Əlinin sığalını əsirgəmə

Əlinin sığalını əsirgəmə
27 fevral 2013
# 08:00

Gülnarə İlham

***

darıxmağımın sənə nə dəxli var

sən dəxilsiz sevgiləri sevirsən

deyilmi?!

sənsiz sənli yaşamağın nə mənası var

sən mənsiz yaşamağı sevirsən

deyilmi?!

dünyanın ən dadlı şərbətiydi

içdiyimiz and...

nə sən doydun nə mən doydum, əzizim.

ən isti bucaq qucağın,

ən soyuq ocaq ürəyin oldu,

mən külümü orda qoydum, əzizim.

Nə bir gecə?

“Min bir” gecə demişdik.

xoşbəxt sonlu nağılımız

necə oldu, əzizim?

sən keçmiş idin

mən də sənlə keçdim

indiki zamanda heç olmadıq

gələcəyə can atmadıq

elə orda öldürdük vaxtı.

tarixin qara dəftərində

üçümüz, yeddimiz, qırxımız

qeyd olunub.

sevginin it dəftərində

adımız da olmadı...

Olmazmı

Balıqqulağıyam

dəniz sahilinə

səpələnmiş

üstümdən keçirsən

xırçıldayıb əzilirəm

ruhun da duymur

qumla qarışıq yığıb

ələkdən keçir məni

yenidən yarat məni

Olmazmı?

Suya həsrət

cadar-cadar torpağam.

bulud olub kükrə

şimşək çaxdır

yağışını yağdır üstümə.

Olmazmı?

Heykəltəraş ol

mən də sənin fiqurun

əlinin sığalını əsirgəmə

bir istəyim də var

dodağıma təbəssüm qoyarsan

Olmazmı?

Bezdim fəlsəfə açmaqdan,

ikibaşlı danışmaqdan.

görürsən ki, səni sevmək istəyirəm.

Olarmı, olmazmı?

qağayılar qonub dəniz gözlərinə

xatirələrimizi dimdikləyirlər...

# 3381 dəfə oxunub

Müəllifin son yazıları

# # #