Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?

Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?
4 iyun 2025
# 18:03

Kulis.az Orxan İsmayılovun Orxan Həsəninin "Anka" hekayəsi haqqında yazısını təqdim edir.

Ötən axşam dostum Orxan Həsəninin “Anka” adlı hekayəsini oxudum və bəyənmədim. Amma Şəhriyar Del Geraninin, İlham Əzizin, Qismətin feysbukda bu hekayəni dolğun və gəlişigözəl sözlərlə tərif etdiklərini görəndə varlığıma qeyri-müəyyən bir çaşqınlıq hakim kəsildi. Bu səbəbdən hekayəni bir də oxudum. Fikrim dəyişmədi.

Başa düşə bilmədim ki, bu ədəbiyyat adamları son dərəcə inandırıcı təsir bağışlayan xoş, alovlu sözləri Orxanın mətninə necə yaraşdırıblar? Axı yüksək ədəbi bilgi səviyyəsinə malik olduğuna inandığım Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər? Və yaxud Qismət, İlham bu hekayənin mətninə necə sadəlövhcəsinə heyran qalıblar? Hətta deyərdim ki, dərin sənətkar ləzzəti duyublar!

İndi isə damarlarında gəncliyin hərarətli qanı coşan Orxanın bu hekayəsi haqqında öz fikirlərimi bildirmək istəyirəm.

Orxan Həsəninin "Anka" hekayəsi iddialı ad və emosional girişlə oxucuda yüksək gözlənti yaratsa da, bu gözləntini doğrultmaqda uğursuz qalır. Hekayə struktur baxımından dağınıq, məzmun baxımından qeyri-kafi, dil baxımından isə zəif və primitivdir. Mətn nə hadisə təqdim edir, nə də orijinal duyğu dərinliyinə malikdir; əvəzində isə oxucunu abstrakt və tutarsız emosional bulanıqlıq, dolaşıqlıq içində saxlayır. Bir sözlə, hekayədən həyat nəfəsi gəlmir!

Hekayədə süjet demək olar ki, yoxdur. Mətndə keçmişdə baş vermiş bir münasibətin yarımçıq təsvirindən savayı konkret heç nə təqdim olunmur. Hekayə bir neçə qeyri-müəyyən səhnə ətrafında fırlanır və nəticədə nə başlanğıc, nə inkişaf, nə də kulminasiya hiss olunur. Bu, klassik süjet quruluşunun şərtləri ilə yanaşı, müasir eksperimental nəsrin də tələblərinə cavab vermir.

Mətndəki əsas obraz psixoloji baxımdan kifayət qədər işlənməyib. Onun daxili dünyası səthi və təkrarçılıqla doludur. Anka obrazı isə ümumiyyətlə simvol olmağa namizəd olsa da, nə psixoloji dərinlik, nə də konkret xarakter daşıyır. Oxucu üçün onların hansı xüsusiyyətlərlə seçildiyi, münasibətlərinin dinamikası, emosional arxa planı tamamilə qaranlıq qalır. Bu isə hekayənin təməlini zəiflədir.

Orxanın hekayədə istifadə etdiyi dil sadə deyil, bəsitdir. Bədii təsvirlər yox səviyyəsindədir, cümlələrdə ritm, metaforik dərinlik və ya poetik təəssürat yaratmaq cəhdi görünmür. Mətndə estetik baxımdan heç bir eksperiment yoxdur, yazı texnikası qeyri-peşəkar və sönükdür.

"Anka" adı feniks simvolikasına istinad etsə də, bu simvol mətndə heç bir yüklə tamamlanmır. Oxucu bu istinadı hiss etsə də, onun hekayədə necə işlədiyi, hansı funksiyanı daşıdığı anlaşılmır. Hekayə ayrılıq, sükut və yaddaş mövzularına toxunur, lakin bu mövzulara bədii və ya fəlsəfi baxımdan heç bir yeni yanaşma gətirmir. Duyğular ya başa düşülmür, ya da inandırıcılığı yox səviyyəsindədir. Hekayə oxucunu duyğulandırmaq, düşündürmək və ya estetik zövq vermək məqsədindən tamamilə uzaq düşüb.

Beləliklə, Orxan Həsəninin "Anka" hekayəsi həm süjet, həm psixoloji dərinlik, həm də poetik güc baxımından ciddi nöqsanlara malikdir. Hekayə, nə klassik nəsrə, nə də müasir eksperimental ədəbiyyata uyğun gəlir. Yazı üslubu qeyri-peşəkar, obrazlar qeyri-realistik, struktur isə məqsədsiz görünür. Bu mətni ədəbi baxımdan uğurlu hesab etmək çətindir və müəllifin gələcəkdə daha ciddi ədəbi-tənqidi yanaşma ilə yazı üzərində işləməsi zəruridir.

# 696 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #