı təklif edir. Amma kim? Bu birmənalı şəkildə hörmətli Ədalət müəllimin söylədiyi kimi M.F.Axundzadə deyil. Çünki Salman Mümtaz haqlı olaraq, həmin hekayə yazıldığı vaxt 22-23 yaşlı M.F.Axundzadənin Gəncədə «mollalığa hazırlandığını» yazır.

Bu şəxsin kimliyini bilmək üçün, həm də ona aydınlıq gətirmək vacibdir ki, İ.Qutqaşınlı hekayəni Azərbaycan, rus, yoxsa fransız dilində qələmə almışdır. Böyük ehtimalla bu əsər fransız dilində yazılmışdır. Nəzərə alsaq ki, fransız dili həmin dövrdə Rusiyada yüksək təbəqədə çox populyar və hakim, elitar dil sayılırdı, eyni zamanda XIX əsrin əvvəllərində yaşayıb-yaratmış şöhrətli rus publisistlərinin böyük əksəriyyəti, ya tanınmış hərbçi ailəsindən çıxmışdı, ya da hərbçi idi, onlar isə Qafqaz həyatı ilə yaxından maraqlanırdılar. Həmin dövrdə Baş Ştabın zabitlərindən heç kim Polşaya getmək istəmirdi, ona görə istefaya çıxanlar da çoxluq təşkil edirdi (ətraflı bax: Feliks Kuznetsov. Publisistı 1860-x qodov. Moskva, «Molodaya qvardiya», 1981). İsmayıl bəyin cəsarətli addımı ona böyük nüfuz, hörmət qazandırmışdı. Odur ki, yaradıcılıqla məşğul olan və bu diyarın insanları, onların məişət və həyat tərzi ilə yaxından maraqlanan, Qafqazda xidmət edən rus publisistlərinin də bu ideyanı İ.Qutqaşınlıya verməsi ehtimal oluna bilər.

Səyahətnamələrin rus ədəbi mühitində çox populyar olduğu bir dövrdə İ.Qutqaşınlının da forma, üslub baxımından həmin əsərlərə oxşar «Səfərnamə»ni qələmə alması ədibin rus publisistlərindən təsirləndiyinə dəlalət edir. Təsadüfi deyil ki, prof. Əziz Mirəhmədov da araşdırmalarında bu cəhəti xüsusi vurğulamışdır: «Qutqaşınlının bu əsəri keçən əsrin (XIX əsrin – T.A.) 20-30-cu illərindən başlayaraq Rusiyanın müxtəlif mətbuat orqanlarında və elmi-bədii məcmuələrində tez-tez çap olunan «yol qeydlərini», habelə Yaxın və Orta Şərqdə dəbdə olan səfərnamə və ziyarətnamələri xatırladır». (Ə.Mirəhmədov. Qəribə tale. İ.Qutqaşınlı. Əsərləri, Bakı, 1967, səh.22).

XIX əsrin II yarısında öz inkişafının ən yüksək mərhələsinə qədəm qoyan rus publisistikası çöldən sərhədlərini genişləndirən, içdən çürüyən «Avropa jandarmı»nın – Rusiya imperiyasının bütün problemlərini, təhkimçilik köləliyinin və mütləqiyyət zülmünün törətdiyi fəsadları, dərd-sərini, yükünü öz çiynində çəkmişdir. Bu missiyanı heç bir bellestrika nümunəsi şübhəsiz ki, daşıya bilməzdi. Çar üsul-idarəsini, onunla bağlı cəmiyyətdə mövcud olan bütün eybəcərlikləri darmadağın edən, ictimai, inqilabi-demokratik fikri formalaşdıran, ədəbiyyatı istiqamətləndirən, publikanın zövqünü tərbiyələndirən tərəqqipərvər qüvvələri səfərbər edən rus publisistikasının ən parlaq nümunələri oxucuların hər yeni nömrəsini həyəcanla, həsrətlə, səbirsizliklə gözlədikləri «Kolokol», «Sovremennik», «Russkoe slovo», «Dela» kimi jurnallarda dərc edilmişdir. Fikrimcə, özü barədə «Mən bu dünyada döyüşçüyəm» yazan V.Q.Belinski bir neçə sözlə bu dövr mətbuatını çox sərrast xarakterizə etmişdir: «Jurnalistika bizim dövrdə hər şeydir. Jurnal tribunadır» (Feliks Kuznetsov. Publisist 1860-x qodov. Jizn zameçatelnıx lyudey. Moskva. «Molodaya qvardiya, 1981, 336 səh.). Rus ədəbiyyatının «cəmi 107 il» mövcud olduğu (Belinski rus ədəbiyyatının başlanğıcını Lomonosovun 1739-cu ildə yazdığı «Xotinin fəthinə dair» odası hesab edirdi) bir dövrdə rus söz sənətinin böyüklüyü, gücü və qüdrətinə inanan Belinski - «əzəmətli bir qladiator» - Gertsen onu belə adlandırırdı – yazırdı: «Rusiyanı 1940-cı ildə görə biləcək nəvələrimizə və nəticələrimizə qibtə edirik, - o zaman Rusiya mədəni dünyanın başında duracaq, elmin də, sənətin də qanunlarını verəcək, bütün mədəni bəşəriyyətin dərin hörmətini qazanmış olacaqdır». (V.Q.Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı. Bakı, 1954, 369 səh.).

XIX əsrdə rus jurnalistikasının, o cümlədən publisistikasının yarandığı qısa vaxt ərzində imperiyanın tarixində oynadığı rolu dəyərləndirmək üçün bir neçə fakta diqqət yetirmək kifayətdir. XVIII əsrdən XIX əsrin əvvəlinədək rus jurnalistikasının təşəkkül tapdığı dövrdür. Həmin vaxt ərzində çox az tirajla bir neçə mətbu orqan (ilk qəzet 17 dekabr 1702-ci ildə, «Vedomosti», 1751-ci ildə ilk jurnal «Yejemesyaçnıye soçineniya, k polze i uveseleniyu slujaşiye» adı ilə nəşr edilir. Bundan əlavə, M.M.Xeraskovun, D.İ.Fonvizinin, prof.İ.Q.Reyxelin, H.İ.Novikovun, E.K.Daşkovun, İ.A.Krılovun, A.İ.Kluşinin və H.M.Karamzinin iştirakı, redaktorluğu, naşirliyi ilə bir neçə qəzet və jurnal buraxılmışdır) nəşr edilsə də, XIX əsrin əvvəlləri rus jurnalistikasında bir sıçrayış baş verdi. Əlbəttə, bu təzahüratı labüd edən dövrün ictimai-siyasi hadisələri, təbəddülatları, müharibələri, maarifçi rus ziyalılarının cəmiyyətdə daha fəal mövqe tutmasına təkan verirdi. XIX əsrin ilk onilliyində artıq 77 dövri nəşr fəaliyyət göstərirdi. V.V.Voroşilovun təbirincə desək, XIX əsrin ikinci yarısı rus jurnalistikasının tam formalaşması dövrü idi. Bu vaxt artıq «Russkaya mısl», «Vestnik Yevropı», «Russkoe boqatstvo», «Russkiy vestnik», «Mir bojiy», «Jizn», «Naçalo», «Niva», «Rodina», «Vokruq sveta», «Polyarnaya zvezda», «Kolokol», «Teleskop», «Nedelya» və s. kimi nüfuzlu qəzet və jurnallar buraxılırdı. C.H.Qlink, N.İ.Qreç, A.A.Bestujev, V.K.Kjulxelbeker, F.A.Bulqarin, A.İ.Gertsen, N.P.Oqaryev, N.L.Dobrolyubov, N.Q.Çernışevski, D.İ.Pisarev, V.Q.Belinski, İ.D.Sıtın, A.S.Suvorin kimi naşir, redaktor və publisistlər ən müxtəlif mövzuların rus mətbuatında işıqlandırılmasını təmin edirdilər (ətraflı bax: V.V.Voroşilov. Jurnalistika. Sankt-Peterburq, 2004).

Rus jurnalistikası, o cümlədən publisistikasının yaranması və inkişaf tarixinə qısaca nəzər salmağımız təsadüfi deyil. Qaynayan, çalxalanan, ideya və cərəyanların coşduğu, toqquşduğu bir məkana, mühitə daxil olan hər kəs şübhəsiz ki, proseslərin passiv müşahidəçisi kimi qala bilməzdi, onun həyatında olduğu kimi, düşüncə tərzində də ciddi dəyişikliklərin baş verməsi labüd idi. Belə bir dövrdə narahat Rusiyanın qəlbi – Sankt-Peterburq gənc İsmayıl bəy Qutqaşınlını öz qoynuna aldı və bu mühit onun taleyinə əbədi möhürünü vurdu. Feodal münasibətlərinin hakim olduğu Qəbələdən böyük ədəbi, ictimai-siyasi, tarixi hadisələrin astanasında (XVIII əsrin sonu XIX əsrin əvvəlləri) dayanan Rusiya həyatı Qutqaşınlının maarifçi, realist yazıçı-publisist, xeyriyyəçi kimi formalaşmasında həlledici faktor olmuşdur. İstər «Rəşid bəy və Səadət xanım», istərsə «Səfərnamə» ruhu, məzmunu, mövzusu baxımından Şərq məhsuludursa, ideya istiqaməti, üslubu, quruluşu, forması, problemə yanaşma tərzi rus və Qərb təmayüllüdür.

İ.Qutqaşınlının hələ «Səfərnamə»ni qələmə almadan əvvəl müxtəlif mövzularda yazdığı məktubları onun istedadlı publisist, dərin müşahidə və məntiq sahibi olduğuna dəlalət edir. Varşavada hərbi qulluqda ikən Peterburqa – general-mayor Aleksey İllarionoviç Filosofova 1875-ci il 21 mart tarixli, Gürcüstan, Qafqaz və Zaqafqaziya diyarlarının rəhbəri general baron Qriqori Vladimiroviç Rozenə 1837-ci il 14 mart tarixli, Qafqaz canişini, Novorossiysk və Bessarabiya general-qubernatoru knyaz Mixail Semyonoviç Vorontsova 1852-ci il 19 mart tarixli məktublarının üslubu rəsmi üslubdan xeyli fərqlidir. İ.B.Qutqaşınlı general A.İ.Filosofova yazır:

«Möhtərəm cənab Aleksey İllarionoviç!

Peterburqdan bura gələn tanışlarımın söhbətlərindən qəlbən çox məmnun olaraq bildim ki, Sizin mənə xoş münasibətiniz hələ də xatirinizdədir. Bu, mənim xoşbəxt ulduz altında doğulmağılamı bağlıdır, yoxsa Araz sahillərinə, Ararata, Culfa xarabalıqlarına, Təbrizə, Urmiya gölü sahilinə və başqa yerlərə səfərlərinizdə Sizinlə yol yoldaşı olduğum o gözəl və parlaq dövr haqqında xatirələrinizləmi – deyə bilmərəm. Bəlkə də Siz saqqallı iranlıları, Xaldeyli atanı, Madame La Marinieri, Məlik Qasım Mirzənin hərəmxanasını və nəhayət, Xoyda birlikdə keçirdiyimiz günləri xatırlayanda həmin adamların arasında hərdənbir mənim surətim də təsəvvürünüzə gəlir, lakin necə olursa olsun, hər halda bu həssaslığınıza görə, məni andığınıza görə Sizə minnətdarlığımı bildirirəm.

Bununla bərabər, Sizin mənə və mənim Asiyadan Peterburqa gələn həmyerlilərimə (xüsusən Abbasqulu Ağaya) dostcasına münasibətiniz və himayədarlığınız mənə cəsarət verir ki, bir xahişimlə sizi narahat edim».

O, məktubu belə bitirir: «Siz sussanız, mən çox nigaran qalacam; fikirləşəcəm ki, Siz mənim bu məktubumu, qarşısına çıxan hər kəsi yalvarış və rica məktubları ilə narahat edən bir adamın məktubu kimi qəbul etmisiniz və mən Sizin nəzərinizdə belə görünmək istəməzdim». Yazılanlar rəsmi məktubdan daha çox, əgər belə demək mümkünsə, bədii müraciətə bənzəyir.

Əlbəttə, İ.Qutqaşınlının həyatı və irsi ilə bağlı problemlər, mövzular çoxdur və onu bir məqaləyə yerləşdirmək mümkün deyil: ailəsi, Peterburqa aparılması, təhsili, müharibələrdə iştirakı, Polşa həyatı, Şamaxıdakı fəaliyyəti,.. «Rəşid bəy və Səadət xanım» əsərinin ədəbiyyatda yeri… və s. mövzular həm böyük maraq doğurur, həm də aktualdır. Bu dəfə isə biz publisistikamızın səyahət oçerki janrının ilk və klassik nümunəsi «Səfərnamə» barədə söhbət açacağıq.

Haqlı olaraq, bir sıra müəlliflər tədqiqatçıların, xüsusi ilə AMEA-nın müxbir üzvü prof.Əziz Mirəhmədovun «Səfərnamə»nin ideyası, dili, üslubu, əhəmiyyəti haqqında geniş bəhs etdiyini, dəyərli fikirlər söylədiklərini yazırlar. Doğrudan da, akademik Fuad Qasımzadənin 1960-cı ildə qələmə aldığı «İsmayıl bəy Qutqaşınlı (1806-1861)» adlı məqalədən (XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1966) aydın olur ki, həmin vaxta kimi «Səfərnamə» haqqında ədəbi aləmdə heç bir məlumat olmamışdır. Müəllif yazır: «İsmayıl bəy Qutqaşınlının həyat və fəaliyyəti ancaq Sovet hakimiyyəti dövründə tədqiq edilmişdir. İnqilaba qədər onun şəxsiyyəti və yaradıcılığından yeganə yadigar qalan «Rəşid bəy və Səadət xanım» hekayəsi haqqında heç bir məlumat yox idi» (səh.168). Bir il sonra 1967-ci ildə isə görkəmli alim, prof.Ə.Mirəhmədov İsmayıl bəy Qutqaşınlının «Əsərləri»ni özünün «Qəribə tale» adlı çox sanballı, irihəcmli məqaləsi və «Qeydlər»i ilə birlikdə nəşr etdirir.

Ədəbi mühitdə hadisəyə çevrilən bu nəşrdən 20 il keçdikdən sonra – 1987-ci ildə İ.Qutqaşınlının əsərlərinin yeni tərtibatda çapı fikri yaranır və yuxarıda bəhs etdiyimiz kimi baş tutmur. Bu arada iki istiqamətdə – İ.Qutqaşınlının yeni əsərlərinin axtarılması və mövcud irsinin araşdırılması istiqamətində müəyyən işlər görülür. Qeyd etdiyimiz kimi, birinci istiqamətdə fəal, faydalı və məhsuldar fəaliyyəti ilə f.e.n.Ə.Tahirzadə fərqlənir, «Səfərnamə»nin yeni parçalarını tapır. İ.Qutqaşınlıdan bəhs edən, onun irsini təhlil edən və dəyərləndirən müəlliflərin sırasına yeniləri əlavə edilir. Salman Mümtazdan sonra Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Yaşar Qarayev, Hidayət Əfəndiyev, Əziz Mirəhmədov, Cahangir Qəhrəmanov, Famil Mehdi, Ənvər Əhmədov, Nadir Məmmədov, Nərmin Talıbzadə, Kərəm Kərəmov, Ədalət Tahirzadə, Xalid Əlimirzəyev, Nurəddin Kərəmov, Rauf Kərimov, Eldar İsmayılov, Əbdül Hüseynov və bir çox digər tədqiqatçıların, eləcə də Polşa alimləri Bohdan Baranovski və Ancey Xodubskinin səyi sayəsində prof.Ə.Mirəhmədovun təbirincə desək, «başdan ayağa duman bürünmüş», «çox müəmmalı» taleyi olan İ.Qutqaşınlı həyatı və irsinin üzərinə xeyli işıq salınmışdır. «Səfərnamə» Azərbaycan publisistika tarixində yalnız səyahət oçerki janrının bünövrəsi kimi yox, həm də elmi-ədəbi sanbalına görə xüsusi çəkiyə, əhəmiyyətə malikdir.

İ.Qutqaşınlının Məkkəyə ziyarəti ilə bağlı təmiz, aydın Azərbaycan dilində qələmə aldığı əsər şərti olaraq «Səfərnamə» adlandırılmışdır. Doğrudur, bəzi müəlliflər əsəri «Yol qeydləri» kimi təqdim və təhlil edirlər. Əsəri «tarixi, mədəni-ictimai fikrimizin abidəsi» kimi qiymətləndirən görkəmli alim, prof.Yaşar Qarayev yazır: «İ.Qutqaşınlının «Yol qeydləri» bu janrda Avropa və Şərq «səyahətnamələri»nin ruhunda və məcrasında yazılıb. Doğma ana dilində, müasir, peşəkar elmi, ədəbi, nəzəri üslubda qələmə alınmış bu əsər XIX əsrin ortalarında elmi-publisist nəsr üslubunun ilk qiymətli, əvəzsiz abidəsidir». (Yaşar Qarayev. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər (iki min ili tamamlayan iki yüz il – XIX və XX yüzillər), Bakı, «Elm», 2002).

İ.Qutqaşınlı «Rəşid bəy və Səadət xanım»la bədii nəsrimizə Hidayət Əfəndiyevin təbirincə desək, yeni mövzu, yeni ideya, yeni forma, yeni üslub, yeni ifadə vasitələri gətirdi. Fikrimizcə, «Rəşid bəy və Səadət xanım»la bədii nəsrin inkişafında hansı xidməti göstərmişdirsə, «Səfərnamə» ilə də publisistikanın formalaşmasında o rolu oynamışdır, bir az da dəqiqləşdirsək, İ.Qutqaşınlı bədii publisistikanın, onun ən oxunaqlı, populyar bir qolunun – səyahət oçerki janrının bünövrəsini qoymuşdur.

Əsərin mövzusu, süjeti, kompozisiyası, dil-üslub, sənətkarlıq problemləri, aktuallığı, elmi-ədəbi – tarixi-coğrafi – kartoqrafiya və etnoqrafiya, eləcə də avtobioqrafiya baxımından əhəmiyyəti əvəzsizdir, heç bir mübaliğəsiz səyahət oçerkimizin bu ilk nümunəsini həm də, klassik forması adlandırmaq olar.

Mövzu müəllifin yaxınları ilə birlikdə Həcc ziyarətinə həsr olunmuşdur. İ.Qutqaşınlı bu əsərlə müqəddəs ziyarəti qeyri-adi yaradıcılığı ilə ikiqat zinnətləndirmiş, əslində XIX əsr ədəbi irsimizin özünü obrazlı desək, ziyarətgaha çevirməyə müvəffəq olmuşdur. Tədqiqatçılar Şamaxıdan başlanan yolun – marşrutun sözlə, cizgi ilə xəritəsini yaratmışlar. «Səfərnamə»ni oxuduqca şəhərləri, kəndləri, el-obaları, körpü, qala, liman, çay, dağları (əsərdə 300-dən çox (!) yer adı çəkilir) arxada qoyaraq irəliləyən karvan, dəyişən təbiət mənzərələri, bir-birindən fərqli məişət səhnələri, irili-kiçikli yaşayış məskənləri, onların həyat və düşüncə tərzi ilə seçilən sakinləri, abad-xaraba maddi-mədəniyyət abidələri kino lenti kimi göz önündə canlanır. Təsvirdə mahir fırça ustası, tədqiqdə, təhlildə, dəyərləndirmədə elm adamı, insanlarla münasibət, ünsiyyət yaratmaqda peşəkar diplomat İ.Qutqaşınlıya həsəd apara bilər. «Səfərnamə»də müəllif 120 nəfərdən çox şəxs adı (tarixi, dini, əfsanəsi, rəsmi, hərbi, mülki) çəkir ki, onların əksəriyyəti ilə təmasda olar, görüşür, söhbət edir. Publisistin qələminin qüdrəti, gücü karvanın hərəkətini daha cazibəli, oçerki daha oxunaqlı edir.

Əsərin Əziz Mirəhmədov və Ədalət Tahirzadə tərəfindən üzə çıxarılan, tərtib edilən, kirill və latın əlifbasına çevrilən, nəşr olunan «Şamaxıdan- Qutqaşınadək», «Qutqaşından Trabzonadək», «Qırmızı dəniz sahillərində», «Misirdən ta Süveyş», «Süveyşdən ta Ciddə», «Mədineyi-münəvvərədən Şamadək», «Şami-şərif», «Şamdan Beyruta qədər», «Qüdsi-şərifdən İzmirədək» adlı hissələri gedilən və qayıdılan marşrut haqqında tam təəssürat oyadır. Bu hissələrin hər biri təsvir edilən yer və hadisələr barədə kifayət qədər bilgi versə də, ümumi mövzunun təqdiminə xidmət edir. Hər bir hekayət haqqında ayrıca bəhs etməyə ehtiyac duyulur.

Səfərin 200-dən də çox gününə aid qeydləri əhatə edən «Səfərnamə» yolüstü yaşayış məskənləri, ayrı-ayrı tarixi şəxsiyyətlər haqqında maraqlı məlumatlarla zəngindir, eyni zamanda ədibin dünyagörüşü, həyat, düşüncə tərzi, doğma dilə, elə-obaya məhəbbəti, insanlarla ünsiyyət qurmaq və dərin müşahidə məharəti, hərbi və diplomatik səriştəsi haqqında geniş bilgi verir.

«Şamaxıdan-Qutqaşınadək» adlanan parçada müəllif məqsədini – Allahın mərhəməti ilə həcc ziyarətinə yola düşdüyünü bildirir. Məmur kimi Şamaxıda 4 il çalışdığı müddətdə böyük nüfuz, hörmət qazanan İ.Qutqaşınlını böyüklü-kiçikli şəhər əhalisi iki saatdan da çox müşayiət edir və qonşu rayonun sərhədinə qədər – Ağsu çayınadək ötürür.

Maçaxıda – İsmayıllı rayonunun Tircan dərəsində yerləşən kənddə müəllif öz qohumlarının qəbirlərini ziyarət edir. Publisist 2-3 cümlə ilə bu kənd haqqında geniş məlumat verir: «Maçaxı gəryəsi Qasanı mahalının bəyləri oturan kənddir. Müqəddəm abadan və gur kənd imiş. İndi həştada qədər ev həmin olur. Özünün yaxşı bol suları və qabağından cari olan Girdman adlı çay və ətrafında yaxşı bulaqları və ziyadə meyvə bağları və çəməngahları vardır». İ.Qutqaşınlı «kənd və ziyarətgahları», «çaylar yarmış dərələrin arasından görünən», «ətəyi qalın meşələr, göyçəmən qarlı dağları, məşəqqət qayaları» böyük məhəbbətlə təsvir edir və oxucunun diqqətini mərhum Şirvan xanı Mustafa xanın saldığı və indi xarabaya çevrilmiş Fit qalası və şəhərinə yönəldir.

Bu yerlərin təbiətinin dəyişkən, sərt olduğunu maraqlı epizodla təqdim edir və göstərir ki, biz Lahıcda olan gecə dağlar tamam qar ilə örtüldü, isti məmləkətlərdə olan üçün bu çox qəribədir ki, novruzdan bir ay keçmiş qar yağır. İ.Qutqaşınlı Lahıc əhalisinin sənətkar olduğunu vurğulayır, onların yaxşı tüfəng, tapanca düzəldiklərini qeyd edir.

Qutqaşın sərhədinə xeyli qalmış «tamam Qutqaşın Sultanzadələri səgirən və kəbirən və sair alimlər və hacılar» karvanı qarşılayır. Müəllif ona məxsus Məhəmmədağalı, Qalacıq kəndlərini seyr edəndə, bu yerlərdə keçirdiyi günləri xəyalına gətirir, nəzəri Dəvədatan dağına sataşanda isə babası Haşı Şəfi sultanın burada Nadir şah qoşunu ilə döyüşünü xatırlayır.

Qutqaşının yaxınlığındakı Nohurqışlaq kəndində istirahət edəndən sonra karvan «tamam Qəbələnin əyan və əşxası, alim-üləması» ilə birlikdə Qutqaşına daxil olur.

«Qutqaşından Trabuzonadək» adlı parçada müəllif Qutqaşında keçirdiyi günlərlə bağlı həzin və kövrək hisslərini oxucularla bölüşür. «Öz əlim ilə saldığım bağda bir gün istirahət edib» təkrar yola çıxdığını yazan Qutqaşınlı bu bölgənin Hacallı kəndindən Ərəş mahalına, sonra «Kürün üstündən Mingəçevir yanında qurulmuş parom ilə keçib, öz vilayətimizdən ayrılıb Gəncə torpağına ayaq basdığı»nı yazır. Bu hissədə Qutqaşınlı həyat yoldaşının adını «zövcəmiz Hacı Bikə» - deyə ilk dəfə təqdim edir.

Gəncə generalın yadına özünün də zabit kimi iştirak etdiyi döyüş səhnələrini xatırladır. Müəllifin izaholunmaz hissələrilə qələmə aldığı «…bizi Yaradanın evinin ziyarətinə haman məkandan keçirəm» cümləsini həyəcansız oxumaq mümkün deyil.

Qutqaşınlı qələminin gücü, qüdrəti hər sətirdə, hər abzasda görünür. O, Nizami Gəncəviyə xitabən yazır: «Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub ruhundan təvəqqe edirəm: kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbətə çatmaq mümkün deyil».

Qədim Gəncənin təsviri də maraqlı və diqqətçəkəndir. Şəmkir, Zəyəm, Tovuz, Salahlı, Tiflis, Qori, Suram, Kartskal, Kutaisi, Minqrel, Qulab, Şəfqətil, Rizə kimi şəhər, qəsəbə və kəndlərin, çoxlu qala, körpü, çay, dağların təsviri yığcam olduğu qədər də maraqlıdır, müəllif gördüklərini elə şəkildə təqdim edir ki, oxucu yorulmur, özünü də ziyarətə gedənlərin sırasında hiss edir.

«Qırmızı dəniz sahillərində» adlı parçanın təəssüf ki, xeyli hissəsi cırılmış, mətndə böyük bir hissə yararsız hala düşmüşdür. Bununla belə, burada bədəvi ərəblərin məişəti, həyat tərzi, sahilboyu yaşayış məskənlərinin konstruksiyası, həddən artıq rütubətli havası barədə müəyyən təəssüratlar yaranır.

«Misirdən ta Süveyş» adlı hissədən məlum olur ki, zəvvarların hərəkəti üçün Misir valisi yolboyu çaparxanalar tikdirib, at və arabalar ziyarətçilərə xidmət göstərir. Burada Süveyş şəhərinin təsviri də maraqlıdır. Həcc ziyarəti dövründə şəhər izdihamlı olur. Süveyişin özündə su yoxdur, bura at-eşşəklə bir neçə kilometrlikdən tamlı quyu suyu gətirilir. Havası gündüzləri isti və gecələr çox rütubətlidir.

«Süveyşdən ta Ciddə» adlı parçada zəvvarların gəmi ilə hərəkəti təsvir olunur. Gəminin Tur limanına yan alması ilə su, xurma, qarğıdalı, üzüm, eləcə də dənizdən yığılmış sədəf, möhrə, xırda satan bədəvilər cəm olur: «Dərya kənarı döndü kiçik bazara. Təzə gələn gəmilərin adamları da kənara çıxdılar ki, bir qədər nəfəs alsınlar, çün oturduqları gəmilər o qədər izdihamlıdır ki, dolanmağa, yatmağa və oturmağa çox zəhmətlə yer tapırlar».

Həcm, məzmun, hətta dil etibarı ilə «Mədineyi-münəvərədən Şamadək» adlı hissə digərlərindən xeyli fərqlidir. Ən iri həcmli bu hissədə həcc ziyarəti zamanı rituallar, müxtəlif ölkələrdən bura gələn zəvvarların marşrutları haqqında ətraflı bəhs olunur, görüşlər, söhbətlər, elmi, dini ədəbiyyata istinadən şərhlər, mülahizələr geniş yer tutur. Mədain haqqında söhbət açarkən Məhəmməd Ədib əfəndinin «Mənasük»indən, Səmud gövmündən danışanda «Təsviri-tibyan» kitabından gətirdiyi sitatlar bir tərəfdən Qutqaşınlının toxunduğu mövzunu açmağa yardım edirsə, digər tərəfdən müəllifin Şərq mədəniyyətinə, o cümlədən dini-sxolastik cərəyanlara bələdliyinə, Qərb, rus mühitinin təsiri ilə yetişən müəllifin dünyagörüşünün nə qədər geniş, zəngin, eyni zamanda təzadlı olduğuna dəlalət edir. Prof.Əziz Mirəhmədov «Qəribə tale» adlı məqaləsinin «Səfərnamə» ilə bağlı hissəsində bu qənaətində tam haqlıdır ki, İ.Qutqaşınlı bir yazıçı və mütəfəkkir olaraq Qərb və rus mədəniyyəti ilə nə qədər bağlı isə, bir o qədər, bəlkə daha artıq, Yaxın və Orta Şərq mədəniyyəti ilə bağlıdır; həm də bu mədəniyyətin təkcə mütərəqqi cəhətləri ilə, Firdovsi, Nizami və Sədisi ilə deyil, dini-sxolastik cəhətləri ilə də bağlıdır.

«Şami-şərif» f.e.n. Ədalət Tahirzadənin sonradan üzə çıxardığı parçalardandır. Məkkənin «yandırıcı gününün altında duman, bulud və yağış» arzusu ilə yaşayan zəvvarların Şamda bu istəklərinə çatdığını yazan müəllif, şəhərdə onları qarşılayan yağışdan da çox əziyyət çəkdiyini təsvir edir. Palçığa batan yüklü dəvələrin sürüşdüklərini, ora-bura ləngər vurub yıxıldıqlarını, zəvvarların həyəcan və təlaşlarını canlı dillə oxucuya çatdıran İ.Qutqaşınlı yaddaqalan səhnələr yaradır. «Müqəddəm Şamın tərifini çox eşitmişdik, lakin bizə o qədər xoş görünmədi» - yazan müəllif təəssüratlarında səmimidir, eyni zamanda oxucunu da qənaətində inandırmağı unutmur: ev və dükanlar səliqəsiz, küçələr palçıqlı, divarları sadə, bəzi yerdə uçub-dağılmış vəziyyətdə. Lakin müşahidələrini oxucudan gizlətməyən yazıçı həyət-bacaların, evlərin içərisinin fərqli – gözəl görkəmli olduğunu vurğulayır: çarhovuzlu, fəvvarəli həyətlər mərmər və digər yonma rəngbərəng daşlarla döşənmişdir, nəqqaşlı, əlvan şüşəli pəncərələr göz oxşayır…

Bu parça digər bir cəhəti ilə də yadda qalır. İ.Qutqaşınlı Şamda bir sıra tanınmış insanlarla – Rusiyanın Şamdakı vəkili Leonid Telatenidi, Şamın qaim-məqamı İshaq Paşa, dəftərdar Xəlil bəy, ordu müşiri Məhəmməd Paşa, Ərəbistan ordusu məclisinin rəisi Fərid Davud Paşa, türbədar Şeyx İbrahim əfəndi Fəraqi, miralay Həmid bəy Qarslı və digərləri ilə görüşür, ən müxtəlif mövzularda fikir mübadiləsi edir. Qədim Şamın tarixi abidələrinə, ziyarətgahlarına tükənməz sevgi və maraqla tamaşa edən İ.Qutqaşınlı seyrici, təsvirçi deyil. O, gördüklərinə, müşahidə etdiklərinə münasibət bildirir. Yezidin xaraba qalmış imarətini «murdarlığa» bənzədən və bura nifrət edən müəllif yazır: «Ata-anasından küsən və hərzə gəzən zükur-ünas qumar oynamağa və fəna işlərə cəm olan yerdir və xeyli daldalanacaq yerləri dəxi vardır. Biz ordan keçərkən dəxi çox qumar oynayan uşaqlar gördük və hərzə gəzən övrət və yanlarında kişilər gördük». Şamın mövcud vəziyyəti yazıçının ürəyini göynədir, şəhərin keçmiş şan-şöhrətini bərpa etmək arzusunu gizlətmir: «Şami-şərif qədim şəhərdir və çox şərafətli məkandır və ziyadə iyi kəsləri olmuş, amma şimdi hər xüsusda köhnəlmiş kibi görünür və xalqının təbiəti nəfsaniyyətdə ziyadədir. Qüdrəti-ilahidən iyi kəslər və mövsim istər ki, bir qədər Şamı oynağa salsın. Və iyi qalası varmış: şimdi xarabadır və özləri sərəncamsız…».

«Şamdan Beyruta qədər» adlı hissə səfərin 3 gününü əhatə edir. İ.Qutqaşınlı burada əsasən Beyrutun təsvirinə, şəhərdəki ziyarətgahlara və bir sıra rəsmi şəxslərlə görüşə aid təəssüratlara yer ayırıb.

«Qüdsi-Şərifdən İzmirədək» adlı parça «Səfərnamə»nin əldə olan nüsxəsinin son, həm də tam olmayan hissəsidir. Burada səfərin təxminən ay yarımlıq dövrü qələmə alınıb. Diqqətçəkəndir ki, müəllif rus dilində «Yerusəlimdə» adı altında Qüdsə səyahətlə bağlı plan da tutmuşdur.

Bu hissə İ.Qutqaşınlının təbii gözəlliyə məftunluğunu, vurğuluğunu, təbiətin təsvirinə marağını bir daha təsdiqləyir. Hələ Şamaxıdan – səfərin ilk günündən oxucu yazıçının çəmənlərə, çaylara, dağlara, dərələrə necə heyranlıqla tamaşa etdiyinin və gözəlliyi məhəbbətlə qələmə aldığının şahididir.

İfadə vasitələrinin şirinliyi, zənginliyi və təbii gözəlliyi təsvir üsulu oxucunun gözləri qarşısında təsirli səhnələr yaradır: «Yafədə söhrü qılıb, konsul vəkil cənab Mir Əbut hazır edən atlara süvar olub şəhərdən çıxdıq. Bağçalar arasıyla və kəndlər kənarından – gözəl çəməngah və laləzar düz ilə dörd saat yol edib, axşama Rəmlə qəsəbəsinə çatdıq. Rum monastırına düşdük. Ay işığı və hava gözəl olduğuna, dam üstə oturub ətraf cəvanili (tərəfləri – T.A.) seyr etdik. Bizim məmləkətdə çillənin otuz beşində kürksüz evdə oturmaq mümkün deyil. Şimdi biz böylə, çöldə oturmuşuq».

Bu parçada müəllifin «dərə arasına düşüb başladıq dağa çıxmağa», «bulaq üstə düşüb namaz qıldıq», «Yusifət dərəsindən çıxıb, Turi-Zeyta dağının qiblə tərəfindən keçib», «incir və zeytun ağaclarının altında durub seyr etdik», «çəməngah və ağacları seyr etdikcə insanın qəlbi müfərrih olur», «Qışın ortasında tənəkdə saxlanmış üzüm gördük», «…çeşmədən və həm yağmur suyundan bərgəni doldurub…, dağları, təpələri dolandıra-dolandıra», «üzüm və zeytun bağçaları ilə gəlib… dağa çıxıb, oradan dərya… və dağın dibindəki köylər və ətrafında bağçaları və keçi və mal sürüləri və çəməngahlar qayətdə müfərrih etdi bizi», «Gecə külək əsib və bərk yağış yağıb həyətimiz göl kimi oldu və dəryanın ləpəsinin sədası bizi əyləndirdi», «bağçaları qəribədir, …ətrafında çəpər yerinə firəng incili o qədər sıx əkilibdir ki, arasından keçmək olmaz – xüsusən tikan olan vaxt, …bir əncir üstündə 24 ədəd əncir saydım. Portağal və limon, şirin limu və narınc və türünc və ağacgavanı qayətdə sıx əkilmiş; sıxlığından dili kölgədir. Üstündə hədsiz meyvələri vardı. Bir budaq kəsdim. Üstündə üzüm salxımı kimi on yeddi portağal vardı. Bizim yerdə qızıləhmədi alma gətirəndə ona ağacdan dayaq vuran kimi burda da vurmuşdular. Və qeysi və ərik və badam ağacları da çoxdur. Bəzi badamlar çiçək açmışdı. Özümüz neçə yüz portağal seçib qırdıq», «və bir qədər getdikdə dağın dibində və dərya kənarında qədim Dura (şimdi Fantur) və Ataliyə xarabaları görünür» kimi ifadələr, cümlələr, mətnlər, lövhələr, təsvirlər bir tərəfdən İ.Qutqaşınlı dilinin zənginliyinə, digər tərəfdən də onun təbiətə vurğunluğuna dəlalət edir. Yeri gəlmişkən, buradaca Azərbaycan ədəbi dilinin təşəkkülü və inkişafı ilə, eləcə də publisistika tarixi ilə bağlı bəzi tədqiqatlarda, İ.Qutqaşınlının «Səfərnamə»sinin xatırlanmadığını, ondan bəhs edilmədiyini təəssüf və təəccüblə qarşıladığımızı gizlətməyəcəyik.

XIX əsrin ortalarında, həm də dil hadisəsi kimi təzahürat edən «Səfərnamə»nin bu istiqamətdə – ədəbi-bədii dilimizin keyfiyyət baxımından yeni mərhələ kimi geniş araşdırılması və dəyərləndirilməsinin də zəruri olduğunu təkrar vurğulayıb mətləbə qayıdırıq.

Həcmcə ikinci olan «Qüdsi-Şərifdən İzmirədək» olan parçada da ayrı-ayrı məntəqələrin, qala, ziyarətgah, məscid, kilsə və monastırların, meydan və bazarların, qədim mədəniyyət məskənlərinin rəvan, axıcı, aydın ana dilində təsvirinə geniş yer ayrılıb, müsəlman, xristian və musəvilərin cəm olduğu müqəddəs dini mərkəzin özünəməxsus xüsusiyyətləri, dindarların ritualları, tarixdə, dini kitablarda rast gəlinən hadisə, rəvayətlər şərh edilir.

İ.Qutqaşınlı bu bölgədə də nüfuzlu insanlarla görüşür, danışıqlar aparır və ən müxtəlif mövzularda fikir mübadiləsi aparır.

Qələmə alındığı dövrdə təmizliyi, zənginliyi, anlaşıqlığı, ifadə imkanlarının genişliyi baxımından «Səfərnamə»nin lüğəti bənzərsizdir. Obrazlı desək, XVIII əsrdə poeziyada Vaqif ədəbi-bədii dili hansı yüksəkliyə qaldırmışdırsa, XIX əsrdə Qutqaşınlı həmin zirvəni nəsrdə fəth etmişdir. Filologiya elmləri doktoru, prof.N.Xudiyev dilimizin təşəkkülü və inkişafı mərhələlərini fundamental şəkildə araşdırmış və tədqiqatlarını «Azərbaycan ədəbi dili tarixi» adlı sanballı əsərində təqdim etmişdir (Ankara, 1997, 491 səh.). Burada müəllif milli dildə elmi üslubun formalaşması prosesindən bəhs edərkən yazır: «Tədqiqatçılar çox doğru olaraq göstərirlər ki, Azərbaycan dilində əsər yazanlarımız Nəsimi, Füzuli, M.Fətəli elmində, səviyyəsində olmamışlar. Onların səviyyəsində olan azərbaycanlılar elmi əsərlərini ərəb və fars dilində yazmışlar; XIX əsrdə buraya rus dili də əlavə olunmuşdur, məsələn, A.Bakıxanov, M.Kazım bəy kimi əsrin böyük alimləri elmi əsərlərini ana dilində yazmayıblar. Buraya onu əlavə etmək lazımdır ki, XIX əsrdə M.Fətəli elmi əsərlərini – traktat və məqalələrini, əsasən Azərbaycan türkcəsində yazır və ana dilinin ən müasir elmi mülahizələri, mühakimələri ifadə etməyə qabil bir dil olduğunu təsdiqləyir» (səh.379).

Burada qeyd etmək yerinə düşərdi ki, elmi publisistikada M.Fətəli dilimizin nəyə qabil olduğunu təsdiqləmişdirsə, İ.Qutqaşınlı «Səfərnamə» ilə bədii publisistikamızın nəyə qadir olduğunu – dilimizin obrazlılığını, oynaqlılığını, canlılığını ifadə, təsvir qüdrətini, lüğət zənginliyini göstərmişdir. Elə buna görə də prof.N.Xudiyev kimi görkəmli bir tədqiqatçının nəzərindən bədii publisistikamızın ən bariz, parlaq nümunələrindən birinin, həm də birincisinin diqqətindən kənarda qalması inandırıcı olmasa da… faktdır. Təbii ki, ötən əsrin 70-ci illərində isə publisistika barədə yazılan tədqiqatlardan bunu gözləmək, ummaq olmazdı, çünki «Səfərnamə»nin əlyazması hələ «yol gəlirdi».

Beləliklə, Azərbaycan tarixində ədəbi, hərbi, maarifçi və xeyriyyəçi fəaliyyəti ilə silinməz, əbədi iz buraxmış İ.Qutqaşınlının bizə məlum olan irsindən – xüsusi ilə «Səfərnamə»dən, onun ideya, məzmun, kompozisiya, dil, üslub, sənətkarlıq problemlərindən, əsərin əlyazmasının tapılması və tədqiqi tarixindən, aktuallığı və əhəmiyyətindən bəhs etdik. Bununla da, böyük tarixi simanın – xarici dildə yazılmış və xarici ölkədə nəşr olunmuş ilk yeni məzmunlu, yeni formalı hekayənin müəllifinin - çağdaş bədii nəsrimizin və publisistikanın səyahət oçerki janrının banisinin, Qafqazşünasın, Şərqşünasın, coğrafiyaşünasın, Azərbaycanın ilk generalının irsi və şəxsiyyətinin bugünkü tələblər baxımından araşdırılması çox aktual və əhəmiyyətlidir.

İ.Qutqaşınlının başdaşının üzərində ərəb dilində aşağıdakı cümlələr yazılmışdır: «Bu yüksək məqbərə bağışlanmış, alicah, qohumları və ardıcılları ilə iki dəfə həccə getmiş, iki yüksək müqəddəs yeri ziyarət etmiş İsmayıl bəy ibn əl-hac Nəsrulla sultanındır. Min iki yüz yetmiş səkkizinci il müzəffər səfər ayının yeddisində, dördüncü gün vəfat etdi, beşinci gün dəfn olundu. Allah, onu və valideynlərini bağışla, onu cənnətin mərkəzində yerləşdir. Amin! Ya kasıbları sevən! 1278-ci il tarix. Ey müşkülləri həll edən, onu bağışla!». (Geniş məlumat üçün bax: M.Nemətova, Ə.Tahirzadə, S.Allahverdiyev. İsmayıl bəy Qutqaşınlının epitafiyası. – «Elm və həyat» jur., 1979, № 6, ss.14-15).

ƏDƏBİYYAT SİYAHISI

1. Mümtaz Salman. «Rəşid bəy və Səadət xanım» hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı. «Ədəbiyyat qəzeti», 8 iyun 1936.

2. V.Q.Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, Bakı, 1954.

3. Əfəndiyev Hidayət. Azərbaycan bədii nəsrinin tarixindən. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1963.

4. Feyzulla Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. «Maarif» nəşriyyatı, Bakı, 1966.

5. İsmayıl bəy Qutqaşınlı. Əsərləri. Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1967. Redaktə, müqəddimə və qeydlər Əziz Mirəhmədovundur.

6. Kuznetsov Feliks. Publisistı 1860-x qodov. Moskva, «Molodaya qvardiya», 1981.

7. Mehdi Famil. Bədii publisistika. «Maarif» nəşriyyatı, Bakı, 1982.

8. Məmmədli Cahangir. Jurnalistikaya giriş. Bakı Universitetinin nəşriyyatı, Bakı, 2001.

9. Qarayev Yaşar. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər (iki min ili tamamlayan iki yüz il – XIX və XX yüzillər), Bakı, «Elm», 2002.

10. Qutqaşınlı Hacı İsmayıl bəy. Əsərləri. Tərtibçi və elmi redaktor Ədalət Tahirzadədir.

11. Məmmədov Xalis. İsmayıl bəy Qutqaşınlının xatirə ev-muzeyi. Bakı, «Şirvannəşr», 2004.

12. Voroşilov V.V. Jurnalistika. İzdatelstvo Mixaylova V.A. Sankt-Peterburq, 2004.

13. İsmayılov E.E. Georgiyevskiye kavalerı-azerbaydjansı. Moskva, «Geroyi Oteçestva», 2005.

14. Quseynov Abdul. Azerbaydjansı v istoriyi Rosiyi. İzdatelstvo «Overley», Moskva, 2006.

15. Kavkazskiy kalendar na 1861 qod. Tiflis, 1860, səh.24.

16. Aktı Kavkazskoy arxeoqrafiçeskoy komissiyi. Tiflis, 1885, 10-cu cild, səh.49.

17. Jan Reycnman. Stosunkı Literackie polsko-azerbeydzanskie w XIX wieku. http: www.polska.internet.az/index.php?moc=zasobyxid=28.

(Məqalə «Przeqlad Humanistyczny» jurnalından (№ 6 (39), 1963) götürülmüşdür).

18. İ.Qutqaşınlının mülkiyyət hüququnu təsdiq edən bəzi sənədlər. ARDTA, fond 69, siy.1, iş 71, vər. 16, 17, 18, 19; fond 44, siy.1, iş 590a, vər.1.

19. Kratkaya Literaturnaya Ensiklopediya. III tom, Moskva, 1966.

# 2822 dəfə oxunub

Müəllifin son yazıları

# # #