Bədənimə sığal çəkir ağrılar...

Bədənimə sığal çəkir ağrılar...
4 dekabr 2017
# 16:10

Şəhriyar İbrahimov

Get…

Gəl qucaqla payız vuran sevgini,
Yarım qalan arzuları bitir, get !
Xəyalımdan gülüşünün rəngini,
Bir də qara gözlərini götür, get !

Get deyirəm... taleyimə hönkürüb,
Ağ günümü apar qara saçında.
Saçlarının qoxusunu mən büküb.
Həbs edərəm barmağımın ucunda...

Get... qəlbinin alışdığı ocağa!
Səndən heç nə istəmirəm... sağlığın...
Divarları qəm qoxuyan otağa,
Bundan sonra nə qalacaq... yoxluğun...

Get... Sənsiz də dəf edərəm payızı...
Bir az qəlbi döyəcləyər həsrətin...
Şeirlərim topa tutar kağızı,
Qələm qusar sətir-sətir nifrətin...

Yavaş-yavaş unudaram bəlkə də...
Yavaş-yavaş alışaram təkliyə...
Təsəllini axtararam içkidə,
Yavaş-yavaş az baxaram şəklinə...

Üfürərəm sənsizliyin həsrətin,
Səfil-səfil dolanaram gecələr.
Qaçıraram yuxusunu zülmətin,
Yorğun düşər ayağımda küçələr...

Eh...inanma...sənsizliyə dözüm yox,
Sən də getsən quruyarmı göz yaşım...
Bilirəm ki unutmağa gücüm yox,
Gözlərinə əsir düşüb yaddaşım...

Kim dağıdar gözümdəki buludu?
Kimdi mənim gülməyimə xiridar?
Dil tökərəm...qürurumu unudub,
Bilsəm əgər qalmağına ümid var...

Bağışlayın Tanrını

Ümidlərin və insanların öldüyü şəhərdə azan səsi rəhm edən Allahın adını hayqırır.

Bu “suqovuşan” məmləkətdə anaların göz yaşı ilə ataların qanı izdivaca girir.

Hər güllə bir qərənfil gülünə döndükcə, yetim uşaqların cansız bədəninə baxıb utanır ölüm.

Yeməyə qara çörək tapmayan körpələr qara mərmiləri necə acgözlüklə yeyir?!

Tanrım, göyün hansı tərəfindəsən? bəs niyə kölgən düşmür bu göz yaşı qoxuyan torpaqlara?

Sənmi yazmısan, qara çörəklə qara mərmilər arasında keçən ömrü minalanmış talelərə? Sənmi sərmisən, ilməsi cəsədlərdən toxunan xalçaları yerin sinəsinə?

Kim bilir, bəlkə rəhmin gəlib, geyinməyə ayaqqabısı olmayan uşaqların ayaqları altına atalarının meyitini sərmisən ki yumşaq olsun.

Namaz qılırsanmı Tanrım? Əgər qılırsansa dua et onlar üçün, bir sərçə dimdiyi qədər xoşbəxtlik arzula.

Üşüyürsənmi Tanrım, həqiqət kimi çılpaq olan bu körpələrin bədəninə baxanda,

Onlar yalın ayaqlarıyla məktəb imtahanı əvəzinə həyat imtahanı verir, aclığın lövbər saldığı kimsəsiz limanlarda.

Tanrım, Məscid minarələrinin hündürlüyü uzandıqca ədalətinin boyu qısalırmı??

kirpikləri sönmüş ulduzlarla axsayan qızcığaz haqqı,

Anaların göz yaşı ilə ovuc-ovuc dolan qara buludlar haqqı, dodaqlardan itkin düşmüş təbəssümlər haqqı, tavanını bomba uçurmuş məktəb haqqı, lap elə Azadlıq haqqı, qısalır.

Tanrım yalvarıram qələmini götür yenidən yaz insanların alın yazısını,

Olmazmı ağ göyərçinlərin qanadlarına sevgi doldurub səpilsin bütün torpaqlara, bütün dar ağaclarından ağ bayraqlar asılsın, Vicdanları silah anbarlarında gizlənmiş insanların ürəyinə uzunömürlü mərhəmətlər çilənsin...

Tanrım, sənə uzanan hansı əllərin duasını qəbul edirsən, qana batmış əllərinmi, yoxsa kiflənmiş çörək tutan əllərinmi?

Əlini gözünün önündən götürüb vicdanının üstünə qoy...

Ey Suriyalı ata-anasını itirmiş yalavac körpələr -Tanrı xatirinə bağışlayın Tanrını, bağışlayın Tanrını..

Xatirələr soyuq olur...

Yol uzaqdı səadətə, birdənəm...
Ürək eşqin zümzüməsin unutmur.
Sobaların daha canı cəhənnəm,
Buz bağlamış xatirəni ovutmur...

Könül daha fəsil-fəsil soyuyur,
Ürəyimin eyvanına qış düşür.
Baxışımda neçə bulud uyuyur,
Gülüşümün sahilinə yaş düşür...

Payız ömrün qürub çağı başlayır.
Üfüqlərdən əl yelləmir daha yaz.
Dərd qəlbimi uşaq kimi daşlayır,
Gözlərimə boran gəlir, qarbəyaz..

Xatirələr soyuq olur birdənəm,
Yollarımı qucaqlayır intizar.
Gecələri qonaq gəlir kədər-qəm,
Bədənimə sığal çəkir ağrılar...

Bax beləyəm canım gözüm, bax belə,
Nə desən de, “payız adam”, “qış adam”
Gözümdəki yağmur ilə, nəm ilə,
Bəlkə qışla, payız ilə yaşıdam...

Ağrımaq fəsli

Bir yığın xatirə var.
Bir az həsrətin tozu...
Möhürlənib intizar.
Çöhrəsinə payızın...
Bu da ayrılıq fəsli...
Bu da ağrımaq fəsli...

Bir şeirlik getmək var...
Bir romanlıq unutmaq...
Sayrışır boz xəyallar...
Olmur...olmur... ovutmaq-
Eh...bu payız adamı...
Eh...bu yalqız adamı...

Şeirlərim gün sayır,
Yuxusuz əllərimdə...
Məktub-məktub ağlayır...
Bir payız əllərimdə...
Yetmir ünvanına da...
Getmir ünvanına da....

Sarı qələmlə yazır...
Yazan ayrılıqları...
Payız biçib əynimə...
Xəzan ayrılıqları...
Bu ilahi sarılıq...
Kor olası ayrılıq...

Payız ömür

Kökləyib eşq üstə bu payız ömrü,
Mən bəmə düşürəm, zilə çıxmıram.
Daha gizli qalan arzu kimiyəm,
Daha öz içimdən çölə çıxmıram...

Həsrətdən saralıb yolların üzü,
Eşqim xəzəllərin dilinə düşüb,
Mürgülü bəxtimin yumulur gözü,
Ömrüm sonbaharın əlinə düşüb...

Təqvim yola salır aylar, fəsillər,
Ömür də yarpaq tək soluxur axı.
Dəmləyib gözündə bir ovuc kədər,
Adam da adama yoluxur axı...

Axı tək qalanda üşüyür adam,
Nə mövsümə baxır, nə də geyimə.
Üst-üstə geyinib tənhalığımı,
Yenə üşüyürəm sənsizliyimə...

Zəng...

Külək əsir...yağış yağır...otaq buz...
Hava elə darıxmalı havadır.
Zəng olunur telefona aramsız,
Mürgü döyən qaranlığı oyadır...

Deyinirəm öz-özümə arabir,
Telefonu qaldırıram tələsik.
Aman Allah bu ki onun səsidir?!
Yanağımda hiss edirəm nəfəsin...

Bir səs gəlir o üzündən dəstəyin...
Bir doğma səs qulağımı isidir.
Mən susduqca düşünürəm elə bil,
Hər naləmi daha aydın eşidir.

Mən susuram, pöhrələnir suallar,
Kədər yağır ürəyimə, sazaqlı.
Gözlərimdə avar çəkir xəyallar,
Aralıqda neçə şəhər uzaqlıq.

Yarpaq kimi titrəyirik sən və mən.
Telefona qısılmışıq bu gecə.
Hüznlü bir kədər yağır üzümdən,
Ümidlərdən asılmışıq bu gecə.

Söz tapmıram, nə danışım səninlə?!
Nə danışım ölüm yağan üzümdən?!
Necə qovum bu sükutu dilimdən?!
Necə qovum xəyalını gözümdən?!

Necə deyim sol yanımda qəm-kədər,
Bənizimdə kök salıbdır qırışlar.
Pəncərəmdə uğuldayır küləklər,
Evim soyuq, dayanmayır yağışlar.

Beynim içrə neçə fikir hərlənir,
Sözlər yanır bu gecənin boyunca.
Öz-özümə deyinirəm ümidlə,
Yenə zəng et, yenə susaq doyunca.

Elə bu an körpə səsi duyulur,
Bu səs pozur boz sükutun aynasın.
Avazında qəmli nəğmə toxuyub,
Ağlayaraq çağırır öz anasın.

“Balam durub”, pıçıldayıb tələsik,
“Sağ ol” deyib tez asırsan dəstəyi,
Ümidləri dəfn eləyib ömürlük -
Bəlkə bunu söyləməkmiş istəyin?!

Necə çəkim bu hüznlü qəm yükün?!
Əcəl girir otağıma gizlicə.
Bədənimə ağrı dolur bir büküm,
Elə bil ki öləcəyəm indicə.

Külək əsir...yağış yağır...otaq buz...
Hava elə darıxmalı havadır.
Xatirələr məni qoyur yuxusuz,
Səni gecə körpələrin oyadır...

# 2490 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #