Qızı üçün böyrəyindən keçən ana

Qızı üçün böyrəyindən keçən ana
24 dekabr 2012
# 13:28

Ramilə Qardaşxanqızı

Məhkəmə zalı

Həyatımdan çox razıyam. Çünki, çoxlarından qat-qat yaxşı yaşayıram.

Salamat canım, sağlam ruhum və artıq özünü tanıyan, ətrafını görən zəkam var. Həyat mənə çətinliklər göstərərək gözlərimi qorxutmuşdu.

Yəqin bu səbəbdəndir ki, indi əlimdə olanların dəyərini daha yaxşı anlayıram. Çox gözəl ailəm, həyat yoldaşım, uşaqlarım, evim və ən nəhayət öhdəsindən sevə-sevə gəldiyim işim var. Bir qadının sahib ola biləcəyi hər şeyə sahib olmuşam. İndi mənə qalan gündəlik ailə qayğılarımın, işimin öhdəsindən doğru şəkildə gələrək insanlara yardım etməkdir. Hüquqşünasam. Bu sənətə sahib olmaq üçün isə, çox illərimi xərcləmişəm.

Vəkil olmaq hələ uşaqlıqdan arzum idi. İnsanlara haqq yolunda bələdçi olmaq istəyirdim. Başına gələn başmaqçı olar misalı... Atamla anam boşanma qərarını verəndə, elə məhkəmə zalındaca gəlmişdim bu fikrə. Mən böyüyəndə vəkil olacam, insanların hüquqlarını doğru şəkildə qoruyacam deyə, söz vermişdim körpə qüruruma, gələcək həyatıma ki, mənim üçün ədalət hər zaman əsas olacaq.

Daha atamın anama etdiyi haqsızlıq kimi, məhkəmənin çirkli pulu gördüyü an vəkilin ağzını öz fənni ilə yumduğu kimi məni susdura bilməyəcək idi heç bir qüvvə. Daha heç bir qadın haqsız yerə tənha qalıb, övladını səhər, günorta və axşam qılıqlayaraq bir fincan su, bir tikə quru çörəklə böyütməyəcəkdi.

Daha heç bir çarəsiz ana övladı xəstəlikdən sağalsın deyə, canından parça-parça satıb balasına dərman etməyəcəkdi. Və sonda; heç bir tənha qadın axirətinə yarı bədən, bütöv günahla qovuşmayacaqdı. Əslində bütün kimsəsizlərə yardım etmək, kimsə olmaq istəyirəm, amma Allahın mənə verdiyi imkan, bu an sadəcə vəziyyətim daxilində dayaq olmağa yetir. Mənim anamla birgə yaşadığımız o anlardan, aldığımız yaraların ağrısından körpə gözlərim qorxmuşdu. Mənə elə gəlirdi ki, bizim qədər tənha heç kimsə yoxdur. Anamın göz yaşları mənə bütün kainatı unutdurmuşdu. Mənə görə körpə və kimsəsiz uşaq, tənha və yalqız qadın qədər çarəsizdi.

Anam gənc yaşında gözlərimin önündəcə tək gözlə baxırdı işıqlı dünyaya. Tək böyrəklə yaşayırdı mənim yanımda. Əgər ona yaşamaq demək olardısa... Mənə görə keçmişdi canından. Varlığından yarı-yarı satmışdı sağalım deyə. Doğma atamın sayəsində xəstə düşmüşdüm körpə yaşımda. Nəmli torpaqda yatmaqdan ağ ciyərlərim soyuqlamışdı, vərəm xəstəliyinə tutulmuşdum. Anamsa canının bir yarısına mənə görə qıymışdı canına. Gözünün birindən vaz keçmişdi, tək böyrəklə yaşamağa məcbur olmuşdu... Bu kinlə, bu nifrətlə böyütmüşdüm qəlbimdəki sevgini. Məhkəmə zalının o qəribə qoxusunu gələcək məsləyim kimi mənimsəmişdim. Burnuma elə çökmüşdü ki, unuda bilmirdim. Döşəmənin çürümüş hissələrini, tavanın nəmli halı… Hakimin murdar sifətini, vəkilin yaltaq davranışlarını hələ də xatırlayıram və bilirəm, mən onlardan deyiləm...

***

Budur qapım döyülür, əllərim isə xəmirlidir. İşə getməmişdən öncə uşaqlarıma isti peraşki, şirin-şəkər şirniyyatlar bişirib qoyuram. Hərdən elə olur ki, işə gecikirəm. Ac qalmasınlar deyə, ən asan yeməkləri də gündəlik menyuya əlavə edirəm. Sonra rahat-rahat gedirəm işimin arxasınca. Məhkəmə zalına...

Əllərimi yaxalayıb qapını açdım. Bir anlıq duruxdum, çünki, gözlərimə inanmadım. Amma bu doğrudan da o idi... Hələ orta məktəbdə mənimlə bir parta arxasında əyləşən ədabaz və özündən daima razı halda dolanan bir qız var idi. Çox imkanlı idilər. Hər məktəbə gələndə bir başqa geyimlə, başqa çantayla gəlirdi. Eyni partada oturmağımıza baxmayaraq mənə icazə vermirdi onun əşyalarına əl vurmağa. Mən isə, yetim və kasıb olmağıma baxmayaraq ürəkli idim. Ara-sıra elə sancırdım ki, heç xəbəri də olmurdu. Bir gün məni müəlliməyə də döydürmüşdü, əlini çantama vurdu deyə...

Müəllimə də ki, “göz dəyməsin” bilirdi kimi kimin yanında alçaltmaq lazımdır. Ən əsası isə, bu qız mənim yaddaşımda atamla anamı ayıran o qəddar hakimin yeganə və sevimli qızı kimi qalmışdı. Hələ də yadımdadır anam bir bazar günü məni də götürüb hakimin evinə getmişdi ki, yalvar-yaxarla, bir təhər başa salsın. Onunla ən adi bir insan kimi danışıb anlatmağa çalışsın. Demək istəyirdi ki, atamla ayrılsalar belə, ən azından uşaqlarının birini versin ona.

Onda bilmişdim ki, eyni partada oturduğum qızın atasıdır. O, da elə onda bilmişdi və qızının xatirini nəzərə çatdıraraq; götür, bu yanındakı sənin olsun demişdi. San ki, mən bir əşya idim. Götür dediyi an anam mənə sarılaraq ağladı. Budur, indi qapımı döyən həmən hakimin, həmin yeganə, “təbərrük” qızı idi. Böyüdüyüm illər ərzində şahid olsam da, həyatın qəribəliklərinə alışsam da, bu hal mənə qəribə gəldi.

Bir anlıq gözlərimin önündə canlandı keçmişimiz. On bir illik keçmişim, bu keçmişdəki bəzi anlar. Bu qızla keçən uşaqlığım, yaşanan məktəb illərim... Ağlıma gələn son fikir isə, onun atasının məni anama “sədəqə” verməsi idi. Təkcə buna görə borcluyam qarşımda dayanan bu qadına.

***

İçəri dəvət edib gəlişinin səbəbini soruşmadan çaya dəvət etdim. Çay içə-içə maraq məni boğurdu, amma susub gözləyirdim. Gəlişinin səbəbini özü desin deyə... Əvvəlki insan olmadığını üst-başından anlamışdım. Daha o kəhkəşanlı keçmişin havası gəlmirdi. Gözləri çuxurlanmış, saçları vaxtından əvvəl ağarmışdı. Nə isə ki, bir qədər sonra qadın ağlamağa başladı. Dayanmadan hönkür-hönkür içini töküb yaşadıqlarını anlatdı. Elə bil yenə, anbaan keçmişə qaytarırdı məni. Anamın həyatını danışırdı sanki...

Yoldaşı başqa bir qadına qoşulub evdən getmişdi. Uşaqlarını da məhkəmə yoluyla ala bilsin deyə, qadına iftira atmış, namusunun ləkələndiyini iddia etmişdi. Atası isə, uzun illər öncə rüşvətxorluq üstündə həbs olunmuşdu. Sonra elə zindandaca dünyasını dəyişmişdi.

Deyəsən dünyaya məndən öncə də gələn haqq yolçusu var imiş. Yoxsa kim görərdi o qəddar hakimin amansız qərarlarını? İndi bu qadın qarşımda dayanıb məndən imdad diləyirdi. Arada bir keçmişimizə nəzər salırdıq: “Onda biz uşaq idik, çox şeyləri indiki kimi anlamamışam. Bilirəm, atamın “köməyi ilə” sənin atan da sizə zülm edib. Mən də məktəb illərində səni çox incitmişəm. Bağışla” -deyirdi.

Mən ədalətin bir gün geri dönüb “mən varam” deyəcəyinə həmişə inanırdım. Ağlımın zəkasıyla bilirdim ki, bir gün ürəyimə yığılanlar çıxıb töküləcək. Məni yaşadığım illər hansı yollasa rahat buraxacaq. Bilirdim ki, anamı incidənlər də inciyəcək. Nə qədər içimdə Allah qorxusu olsa da, yenə də bir bəndə hayıfı gizlənirdi daxilimdə.

Ancaq bu an ədalətin qarşımda bu cür dayanmaq forması, məni içimdəki kindən ayırıb yenə amalımın yanına qaytardı. Mən o keçmişi hər an xatırlasam da, daha unutmuşam deyib işimə döndüm. İşim bu qadının hüquqlarını qorumaq, ona əlimdən gəldiyi qədəri ilə, hətta boyumdan böyük ağırlıqlara dözmək gücü ilə, yardım etmək idi. Elə yaşamaq məqsədim də...

# 2809 dəfə oxunub

Müəllifin son yazıları

# # #