Kitab sərgisi

Bizim yazıçılar Pol Osterdən nəyi öyrənməlidirlər? - Mirmehdi Ağaoğlu

Bizim yazıçılar Pol Osterdən nəyi öyrənməlidirlər? - Mirmehdi Ağaoğlu
27 sentyabr 2025
# 12:00

Kulis.az Mirmehdi Ağaoğlunun "Bizim yazıçılar Pol Osterdən nəyi öyrənməlidirlər?" yazısını təqdim edir.

Pol Osterin “Mister Vertiqo” romanını oxudum.

Türk dilində “Yüksəklik qorxusu” adı ilə çıxan əsərin mövzusu xoşuma gəldi: Yəhudi Usta adlı bir nəfər doqquz yaşlı Uoltda uçmaq qabiliyyətini kəşf edir. O bundan sonra uşağa bu istiqamətdə təlimlər keçir. Nəticədə Uolt 3 il sonra uçmağı öyrənir, rahatlıqla Yerin Cazibə qüvvəsini dəf edərək 2 metrə qədər yüksəlir. Sonra da Uolt və Yəhudi Usta Böyük Depressiya ərəfəsində Amerikanı qəsəbə-qəsəbə, şəhər-şəhər gəzib bu bacarıqlarını nümayiş etdirirlər. Xristianlar İsa kimi suyun üzündə gəzə bilən bu Möcüzə Uşaq Uoltu görüb dəhşətə düşürlər. Kimisi bu bacarığa fokus, kimisi də illüziya kimi baxır. Onun həqiqətən uça bildiyinə inananlar da az deyil. Nəticədə, Uoltun şöhrəti bütün ştatlara yayılır, getdiyi hər yerdə az qala peyğəmbər kimi qarşılanır.

Lakin kitabda da yazıldığı kimi, hər şeyin bədəli var. Necə deyərlər: Azdan az, çoxdan çox gedər. İstəklərin böyükdürsə, qurbanların da böyük olacaq. Uoltun da xoşbəxtliyi uzun çəkmir. Bir müddət sonra uçuş seanslarının tamamında yerə ayağını qoyan kimi şiddətli başağrılarına tutulur. Günlərlə tutmalardan qurtula bilmir. Bu hal bir neçə dəfə təkrarlanır. Nəticədə, Uoltun bir yolu qalır, ya kastratolar kimi xədim edilərək uçmağın verdiyi həzzə tay orqazm hissindən də bir dəfəlik məhrum olmalı, ya da uçmaq sevdasından vaz keçməlidir. Üstəlik, xədim ediləndən sonra uçmaq qabiliyyətinin qalıb-qalmayacağı da yüz faizlik deyil. Belə olan təqdirdə Yəhudi Ustanın da təkidi ilə Uolt uçmaq qabiliyyətindən tamamilə əl götürür. Qərara alırlar ki, Hollivuda getsinlər və Uolt bu məşhurluğunu aktyorluq karyerasına yönəltsin. Lakin hadisələrin axarı birdən-birə dəyişir.

Əsərin ilk iki bölümünü bir-birinə qarışdırıb süjetini qısaca danışmağıma baxmayın, bundan sonra Uoltun başına maraqlı hadisələr gəlir.

Roman uça bilən uşağın timsalında böyük bir ölkənin 1920-ci illərdən 90-cı illərə qədər olan qarışıq, təlatümlü, burulğanlı-çalxantılı və nəhayət, sakit dövrünü əhatə edir.

Oster Ku Kluks Klan terror təşkilatının vəhşiliklərinə də, Çikaqo mafiyasının fəaliyyətinə də romanda toxunur.

Bundan başqa, əsərdə beysbol haqqında səhifələrcə danışır. Şəxsən beysboldan uzaq biri üçün mənə bu səhifələr lüzumsuz göründü. Oster bir yazıçı kimi “Mister Vertiqo”nu yazanda nə əcəb fikirləşməyib ki, mən beysbol oyunları haqqında, məşhur oyunçu Dizzi Din haqqında bu qədər əhatəli danışıram, əcəba bu geniş təfərrüat beysbol idman növünün məşhur olmadığı ölkələrdə yaşayan oxucuları bezdirməyəcəkmi?

Şəxsən bizim yazıçılar roman yazanda bu cür vacib nüansları nəzərə alırlar.

Böyük çıxmasın, bəzən özüm də nəsə qaralayanda belə bir utopiya qururam ki, əcəba, Amerikanın İllinoys ştatında yaşayan oxucu yazdığımı anlaya biləcəkmi, darıxmayacaq? Bəlkə, başqa cür yazım, izah verim və sair və ilaxır.

Görünür, belə xırda məsələlər ABŞ kimi böyük ölkələrin yazıçılarını düşündürmür, belə şeyləri özünə dərd edən yalnız bizik, üçüncü dünya ölkələrinin qaragün yazıçıları.

Birinci şəxsin təkində yazılmış romanın süjeti sadədir: Baş qəhrəman ömrünün sonunda bütün həyatını yazmağa başlayır. Etiraf edək ki, bu təhkiyə üsulu qeyri-adi deyil.

Buna görə də romanın “uçmaq” detalından savayı xüsusi bir cəlbediciliyi olmadı. Sadəcə peşəkar yazıçı qələmindən çıxmış roman təsiri bağışladı. Yalnız sonlara doğru əsərin üzdə görünməyən, sözlərin arasında məharətlə gizlədilmiş sentimental qatı oxucunu özünə çəkməyə başlayır.

Əsərin bir yerində belində tapança gəzdirən, artıq Çikaqo mafiyasının önəmli şəxslərindən olmuş Uolt karyerasını “zirvə”də buraxmaq yerinə hər gün daha bərbad oyun nümayiş etdirərək adını batıran Dizzi Dini öldürmək qərarına gəlir. Səbəb isə budur ki, qoy, milyonların sevimlisi olan oyunçunun adı idmansevərlərin yaddaşında həmişə yaxşı qalsın. Bunun üçün Uolt sevimli beysbolçusunu ofisinə çağırıb buna razı salmağa çalışır.

Bir vaxtlar dünyanın uçmaq kimi bu ən möcüzəvi işindən “zirvə”də əl çəkmiş Uolt bu məsələləri yaxşı bilirdi. Lakin təsadüf nəticəsində Uoltun planı baş tutmur. Sonradan o boyda ulduz ömrünü əyalətdə idman şərhçisi kimi tamamlayası olur.

Bu hissəni oxuyanda 55-60 yaşa qədəm qoyandan sonra, yumşaq desək, dəyişən, illərdir keşiyində dayandığı ideyalarına xəyanət edən, bəzən də “başı gedən” şair-yazıçılarımız, sənət adamları yadıma düşdü.

Fikirləşdim ki, kaş Uolt kimi bir adam olaydı, yaşlananda bizi özümüzü biabır etməkdən qurtaraydı.

Əgər qəhrəmanın uçursa, onu gərək quşlarla yarışdırasan, mələklərə bənzədəsən, romantik xəyallara daldırasan. Pol Oster bunların heç birini etmir. Nə yaxşı ki etmir. Düşünürəm ki, bu da bizim yazıçılarımız üçün çox vacib nüansdır. Bu baxımdan Pol Osterdən nümunə götürməyə dəyər.

“Mister Vertiqo” oxucunu yanıldır. İlk səhifələrdə elə zənn edirsən əsər uça bilən adamın həyatı barədə olacaq. Lakin Pol Oster sadə yolla getmir. O, qəhrəmanına imkan vermir ki, uça bilmək xoşbəxtliyini uzun müddət yaşasın.

Uolt seçim qarşısında qalanda risk etməkdən qaçaraq uçmaq qabiliyyətindən imtina edir. Belə çıxır, dünyanın ən böyük möcüzəsinə sahib, mələklər kimi uçmağı bacaran şanslı adam bu fövqəladə xüsusiyyəti uzun müddət daşıya bilmir, bir müddət sonra ayaqları birdəfəlik yerə dəyir. Bəs müəllif niyə qəhrəmanını ömür boyu quşlartək buludlarla yarışmağa qoymur?

Pol Oster böyük yazıçı idi. Yəqin müdrik bir adam kimi bilirmiş ki, o cür qabiliyyətlə uzun müddət yaşamaq mümkün deyil. Bir gün mütləq ayağı yerə dəyəcək.

# 156 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər