Gözlərin gözümə daha yad deyil

Gözlərin gözümə daha yad deyil
9 iyul 2013
# 11:11

ANAR MƏCİDZADƏ


Kədər dəryasında, qəm dənizində,
Sənsiz öləcəyəm, boğulacağam.
Mən ölsəm qəm yemə, göz yaşı tökmə,
Səninçün yenidən doğulacağam.

Hər gecə fikrinlə gözümü yumub,
Hər gün xəyalınla oyanıram mən.
Özün də bilirsən sevirəm necə;
Sevginin rənginə boyanıram mən.

Məhəbbət yolumda, vüsal yolumda,
Daha istəmirəm boran, qar olsun.
Ömrün şaxtasını geridə qoyub,
Gələcək günümüz yaz, bahar olsun.

Gözlərin gözümə daha yad deyil,
Özün də qəlbimdə yuva salmısan.
Sən mənim könlümdə, gözlərimdəsən,
Fikrimdə, hissimdə, xəyalımdasan.

Dünya da gözümdə təzələnibdir,
Sevgiylə açılır hər gün, hər səhər.
Məhəbbət qoynunda öləcəyəm mən,
Mən səni sevəcəm son günə qədər.

Get, taleyindən yarı

Özünü görməyim barı,
Bəlkə səni unudam.
Get, taleyindən yarı,
Daha səninçün yadam.

Necə gəldin ömrümə,
Elə də qayıt geri.
Qaytarmaq olmaz daha,
O eşqi, o illəri.

Mən ki sevə bilmədim,
Səni aşiqlər kimi.
Bilmədim bu adi hiss,
Yoxsa sonsuz sevgimi?

Tale istəyə baxmır,
İstəyinlə qurasan.
Çətin ki bu taleyin,
Qarşısında durasan.

Bəxtimlə barışmışam,
Tale belə gətirdi.
Eşq aləmindən səni,
Həm də məni itirdi.

Özünü görməyim barı,
Bu dünyada heç zaman.
Belə yazıbmış Tanrı,
Bir sevgiyə də tamam.

Ayrılığa dözə bilmədim

Mənim taleyimi yazan yazıbdır,
Mən ki bu taleyi poza bilmədim.
Görürəm yuxumda hər gecə səni,
Gördüyüm yuxunu yoza bilmədim.

Ömrümüz də gedir hey yavaş-yavaş,
Sevginin süzülür gözlərindən yaş.
Bəxtim tək olaydı ürəyim də daş,
Mən ki ayrılığa dözə bilmədim.

Yerlər dinməz olub, göylər də laldır,
O sənli günlərim şirin xəyaldır.
Bu taleyi bəlkə də bizi aldadır,
Taleyin oyununu bilə, bilmədim.

Bu eşq gedəcəkmi mənlə torpağa?
Nə ola göylərdən səadət yağa.
Qorxuram hicrandan, qorxuram daha,
Hicranın əlindən gülə, bilmədim.

# 2665 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #