İnsan nə zaman dəvə və aslan olur?

İnsan nə zaman dəvə və aslan olur?
21 aprel 2014
# 10:41

Günay Əliyeva

Ruhun inkişafı

Bəzən mənə deyirlər qəliz yazırsan, elə bir şey də yazmıram əslində... Amma bu yazımda çalışacam yazdıqlarımı açım. Düzdür, bu mənim tərzim deyil. Yəni dediyimi, ya yazdığımı açmağı sevmirəm adətən... Eləcə anlasınlar istəyirəm... Amma bu dəfə onsuz da qəliz mövzu yazıram. Bir azca tərzimdən kənara çıxım, deyirəm.

Nitşenin Zərdüştü deyir, ruhun üç dəyişimi var: Dəvə, aslan və uşaq. Deyir, dəvə səbirli və dözümlüdür. Yükləndikcə daha çox yük istəyər və bütün bunları qaldıra bildiyi üçün özü ilə fəxr edər. Zərdüştün ruhunun ikinci dəyişimi aslandır... Aslan "istəyirəm" deyir, "etməlisən" deyən dəvənin əksinə... Dəyərlər aşılayan əjdəhayla savaşdadır elə hey... Üsyanda... Azaddır və bütün dəyərləri sıfırlayır aslan... Üçüncü dəyişimi uşaqdır bu ruhun... Sakitləşir indi... Üsyanı buraxır... Günahsızlıq, unutqanlıq və yeni başlanğıc, deyir Zərdüşt ruhun bu yeni halı haqqında... Öz yolunu tapır, öz dünyasını yaradır indi ruh.

Nitşenin Zərdüştünə inansaq, ruh inkişaf etdikcə bu dəyişimləri yaşamalıdır. Hmm... Bir də perespektivizmi var Nitşenin. Deyir, həqiqət mütləq deyil. Hər bir insanın hər bir zamana və şəraitə uyğun həqiqəti var. Yəni bu Zərdüştün, ya da Nitşenin özünün həqiqətidir. Onun ruhunun dəyişimidir.

Mənim fikrimcə, hər bir insanın fəlsəfəsi, onun yaşadıqlarıdır. Öz həyatını əks etdirir düşünə bilən insanın fikirləri, inancları... Nitşenin həyatına baxsaq, uşaqlıq və gənclik illərində dəvəni, sonra üsyankar aslanı və sonda uşağı görərik. Bütün düşünə bilən insanlar (ingilislər buna "thinker" deyir) belədir, məncə. Məsələn, Bukovskinin kəskin sinizminin səbəbi ağır şərtlər altında və atasının onu kəmərlə döyməsi ilə keçən uşaqlığıdır.

Uzun sözün qısası, Nitşenin ruhu belə inkişaf etdi... Bizimki də beləmi olacaq, yoxsa tək uşaq, tək dəvə, ya tək aslanmı olacaq... Ya da nə isə tam başqa bir şey... Bunu bizim yaşadıqlarımız, hər birimiz özümüz təyin edirik... Hər insanın öz həqiqəti, hər ruhun öz dəyişimi və inkişafı var...

# 2303 dəfə oxunub

Müəllifin son yazıları

# # #