İndi necə sevirsən... Bax, elə də unutma...

İndi necə sevirsən... Bax, elə də unutma...
2 fevral 2015
# 21:00

Kulis.Az Elnaz Eyvazın yeni şeirlərini təqdim edir.

***

Darıxdım gün uzunu,

yol boyu, küçə boyu.

Saat əqrəbi istiqamətində,

düşündüm durdum səni.

Bağışla...yordum səni.

Gün batdı, gecə gəldi,

gəldi utana-utana:

"mən nə deyim bu qadına?!"

... Darıxdım gecə gözü,

başıma düşdün bu gecə,

daş kimi...

Kişi kimi sevdim səni,

balam kimi əzizləyib,

güvəndim qardaş kimi...

***

Heç kimə bənzəmirsən,
heç kimə...
hardan, necə, bilmirəm,
yol elədin qəlbimə...
Səndən bircə ricam var:
kimsəni bundan belə
ürəyimə tanıtma.
indi necə sevirsən,

Bax, elə də unutma.

***

Barmaqlarımın ucunda,
gözlərimin qarasında,
dodaqlarımın arasında
gizildəyir yoxluğun...
Ciyərlərim ağrıyır,
burnuma gəlidikcə qoxun...

***

Nə yaxşı ki, varsan, Adam,
bir az gec oldu, bilirəm,
bir az yaralı yerimdir.
Amma yenə...gözəl oldu;
sığınmaq, güvənmək, sevmək,
belə inanmaq kiməsə,
ayağın dolaşa-dolaşa,
ürəyin əsə-əsə...
Kədərin dibinə daş atdım,
yedim bitirdim kədəri.
Qəsdimə duran nadanın
dalınca ötürdüm kədəri.
Yenə soyuyur havalar,
yenə də qışa gedirik.
Ürəyimiz döyündükcə
sevilən yaşa gedirik.
Bir az mənimsən, heyif ki,
bir az da özgənin, yadın.
Gözlərimə əksin düşüb,
dilimə yansıyıb adın.
Nə yaxşı ki, varsan, Adam,
bir az gec oldu, bilirəm,

bir az yaralı yerimdir,
amma olsun... yenə şükür,
xeyli şadam...

***

Sən - ayaqsızın əl ağacı,
xəstənin dərmanı,
məzlumun batan səsi,
İnsanlığa ümidimin son nəfəsi,
həyatı əllərilə görən
korun eynəyi...
Mən nə vaxt sevdim səni bu qədər, Adam,
Nə vaxt öyrəndim Səndən inciməyi?!

***

Sən - gözlərimdə işıq,
qəlbimdə sevinc,
ruhumu dilləndirən sızı.
Küsmüşdüm bu həyata,
Kişi bətnindən doğdun,

bu inamsızı...

***

Nə qədər ki, döyünür
ürəyim aram-aram.
Yorulub, bezən deyil
sevgini daşımaqdan.
Bir gün eşitsən, yoxam,
mənə "öldü" deməzsən,
deyərsən: "Qara gözlüm,
yoruldun yaşamaqdan?!"

***

Səndən ötrü darıxasan dəli kimi
atlanıb gələsən qapınacan.
Döyəsən, döyəsən, döyəsən qapını:
dup-dup-dup...
Sən də qapıya cumub
açıb dəli olasan,
qaralasan qapqara
gözlərim təki..
İçəridən səslənə
evdəki:
- Kimdi o?
Susub-susub gedəsən,
mənsizliyin dalınca.
Baxıb-baxıb məndə qalan gözünə,
deyəm ki, bax,
ürəyim,
di, gəldinmi özünə?!

***

Yolun bir az uzaqdır,
qaranlıq da tez düşür,
gözlərim səndə qalsın...
Yan-yörəndə yolunun
üstünə daş atmağa
meyilli adamlar var.
Yıxılarsan bilmərəm,
Bəs səni kim qaldırar?
əllərim Səndə qalsın...

***

Bir də səndən uzaqda
kor işıq axtaran kimi.
xoşbəxtlik axtarmaq var.
Əllərim əsə-əsə
həyatın eninə-uzununa
çırpdım özümü -
hər yan dörd divar.
Səndən uzaqda heç nə yoxdu,
hər şey əfsanədir,
nağıldır.
Bu nə ağıldır
verdi mənə
Səni yaradan?!
Bir də köksündə uyumaq vardı,
sakit, səssiz.
Sanki nəfəssiz
dinləmək,
Ürəyinin döyüntülərini,
saymaq, saymaq, saymaq...
Bilirəm, sən ürəksiz,
zalım, qəddar deyilsən.
Hər əzaba qatlaşıb,
hər acıya dözməkdir işin,
Hər nadana əyilsən,
daha sən olmazdın ki...
Bir sən varsan,
səhərəcən özünə zülüm verən
əllərimin, gözlərimin, dodaqlarımın bir addımlığında.
"Qal, getmə,qal!!!" - deməyə qısılıb
"yaxşı yol" deyən dilimin ucunda
göyüm-göyüm göynədin.
Neynədin, Adam, neynədin?!

***

Taxtına kim çıxdı sənin,
hökmünə kölə elədi?
Səndən başqa bu məzlumu,
kim eşqdən dəli elədi?

Ürəyinin əlindən tut,
qapımı açım üzünə.
Bir daş altda, bir daş üstdə,
Görünmə əğyar gözünə.

Allahın adamı çoxdu,
Adamın Allahı ola.
Səndən başqa kimim var ki?!
Ürəyimin şahı ola?!

***

Bilirəm, ürəyimi

Edə bilməz kimsə ram.

Unutsa Səni inan,

onu artıq ət kimi

özüm kəsib ataram...

***

Adam adamı sevər,
Sevər adamı ölüncə.
Bir cüt gözdən yol çəkim,
Hardasan...sən gəlincə..

***

Qısılıb bir küncə
Səni düşünməyə xanə gəzirəm.
Dolmuşam gözlərin kimi
yağmağa bəhanə gəzirəm...

***

Bilirəm nə çəkmisən
sən təkliyin əlindən.
Mən bacara bilmədim,
Sən Allahsan, mən bəndən...

***

Bilsən necə gözləyir
qapım, bacam, evim Səni.
Sevilməyə layiq Adam,
gəl ölüncə sevim Səni...

***

Əlindən yerə qoyma,

gözlərindən uzağa.

Odundan iraq tutma,

dözmərəm bu sazağa.

Sinənin altda gəzdir,

ürəyinin içində.

Hara getsən, özünlə

apar məni köçündə.

Vərəqlə vərəq-vərəq,

sözbəsöz oxu məni.

Səndən başqa duymadı,

söz kimi çoxu məni...

# 1723 dəfə oxunub

Müəllifin son yazıları

# # #