Sarımsaqlı oğlanın sevgilisi

Sarımsaqlı oğlanın sevgilisi
11 aprel 2016
# 17:39

Doqquzuncu sinifdə idim, direktorla aram yaxşı deyildi, bilmirdim necə intiqam alım. Getdim bir kiloqram sarımsaq aldım, yaxdım məktəbin divarlarına, partalarına…

Üçüncü mərtəbədə sarımsaq iyindən bir ay dərs keçilmədi, məni də bir ay məktəbə buraxmadılar.
Direktor çağırdı otağına:
- Niyə belə etmisən? Bu məktəbə vurulan ziyandır.
- Müəllim,nəyi pisdir axı? Məktəbdə olan bütün mikrobları öldürmüşəm.
- Kəs! Köpəyin oğlu!
- Nə deyirəm, lax yumurtanı otağına qoyanda daha pis iy gələcək. O zaman görərik kim-kimdir.

Elə bunu demişdim ki, şillə ağzımın üstündən açıldı, ağız-burnumu qan bürümüşdü.
Denən axı mənə lazımdır? Bütün məktəb məndən danışırdı.
Uşaqlar məni barmaqla göstərirdi. Dırnaqarası qəhrəmana çevrilmişdim.
Hərdən mənə elə gəlirdi ki, özümü biyabır eləmişəm. Hansı müəllim məni görürdü, deyirdi ki, sən o sarımsaq yaxan oğlansan?
Məktəbin dar dəhlizində hər dəfə gəzdikcə, ürəyim sıxılırdı. Məktəb tabut kimi görünürdü mənə, əllərimi açmağa yerdə yox idi.
Bir nəfər də qayıdıb demirdi ki, uşaqdır, bir dəcəllikdir edib də. Hər kəs üstümə düşmüşdü. Evdə belə atam cəzalandırmışdı məni. Bir ay atam məni nə evdən çölə buraxdı, nə də ki, mənə pul verdi. Hələ atam mənə deyirdi ki, Dua et sənə evdə çörək verilir! Mənim də qanımın qaynayan vaxtları idi, vurub-tutmağı, dəcəlliyi özümə fəxr bilirdim. Məktəbdə sevdiyim qız da mənlə danışmırdı ki, sənə görə biabır olmuşam, hamı mənə sarımsaqlı oğlanın sevgilisi deyir.
Üstündən xeyli vaxt keçdi,məktəbi bitirdim, universitetə qəbul oldum, sarımsaq əhvalatı da yadımdan çıxmışdı.
Dünən direktorla üz-üzə gəldim.
Qorxumdan yolumu dəyişmək istədim.
Mənə qayıdıb nə desə yaxşıdır?
- Sən məktəbin ən yaxşı uşaqlarından olmusan. Eşitdim ki, hardasa işləyirsən, məqalə yazırsan, reportaj hazırlayırsan, halal olsun! Elə uşaqlıqdan bacarıqlı olmusan. Səninlə fəxr edirəm, oğlum belə də, davam elə.
Görəsən hansı bacarığı deyir? Məktəbə bir kiloqram sarımsaq yaxmağımı?

# 2020 dəfə oxunub

Müəllifin son yazıları

# # #